2014-2015-ci tədris ili üçün Polis Akademiyasına əyani təhsil üzrə müdavimlərin qəbulunu elan edir

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasına qəbula namizədlər Azərbaycan dilini sərbəst bilən, boyu azı 165 santimetr (qızlar üçün 160 santimetr), çağırışçı kimi Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələrində qeydiyyatda olan (qızlar istisna olmaqla), buraxılış siniflərində oxuyan və ya tam orta təhsilli 16 yaşdan 18 yaşadək Azərbaycan Respublikasının vətəndaşları sırasından seçilirlər.
İkili vətəndaşlığı, digər dövlətlər qarşısında öhdəlikləri olan şəxslər, 2014-cü ilin aprel və iyul tarixli çağırışlarında hərbi xidmətə getməli olan çağırışçılar, din xadimləri, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilmiş, cinayət törətdiyinə görə əvvəllər məhkum olunmuş, habelə barəsində cinayət işinin icraatına bəraətverici əsaslar olmadan xitam verilmiş, eləcə də “Azərbaycan Respublikası daxili işlər orqanlarında xidmətkeçmə haqqında” Əsasnamə ilə müəyyən olunmuş digər şərtlərə uyğun gəlməyən abituriyentlər Daxili İşlər Nazirliyinin Polis Akademiyasına qəbul edilmirlər.

Daxili İşlər Nazirliyinin Polis Akademiyasına qəbul üçün namizədlər daimi qeydiyyatda olduqları ərazi üzrə polis idarə, şöbələrinə aşağıdakı sənədləri şəxsən təqdim etməlidirlər:
    - şəxsiyyət vəsiqəsi və doğum haqqında şəhadətnamə (əsli və notariat qaydada təsdiq olunmuş surəti);
    - təhsil müəssisəsinin buraxılış sinfində oxuması haqqında Daxili İşlər Nazirliyinə təqdim olunması üçün arayış və ya tam orta təhsil haqqında sənəd (attestat);
    - yaşayış yeri üzrə tibb müəssisəsindən Daxili İşlər Nazirliyinə təqdim olunması üçün sağlamlıq haqqında arayış;
    - ilkin hərbi qeydiyyataalınma haqqında vəsiqə (əsli və notariat qaydada təsdiq olunmuş surəti);
    - oxuduğu təhsil müəssisəsi tərəfindən Daxili İşlər Nazirliyinə təqdim olunması üçün verilmiş xasiyyətnamə;
    - 9 x 12 santimetr ölçüdə 2 ədəd, 4 x 6 santimetr ölçüdə 4 ədəd fotoşəkil (papaqsız, rəngli, donuq kağızda).
Ərizə və sənədlər 2014-cü il martın 1-dən aprelin 10-dək hər gün (bazar və bayram günləri istisna olmaqla) saat 1000-dan 1700-dək qəbul ediləcəkdir.

Əlavə məlumat üçün
əlaqə telefonları: 545-08-10-155, 545-08-10-160

Abituriyentlər Daxili İşlər Nazirliyinin xüsusi həkim komissiyasında müayinədən, habelə fiziki hazırlıq və seçmə komissiyalarında nazirlik tərəfindən müəyyən edilmiş normativlər üzrə sınaqdan keçməlidirlər (fiziki hazırlıq üzrə minimal normativlər oğlanlar üçün: turnikdə dartınma – 6 dəfə, qaçış 100 metr məsafəyə – 15 saniyə və 1000 metr məsafəyə – 4 dəqiqə, qollar üzərində bədənin döşəmədən qaldırılması – 18 dəfə, arxası üstə uzanmış halda döşəmədən bədənin qaldırılması – 18 dəfə; qızlar üçün: arxası üstə uzanmış halda döşəmədən bədənin qaldırılması – 18 dəfə, qaçış 100 metr məsafəyə – 19 saniyə və 1000 metr məsafəyə – 5 dəqiqə 30 saniyə).
Fiziki hazırlıq üzrə normativlərin ödənilməsi və seçmə komissiyalarının vaxtı barədə məlumatlar Daxili İşlər Nazirliyinin www.mia.qov.az internet saytında yerləşdiriləcəkdir.
Sınaq və müvafiq yoxlamalardan müvəffəqiyyətlə keçən abituriyentlərin siyahısı qəbul imtahanlarına buraxılmaları üçün Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına göndərilir.
İmtahanlar test üsulu ilə III ixtisas qrupunun fənləri üzrə Azərbaycan və rus dillərində keçirilir.
Qəbul imtahanlarının keçirilməsi ilə bağlı bütün təşkilati tədbirlər, sənədləşdirmə, imtahanların vaxtı, yeri və digər şərtlər Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən müəyyən edilir və abituriyentlər bu məqsədlə komissiyanın internet saytında və ya kütləvi informasiya vasitələrində verilən elanları izləməlidirlər.
Daxili İşlər Nazirliyinin Polis Akademiyasına qəbul olunmuş abituriyentlər dövlət hesabına geyim forması, təqaüd və yeməklə təmin edilir, yataqxanada qalırlar. Akademiyada tədris Azərbaycan dilində aparılır, təhsil müddəti 5 ildir. Akademiya barədə ətraflı məlumat www.pa.edu.az internet saytında yerləşdirilmişdir.
Məzunlara “hüquqşünas” ixtisası və polis leytenantı xüsusi rütbəsi verilməklə onlar daxili işlər orqanlarında müvafiq vəzifələrə təyin edilirlər.

Əlavə məlumat üçün əlaqə telefonları:
(012) 454-12-78, (012) 590-97-76