Artıq bir müddətdir bütün dünya COVİD-19 virusunun yaratdığı dərin böhran və çətinliklərlə üz-üzədir. Qısa bir zamanda bütün ölkələri cənginə alan virusun yayılma arealı və təsiri o həddə gəlib çatdı ki, Ümumdünya Səhiyyə Təşkilatı bunu pandemiya elan etdi. XXI əsrin bəlası kimi qiymətləndirilən bu pandemiya dünyanın sosial-iqtisadi mənzərəsini dəyişməklə yanaşı, ayrı-ayrı ölkələrin səhiyyə sistemlərini də sınağa çəkdi. Lakin pandemiya hələ də ölkələri təhdid etməkdə, bir nömrəli problem olmaqda davam edir. Epidemiyanın ortaya qoyduğu mənzərə isə bundan ibarətdir ki, bir çox ölkələrin sarsılmaz görünən iqtisadiyyatı iflasa uğramaqda davam edir və insan itkisinin qarşısını almaq üçün hələ də “sehrli çubuq” yoxdur. Dünya iqtisadi və səhiyyə sistemində xüsusi çəkisi olan bir çox ölkələrin “topdağıtmaz” iqtisadi gücünün qısa müddətdə “əriməsi” həm də onu göstərdi ki, heç bir ölkə bu cür təhlükələrdən sığortalanmayıb və özü-özünü xilas etməyə məcburdur. Sevindirici haldır ki, Azərbaycan mövcud vəziyyətdən çıxış yolu kimi əvvəldən elə bir yol tutdu ki, bu yol bir çox dünya ölkələri üçün nümunə oldu. Ölkəmizin koronavirusa qarşı tətbiq etdiyi strategiya, hadisələrə fərqli yanaşma böhranın təsirlərinin minimuma endirilməsində mühüm rol oynadı.

Hər şeydən əvvəl Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə böhranın ilk yayıldığı dövrlərdə – baxmayaraq ki bununla bağlı heç bir dünya təcrübəsi yox idi –  hadisənin ehtimal ediləcək miqyası təhlil olunaraq ciddi mübarizə tədbirlərinə başlanıldı. Nazirlər Kabineti yanında Operativ Qərargah yaradılaraq məlumatlandırma, maaairfləndirmə və digər tədbirlərin bir mərkəzdən koordinasiyası həyata keçirildi və hazırda da bu iş davam etdirilir. İlk vaxtlardan vətəndaşların sağlamlığını qorumaq məqsədilə təhsil müəssisələrində dəsrlər dayandırıldı. Azərbaycan Respublikası bu qərarı verəndə dünyada sadəcə, 12 ölkə bu addımı atmışdı, hansı ki, həmin ölkələrdə virus artıq kütləvi insan ölümlərinə səbəb olurdu. Koronavirusla Mübarizəyə Dəstək Fondunun yaradılması ideyası isə, ölkə vətəndaşlarının həmrəylik nümayiş etdirməsi baxımından təqdirəlayiq hadisə idi. Halbuki dövlətin maliyyə resursları bunu yaratmadan da lazımi maddi dəstəyin göstərilməsinə imkan verirdi. Ancaq ilk olaraq həm dövlət başçısı, həm də Birinci vitse-prezidentin bir illik maaşları dəyərində vəsaiti fonda iadə etmələri, qısa müddətdə dövlət qulluqçularından tutmuş sahibkarlaradək, qeyri-hökumət təşkilatlarından tutmuş sadə vətəndaşlaradək hər kəsi bu ümumxalq yardımına qoşulmağa ruhlandırdı. Məhz Azərbaycanın atdığı bu addımdan sonra Rusiya, Türkiyə və digər ölkələrdə bu cür fondlar yaradıldı. Bununla yanaşı, qısa müddətdə ölkədə tibbi maska, əlcək, dezinfeksiyaedici məhsullar istehsal edən müəssisə yaradıldı ki, bu da həmin məhsullara yaranan ehtiyacın aradan qaldırılmasına imkan verməklə bərabər, idxaldan asılılığı da aradan qaldırdı. Eyni zamanda, xarici ölkələrdən vətəndaşların xüsusi təyyarə reysləri ilə ölkəyə gətirilməsi, karantin məqsədilə onların dövlət qurumlarına məxus sanatoriya, istirahət evləri, ayrı-ayrı şirkətlərə aid yüksək şəraitli otellərdə yerləşdirilməsi, cəmi bir ay ərzində yeni texnologiyalar əsasında mindən çox çarpayılıq müasir xəstəxana və tibb müəssisələrinin istifadəyə verilməsi və bu obyektlərdə koronavirus xəstələrinin yerləşdirilməsi, pulsuz koronavirus testlərinin təşkili və sair tədbirlər vəziyyətin nəzarətdə saxlanılmasını təmin etdi. Məntiqlə baxdıqda və virusun yayılma zonalarını nəzərdən keçirdikdə Qərblə Şərq arasında böyük hərəkətliliyin mərkəzinə çevrilən Azərbaycanda infeksiya daha geniş yayılmalı idi. Lakin dövlət başçısının qətiyyətli qərarı ilə ilk vaxtlardan ölkənin izolyasiyaya alınması öz müsbət nəticlərini verdi. Vurğulamaq lazımdır ki, Azərbaycan bu sahədə həyata keçirdiyi tədbirlərlə həm də qlobal müstəvidə bir sıra təşəbbüslərlə çıxış etdi. Belə ki, koronavirus infeksiyasına qarşı mübarizə məqsədilə Azərbaycan hökuməti tərəfindən bir sıra ölkələrə maliyyə yardımı edildi. Eləcə də ölkəmiz infeksiyanın yayılma riskinin qarşısının alınması məqsədilə Ümumdünya Səhiyyə Təşkilatına könüllü maliyyə yardımı etdi. Ölkə başçısının təşəbbüsü ilə keçirilən Qoşulmama Hərəkatının Təmas Qrupu formatında mayın 4-də videokonfrans vasitəsilə koronavirusla mübarizəyə həsr olunmuş “COVID-19-a qarşı birlikdəyik” mövzusunda Zirvə görüşü isə dünya mətbuatının əsas mövzusuna çevrildi. İtaliya mətbuatı bunu “Azərbaycan COVİD-19 virusuna qarşı mübarizədə beynəlxalq əməkdaşlığa liderlik edir”, Ukrayna mətbuatı “Koronavirusla mübarizə. Bunu Azərbaycanda necə edirlər?” başlıqları ilə yayımladılar və bu sahədəki Azərbaycan təcrübəsindən ölkələrinin də yararlanmalı olduqlarını diqqətə çatdırdılar. Bir sözlə, Azərbaycan bu sahədə atdığı addımlarla qlobal məkanda bir daha özünü etibarlı tərəfdaş kimi tanıtdı.

          Təbii ki, pandemiya ilə mübarizə tədbirləri Naxçıvan Muxtar Respublikasında da ilk günlərdən diqqətdə saxlanılmış, martın 24-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində müşavirə keçirilmiş, Koronovirusla Mübarizəyə Dəstək Fondu yaradılmış, Yoluxucu Xəstəliklər Mərkəzi izolyasiya yeri kimi müəyyənləşdirilmiş, virusun aşkar edilməsi ilə bağlı müasir laboratoriya qurulmuş və lazımi tibbi ehtiyatlar yaradılmışdır. Səhiyyə müəssisələrinə ümumi dəyəri 2 milyon 970 min manat olan yeni tibbi avadanlıqlar, dərman və ləvazimatlar alınmışdır. Eyni zamanda muxtar respublikada koronavirus infeksiyası ilə mübarizə tədbirlərində iştirak edənlərin sosial müdafiəsi gücləndirilmiş, bununla bağlı müvafiq sərəncamlar imzalanmışdır. Karantin rejiminə uyğun olaraq muxtar respublikada bütün sahələrdə zəruri sosial davranış və sanitar-epidemioloji qaydalar tətbiq edilmiş, şəhər, qəsəbə və kəndləri əhatə etməklə hər bir yaşayış məntəqəsində, eləcə də ictimai yaşayış binalarında, idarə, müəssisə və təşkilatlarda dezinfeksiya işləri aparılmışdır. Bütün bunlarla yanaşı, karantin dövründə muxtar respublikada yaşı 65-i keçmiş tənha yaşayan ahılların evlərinə həftədə iki dəfə sosial könüllülərin ziyarətləri təşkil olunmuş, onlara sosial xidmət göstərilmiş, tənha ahıl, ünvanlı dövlət sosial yardımı alan, çoxuşaqlı ailə və xüsusi qayğıya ehtiyacı olan insanlara ərzaq payları verilmişdir. Həmçinin, muxtar respublikada təhsil alan və pandemiya səbəbindən ölkələrinə gedə bilməyən 164 əcnəbi tələbəyə ərzaq payı təqdim olunmuşdur. Karantin dövründə muxtar respublika üzrə 412 ailənin 1839 ailə üzvünə ünvanlı dövlət sosial yardımı verilmiş, 17 ailəyə belə yardımının verilmə müddəti uzadılmışdır. Sosial qayğıya ehtiyacı olan 87 ailənin özünüməşğulluğu təmin edilmişdir. Həmçinin karantin dövründə məşğulluq orqanlarında işsiz kimi qeydiyyatda olan şəxslərə aylıq 190 manat məbləğində birdəfəlik ödəmənin verilməsi prosesi davam etdirilmiş, bu məqsədlə 1600 nəfərə 190 manat məbləğində birdəfəlik ödəmə təyin olunmuşdur. Muxtar respublikada vergi ödəyicisi kimi qeydiyyatda olan 323 sahibkarlıq subyektinə işçilərinin əməkhaqlarının ödənilməsi, 6 min 282 fərdi sahibkara isə birdəfəlik maliyyə yardımının göstərilməsi üçün vəsaitlərin ayrılması nəzərdə tutulmuşdur.

          Təbii ki, koronavirus pandemiyasının ölkələrə ən böyük təsiri kütləvi insan ölümləri və iqtisadi zərərləridir. ABŞ mediasının yaydığı məlumata görə,  pandemiya indiyədək dünyaya 9 trilyon dollar həcmində ziyan vurub. Epidemiya 90 min amerikalının həyatına son qoyub, mart ayından 36 milyon amerikalı işini itirib. Dünya üzrə ölüm sayı 300 min olsa da, digər zərərləri tam dəqiqləşdirmək üçün zamana ehtiyac var. Bu gün ölkələri əsas düşündürən məsələ xəstəliyin qarşısının alınması ilə bərabər, həm də iqtisadi fəlakətdən qurtulmaqdır. Bu mənada koronavirus pandemiyası həm də bir sıra həqiqətləri üzə çıxardı.

          İlk növbədə hər kəs gördü ki, iqtisadi baxımdan inkişaf etmiş ölkələrin böyük əksəriyyətinin iqtisadi və sosial dayanıqlılığı əvvəllər qəbul olunduğu qədər də “çəhrayı” rəngdə deyilmiş. Eləcə də, səhiyyə sistemi güclü inkişaf edən ölkələrdə belə, tibb müəssisələri fors-major hallarında müalicə təminatını həyata keçirməkdə çox acizdirlər. Bura daxili iqtisadiyyatın məlum təsirlərə məruz qalmasına və əhalinin sosial müdafiəsinə yönəlik dövlət tərəfindən çevik  reaksiya verilməməsini də nəzər alsaq, mənzərə hamımız üçün aydın olar. Müşahidə olunan mənfi tendensiyalardan bir də bu oldu ki, belə çətin vəziyyətlərdə həmin inkişaf etmiş ölkələrin bir çoxu bir-birinə yardım etməkdən boyun qaçırdı. Azərbaycanda isə əksinə, dövlətin öz vətəndaşlarına, vətəndaşların isə dövlətə inamı bu çətin dövrdə bizi daha güclü etdi və ölkəmiz bütün mübarizəsini özü təkbaşına apardı. Ölkə başçısının “Biz birlikdə güclüyük!” şüarı milyonlarla insanın həmrəyliyinin, bütün çətinliklərdən üzüağ çıxmasının əsasını təşkil etdi. Ölkəmizdə, eləcə də muxtar respublikamızda Prezident cənab İlham Əliyevin çağırışına uyğun olaraq özəl sektorda çalışan heç kim işdən ixtisar olunmadı, işgüzar fəaliyyətə mənfi təsir göstərəcək amillər nəzərə alınaraq sahibkarlara dövlət tərəfindən maliyyə yardımı ayrıldı, vergi güzəştləri tətbiq olundu, muzdlu işçilərə, aztəminatlı ailələrə, tənha və ahıl vətəndaşlara sosial dəstək göstərildi və hazırda da bu proses davam etdirilir.

Naxçıvan Muxtar Respublikasında əvvəldən də məlum olduğu kimi ətraf mühitin qorunması, ictimai yerlərdə hərəkət və davranış qaydalarına sakinlər tərəfindən ciddi riayət olunması, tətbiq olunan hərəkət məhdudiyyətlərinə anlayışla yanaşma pandemiya ilə mübarizədə muxtar respublikanın daha müsbət nəticələr əldə etməsinə imkan verdi. Baxmayaraq ki, muxtar respublika Azərbaycanda infeksiyanın yayılması baxımından risk altında olan əsas bölgələrdən hesab olunurdu. Ən azından muxtar diyarımızla həmsərhəd olan ölkələrdə virusun geniş yayılması bu ehtimalı artırırdı. Hazırda isə görülmüş qabaqlayıcı tədbirlər nəticəsində mövcud durum sabit və nəzarət altındadır və Naxçıvan bu sahədə nümunəvi davranışı ilə seçilir.

          Hər bir böhran zərərli olduğu kimi, həm də təcrübədir. Koronavirus pandemiyası da bu mənada bizə müəyyən dərslər verdi. İlk növbədə hər kəs bir amal uğrunda birləşməyin sonunun mütləq şəkildə qələbə ilə nəticələnəcəyini öz gözləri ilə gördü. Yəni, həmrəylik gələcəkdə bizim digər milli məsələlərdə də qalibiyyətimizi ortaya qoya bilər. Pandemiya bizə göstərdi ki, istənilən ölkənin mübarizə əzmi üçün ərzaq və enerji təhlükəsiziliyi ən vacib şərtdir. Adi dövrlərdə belə, ölkələri iqtisadi və siyasi asılılığa məcbur edən bu sahələrdə təminat yalnız özümüzə məxsus olmalıdır. Şükürlər olsun ki, muxtar respublikamızda son illərdə bu sahədə görülən işlər hazırda öz bəhrəsini verir. Pandemiya dövrü, eyni zamanda informasiya texnologiyalarının, tibbin, marketinqin nə qədər lazımlı sahələr olduğunu sübut etdi. Hər kəs onu yaxından hiss etdi ki, savadlı tibbi kadrlara malik ölkələr vətəndaşların sağlamlıqlarını daha yaxşı nəzarətdə saxlamağı bacarır və belə vəziyyətlərdə kənardan həkim “idxalına” ehtiyac qalmır. (Pandemiya şəraitində bir çox ölkələr bu sahədə böyük problemlər yaşamağa məcbur oldu.) İnformasiya texnologiyalarının həyatımızda rolunu isə bu gün kiməsə  sübut etməyə ehtiyac yoxdur. Təcridolunmaya əsaslanan belə mübarizələrdə bunu daha yaxından hiss etdik. Ümumiyyətlə isə, IV sənaye inqilabına doğru irəlilədiyimiz cəmiyyətdə belə texnologiyalar yaxın gələcəkdə həyatımıza daha çox müdaxilə edəcək və ona görə də bu sahədə kadr hazırlığını daha təkmil şəkildə həyata keçirməliyik. Marketinqin iqtisadiyyatda, xüsusilə özəl sektorda rolunu kiməsə sübut etməyə ehtiyac yoxdur. Bu böhran sahibkarlara həm də onu öyrətdi ki, şirkətlərin üst idarəçiliyində diplom daşıyıcılarına, çalışdıqları iş yerlərinin fəaliyyət istiqamətlərini və gələcək perspektivlərini anlamaqda problem yaşayanlara və bununla da işlədiyi sahəyə, ümumilikdə isə cəmiyyətə heç bir töhfə verə bilməyənlərə yer yoxdur. Çünki dövlətin etibar etdiyi, böyük dəstək göstərdiyi və uğurlu nəticələr gözlədiyi sahibkarlıq subyektləri yalnız kreativ düşüncəyə, yenilikçi ruha, işgüzar xarakterə malik kollektivlərlə ümidləri doğrulda bilərlər. Məhz belə şirkətlərin bu cür vəziyyətlərdə dövlətə, cəmiyyətə faydası daha çox hiss olunur. Bu sadə həqiqəti dərk etməliyik ki, dünyada baş verən bütün dəyişikliklər marketinqin üzərində qurulur. Gələcəkdə istehsal olunacaq koronavirusa qarşı dərman preparatlarını da, istənilən virüs təhlükəsi ilə sahibini xəbərdar edən  mobil telefonları da, pandemiyanın zərurət kimi ortaya çıxardığı digər tibbi və texnoloji yenilikləri də bizə məhz özəl sektor və bu sektorda təmsil olunan kreativ düşüncəli sahibkarlar təqdim edəcək. Və sonda bu fikirləri xatırlatmağa ehtiyac var ki, həyatda bütün çətinliklər insan zəkası, intellekti qarşısında gücsüzdür. Tarix boyu da baş vermiş böhranlar elmi və texniki tərəqqinin inkişafını sürətləndirmiş, cəmiyyəti yeni formasiyaya daşımışdır. Azərbaycanımızın, Naxçıvanımızın bu yeni dövrə yeni töhfələr verəcəyi isə hər birimizin arzusudur.

 

Səbuhi HƏSƏNOV