Ötən əsrin 70-ci illərindən başlayaraq dünya ölkələrində sənayenin inkişafı enerjiyə tələbatı kəskin artırmaqla yanaşı, müxtəlif təbii resursların deqradasiyasına da səbəb olmağa başladı. III sənaye inqilabının mühüm inkişaf mərhələsinə daxil olan həmin illər bir tərəfdən yeni kimya müəssisələrinin, hərbi və mülki zavod və fabriklərin yaradılmasını zəruri edir, digər tərəfdən ətraf mühitə öz mənfi təsirini göstərirdi.

İlk dövrlərdə məişət və sənaye tullantılarının, çirkab suların həcminin artması ilə müşayiət olunan bu zərər illər keçdikcə daha böyük fəsadlarla özünü göstərdi. Xüsusilə elektrik enerjisi istehsalında atom elektrik stansiyalarından istifadəyə daha çox yer verilən həmin dövrlərdə ekoloji problemlər yeni mərhələyə daxil oldu. Məhz həmin dövrdə qabaqcıl ölkələrin bir çoxunda ekologiya üzrə müxtəlif dövlət qurumları yaradılmağa başlandı və bu qurumların əsas vəzifələri ətraf mühitin mühafizəsini, insanların sağlam təbii şəraitdə yaşamasını təmin etmək idi. Bununla yanaşı, təbii sərvətlərdən ehtiyatla və düzgün istifadə getdikcə daha da aktual­laşırdı. Lakin əsas problem onda idi ki, təbiətə vurulan zərərlərin qarşısının alınmasında yeni təkliflərin dəyərləndirilməsi üçün alternativlər yox idi və bu yoxluğun səbəbi də yeni texnologiyalara olan ehtiyac idi. Belə ehtiyacların ödənilməsi isə hazırda enerji istehsalında ekoloji cəhətdən əlverişli vasitələr sayılan “yaşıl texnologiya”ların tətbiqini nəzərdə tuturdu.
Qeyd edək ki, “yaşıl texnologiya”lar təbiətdən yararlanan qurğuların hazırlanması, işə salınması və bu zaman ətraf mühit üçün tam zərərsiz və ya minimal zərərlə çalışan texnologiyalardır. Maraqlı fakt kimi onu qeyd edək ki, müvafiq hesablamalara görə, 1961-ci ildə təbii resurslara tələbat Yer kürəsinin bioloji bərpaetmə gücünün 70 faizinə bərabər idi. 1980-ci illərdə sözügedən tələbat artıq Yer kürəsinin gücünü üstələməyə başlamış və 2000-ci ildə istifadə edilən təbii resurslar Yer planetinin yenidən bərpa gücünün 120 faizini təşkil etmişdir. Yəni istifadə olunmuş resursların bərpa olunması üçün əlavə olaraq, Yer kürəsindən 1,2 dəfə böyük olan əlavə Yer kürəsinə ehtiyac duyulurdu. Bugünkü vəziyyətlə bağlı əlimizdə dəqiq məlumatlar olmasa da, hazırda bir sıra ölkələrdə “yaşıl texnologiya”ların tətbiqi göstərilən problemlərin həll edilməsi yollarından ən zərurisi hesab edilir. Buna görə də təbii resurslardan daha qənaətlə istifadə edilməsi, həmçinin ətraf mühitin qorunması məqsədilə inkişaf etmiş ölkələrdə “Yaşıl texnologiyalar” konsepsiyası irəli sürülmüşdür. Bu konsepsiyanın əsas vəzifəsi ətraf mühitin qorunmasını təmin etmək, təbii resurslardan səmərəli istifadəni nəzərdə tutan bərpa olunan enerji mənbələrindən istifadəni təşviq etməkdən ibarətdir. Təsadüfi deyil ki, mütəxəssislər 2030-cu ilədək su, Günəş, külək enerjisi kimi bərpa olunan enerji mənbələrindən istifadəyə 630 milyard ABŞ dolları həcmində sərmayə qoyulması və bu sahələr üzrə 20 milyon yeni iş yerinin açılacağını proqnozlaşdırırlar.
Bütün bunları nəzərə alaraq qeyd edək ki, müasir dövrdə enerji təhlükəsizliyi milli təhlükəsizliyin bir elementi kimi qəbul olunur. Bu gün enerji həyatımızda elə bir yerə sahibdir ki, ona yaranan ehtiyacı təmin etmədən, nəinki hər hansı bir sahənin inkişafından, hətta mövcudluğundan da bəhs etmək mümkün deyil. Yaxşı yadımızdadır ki, ötən əsrin sonlarında Naxçıvan blokadaya salınanda düşmənlərimizin ən məkrli planlarından biri də muxtar respublikaya daxil olan enerjinin qarşısını almaqla həyatın bütün sahələrini iflic vəziyyətinə salmaq istəyi idi. Lakin daxili resurslar hesabına qismən və fasilələrlə elektrik enerjisi ilə təmin olunan muxtar respublikamız qısa müddətdə xalqımızın ümummilli ­lideri Heydər Əliyevin səyləri nəticəsində qonşu İran və Türkiyə respublikalarından idxal olunan enerji hesabına çətin vəziyyətdən çıxmağı bacardı. Sonrakı dövrlərdə isə muxtar respublikanın enerji təhlükəsizliyi ilə bağlı mühüm addımlar atıldı və bu sahədə bərpa olunan enerji mənbələrindən istifadəyə daha çox üstünlük verildi. Qeyd etmək lazımdır ki, ölkəmizin, eləcə də muxtar respublikamızın təbii-coğrafi şəraiti və iqlim qurşaqları da bərpa olunan enerji mənbələrindən istifadənin mümkünlüyünü hər zaman aktual məsələ kimi önə çıxarıb. Bu sahədə mühüm tədbirlərin həyata keçirilməsinə 2004-cü ildən başlanılıb. Belə ki, həmin ildə qəbul olunmuş “Azərbaycan Respublikasında alternativ və bərpa olunan enerji mənbələrindən istifadə olunması üzrə Dövlət Proqramı” bu istiqamətdə mühüm strategiyanın həyata keçirilməsini şərtləndirib. Proqramda qeyd edilir ki, Naxçıvan Muxtar Respublikasının enerji sisteminin ölkənin əsas enerji sistemi ilə əlaqəsinin olmadığını nəzərə alaraq, ilk növbədə, muxtar respublikada orta, kiçik, mikro su elektrik stansiyalarının tikilməsi daha məqsədə­uyğundur. Məhz bu planlaşmadan yola çıxaraq ötən 16 il ərzində muxtar respublikanın enerji sisteminin qurulmasında böyük addımlar atılmışdır. Belə ki, 2006-cı ildə Naxçıvan Qaz-Turbin Elektrik Stansiyasında dizel yanacağı ilə işləyən enerji turbinləri təbii qazla işləmə rejiminə keçirilmiş, ümumi gücü 87 meqavat olan Naxçıvan Modul Elektrik Stansiyası tikilib istismara verilmişdir. Mövcud imkanlardan düzgün istifadənin nəticəsidir ki, həmin ildə, eyni zamanda Şahbuz rayonunda Heydər Əliyev Su Anbarı üzərində 4,5 meqavat gücündə, 2010-cu ildə Ordubad rayonunda Gilançay üzərində 22 meqavat gücündə Biləv, 2014-cü ildə Şərur rayonunda 20,5 meqavat gücündə “Arpaçay-1” və 1,4 meqavat gücündə “Arpaçay-2” Su Elektrik stansiyaları, 2015-ci ildə Babək rayonunda 20 meqavat gücündə Naxçıvan Günəş Elektrik Stansiyasının tikilib istifadəyə verilməsi və 2017-ci ildə stansiyanın gücünün daha 2 meqavat artırılması Naxçıvanın etibarlı enerji təminatına səbəb olmuşdur. Görülən işlərin davamı kimi 2019-cu ildə Kəngərli rayonunda 2 meqavat gücündə Günəş Elektrik Stansiyası istifadəyə verilmiş, Ordubad rayonunda 36 meqavat gücündə Ordubad Su Elektrik Stansiyasının, Kəngərli rayonunda 3 meqavat gücündə yeni Günəş Elektrik Stansiyasının tikintisi davam etdirilmişdir. Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin illik hesabatına görə, 2019-cu ildə muxtar respublikada istehsal olunmuş elektrik enerjisinin 55,4 faizini alternativ və bərpa olunan enerji təşkil edib. Ölkənin digər regionlarında isə bu göstərici 7,9 faiz təşkil edir. Görülən işlərin nəticəsidir ki, muxtar respublikanın əldə etdiyi bu uğur Naxçıvanı enerji idxal edən regiondan enerji ixrac edən regiona çevirmişdir. Cari il aprelin 20-də “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin yenidən qurulan Baş idarəetmə, elm, tədris və laboratoriya kompleksinin açılış mərasimində çıxış edən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bu məsələyə toxunaraq demişdir: “Naxçıvan Muxtar Respublikasında tikilmiş su elektrik stansiyalarının generasiya gücü bütün muxtar respublikanın tələbatını ödəmək iqtidarındadır. Vaxtilə İrandan və Türkiyədən elektrik enerjisini alan Naxçıvan tam özünü təmin edir. Eyni zamanda da orada ixrac potensialı da yaranmışdı.”
Təbii ki, bu sahədə yaradılan infrastruktur muxtar respublikada “yaşıl texnologiya”ların tətbiqi nəticəsində mümkün olub. 2019-cu il fevralın 22-də Kəngərli rayonunun Qabıl­lı kəndində yeni Günəş Elektrik Stansiyasının açılış mərasimində Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin dediyi kimi: “Muxtar respublikada elektrik stansiyaları qurularkən yeni texnologiyaların tətbiqinə xüsusi diqqət yetirilir. Çünki inkişaf edən dünyada bu texnologiyaların tətbiqi və həmin sahə üzrə mütəxəssislərin hazırlanması mühüm şərtdir”.

Bəli, bu gün muxtar respublikada elektrik enerjisi istehsalının digər bərpa olunan təbii mənbələr hesabına ödənilməsi diqqət mərkəzində saxlanılır. Məsələn, hazırda Culfa rayonunda əvvəlcədən müəyyənləşdirilmiş müvafiq ərazi coğrafi baxımdan muxtar respublikaya daxil olan hava kütlələrinin aktiv hərəkəti üçün ideal məkan sayıldığından burada gələcəkdə külək elektrik stansiyası tikintisinin texniki-iqtisadi əsaslandırılması üçün işlər aparılır. Təbii ki, bu stansiyanın qurulmasında da “yaşıl texnologiya”lardan istifadə olunacaq. Bundan əlavə, bu il Naxçıvan Avtomobil Zavodunda istehsalı nəzərdə tutulan “Golfcar” tipli, eyni zamanda yeni elektromobillərin istehsalı da bu texnologiyaya əsaslanır. Bir sözlə, “yaşıl texnologiya”ların tətbiq sahələrinin genişləndirilməsi muxtar respublika iqtisadiyyatının innovativ əsaslar üzərində inkişafına yeni imkanlar açacaq.

 Səbuhi Həsənov