Ali təhsil ocağının İncəsənət fakültəsində əcnəbi tələbələrin təşkilatçılığı ilə “Nizami hər sözü demiş birinci” adlı ədəbi - bədii tədbir keçirilib. Tədbirdə “Nizami Gəncəvi – 880” adlı sənədli film nümayiş olunub. Tədbiri giriş sözü ilə açan universitetin rektoru Elbrus İsayev xarici tələbələrin bu kimi tədbirlərdə iştirakını yüksək qiymətləndirib, belə tədbirlərin davamlı olmasını arzulayıb. Bildirilib ki, ali təhsil ocağında təhsil alan hər bir əcnəbi tələbə təhsillə bərabər, ictimai işlərdə fəallıq nümayiş etdirməli və mədəni-kütləvi tədbirlərdə iştirak etməlidir.
Filologiya üzrə fəlsəfə doktoru, dosent Ramiz Qasımov şair haqda məlumat verərək qeyd edib ki, Nizami Gəncəvi dahi şair olmaqla bərabər dövrünün məşhur həkimi, elm adamı olub. O, həmçinin, dünya dinlərinə bələd olduğu üçün Şeyx adlandırılıb, dünyəvi elmlərə ustalıqla yiyələnib. Qeyd edilib ki, əsərlərində hər zaman qadına yüksək qiymət verən dahi şair nəinki Şərq aləmində, həmçinin, Qərb aləmində də tanınır, öyrənilir. Nizami Gəncəvinin bir neçə qəzəlini qiraət edən Ramiz Qasımov xarici tələbələri ölkəmizin sahib olduğu mədəni irsimizdən bəhrələnməyə çağırıb.
Sonra xarici tələbələrin Nizami Gəncəvinin əsərlərindən hazırladığı bədii qiraət nümunələrindən hazırladıqları videoçarx nümayiş olunub.
Sonda xarici tələbələr Nizami Gəncəvinin şeir, qəzəllərini bədii qiraət edib, şairin poemalardan hissələri səhnələşdiriblər.
Tələbələrin tədbirdə iştirakını yüksək qiymətləndirən rektor onları təşəkkürnamə ilə təltif edib.
Etibar Dərbəndəliyev
“Jurnalistika” ixtisası üzrə III kurs tələbəsi