(Reportaj)

Dəmiryol nəqliyyatı bir zamanlar naxçıvanlıların ən çox istifadə etdiyi vasitələrdən olub. Xüsusilə muxtar respublikadan kənara çıxmaq istəyənlərin böyük əksəriyyəti öz səfərlərini sərnişin qatarları ilə edib. Sərnişin qatarları çoxlarının oxumaq, işləmək, hərbi xidmət keçmək və yaxud səyahət üçün üz tutacağı ünvanlara doğru hərəkət edəcəyi yolun başlanğıcı olub. Bəlkə də buna görədir ki, bu qatarların hərəkət etdiyi dəmir yollarını çoxları kimi mən də Naxçıvandan ilk səfərlərimin cığırları kimi, xoş xatirə kimi yaddaşımın bir küncündə saxlamışam. Niyə xoş xatirə deyirəm? Çünki qatarda yolçuluq digər nəqliyyat vasitələrindən fərqlənir. Qatarda yol getmək bir neçə saat, bəzən isə günlərlə sürə bilər. Təbii ki, bu müddətdə insanlarla yeni tanışlıqlar, onlarla maraqlı söhbətlər, yolboyu gördüyün mənzərələr istər-istəməz sonradan xatirəyə çevrilir. Hətta texnoloji vasitələrin olmadığı sovet dövründə “qatar tanışlıqları” bəzən elə rol oynayırdı ki, çox zaman müəlliflər öz qəhrəmanlarının bir-birini tanıması üçün ssenaridə onları eyni qatarın sərnişini kimi “qarşılaşdırırdılar”. Yəni demək istədiyim odur ki, qatarda sərnişin olmağın öz üstünlükləri var. Eyni zamanda dəmiryol nəqliyyatı təhlükəsizlik baxımından da digər nəqliyyat vasitələrindən müsbət tərəfləri ilə seçilir. Bir sözlə, bütün bu xatirələri təzələmək üçün yenidən qatarda sərnişin olmağa dəyərdi. Və fikirləşdiklərimizi reallaşdırmaq üçün  muxtar respublikamızın cənub sərhədləri boyunca bir neçə saatlıq olsa da, səfərə çıxmağı qərara aldıq.

...Naxçıvan şəhərindəki dəmiryol vağzalına çatanda Şərurdan Ordubad dəmiryol stansiyası istiqamətində hərəkət edəcək qatarın gəlməsinə hələ 15-20 dəqiqə var idi. Bu vaxtdan istifadə edib çoxdan bəri yolum düşməyən dəmiryol vağzalını gəzmək istədim. Yəqin qatarın gəlməsinə az vaxt qaldığındandır ki, stansiyada sərnişinlərə də rast gəlirik. Hər halda əllərində yük və bağlamalar olduğundan belə düşünürük. Elə bu zaman tanış bir səs bizi geri dönməyə vadar edir. Cəbrayıl Həşimov “Naxçıvan Dəmir Yolları” Məhdud Məsuliyyətli Cəmiyyətində sərnişindaşıma sahəsinə məsul şəxsdir. Bir gün əvvəl telefonla danışmışdıq. İndi isə hal-əhvaldan sonra o da bizi səfərdə müşayiət etmək istəyini bildirir. Faydalı olduğunu düşündüyümü deyirəm, eyni zamanda da fikirləşirəm ki, yolboyu maraqlı söhbət edərik. İndi isə müsahibimizlə birlikdə ətrafı gəzirik. Cəbrayıl müəllim deyir ki, muxtar respublikada həyata keçirilən quruculuq tədbirləri sayəsində Naxçıvan şəhərindəki dəmiryol vağzalının inzibati binası da əsaslı şəkildə yenidən qurulub. Binanın memarlıq dizaynı saxlanılmaqla, burada sərnişinlər üçün hərtərəfli şərait yaradılıb. Vağzal binasında sərnişinlər üçün geniş gözləmə zalı, bufet, kassa fəaliyyət göstərir. Hər tərəfdə təmizlik hökm sürür. Gözləmə zalında da sərnişinlər var. Bina müasir istilik sistemi ilə təmin olunub. İçəridəki səliqə-sahmanı çöldə də görmək mümkündür. Artıq platformada qatarı gözləyənlərin sayının artdığını görürük. Və budur, gələn fit səsi sərnişin qatarının stansiyaya daxil olduğunu xəbər verir. Şərur və Kəngərli rayonlarından gələn sərnişinlərin əksəriyyəti burada düşür. Biz isə qatara minib öz yerimizi alırıq. Bir neçə dəqiqə sonra tanış fit səsi yenidən eşidilir və qatar növbəti stansiyaya doğru hərəkətə başlayır...

Sərnişinlərin istifadə etdiyi vaqonlar haqqında onu deyim ki, bu vaqonlar muxtar respublika ərazisində hərəkət üçün uyğunlaşdırılıb. İlk baxışda elektrik qatarlarının vaqonlarını xatırlatsa da, buradakı oturacaqlar yumşaqlığı ilə seçilir. Vaqonlar daxili imkanlar hesabına əsaslı təmir olunub, bələdçilər üçün yerlər ayrılıb, sanitar qovşaqlar yenilənib. Vaqonların hamısı istilik sistemi ilə təmin olunub ki, bu da payız-qış mövsümündə sərnişinlərin rahat gediş-gəlişinə şərait yaradır. Bundan əlavə, buradakı səliqə-sahman da göz oxşayır. Qatar bələdçisi Ramiz Rzayevlə tanış oluruq. Bildirir ki, bələdçilər növbə ilə səfərə çıxır və hər növbə dəyişilərkən təmizliyə də diqqət yetirilir. Həmsöhbətim deyir ki, özü Culfa şəhərində dəmiryolçu ailəsində böyüyüb. Atası uzun müddət dəmir yolunda çalışıb, indi isə özü bu sahədə fəaliyyət göstərir. Qeyd edir ki, vaqon bələdçisi olmaq məsuliyyətli işdir. Əsas odur ki, gülərüz olasan, sərnişinlərlə dil tapmağı bacarasan. Hər gün yeni sərnişinlərlə rastlaşırsan. Elə xidmət aparmalısan ki, hər kəs səndən razı qalsın. Müsahibimizdən qatarlardan daha çox kimlərin istifadə etdiyini soruşuruq. Bildirir ki, Ordubad-Vəlidağ və əks istiqamətdə hərəkət edən qatarlardan, əsasən, dəmiryol stansiyasına yaxın yaşayış məntəqələrinin sakinləri istifadə edirlər. Eyni zamanda Culfa, Naxçıvan və Şərur şəhərlərində yaşayanlar da mütəmadi istifadə edirlər. Ən ucuz nəqliyyat vasitəsi, həm də müəyyən yüklərin daşınmasında əlverişli olduğuna görə istifadə edənlər də az deyil, – deyə həmsöhbətim sözünə davam edir. Bildirir ki, qatara əlavə yük vaqonu da qoşulur ki, bu da böyükhəcmli yüklərin daşınmasında əhəmiyyətli rol oynayır. Təsərrüfatçılar, xüsusən də Şərur rayonundan məhsulunu Naxçıvana gətirmək istəyənlər bundan istifadə edirlər. Öyrənirik ki, qatarların həm də daimi sərnişinləri var. Bunlar, əsasən, sərhədçilər və dəmiryol stansiyasında növbə ilə çalışan işçilərdir. Yolboyu sərnişinlərlə söhbət edirik. Sərhədçi əsgərlərdən Araz Yusifov, İlkin Mehdiyev, Culfa şəhərindən Həsən Qurbanov, Gülnaz Əliyeva qatardan tez-tez istifadə etdiklərini söyləyirlər. Sərnişin Vasif Hüseynov gediş haqqının ucuz olduğuna və bəzən özü ilə bərabər apardığı əl yükünün həcminə görə Culfa-Naxçıvan və əks istiqamətdə qatara üstünlük verdiyini deyir. Yolboyu söhbətləşdiyimiz digər sərnişin isə dəmir yolu işçisidir. Onunla söhbətimiz maraqlı alınır. Məmməd Zeynalov da dəmiryolçu ailəsində dünyaya göz açıb. Ömrünün 35 ildən çoxunu yük maşinisti kimi çalışıb. İndi isə Ordubad dəmiryol stansiyasına növbəyə gedir. Hazırda dəmir yollarının keçdiyi körpü və tunellərdə texniki təhlükəsizlik sahəsində işini davam etdirir. Deyir ki, sovet dövründə, əsasən, yükdaşımalarında işləyib. Maşinist peşəsi necə peşədir? – sualıma müsahibim belə cavab verir: “Maşinist peşəsi çox çətin, məsuliyyətli, eyni zamanda şərəfli bir peşədir. Ona görə məsuliyyətlidir ki, məsələn, vaxtilə idarə etdiyim teplovoza 30, 40, bəzən isə 60-a yaxın yük vaqonu qoşulub, hər birinin də çəkisi 60 ton olub. Bu yükü təhlükəsiz bir şəhərdən başqa şəhərə daşımaq insandan iradə, dözüm, məsuliyyət və peşəkarlıq tələb edirdi. Sovet dövründə Azərbaycan daxilində, eyni zamanda ölkədən kənara yüklər daşımışıq, həm də gətirmişik. Elə olub həftələrlə səfərdə olmuşuq, ancaq çalışmışıq işimizi vaxtında və layiqincə yerinə yetirək. Maşinist həm də qorxmaz olmalıdır. Yaxşı xatirimdədir, 1990-cı il idi. O zaman Bakıdan gələn yüklərin çoxu Mehri stansiyasına gəlirdi, orada Bakı teplovozlarından ayrılırdı, biz isə Naxçıvandan gedib o yükləri gətirirdik. Həmin ilin əvvəllərindən vəziyyət xeyli mürəkkəbləşmişdi. O yükləri gedib gətirənə kimi çox əziyyət çəkirdik. Ermənilər xeyli problemlər yaradırdı. Heç yadımdan çıxmaz, 1992-ci il aprelin 22-si idi. İdarədən bildirdilər ki, yüklər gəlib Mehri stansiyasına, gedib gətirmək lazımdır. Köməkçi maşinist yoldaşım Vilayətlə buradan çıxdıq. Mehri stansiyasına çatanda gördük ki, ermənilər əli silahlı stansiyanı dövrəyə alıblar. Burada xeyli çətinliklərlə qarşılaşdıq. İsrar etsək də, heç bir yükü apara bilməyəcəyimizi və oradakı erməni hərbçilərinin bizi vura biləcəyini dedilər. Məcbur qalıb geriyə – Naxçıvana tərəf hərəkətə başlayarkən idarə etdiyimiz teplovoz atəşə tutuldu. Oxşar münasibət bizdən əvvəl digər maşinist yoldaşlarımızın da başına gəlmişdi. Heç yadımdan çıxmaz, 47 vaqon yük qaldı orada və mənim idarə etdiyim 1361 nömrəli teplovoz böyük ehtimalla oradan çıxan son teplovoz oldu. Çünki sabahkı gün xəbər gəldi ki, Ordubaddan sonra olan tunellərin çoxu ermənilər tərəfindən partladılıb”.
Cəbrayıl Həşimov da bildirdi ki, həmin dövrdə naxçıvanlı maşinistlərin bir çoxu əsl qəhrəmanlıq göstərmişdi. O zaman Naxçıvana gələcək xeyli sayda yük vaqonları var idi ki, çoxunu çıxarmaq mümkün olmadı. Hamısı qaldı orada. Bildirdi ki, əslində, İmişli rayonunadək olan dəmir yolu hissəsinə Naxçıvan dəmir yolu bölməsi nəzarət edirdi. Yəni bu istiqamətdə yerləşən stansiyaların hamısında işləyən işçilər Naxçıvan dəmiryol bölməsinə tabe idi. Ancaq 1992-ci il aprelin 24-də dəmir yolu nəqliyyatının hərəkəti tamamilə dayandı və o istiqamətdə bu günədək heç bir hərəkət olmadı.
...Qatar yenidən fit verir və bir az getdikdən sonra dayanır. Bələdçi: – Ordubaddır, sonuncu stansiyadır, – deyir. Ayağa qalxıb, vaqondan aşağı düşürük. Deyəsən, blokadanı ilk dəfə burada hiss edirəm. Demək ki, buradan o tərəfə yol yoxdur – öz-özümə fikirləşirəm. Yeri gəlmişkən qeyd edək ki, artıq Ordubad dəmiryol vağzalının da inzibati binası yenidən qurulur. Tezliklə burada da sərnişinlərin rahatlığı üçün hərtərəfli şərait yaradılacaq...
...Ertəsi gün isə Naxçıvan-Şərur dəmir yol stansiyaları istiqamətində hərəkət etdik. Yolboyu Kəngərli rayonunun Şahtaxtı kəndindən, Şərur rayonunun Püsyan, Aşağı Daşarx kəndlərindən, eləcə də rayon mərkəzindən olan sərnişinlərlə söhbət etdik. Söhbətləşdiyimiz sərnişinlər dəmir yolu xidmətindən razılıq etdilər, istifadə etdikləri qatarların daha uzaqlara getməsinin ən böyük arzuları olduqlarını bildirdilər. Biz isə ötən yazıda qeyd etdiyimiz fikirləri bir daha oxucularımıza xatırlatmaq istədik: Naxçıvan blokada vəziyyətinə salınsa da, nə yaxşı ki burada dəmir yolu nəqliyyatının fəaliyyətinə son verilmədi. Əksinə, yerli imkanlar hesabına, fədakar insanların səyi nəticəsində bu nəqliyyat infra­strukturunda mümkün olan hər şey edildi ki, vaqonlarımız sərnişinsiz, qatarlarımız hərəkətsiz qalmasın.

P.S. Bu günlərdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin İran İslam Respublikasına səfərindən bir neçə gün sonra Naxçıvanda Azərbaycan və İran tərəfinin müvafiq qurumları arasında Naxçıvan-Təbriz-Tehran-Məşhəd beynəlxalq sərnişin qatarının fəaliyyətə başlaması ilə bağlı müzakirələrin aparılıb. Siyasi tərəflərinə varmadan qeyd edək ki, ölkə başçısının İran İslam Respublikasına son səfəri və iki ölkə arasında əldə edilən razılaşmalar Ermənistanın yaxın gələcək üçün əldə etmək istədiyi iqtisadi və siyasi dividentlərin üstündən qalın bir xətt çəkir. Cənubi Qafqazda həyata keçirilən bütün böyük layihələrdən kənarda qalan düşmən ölkə vaxtilə Naxçıvana gələn dəmir yolunu bağlamaqla həm də özünü çox çətin vəziyyətə salıb. Yaxın gələcəkdə Bakı-Tblisi-Qars dəmir yolunun Naxçıvan-Culfa-Təbriz dəmir yolu xəttinə birləşdirilməsi planları Naxçıvanı blokadanın çətinliklərindən xilas edəcək. Görünən odur ki, Naxçıvan onu sevməyənləri hər zaman məyus etməyi bacarır...

 Səbuhi Həsənov