Naxçıvan Muxtar Respublikasının gömrük orqanlarına xidmətə qəbul ilə əlaqədar müsabiqənin keçirilməsi qaydası Ali Məclis Sədrinin 18 noyabr 2010-cu il tarixli Sərəncamı ilə müəyyən olunur.
Muxtar respublika gömrük orqanlarına işə qəbulla bağlı müsabiqəyə ali məktəbləri “gömrük işi”, “maliyyə”, “iqtisadiyyat”, “hüquq”, “beynəlxalq münasibətlər” və “xarici dil (rus və ingilis)” ixtisasları üzrə bitirən şəxslər buraxılır. Ali məktəbləri tibbi ixtisaslar üzrə bitirən şəxslər (kişi) isə Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin tibb xidmətində mövcud vakant yer üzrə (1 yer) müsabiqədə iştirak edə bilərlər. Bir qayda olaraq namizədlərin yaşı 30-u keçməməlidir.

Müsabiqədə iştirak etmək istəyən şəxslər www.dgk.nmr.az internet saytına daxil olmaqla “Gömrük orqanlarında xidmətə qəbul” bölməsində muxtar respublikanın gömrük orqanlarına işə qəbulla bağlı müəyyən olunmuş elektron ərizə formasını doldurmalıdırlar. Elektron ərizə müsabiqədə iştirak üçün ilkin əsas sayılır. Elektron ərizə ilə qeydiyyat bir ay müddətində – dekabr ayının 25-dən yanvar ayının 25-dək davam edəcək.
Müsabiqədə iştirakla bağlı elektron ərizə qəbulu başa çatandan sonra qeydiyyatı təsdiqlənmiş şəxslərə imtahanın vaxtı ilə bağlı qeydiyyatdan keçdikləri elektron poçt ünvanı vasitəsilə məlumat veriləcəkdir.
İkili vətəndaşlığı, digər dövlətlər qarşısında öhdəlikləri olan şəxslər, din xadimləri, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilmiş, məhkumluğu ödənilməmiş və ya götürülməmiş şəxslər, tibbi rəyə əsasən, fiziki və əqli qüsurlarına görə gömrük orqanlarında işləməyə qadir olmayan, gömrük, digər hüquq-mühafizə və ya başqa dövlət orqanlarında əvvəllər yol verdiyi kobud nöqsanlara və ya qulluqla bir araya sığmayan hərəkətlərə görə bu orqanlardan xaric edilmiş şəxslər, qanunla müəyyən olunmuş müddətli həqiqi hərbi xidmət keçməmiş (qanuni əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olanlar və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilənlər istisna olmaqla) çağırışyaşlı vətəndaşlar müsabiqəyə buraxılmırlar.
Müsabiqə hər bir namizədin gömrük işi üzrə bilik səviyyəsinin, ümumi dünyagörüşünün, gömrük orqanlarında vəzifələrə yararlı və layiqli olmasının müəyyən edilməsi məqsədilə aşkarlıq şəraitində şəffaf üsullarla keçirilir. Müsabiqə test imtahanından və müsahibədən ibarətdir.
Xarici dil bilən (əsasən rus və ingilis) və kompüterdə işləmək baca­rığı yüksək olan şəxslərə müsabiqənin müsahibə mərhələsində üstünlük verilir.