Bu dəhliz Naxçıvanın iqtisadi əlaqələri ilə yanaşı, xidmət sektorundakı əməkdaşlığını da inkişaf etdirəcək


Ötən il başlanan və 44 gün davam edən Vətən müharibəsində ölkəmiz işğal altındakı torpaqlarını azad etməklə yanaşı, mühüm bir uğura da imza atdı. Belə ki, Azərbaycan, Rusiya və Ermənistan liderlərinin birgə imzaladıqları 10 noyabr anlaşmasına əsasən Azərbaycanın qədim Zəngəzur ərazisindən Naxçıvana, Türkiyəyə quru yolunun təmin edilməsi, nəqliyyat və kommunikasiya dəhlizinin açılması nəzərdə tutulur. Müharibədən sonra yaranmış yeni reallıqlar, o cümlədən Zəngəzur dəhlizi ilə bağlı Prezident cənab İlham Əliyev tərəfindən indiyədək çox sayda açıqlamalar verilib. Ölkə başçısı demişdir: “Bu gün bizim bölgəmizdə yeni vəziyyət yaranmışdır, yeni reallıq yaradılmışdır. Artıq Dağlıq Qarabağ münaqişəsi tarixdə qaldı, artıq həll edildi, bitdi. İndi gələcəyə baxmalıyıq və bölgəmizdə əməkdaşlıq haqqında düşünməliyik, xüsusilə nəqliyyat layihələrinin həyata keçirilməsi, Zəngəzur dəhlizinin açılması çox önəmli məsələlərdən biridir. Əminəm ki, birgə səylərlə buna da nail olacağıq”.

Azərbaycan və Türkiyə respublikalarının prezidentləri bu il iyunun 15-də Şuşa Bəyannaməsinin imzalanma mərasimindən sonra mətbuata birgə bəyanatlarla çıxış edərkən də bu barədə ətraflı bəhs olunub. Dövlətimizin başçısı bəyanatında vurğulamışdır: “Bəyannamədə Zəngəzur dəhlizinin açılması ilə bağlı çox açıq ifadələr öz əksini tapmışdır. Bu da İkinci Qarabağ savaşından sonra yaranmış yeni geosiyasi vəziyyətin nəticəsidir. Bu gün biz Türkiyəni və Azərbaycanı dəmir yolu ilə, avtomobil yolu ilə birləşdirəcək Zəngəzur dəhlizi haqqında nəinki danışırıq, bu dəhlizi əməli işlərlə yaradırıq. Müttəfiqlik haqqında imzalanmış Birgə Bəyannamədə bu məsələnin əks olunması böyük məna daşıyır”.
Türkiyə Prezidenti Rəcəb Təyyib Ərdoğan isə bəyanatında Şərqdən Qərbə hər kəsin istifadə edə biləcəyi yeni bir ortaq dəhliz açılacağını, bunun çox böyük əhəmiyyət kəsb edəcəyini bildirib. Yeri gəlmişkən, Şuşa Bəyannaməsində Zəngəzur dəhlizinin davamı kimi, Naxçıvan -Qars dəmir yolunun tikintisinin də Azərbaycanla Türkiyə arasında nəqliyyat-kommunikasiya əlaqələrinin intensivləşməsinə mühüm töhfə verəcəyi öz ifadəsini tapıb.
Ümumiyyətlə, Zəngəzur dəhlizi layihəsi təkcə Naxçıvanla Azərbaycanın digər bölgələri arasında nəqliyyat körpüsü deyil, bu, region ölkələrinə iqtisadi imkanları artırmağa da şərait yaradacaq. Azərbaycan və Türkiyə prezidentlərinin təklif etdiyi altılıq platforma da region ölkələrinə faydası ilə yanaşı, həm də faktiki olaraq Ermənistanın iqtisadi və nəqliyyat blokadasından çıxarılmasına yeni qapı açır.
Şuşa Bəyannaməsində Zəngəzur dəhlizi layihəsinə xüsusi önəm verilməsinin səbəbi də dəhlizin Azərbaycan və Türkiyə üçün məxsusi əhəmiyyət daşımağından irəli gəlir. Nəzərə alaq ki, hazırda qardaş Türkiyə Respublikasının Mərkəzi Asiya ölkələri və dünyanın ikinci böyük iqtisadi gücü sayılan Çinlə xarici ticarət dövriyyəsi (Mərkəzi Asiya ölkələri ilə 6 milyard, Çinlə 21 milyard təşkil edir) durmadan artır və qardaş ölkənin yaxın illərdə bu həcmi artıracağı da artıq mühüm hədəf kimi qarşıya qoyulub. Bu dəhliz, eyni zamanda Çinin “Bir kəmər, bir yol” layihəsinin davamı kimi də dəyərləndirilir. Belə ki, Zəngəzur dəhlizi Çinə Orta Asiya-Azərbaycan-Türkiyə-Avropa tranzit-nəqliyyat xəttindən istifadə etmək imkanı yaradır.
Azərbaycana gəldikdə isə Zəngəzur dəhlizi ölkəmizi hər iki qitə arasında mühüm iqtisadi tərəfdaşa çevirir. “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin də buradan keçməsini nəzərə alsaq, Azərbaycan dünyanın ən nəhəng lojistik qovşaqlarından birinə çevrilməklə, təkcə dünya iqtisadi sistemində deyil, qlobal siyasi müstəvidə də əlavə nüfuz qazanacaq.
Həmçinin bu dəhliz ölkəmizin ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasını faktiki olaraq nəqliyyat-kommunikasiya əlaqələrini tamamilə bərpa edəcək. Bu il mayın 10-da Naxçıvan Muxtar Respublikasına səfəri zamanı Azərbaycan Prezidenti Ordubad rayonunda olarkən demişdir: “Mən təsadüfən Ordubad dəmiryol stansiyası ilə tanışlığa gəlməmişəm. Çünki bunun da çox böyük rəmzi mənası var. Bu yaxınlarda buradan, təqribən, 56-60 kilometr uzaqlıqda yerləşən Mincivan qəsəbəsinin ermənilər tərəfindən dağıdılmış dəmir yolu stansiyasına baxış keçirdim. Orada dəmir yolu mövcud deyil. Mənfur düşmən bütün dəmir yolu infrastrukturunu dağıdıbdır, talan edibdir. Orada bir mərkəz olacaq, burada bir mərkəz olacaq. Zəngilanı Naxçıvanla ayıran cəmi 40 kilometrlik Zəngəzur dəhlizidir, hansı ki, açılmalıdır və açılacaqdır”.
Nəzərə alaq ki, Naxçıvan Muxtar Respublikası 30 ilə yaxın blokada dövründə özünün möhkəm iqtisadi əsaslarını yaradıb. Belə ki, bölgədə tikinti və nəqliyyat infrastrukturu tamamilə yenilənib, avtomobil və dəmir yolları yenidən qurulub, mühüm sənaye və kənd təsərrüfatı müəssisələri yaradılıb. Muxtar respublika ərazisi mühüm faydalı qazıntı yataqları ilə zəngin olduğundan və kənd təsərrüfatının hərtərəfli inkişafı yaradılan istehsal müəssisələrinin demək olar ki, hamısının yerli xammalın emalı və istehsalı bazası üzərində qurulmasına imkan verib. Nəticədə, ötən dövrdə burada mühüm aqrar-sənaye istehsalına nail olunub. Təsadüfi deyil ki, 2020-ci ildə muxtar respublikada ümumi daxili məhsul istehsalının həcmi 3 milyard manata (2 milyard 907 milyon 810 min 500 manat) yaxınlaşıb, bu məhsulun tərkibində sənayenin payı 27, 6 faiz təşkil edib. Aqrar sahəyə gəldikdə isə kənd təsərrüfatı məhsullarının istehsal həcmi son bir neçə ildə illik 4 faizdən yuxarı artımla ifadə olunur. Bu sahəyə aid məhsul istehsalı ötən il 537 milyon 584 min manat olub. 2020-ci ildə muxtar respublikanın xarici ticarət dövriyyəsində də pandemiya şərtlərini nəzərə alsaq, artım müşahidə olunur.
Təbii ki, Zəngəzur dəhlizinin açılması muxtar respublikanın xarici ticarət dövriyyəsinin həcminin artmasına da böyük təsir göstərəcək. Çünki daşınma xərclərinin aşağı düşməsi muxtar respublikanın ixrac qabiliyyətini daha da genişləndirəcək.
Burada mühüm istiqamətlərdən biri də yerli xidmətlərimizin ixracı ilə bağlıdır. Məlumdur ki, imkanlardan asılı olaraq milli iqtisadiyyatlar beynəlxalq xidmət bazarına müxtəlif çeşiddə xidmətlər təklif edə bilirlər. Bu xidmətlərə turizm və səyahət, rabitə, nəqliyyat, tikinti, maliyyə, biznes və sair daxildir. Bu sahələrin özü də çoxsaylı xidmət çeşidlərini özündə birləşdirir. Məsələn, reklam və bazar araşdırmaları, hüquq, mühasibatlıq, ictimai əlaqələr, İT xidmətləri, bank əməliyyaları və sair. Təkcə turizm sahəsini götürsək, deməliyik ki, son illərdə muxtar respublikada bu sahədə mühüm infrastruktur sahələri yaradılıb. Turizm xidmətlərində əvvəlki illərlə müqayisədə keyfiyyət amili ön plana keçib. Nəticədə, son illərdə muxtar respublikaya gələn turistlərin sayında artım region əhalisinin 80-90 faizi həddinə çatıb. Və yaxud nəqliyyat xidmətlərini götürək. 2020-ci ildə muxtar respublikada nəqliyyat sektorunda 16 milyon 757 min 600 ton yük, 103 milyon 568 min 400 sərnişin daşınıb. Kommunikasiyaların bərpası bu rəqəmlərin dəfələrlə artmasına imkan verəcək. Eləcə də rabitə, tikinti, bank-maliyyə və digər istiqamətlər üzrə də muxtar respublikanın əməkdaşlıq əlaqələrini genişləndirəcək.
Mühüm amillərdən biri də muxtar respublikanın investisiya cəlbediciliyinin artmasıdır. Vurğulamaq lazımdır ki, muxtar respublika ənənəvi sahələrlə yanaşı, innovativ investisiya layihələri (bərpa olunan enerji mənbələri, texnologiya parkları, ağıllı regional idarəetmə mərkəzləri və sair) üçün də əlverişlidir və artıq bu sahədə müəyyən təcrübələr var, o zaman regiona biznes maraqlarının artacağı da şübhəsizdir. Eyni zamanda müxtəlif sahələr üzrə yerli mütəxəssislərin yetişməsi də yeni biznes layihələrinin həyata keçirilməsinə şərait yaradır. Bütün bunlar isə yaxın illərdə muxtar respublikanın iqtisadi əlaqələri ilə yanaşı, xidmət sektorunda da əməkdaşlığının inkişafına öz müsbət təsirini göstərəcək.
Türkiyə Respublikasının Prezidenti Rəcəb Təyyib Ərdoğanın oktyabrın 26-da Azərbaycan Respublikasına rəsmi səfəri zamanı iki qardaş ölkənin başçıları tərəfindən Zəngəzur dəhlizinin - Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun da təməlinin qoyulması bu dəhlizin açılmasını tezliklə reallaşdırmaq istiqamətində mühüm tarixi hadisə oldu. Həmin gün Zəngilanın Ağalı kəndində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Təyyib Ərdoğan mətbuata birgə bəyanatlarla çıxış etmişlər. Dövlətimizin başçısı çıxışında bu tarixi hadisəni belə dəyərləndirmişdir: “Bu gün burada, Zəngilanda olarkən təbii ki, biz Zəngəzur dəhlizi haqqında danışmasaq düzgün olmaz. Zəngilan Şərqi Zəngəzur bölgəsində yerləşir və buradan keçən Zəngəzur dəhlizi bütün Türk dünyasını birləşdirəcək. Həm Azərbaycan, həm Türkiyə Zəngəzur dəhlizinin gerçəkləşməsi üçün əməli addımlar atır. Əminəm ki, bu addımlar yaxın gələcəkdə öz bəhrəsini verəcəkdir.
Bu gün Əziz qardaşımla və qonaqlarla birlikdə böyük avtomobil yolunun təməlini qoyduq. Bu avtomobil yolu da Zəngəzur dəhlizinin bir hissəsidir. Bu avtomobil yolunun və dəmir yolunun çəkilişi nəticəsində biz istədiyimizə nail olacağıq”.
Heç şübhəsiz ki, bu dəhlizin açılması, Zəngəzur dəhlizi ilə Naxçıvana, oradan da İstanbula gedən yol Naxçıvanı yeni tranzit qovşağına çevirməklə diyarımızın Şərqin qapısı kimi iqtisadi, tranzit əhəmiyyətliliyini daha da artıracaq, muxtar respublikamızın sosial-iqtisadi inkişaf baxımından daha böyük uğurlar qazanmasına səbəb olacaq. 44 günlük Vətən müharibəsində əldə etdiyimiz, bir illiyini qeyd edəcəyimiz Tarixi Zəfər təkcə hərbi qələbə kimi deyil, gələcək möhtəşəm iqtisadi uğurları, beynəlxalq əməkdaşlıq çərçivəsindəki nailiyyətləri ilə də tarixə öz möhürünü vurmuş olacaq.

Səbuhi HƏSƏNOV