“...Anam onların həsrətini çox çəkdi. Atası Mustafa xan, qardaşları Abbasqulu və Nəsrullah xanlarla bağlı uzun müddət məlumat ala bilmədi. Yalnız 1977-1978-ci illərdə Moskvadakı Türkiyə səfirliyinin əlaqəsi ilə onların Türkiyədə yaşadığından xəbər tuta bildi. Ancaq ömrünün sonuna qədər görüşmək ona nəsib olmadı. SSRİ dağıldıqdan sonra – 1990-cı ildə Naxçıvandan Türkiyəyə gedən yaxın bir qohumumuzun vasitəsilə dayım Nəsrullah xanın İstanbulda yaşadığını öyrəndik və bizə öz dəstxəti ilə yazdığı məktubu, bir də göndərdiyi ailə foto­şəkillərini ala bildik. Sən demə, o da Kəngərlilər nəslinin bir çox nümayəndəsi kimi zabit olub, Türkiyə Silahlı Qüvvələrində xidmət edib və oradan da tərxis olunub. Bir il sonra – 1991-ci ildə isə mən ora getdiyimdə artıq dayımın 7-8 ay bundan əvvəl vəfat etdiyini öyrəndim. Lakin Naxçıvana qayıdanda anama qardaşının ölümü ilə bağlı heç nə demədim. Hə, bir də dayımın səs və görüntüsü olan bir videokaset gətirmişdim. Anam az da olsa, bununla bir təskinlik tapmışdı...”

Nəsrullah xanın yazdığı məktuba baxıram... Köhnəlmiş vərəqdə gözlərim ilk olaraq bu cümləyə dikilir: “Aziz ve kıymetli kardeşim Latife Nadirova”. Söhbətə ara verib məktubu oxumağa çalışıram. Maraqlı burasıdır ki, Türkiyə türkcəsində yazılmış məktubda “z” hərfinin bir neçə yerdə kirilcə yazıldığı diqqətimi cəlb edir. Dayınızın neçə yaşı olub buradan gedərkən? – ani olaraq soruşuram.
– Təxminən, 20 yaşı. 1909-cu il təvəllüdlü idi. Digər dayım Abbas­qulu isə ondan bir yaş kiçik idi. 1929-cu ildə Naxçıvandan getdiyini nəzərə alsaq...
– Hə, elədir, – deyirəm.

Məktubu çətinliklə də olsa, oxumağa çalışıram... “Mən artıq qocaldım, Abbasqulu 10 il bundan əvvəl vəfat etdi. Onun üç oğlu, bir qızı, mənim də iki oğlum, bir qızım, nəvələrim var... Və nəhayət, sonuncu cümlə: Hepinizi hasretle öper, mektubunuzu bekleriz!” Yenə də, “z”lər kirilcə...
O zaman götürdüyüm ünvanları indi də məndə qalır, – müsahibim yenidən dillənir. Bax burada telefon nömrələri də var, – deyə ünvan və telefon nömrələri yazılmış kağızı mənə uzadır. Ancaq bu nömrələrin bir çoxu dəyişib. İndi əlaqə saxladığım bir telefon var, getmək istəsən, bu nömrəyə zəng edə bilərsən. Məncə, bu vasitə ilə orada yaşayan digər qohumlarla da görüşə bilərsən. Hə, bir də onların yaşadığı bir bina var, İstanbulun Kadıköy rayonunda məşhur bir binadır. Oranı tapsan, daha çox şey öyrənə bilərsən. Ancaq Bakıda yaşayan böyük qardaşımın babam Mustafa xan, onun atası Fərəcullah xanla bağlı daha çox məlumatı var. Türkiyədəki qohumlarla da ara-sıra danışır. İstərsəniz onunla da görüşün.
– Qardaşınızla görüşəcəyəm, ancaq əvvəlcə Türkiyəyə – onların yaşadığı İstanbula getmək istəyirəm. Geri qayıtdıqdan sonra həm qardaşınızla, həm də sizinlə yenə görüşüb söhbət edəcəyəm.
Bayaqdan bəri xan qızının (sağlığında hamı ona belə müraciət edərmiş) – Lətifə xanım Nadirovanın kiçik oğlu, hazırda Şərur rayonunda yaşayan Vaqif Nadirovla söhbətimi burada bitirirəm. Geri qayıtdıqdan sonra yenə gələcəyimi deyib, sağol­laşaraq ondan ayrılıram.
... Hər şey, təxminən, bir ay bundan əvvəl “Şərq qapısı” qəzetində dərc olunmuş “Axırıncı aşırım”ın çəkilmədiyi ev, xan qızının həsrəti, qara geyimli Nikolay” yazısından sonra başladı. Yazıda hazırda Kəngərli rayonunun Qarabağlar kəndində mövcud olan bir xan evindən bəhs etmişdim – Mustafa xandan, onun kəndin yüksək səmtlərindən olan “Daş məhəllə”dəki indiyədək qalan mülkündən, eyni zamanda Naxçıvandan getdikdən sonra iki azyaşlı qızının burada qaldığından, onların həyatından az da olsa, məlumat vermişdim. Qarabağlar kəndində, eləcə də həmin məhəllədə yaşayanların hamısı bu ev haqqında məlumatlıdırlar. Burada yaşamış Mustafa xanın Kəngərli xanlarından olduğunu bilsəm də, nəsil şəcərəsinə görə hansı qola mənsubluğu haqqında heç bir məlumatım yox idi. Digər tərəfdən, həmin yazıda əsas mövzu xanın evi olduğundan, Mustafa xanın kimliyi ilə bağlı mövcud məlumatların ətraflı araşdırmaya ehtiyacı olduğunu da bildirmişdim. Lakin adıçəkilən yazının dərcindən sonra qəzetimizin oxucuları tərəfindən bu sətirlərin müəllifinə çoxsaylı zənglər oldu, bir çoxları hazırda da yaşayış olan həmin evi görmək istədiklərini dilə gətirdi. Bu zənglər içərisində ən önəmlisi isə Mustafa xanın qızı Lətifə xanımın oğlu Vaqif Nadirovun zəngi idi. Onunla tanışlığımız düz 90 il bundan əvvəl – 1929-cu ildə Naxçıvandan getməyə məcbur olmuş Mustafa xanla bağlı daha çox məlumatların əldə olunmasına imkan verdi. Eyni zamanda bu görüşdə öyrəndim ki, Mustafa xan Fərəcullah xanın oğludur, hansı ki bunu sonradan Türkiyədə olarkən orada yaşayan bu nəslin davamçıları da təsdiq etdilər. Digər tərəfdən, Mustafa xan Naxçıvandan gedərkən yanında atası Fərəcullah xan, oğlan­ları Abbasqulu və Nəsrullah xan və ətrafında yaxın silahdaşları da olub. Ən əhəmiyyətlisi isə İstanbuldan Fərəcullah və Mustafa xanların indiyədək saxlanılan yeganə fotoşəklini də əldə etdik. Fotoşəkildə ön tərəfdə yerdə oturanlardan ortadakı Nəsrullah xan, solundakı ondan bir yaş kiçik olan (papaqlı) qardaşı Abbasqulu xan, Abbasqulu xanın arxasında stulda əyləşmiş Mustafa xan, həmin cərgədə ortada oturmuş və hamıdan yaşlı olan isə Fərəcullah xandır. Nəsrullah və Abbasqulu xanlar Mustafa xanın, Mustafa xan isə Fərəcullah xanın oğludur. Ötən yazıda qeyd etmişdik ki, Mustafa xan buradan gedərkən, təxminən, 50 yaşlarında olub. Bunu foto­şəkildən də təxmin etmək olar. Oğlanları Nəsrullah xanın 1909, Abbas­qulu xanın isə 1910-cu ildə doğulduğunu nəzərə alsaq (doğum tarixlərini həm buradan, həm də Nəsrullah xanın hazırda Türkiyədə yaşayan qızı, 69 yaşlı Leyla xanımdan da dəqiqləşdirdik), fotoşəklin, təxminən, 1928-1929-cu illər arasında çəkildiyini deyə bilərik. Fərəcullah xana gəldikdə isə onun doğum tarixini Mustafa xanın qızı Lətifə xanımın hazırda Bakı şəhərində yaşayan, ixtisasca hüquqşünas olan böyük oğlu, 73 yaşlı Nizami Nadirov (Nadirxanlı) 1846-cı il olduğunu söylədi.
Onun dediklərindən: – Babamın atası Fərəcullah xan 1846-cı ildə doğulub, 1947-ci il avqust ayının 26-da isə vəfat edib. Uzunömürlü insan olub, 101 yaşında dünyasını dəyişib. Maraqlı burasıdır ki, babam Mustafa xan bundan bir il sonra – 1948-ci il aprelin 4-də vəfat edib. Hər ikisinin məzarı İstanbulun Kadı­köy rayonundakı Qaraca Əhməd məzarlığındadır. Bu faktı Mustafa xanın nəvəsi, az əvvəl adını çəkdiyimiz Leyla xanım Giray da təsdiqləyir (Giray soyadına sonra aydınlıq gətirəcəyik) və onun bizə təqdim etdiyi bu tarixi fotoda Fərəcullah xanın hardasa, 82-83 yaşlarında olduğunu təxmin etmək olar. Giraylar ailəsində indiyədək əziz xatirə kimi qorunub saxlanılan bu fotoşəklin harada çəkildiyi ilə maraqlandıq. Görüşüb söhbətləşdiklərimizin bir çoxu böyük ehtimalla bu tarixi fotonun Naxçıvanda çəkildiyini dedi. Adıçəkilən xan nəslinin nümayəndələrinin bolşeviklərlə mübarizə dövründə buradan getdiyini nəzərə alsaq, fotoşəkildəkilərin geyiminə görə şəklin həmin dövrdə, ancaq nisbətən asudə bir vaxtda çəkildiyini söyləmək olar. Onu da əlavə edək ki, bu mübarizədə Mustafa xana həm Qarabağlar, həm də yaxın kəndlərdən bir çoxları qoşulmuşlar. Tarixi mənbələrdən də məlumdur ki, 1920-1930-cu illər Naxçıvan üçün çox ağır keçmişdir. Həmin dövrdə Cəhridə, Qarabağlarda, Keçilidə erməni-rus birləşmələrinə – bolşeviklərə qarşı böyük üsyanlar baş vermişdir. Məhz belə bir dövrdə Mustafa xanla birgə ətrafındakı 10-15 nəfərlik bir qrup da Naxçıvanı tərk etməyə məcbur olmuşdu, hansı ki onlar da sonradan Türkiyədə məskunlaşmışdılar. Biz isə onlardan yalnız biri haqqında qısa məlumat ala bildik. Bu haqda növbəti yazıda bəhs edəcəyik.

Bəs Kəngərli nəslinin bu nümayəndələrini Mustafa Kamal Atatürk hansı türk generalının köməyi ilə bolşeviklərin əlindən xilas etmişdi? Necə oldu ki, Mustafa xanın oğulları da həyatlarını sələfləri kimi hərbçi olaraq türk ordusunda xidmətə həsr etdilər? Və ən əsası, “Naxçıvan” adını İstanbulda bu günədək yaşatmağa necə nail oldular? Bütün bunlar “Şərq qapısı” qəzetinin növbəti sayında...

 Səbuhi HƏSƏNOV
Naxçıvan-İstanbul-Naxçıvan