Naxçıvan Muxtar Respublikası Prokurorluğu Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 19 iyun tarixli Fərmanı ilə təsdiq edilmiş “Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqə keçirilməsi qaydaları haqqında Əsasnamə”yə uyğun olaraq Naxçıvan Muxtar Respublikası Prokurorluğu və Naxçıvan Muxtar Respublikasının Hərbi Prokurorluğu orqanlarında işə qəbul olunmaq arzusunda olan şəxslər üçün 09 ştat vahidi üzrə müsabiqə elan edir.
Prokurorluq orqanlarına işə qəbul olunmaq istəyən Naxçıvan Muxtar Respublikasının ərazisində yaşayış yeri üzrə qeydiyyata alınmış və qanunvericiliklə müəyyən edilmiş tələblərə cavab verən şəxslər aşağıda qeyd edilən sənədləri təqdim etməklə Naxçıvan Muxtar Respublikası Prokurorluğuna müraciət edə bilərlər:
- müəyyən olunmuş formada ərizə;
- şəxsiyyət vəsiqəsinin əsli və notariat qaydasında təsdiq edilmiş ­surəti;
- ali təhsil haqqında (hüquqşünaslıq və ya beynəlxalq hüquq ixtisası üzrə) diplomun, diploma əlavə olunan qiymət cədvəlinin əslləri və notariat qaydasında təsdiq edilmiş surətləri;
- 4x6 santimetr ölçüdə 4 ədəd ağ fonda rəngli fotoşəkil.

Sənədlər Naxçıvan şəhəri, Atatürk küçəsi 22-də yerləşən Naxçıvan Muxtar Respublikası Prokurorluğunun inzibati binasının qəbul otağında 2017-ci il noyabr ayının 10-dan 2017-ci il dekabr ayının 10-dək hər gün (istirahət və bayram günləri, iş günü hesab edilməyən digər günlər istisna olmaqla) saat 1000-dan ­­­­­1800-dək qəbul olunacaqdır.
Prokurorluğa işə qəbul olunmaq üçün sənədləri təqdim etmək istəyən hər bir namizədin hazırlığının, bilik səviyyəsinin, ümumi dünyagörüşünün, prokuror və ya müstəntiq vəzifəsinə yararlılığı və layiqliliyinin müəyyən edilməsi məqsədilə tam aşkarlıq şəraitində, şəffaf üsullarla və beynəlxalq tələblərə uyğun keçirilən ixtisas imtahanları (test və yazılı imtahanlar) və müsahibədən ibarət müsabiqə təşkil ediləcək, test imtahanı Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi Publik Hüquqi Şəxsin Naxçıvan Muxtar Respublikası Regional Bölməsi ilə birgə keçiriləcəkdir. Müsabiqədə bərabər nəticələr əldə etmiş şəxslərdən xarici dilləri bilənlərə üstünlük veriləcəkdir.
Prokurorluğa işə qəbul olunmaq istəyən şəxslərin nəzərinə çatdırılır ki, namizədlərin ali hüquq təhsili Azərbaycan Respublikası ərazisində müvafiq qaydada tanınan diplomla təsdiq edilməli, onlar Azərbaycan Respublikasının dövlət dilini sərbəst bilməli və seçkilərdə iştirak etmək hüququna malik olmalıdır. Prokurorluğa işə 30 yaşınadək olan Azərbaycan Respublikasının vətəndaşları qəbul olunurlar.
“Prokurorluq haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən aşağıdakılar prokurorluğa işə qəbul edilmirlər:
- ikili vətəndaşlığı olan şəxslər;
- digər dövlətlər qarşısında ­öhdəlikləri olanlar;
- din xadimləri;
- məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilmiş, tibbi rəyə əsasən fiziki və ya əqli qüsurlarına görə prokuror və ya prokurorluğun müstəntiqi vəzifələrini yerinə yetirməyə qadir olmayan şəxslər;
- alkoqolizm, narkomaniya, ­toksikomaniya və digər ağır xəstəliklərə tutulmuş şəxslər (bu barədə həkim rəyi olduqda);
- əvvəllər məhkum olunmuş, habelə bəraətverici əsaslar olmadan barəsində cinayət işinin icraatına xitam verilmiş şəxslər;
- əvvəllər yol verdiyi kobud nöqsanlara və ya prokuror və müstəntiq adı ilə bir araya sığmayan hərəkətlərə görə vəzifədən azad edilmiş şəxslər;
- qanunla müəyyən olunmuş müddətli həqiqi hərbi xidmət keçməmiş (qanuni əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olanlar və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilənlər istisna olmaqla) çağırışyaşlı vətəndaşlar.
Müsabiqənin test imtahanının yekunlarına görə 70 və daha artıq bal toplamış namizədlər yazılı imtahana buraxılırlar.
Test imtahanının vaxtı, yeri, imtahan suallarının hazırlanmasında istifadə edilmiş qanunların siyahısı və digər məlumatlar barədə əlavə məlumat veriləcəkdir.

Əlavə məlumat almaq üçün
545-03-14, 545-03-15 nömrəli telefonlar vasitəsilə müraciət etmək olar.