Sənaye müasir iqtisadiyyatın əsas özəyini təşkil edir. İstehsala əsaslanan bu sahənin inkişafına nail olmadan iqtisadiyyatda hər hansı bir uğurdan bəhs etmək mümkün deyil. ­Cəmiyyətin istehsal gücünün artmasına böyük təsir göstərən sənayenin vəzifəsi mövcud xammalı istehlakçıya istifadəyə hazır vəziyyətdə təqdim etməyə əsaslanır. Bu isə məişətimizdə gündəlik istifadə etdiyimiz maddi və qeyri-maddi məhsulların həyatımızda necə mühüm bir yerə malik olmasını təsdiq edir.

Naxçıvan Muxtar Respublikasında həyata keçirilən çoxşaxəli iqtisadi inkişaf strategiyasının əsas məqsədlərindən biri də sənaye məhsulları istehsalı ilə davamlı inkişafa, o cümlədən yerli istehsal və əmək potensialından səmərəli istifadə etməklə ixracyönlü hazır məhsul istehsalına nail olmaqdan ibarətdir. Milli iqtisadiyyatımızın hazırkı dövründə mövcud sənaye imkanlarından maksimum yararlanmaq, dinamik məhsul istehsalında dayanıqlılığı təmin etmək məqsədilə yeni istehsal müəssisələrinin yaradılması qarşıda duran əsas vəzifələrdəndir. Regional inkişafa göstərilən bu diqqət ölkəmizdə, eləcə də Naxçıvan Muxtar Respublikasında sənayenin inkişafına şərait yaradıb. Nəticədə, muxtar respublikada sənayenin müxtəlif sahələrinin inkişaf etdirilməsinə yönəlmiş kompleks tədbirlər bu sahədə müsbət nəticələrin əldə edilməsinə səbəb olub. 

Qeyd edək ki, son illər Naxçıvanda yüksək texnologiyalar əsasında maşınqayırma, kimya, mədənçıxarma, mebel, yüngül və yeyinti sənayeləri üzrə çoxsaylı istehsal sahələri yaradılıb, nəticədə, 383 növdə məhsulun istehsal olunduğu məkanda 350 növdə məhsula olan tələbat yerli istehsal hesabına ödənilir. Ötən il muxtar respublikada ümumi daxili məhsulun həcmi 2 milyard 839 milyon manatdan çox olub ki, burada da ilk yeri 27,6 faizlə sənaye tutmaqdadır. Ötən il sənaye məhsulunun həcmi artaraq 1 milyard 15 milyon manata yaxın olub. 2018-ci illə müqayisədə 2019-cu ildə sənaye məhsulu 1,4 faiz artıb.
Sənaye istehsalında mühüm nəticələrin əldə olunmasında dövlətin sahibkarlığa, xüsusilə istehsalyönlü məhsul istehsalçılarına göstərdiyi dəstək diqqətçəkicidir. Məsələn, 2019-cu ildə muxtar respublikada dövlət dəstəyi ilə iqtisadi fəaliyyətin müxtəlif sahələrində 84 layihə üzrə istehsal və xidmət obyektləri yaradılıb, 63 layihə üzrə istehsal və xidmət obyektlərinin yaradılması davam etdirilib.
Sənayenin inkişafı məqsədilə bank və kredit təşkilatları tərəfindən təsərrüfat subyektlərinə 2019-cu ildə 10 milyon 944 min 900 manat kredit verilib ki, bu da bir il öncəki göstəricidən 2,1 dəfə çoxdur. Ötən il muxtar respublikada sənayenin inkişafı məqsədilə atılan mühüm addımlardan biri də muxtar respublikanın ən böyük rayonlarından biri olan Şərur rayonunda Şərur Sənaye Məhəlləsinin yaradılmasıdır. Ölkə Prezidentinin 2019-cu il 13 sentyabr tarixli Fərmanına əsasən belə bir sənaye məhəlləsinin yaradılması və bu məqsədlə Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinə ilkin olaraq 5 milyon manat vəsaitin ayrılması sənayenin inkişafına yeni imkanlar açacaqdır.
Məlum olduğu kimi, sənaye məhəllələri bu gün dünya praktikasında uğurla tətbiq olunan layihələrdəndir. Hər şeydən əvvəl, belə məhəllələrin yaradıldığı ərazilər mövcud olduğu regionlara xas müxtəlif növ məhsulların istehsalını həyata keçirmək üçün zəruri olan infrastruktur şəraiti ilə təmin edilir. Məhəlləvi olaraq çəkilən infrastruktur xərcləri digər kiçik və orta sahibkar­lar tərəfindən sərf olunacaq xərclərdən daha aşağı maliyyə vəsaitinə başa gəlir. Eyni zamanda burada ümumi fəaliyyət kompleks xarakter daşıdığından, istifadə olunacaq su, qaz, enerji, nəqliyyat və digər xidmətlərdən istifadə ekoloji tarazlığın qorunmasına da öz töhfəsini verir.
Qeyd edək ki, hazırda muxtar respublikada sənayenin inkişafı üçün böyük perspektivlər mövcuddur. Son illər həyata keçirilən uğurlu iqtisadi siyasət sənayeləşmə prosesini daha da sürətləndirmiş, nəticədə, muxtar diyarımızda rəqabətədavamlı və ixracyönlü məhsullar istehsal edən yeni müəssisələr yaradılmışdır. Bunun nəticəsində keçən il ilk dəfə olaraq sənaye məhsullarının istehsal həcmi 1 milyard manatı ötərək yuxarıda da qeyd etdiyimiz kimi, 1 milyard 15 milyon manata yaxınlaşmışdır.
Sənaye məhsulu istehsalının 95,9 faizi malların, 4,1 faizi isə xidmətlərin payına düşmüşdür. İstehsal olunan sənaye məhsulunda özəl bölmənin payı isə 94,1 faiz təşkil etmişdir ki, bu da ölkəmizin digər iqtisadi rayonları ilə müqayisədə ən yüksək göstəricidir. Yeri gəlmişkən bunu da əlavə edək ki, ötən il sənayedə istehsalın həcminin artması nəticəsində 323 milyon 309 min ABŞ dolları dəyərində sənaye məhsulları ixrac olunmuşdur. Ümumilikdə, hazırda muxtar respublikada istehsal olunan yeyinti, tikinti, mebel və yüngül sənaye məhsulları 12 ölkəyə ixrac edilir. 2020-ci ilin muxtar respublikamızda “İxrac ili” elan olunması isə sənaye məhsulları istehsalçıları qarşısında daha geniş imkanlar açır.
2020-ci il fevralın 24-də keçirilən altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin birinci sessiyasında Ali Məclisin Sədri demişdir: “2020-ci ilin muxtar respublikada “İxrac ili” elan edilməsi qarşıya mühüm vəzifələr qoyur. Ona görə də iqtisadi inkişafın prioritet istiqaməti kimi muxtar respublikanın xarici ölkələrlə qarşılıqlı ticarət əlaqələri daha da genişləndirilməli, xüsusilə də idxalın həcminin azaldılması və ixrac potensialının gücləndirilməsi istiqamətində əsaslı işlər görülməlidir. Mövcud istehsal sahələrinin genişləndirilməsi və ixracyönümlü istehsal müəssisələrinin yaradılması davam etdirilməli, süni qiymət artımının qarşısı alınmalıdır”.
Ümid edirik ki, bu istiqamətdə görülən işlər sənayenin də inkişafına öz təsirini göstərəcək, muxtar respublikamızın istehsalçı imicinin formalaşmasına töhfəsini verəcək.

 Səbuhi HƏSƏNOV