Vətənpərvərlik məfkurəsi

Vətənpərvərlik insan şəxsiyyətini və təxəyyülünü formalaşdıran, doğma torpağa, ana dilinə, mənəvi dəyərlərə olan sevginin açıq təzahürüdür. Bu hisslər xalqın nəsildən-nəslə valideyn tərbiyəsi ilə ötürülən mədəniyyət və mənəviyyat arxetipləri ilə uzlaşır, milli şüurun əsas xüsusiyyətləri yazıçı və şairlərin, bəstəkarların, rəssamların yaradıcılıqlarında əks olunur. Xalqımızdakı vətənpərvərlik ruhu və yüksək ləyaqət təkcə ölkəmizin bugünkü siyasi həyatının hakim xüsusiyyətinə çevrilməyib, eyni zamanda hər bir ailənin, hər bir Azərbaycan vətəndaşının gündəlik həyatı ilə üzvi şəkildə əlaqəlidir. Ölkəmizin igid müdafiəçi oğullarına hamımız hörmət edir, ərazi bütövlüyümüz, müstəqilliyimiz uğrunda həlak olan qəhrəmanlarla fəxr duyuruq. Bu cür sivil, ümummilli vətənpərvərliyi özlərini ümumi nəsil irsinin varisi kimi qəbul edənlərin hamısının həmrəyliyi olmadan təsəvvür etmək də mümkün deyildir.

Ümumiyyətlə, vətənpərvərlik hər bir millətin və xalqın öz həyat və fəaliyyət xüsusiyyətlərini inkişaf etdirməsində, bilik və yaşam təcrübəsi axtarmaqda sərbəst olduğunu bildirən mütləq anlayışlardan biridir. Vətənpərvərlik həm də, ilk növbədə, insanın vətəndaşı olduğu ölkəyə sevgisi və sədaqətidir. Bu isə o deməkdir ki, Vətəninə sevgi və məhəbbət hisslərini aşılamaqla yanaşı, bütün gücünü Vətəninin inkişaf etməsi və çiçəklənməsi naminə sərf edən, hətta bu yolda həyatını və canını fəda edən hər bir vətəndaş vətənpərvər hesab edilə ­bilər.

Qələbə bizimlədir!

Azərbaycan hər zaman vətənpərvər oğullarına, güclü siyasi və hərbi potensialına güvənərək, qələbə qazanmaq əzmində olmuşdur. Qələbəmiz Azərbaycan Prezidenti cənab İlham Əliyevin siyasi kursunun hədəflərinin və prioritetlərinin strateji dəyərlərini və hərtərəfli analitik dəqiqliyini nümayiş etdirməkdədir. İşğal altında olan Qarabağ torpaqlarını düşmən tapdağından azad etməyə başlayan Milli Ordumuz Silahlı Qüvvələrin arsenallarında olan silahların yalnız kiçik bir hissəsindən istifadə edir. Artıq ermənilər çaxnaşma içində qaçmağa başlayıblar və bütün dünyaya Azərbaycan igidlərinin sərgilədiyi, sözlə ifadə etmək mümkün olmayan qəhrəmanlıqlarını qəbul etmək əvəzinə, düşmən tərəf Azərbaycan Silahlı Qüvvələrinin ultramodern silahları ilə silahlandığı haqqında bağırır. Ordumuzun bütün hərbi hissələrdə, xüsusən də cəbhə xəttində yerləşən qoşun birləşmələrində görünən bu yüksəlişi, Azərbaycanın Silahlı Qüvvələrində qulluq edən zabit heyətinin, əsgərlərin vətənpərvərlik hissinin çox yüksək və güclü olduğunun bariz nümunəsidir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin gündəlik qayğısı nəticəsində hazırda ordumuzda maddi-texniki baza, silah-sursat təchizatı ən yüksək səviyyədədir. Əminliklə deyə bilərik ki, bu vuruşmada qələbə bizimlədir.

Vətənpərvərliyin təməlində
Azərbaycançılıq ideologiyası dayanır

Müstəqil Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasında yaşayan vətəndaşların vətənpərvərlik ruhu həmişə yüksək olmuşdur və indi də yüksəkdir. Ulu öndərin: “Mən həmişə fəxr etmişəm və bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam” sözlərini bu gün hər bir naxçıvanlı fəxrlə bəyan edir.
Ümummilli lider Heydər Əliyev Azərbaycançılıq ideologiyasını inkişaf etdirərək sosial sabitlik, millətlərarası harmoniya və mənəvi inkişaf ideologiyası və siyasəti kimi multikulturalizmin dövlət quruculuğunun praktik əsaslarını qoydu. Gənc müstəqil dövlətin siyasi kursunu müəyyənləşdirən ulu öndər həqiqi suverenlik qazanmaqda vətənpərliyin təməl əsası kimi əxlaqın yaradıcı gücünü yüksək qiymətləndirirdi: “Biz öz milli-mənəvi dəyərlərimizi, adət-ənənələrimizi, əxlaqi dəyərlərimizi bütün istiqamətlərdə qorumalıyıq, saxlamalıyıq və gənc nəsli əsrlərboyu böyük sınaqlardan keçmiş bu mənəvi, əxlaqi dəyərlər ruhunda tərbiyələndirməliyik”.

Naxçıvan Azərbaycanın ən dəyərli incilərindəndir

Naxçıvan Muxtar Respublikasının ərazisi Azərbaycanın qədim tarixinin və zəngin arxeoloji mənbələrinin, habelə mədəniyyətinin, qədim ənənələrinin və tarixi humanizmin öyrənilməsi baxımından mühüm diyar hesab olunur. Əsrarəngiz təbiəti və torpaqlarında bol sərvətləri olan Naxçıvan həm də insan sivilizasiyasının beşiyi sayılır. Qədim dövrlərdən bəri yerli sakinlər müxtəlif idarəetmə sahələri ilə məşğul olublar. Burada Neolit dövründə bəzi sənət növləri inkişaf edərək yüksək səviyyəyə çatıb.
“Naxçıvan” sözünün etimologiyası tarixin dərinliklərindən gəlir. Müxtəlif dövrlərdə aparılmış elmi və tarixi araşdırmalar bu sözün etimologiyasını “Nuxçıxan”, “Naksuana” və ya “Naxç” fars mənbələrində və ədəbiyyatında isə “Neğşicahan” şəklində işlədildiyini müəyyən etmişdir. Qədim türk mənbələrində “Naxçıvan” sözü savadlı və müdrik insanların yaşadığı yerləri ifadə edirdi.
Azərbaycanın bu bölgəsi tarixən dağıdıcı müharibələrdən, uzun müddət davam edən silahlı qarşıdurmalardan və qonşuların təcavüzlərindən əziyyət çəkib. Düşmən tərəfindən blokadaya alınmasına baxmayaraq, bu gün Naxçıvan böyük inkişaf yolundadır.
Naxçıvan şəhərinin öz qədim memarlıq məktəbi və ənənələri var. Şübhəsiz, gələcəkdə də bu məktəb inkişaf edəcəkdir...
Hər zaman öz şücaəti, cəsarəti ilə vətənpərvərliklərini nümayiş etdirən Naxçıvan gəncləri bu gün də ölkəmizin istər təhsil, texniki, mədəni, istərsə də hərbi sahəsində öz sözünü deməyə davam edir. Gənclərin maariflənməsi, vətənpərvərlik hisslərinin daha da gücləndirilməsi yolunda atılan addımlar da bunun bariz nümunəsidir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun gənc nəslin milli kimliyini, vətənpərvərliyini və dünyagörüşünü formalaşdırmağa xidmət edən 2017-ci il 28 avqust tarixli Sərəncamı ilə təsdiq edilmiş “Oxunması zəruri olan kitabların Siyahısı”nda özünə yer alan bütün əsərlər bu gün hər bir naxçıvanlı gəncin stolüstü kitabına çevrilib. Tədris və mədəniyyət müəssisələrində həmin kitabların müzakirələrinin təşkili, əsərlərdə yüksək vətənpərvərlik hisslərinin əks olunmasının gənclərə çatdırılması onların bu ruhda tərbiyə edilməsi məqsədi daşıyır.
Qürur duyuruq ki, bu gün naxçıvanlı gənclər də ölkəmizin haqq işinin qalib gəlməsində öz sözünü deyir,Vətən torpaqlarının işğaldan azad edilməsi uğrunda əzmkarlıq və şücaətlə döyüşür. Bu mübarizlik, vətənpərvərlik ruhu isə bizi anbaan BÖYÜK QƏLƏBƏyə səsləyir! Qələbə bizimlədir!

Aytac CƏFƏROLİ