Adil Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanasında “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclis Sədrinin 2015-ci il 27 iyul tarixli Sərəncamının icrası ilə əlaqədar 4 iyun 2020-ci il tarixdə Naxçıvan Müəllimlər İnstitutunun kitabxana-informasiya ixtisası üzrə təhsil alan III kurs tələbələrinə “Çap əsərlərinin uçota alınması və onlara biblioqrafik təsvirin verilməsi” mövzusunda onlayn açıq dərs keçirilib.

Tədbirin moderatoru, kitabxananın direktoru Kamal Axundov adıçəkilən sərəncamın muxtar respublikanın ali və orta ixtisas təhsili müəsissələrində oxuyan gənclərimizin dərin elmi biliklərə yiyələnmələrində və onların seçdikdikləri ixtisarlar üzrə tam hazırlıqlı mütəxəsislər kimi yetişdirməsində böyük əhəmiyyətindən danışıb. Ötən 5 il ərzində qrafikə uyğun olaraq kitabxana tərəfindən muxtar respublikanın müvafiq ali və orta ixtisas təhsili müəssisələrində kitabxanaçı ixtisası üzrə oxuyan tələbələrə açıq dərslərin keçirilməsinin ənənəyə çevrildiyindən bəhs edib.

Kitabxananın şöbə müdiri Nüşabə Seyidova tələbələrə “Çap əsərlərinin uçota alınması və onlara biblioqrafik təsvirlərinin verilməsi” mövzusunda geniş mühazirə ilə çıxış edib.

Sonra mövzu ətrafında tələbələrlə geniş müzakirələr aparılıb və onları maraqlandıran suallar kitabxana əməkdaşları tərəfindən ətraflı cavablandırılıb.

Sonda Naxçıvan Müəllimlər İnstitutunun Təbiət və incəsənət fakultəsinin dekanı pedaqogika üzrə fəlsəfə doktoru, dosent Rövşən Vəliyev çıxış edərək belə bir tədbirin təşkili üçün kollektivə minnətdarlığını bildirib.