Ona uşaq vaxtı çox ehtiyac duymuşdum – 80-ci illərdən bəhs edirəm. Yəqin ki, digərləri də bu ehtiyacı hiss edib. Amma nə iləsə əvəz etmək ağlımıza da gəlmirdi. Heç çıxış yolu deyən də yox idi. Hamının bildiyi yalnız bir yol var idi: oxuduğun yeri unutmamaq üçün həmin səhifəni qatlamaq. Belədə isə vərəqlər əzilir, korlanır, iz düşür, bir sözlə, nəşrə xələl gəlirdi.
Doğrusu bu, bir az da oxuduğumuz kitab-jurnallara heyfimizdən irəli gəlirdi. Nə də olsa, bunlar bizim məlumat ala biləcəyimiz azsaylı mənbələr idi. Ancaq digər tərəfdən, bu metod bəzən işimizə də “yarayırdı”. Məsələn, bəzən maraqlı bir kitabı mütaliə üçün götürən dostlarımızdan onu sənə qaytaran zaman necə “oxuduğunu” o dəqiqə bilmək olurdu. Çünki oxumağı, müəyyən yenilikləri öyrənməyi özü üçün əziyyət hesab edənlər heç səhifələri də korlamırdılar. Ancaq heç bir halda oxumaq həvəsi və oxuduqlarından aldığın mütaliə ləzzəti səni tərk etmirdi. Çünki o zamanlar cəmiyyətin ehtiyacı indiki kimi çox deyildi. Bir tərəfində gündüz, digər tərəfində isə gecə olan dünyada baş verən milyonlarla hadisəni, məlumatı, yalanı, doğrunu indiki kimi bir ovuca sığdırmaq mümkünsüz idi. Heç indiki kimi hər kəsin şəxsi poçt qutusu da yox idi. Hamının bir poçtu var idi. Kənd yerlərində, demək olar ki, hər kəs günün bəlli saatlarında həmin poçta gələr, növbə ilə abunə yazıldığı qəzet-jurnallardan alardı. Şəhər yerlərində isə bu işi poçtalyonlar görərdi. Məhz elə həmin zaman kənd mərkəzlərindəki mənzərəyə baxsaydın, ikibir, üçbir – nə qədər insanın qəzet­-jurnal oxuduğunun şahidi olardın. Yaşlılar və ya oxuya bilməyənlər isə digərlərini maraqla dinləməyə çalışardılar. Ən azından mövzunun ümumi məğzindən xəbər tutardılar. Mənim də oraya yolum tez-tez düşərdi.

Alacaqlarımı əldə etdikdən sonra bu zamanı bir az da uzatmağa çalışardım. Əvvəlcə aldığım aylıq jurnalların səhifələrini tez-tez vərəqləyib başlıqlarına baxar, (çünki bir səhifədə geciksəydim orada yazılanları dayana bilməyib oxuya bilərdim ki, bu da ondan alacağım ləzzətin tez bitməsinə səbəb olardı) sonra evə tələsərdim. Qarşıma bir pürrəngi çay qoyduqdan sonra (bunun ləzzəti başqa olur axı) tələsmədən, yavaş-yavaş oxumağa başlayardım. Bəlkə də, prinsip etibarilə bunları bir gün içərisində də oxuyub qurtarmaq mümkün idi. Ancaq dediyim kimi, mən bu vaxtı uzadırdım, həm də ona görə ki, növbəti belə məlumatlar üçün tam bir ay gözləməli olacaqdım. Bunun üçün də oxuduğum jurnallarda müəyyən fasilə vermək üçün həmin səhifələri işarələməli idim. Bunun da optimal yolu, az əvvəl də dediyim kimi, səhifəni qatlamaq idi. Kitab oxumaqdan söhbət düşmüşkən, elə həmin dövrdə kitab çeşidləri indiki qədər də çox deyildi və ya bizə gəlib çatmırdı. Çünki çapdan çıxan hər bir kitab hakim ideologiyanın dəstxətinə uyğun olmalı, ən yaxşı halda neytrallıq gözlənilməli idi. Bu baxımdan kitab seçimində çox çətinliklər olurdu. Məsələn, 13 yaşım olanda üz qabığından çox xoşum gəldiyi və rus dilindən tərcüməsi “Partiya fəallarının kitabı” kimi səslənən kitabı alıb oxusam da, bu mənim yaşıma uyğun deyildi və sadəcə, vaxt itkisi idi. Çünki SSRİ Mərkəzi Komitəsində çalışan yüksək vəzifə sahiblərinin tərcümeyi-hallarından bəhs edən həmin məlumatlar həyatda heç vaxt mənə lazım olmayacaqdı.
Ancaq indi zaman tamamilə dəyişib. İstədiyin ədəbiyyatı ala və ya sifariş edə bilərsən. Həm də sənə lazım olan dildə. İstədiyin kitabı mövzusuna uyğun seçə bilərsən, həm də sənə həyat yollarında düzgün addımlamağı öyrədənləri. Yox, əgər kitab seçməyə çətinlik çəkirsənsə, o zaman oxunması zəruri olan kitablara – Naxçıvanda hər kəs bu haqda məlumatlıdır – heç düşünmədən müraciət edə bilərsən. Əgər vaxtın yoxdursa... Yox, buna mütləq vaxt tapmalısan!.. Çünki bunları oxumaq, həqiqətən, zəruridir. Hə, bir də yadımdan çıxmışdı... Oxuyub fasilə verərkən indi səhifələri qatlamağa, əzməyə də ehtiyac yoxdur. Sadəcə, arasına bir əlfəcin qoyursan...
P.S. Əlfəcin kitabın səhifələri arasına nişan üçün qoyulan lentşəkilli kağız parçasına deyilir. Qədim ərəb mənşəli söz olub, böyümək, artmaq, yenidən müraciət etmək, əlamət qoymaq, nişanlamaq mənasını verir.

 Səbuhi HƏSƏNOV