Naxçıvanın duzu...

...Bundan əvvəl yolu Bakıya düşənlər öz tanış-bilişlərinə Naxçıvan duzundan da bir pay tutardılar. Mağazalarımızda isə qiyməti 7 qəpiyə olan xörək duzu ayaq tutub yeriyərdi. Bu gün isə mağazalarımızda duz tapılmır, istəyirsən bütün dükanları ələk-vələk elə. Yayın isti günündə bir pomidora səpməyə belə, duz tapılmaz. Elə həmin andaca ağlına dəmiryolunun işləməməsi, blokada gəlir. Deyirsən, bəlkə, başqa ərzaq məhsulları kimi duzu da gətirmək çətindir. Yox, tez də fikrindən daşınırsan. Naxçıvan duzu muxtar respublika mərkəzinin cəmi 8 kilometrliyindədir. İraq olsun, bəlkə, o şöhrətli duzun ehtiyatı tükənib? Yox, bu da deyil. Bircə həqiqət budur ki, tükənməz duz ehtiyatına malik olan Naxçıvanın əhalisi duz sarıdan korluq çəkir. Nəzərə alsaq ki, duz ən çox işlənən ərzaq sayılır, onda qarşıya çıxan çətinliyi tam aydınlığı ilə başa düşərik. Bu gün hansı mağazaya baş vurub “duz varmı?” deyə soruşsan “tapılmaz” cavabını eşidərsən.
Bilirəm, bu yazını oxuyanlar bir andaca gileylənəcək: rəhmətliyin qızı, tək duz dərdi olsaydı, nə bəxtəvər idik. Elə piyada mədənə gedib sal duz gətirib evdə özümüz döyərdik...

“Şərq qapısı” qəzeti
19 avqust 1992-ci il

Haşiyəli dağların bəyaz donlu sərvəti...


Bu qiymətli sərvətimiz keçmişdə...

Muxtariyyətin güzgüsünə çevrilən “Şərq qapısı” qəzetinin 1992-ci il 19 avqust tarixli nömrəsindəki “Naxçıvanın duzu...” sərlövhəli məqalədə jurnalist həmkarım muxtar respublikanın təbii sərvəti olan, bir zamanlar el-el, oba-oba gəzən duzun yoxa çıxmasından, istehsal müəssisəsinin fəaliyyətsizliyindən ürəkyanğısı ilə söhbət açır. Keçmişdən bu günə müxtəlif tarixi dövrləri, xalqımızın həyat və məişətini xarakterizə etdikdə bu təbii sərvətin milli kimliyimizlə, varlığımızla necə sıx bağlı olduğunu hiss etmək, duymaq çətin deyil. Bəli, ötən əsrin 90-cı illərinin acı həqiqətləri dədə-babalarımızdan qalma “duz-çörək haqqı” deyib varlığına and içdiyimiz bu nemətə – bir tikə çörək kimi bir çimdik duza da möhtac qoydu naxçıvanlıları. Əsrlərboyu şöhrəti aləmi gəzən, neçə-neçə ticarət karvanlarının yolunu buradan salmağa sövq edən duza bu qədər yaxın olub da öz varına-sərvətinə həsrət qalmaq, həqiqətən, ürək sızladan mənzərədir...
Xalqımız tarixboyu duzu müqəddəslik rəmzi kimi yüksək dəyərləndirib, and yeri kimi yanaşıblar. Dostlar arasına nifaq salmaq istəyənlərə, söz-söhbət yaratmağa çalışanlara “duz-çörək kəsmişik, bizə yaraşmaz”, – deyə cavab verilərmiş. Naxçıvan folkloruna aid dastanlarımızda yer alan “Duz kəsən düz olar”, “Duz kəsən namərd olmaz”, “Şeytana uyma. Duza dönük çıxan murada çatmaz”, “Qoy onlar tez-tez duz kəssinlər” kimi deyimlər də qədim Oğuz torpağında yaşayanların bu nemətə bəslədiyi dərin məhəbbətindən, sonsuz inamından xəbər verir. Duzun yandırılaraq bədnəzərləri, şər qüvvələri və mənfi auranı dəf etməsi, eləcə də bu nemətin yerə tökülməsinin pis əlamət olması ilə bağlı inanclar bu gün də el arasında yaşadılır.
Rus tədqiqatçısı Konstantin Nikitinin 1882-ci ildə Tiflisdə nəşr olunan “Qafqaz ölkəsi və tayfalarının təsviri üçün materiallar məcmuəsi”ndə verilən “Naxçıvan mahalı və Naxçıvan şəhəri” adlı irihəcmli məqaləsində Nuh Peyğəmbərin özünün duz mədənində ilk çalışanlardan biri olması, şəhər əhalisinə duz çıxarmağı öyrətməsi qeyd edilir. Tədqiqatlar göstərir ki, burada Eneolit dövründən başlayaraq duz mədənçiliyinin əsası qoyulub və bu amil Naxçıvanda 5 minillik şəhər mədəniyyətinin formalaşmasına güclü təsir göstərib. Duzdağda Naxçıvan xanlığı dövründə duz çıxarılması iltizam hüququ əsasında daha mütəşəkkil xarakter alıb. Belə ki, tədqiqatçı İ.Şopenin verdiyi məlumata görə, buradakı mədənlər XVIII əsrin ortalarında Naxçıvan xanları tərəfindən hər il 30, 40, 50, 100, 150 və 300 tümənə iltizama verilirdi. İltizamçılar bunun müqabilində həm də Naxçıvan xanlarını duzla pulsuz təmin etməyi öhdələrinə ­götürürdülər. Sonrakı dövrdə də duz çıxarılma ənənəsi yaxşı gəlirgətirən sahə kimi inkişaf edib.
Duzdağ yatağından sənaye üsulu ilə duzun çıxarılmasına isə ilk dəfə 1927-ci ildə başlanılıb... Sovet dönəmində bu sənaye müəssisəsində istehsal edilən daşduz ittifaq respublikalarına göndərilib. Təəssüf ki, 1988-ci ildən sonra sənaye müəssisəsinin fəaliyyəti tamamilə dayanıb, nəticədə, müəssisənin əmlakı dağıdılıb, təcrübəli mədənçilər işsiz qalıblar. Lakin ölkəmiz dövlət müstəqilliyi əldə etdikdən sonra bütün sahələrdə baş verən intibah prosesləri Naxçıvanın brendi hesab olunan duzun da əvvəlki şöhrətini özünə qaytarmasına imkan verib. Belə ki, ümummilli liderimiz Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonra yeraltı və yerüstü sərvətlərlə zəngin olan muxtar respublikamızın təbii resurslarından, eləcə də duz mədənlərindən səmərəli istifadə olunmağa başlanıb.


Duzdağ mədənlərinin arxeoloji cəhətdən tədqiqinə isə ötən əsrin 70-ci illərində yenidən başlanılıb. 1967-ci ildə uçqun zamanı və 1976-cı ildə Duzdağda qazma işləri aparılarkən qədim şaxta aşkar edilib. 2006-2011-ci illərdə AMEA Naxçıvan Bölməsinin əməkdaşları ilə fransız arxeoloji ekspedisiyası tərəfindən aparılan tədqiqat işləri nəticəsində buradan daş alətlərlə yanaşı, Eneolit, Erkən Tunc, Dəmir dövrlərinə və orta əsrlərə aid keramika məmulatları, daş çəkiclər tapılıb. Həmin tapıntılar Erkən Tunc dövründə duz çıxarılması işinin daha geniş şəkil aldığını göstərir.
Aparılan araşdırmalar belə deməyə əsas verir ki, əsrlərboyu insanların öz yaşayışlarını təmin etmək üçün Duzdağdakı mədənlərdən primitiv üsulla əldə etdiyi bu əvəzolunmaz sərvət məişətdə istifadə olunmaqla yanaşı, mübadilə vasitəsi kimi Böyük İpək Yolu ilə Şərq və Qərb ölkələrinə aparılıb. Bu mənada, duz yaxşı gəlir mənbəyi hesab olunmaqla, həm dədiyarımızın şan-şöhrətinin bütün dünyaya yayılmasına xidmət edib.

Dadlı-tamlı Naxçıvan duzu bu gün

Günün istənilən vaxtında mağazalardan çox cüzi qiymətə nəfis tərtibatlı paketlərdə aldığımız narın duzun, əslində, necə böyük zəhmət və alın təri hesabına şaxtadan çıxarılıb istehsal olunaraq satışa çıxarıldığını çoxumuz bilmirik. “Yüz dəfə eşitməkdənsə, bir dəfə görmək yaxşıdır”, – deyib ötən günlərdə bu təbii sərvətimizin sorağı ilə şəhərin qızmar istisindən bir qədər uzağa – haşiyəli dağların qoynuna üz tuturam. Turistlərin sevimli məkanı sayılan, möhtəşəm görünüşlü “Duzdağ” otelinin yanından ötür, bir zamanlar quru səhralıq olan, çoxlarının ilan oylağı kimi tanıdığı, indi isə alın təri və zəhmətlə yaşıllaşan əraziləri arxada qoyub Duzdağ Fizioterapiya Mərkəzinin qarşısına çatıram. Burada diqqətimi ilk çəkən ərazidə şəfa ocağı üçün ucaldılan yeni inzibati bina və yolları hamarlayaraq yeni asfalt örtük salan, üzərində günəş şüalarının bərq vurduğu texnikalarla yorulmaq bilmədən çalışan zəhmətkeş inşaatçılar olur. Müəyyən olunmuş ərazidən keçərək “Naxçıvan Duz İstehsalı” Məhdud Məsuliyyətli Cəmiyyətinə yetişirəm. Müəssisənin direktoru Anar Əsədullayev məni xoş təbəssümlə qarşılayaraq Naxçıvan duzunun el-aləmə yayılan səs-sorağından danışır, ölkəmizin digər bölgələrindən gələn rəğbət dolu sözləri ifadə edir. Onu da bildirir ki, ötən müddət ərzində duz mədənində tikinti-quraşdırma, yenidənqurma, təmir-bərpa, abadlıq işləri aparılıb, 2 duz emalı sexi müasir texnoloji avadanlıqlarla təmin edilib, müəssisə yenidən qurularaq istifadəyə verilib. 2005-ci ildə isə istehsal gücü gündə 7 və 20 ton olan 2 yeni duz emalı sahəsi tikilərək istehsala başlanıb. Burada bütün istehsal prosesi avtomatlaşdırılıb, paketləyici avadanlıq quraşdırılıb. 2010-cu ildə 3 ədəd rəqəmsal yodvuran, 2 ədəd tarixvuran və 1 ədəd duzpaketləyən avadanlıq alınıb gətirilib. Beləliklə, əl əməyi yüngülləşdirilib, yüksəkkeyfiyyətli məhsul istehsalı ilə yanaşı, bu məhsulun sifarişçilərin ünvanlarına vaxtında çatdırılması da təmin edilib. Duz istehsalı üçün yaradılanlar Naxçıvanın duz yataqlarının istismarı dövründə qurulan ilk müasir istehsal sahələri kimi tarixə düşüb.
Öyrənirəm ki, 1 nömrəli şaxtanın istismar müddəti 2017-ci ildə başa çatdığı üçün, həm də artan tələbat nəzərə alınaraq ötən ildən “Gəmiqaya” MMC-nin inşaatçıları tərəfindən yeni şaxtanın tikintisi aparılır. Əlamətdar hadisə ilə əlaqədar ötən il dekabrın 19-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov ərazidə görülən işlərlə yaxından tanış olub, tapşırıqlarını verərək deyib: “Yeni duz şaxtasının açılması muxtar respublikanın həyatında əlamətdar hadisədir. Çünki tarixən Naxçıvan duzuna böyük tələbat olmuş, dünyanın müxtəlif ­ölkələrinə göndərilmiş, tədavül vasitəsi kimi istifadə edilmişdir. Naxçıvan Xanlığı dövründə Duzdağda açıq üsulla duz çıxarılmışdır. Sənaye üsulu ilə duzun istehsalına XX əsrin əvvəllərində başlanılmışdır. Sovetlər Birliyi dövründə Duzdağda açılmış şaxtaların birinin istismar müddəti başa çatmış, digərində isə Duzdağ Fizioterapiya Mərkəzi yaradılmışdır. Tələbatın artması yeni duz şaxtasının açılmasını zərurətə çevirmişdir”.
15 milyon ton duz ehtiyatı olan şaxtanın artıq müəyyən olunmuş duz layına qədər çəkiləcək 390 metr uzunluğundakı tuneldə işlər yekunlaşmaq üzrədir.Yeni şaxta əvvəlkilərdən fərqli olaraq tam müasir standartlara uyğun inşa edilir, burada 3 metr eni, 73 metr hündürlüyü olan havalandırma sistemi qurulacaq ki, bu da içəridə yarana biləcək tozun bayıra sorulmasına, həmçinin duzun nəm çəkməməsinə imkan verəcək. Həmçinin tektonik hərəkətlər zamanı hər hansı xoşagəlməz halların qarşısını almaq məqsədilə 10 metr uzunluğunda qəlib quraşdırılacaq. Texniki təhlükəsizlik qaydalarına tam cavab verəcək yeni şaxtaya ağır texnikalar daxil olub istənilən qədər xammal daşıya biləcək ki, bu da həm vaxt itkisinin qarşısını alacaq, həm də mədən işçilərinin əməyini xeyli yüngülləşdirəcək.
Bundan başqa, şaxtadan, təxminən, 3 kilometrlik məsafədə duzun istehsal və satış həcmini artırmaq məqsədilə yeni müəssisə də qurulur. İnşaatçılar obyektin təməlatma işlərini həyata keçiriblər. Müasir avadanlıqlarla təmin ediləcək müəssisədə istehsal prosesi avtomatlaşdırılacaq və illik istehsal gücü 15 min ton olacaq. Layihəyə əsasən 4580 kvadratmetr ərazini əhatə edəcək zavodda daşduz yeri, hazır məhsul anbarı, qırıcı və ayırma bölməsi, 5 mərhələni əhatə edəcək istehsal sahəsi, eləcə də məhsulun yuyulması üçün hovuzlar, paketləmə materialı anbarı, işçilərin rahatlığını təmin edəcək yeməkxana və mətbəx fəaliyyət göstərəcək. Şaxtadan çıxarılan məhsul müəssisənin “Daşduz” adlanan hissəsinə yığılacaq, daha sonra qırıcı və ayırma zonasında müxtəlif ölçülərə bölünərək istehsal sahəsinə ötürüləcək. Yeni müəssisənin özəlliklərindən biri də burada duzun tam nəfis şəkildə yuyulması üçün hovuzların quraşdırılmasıdır ki, bu da hazır məhsulun keyfiyyətinə zəmanət verəcək.Yeni müəssisədə müasir üsullarla istehsal olunacaq Naxçıvan duzunun gələcəkdə ölkəni təmin etməklə yanaşı, xarici ölkələrə ixracı da nəzərdə ­tutulub.
Anar Əsədullayevin sözlərinə görə, yeni müəssisə istifadəyə verilənədək hələlik texnoloji avadanlıqlarla təmin edilmiş 4 duz emalı sahəsi fəaliyyət göstərir, istehsal edilən məhsul “Duzdağ” əmtəə nişanı ilə satışa çıxarılır. 60 nəfərin işlə təmin olunduğu müəssisədə xammalın çıxarılmasından satışa göndərilməsinədək bütün texnoloji proseslərə, istehsal edilən 18 çeşiddə duzun keyfiyyətinə və sanitar-gigiyenik qaydalara ciddi əməl olunur. Burada keyfiyyətə nəzarət mexanizmini həyata keçirmək üçün laboratoriya da fəaliyyət göstərir. Cari il 1 iyun tarixinə olan məlumata görə, 758,6 ton narın, 1591,1 ton daşduz istehsal edilib, 901 ton narın, 571,7 ton daşduz satılıb.
Müəssisənin ərazisində olduğum müddətdə ömrünü-gününü bu, ağır işə həsr edən zəhmətkeş insanlarla da ünsiyyət qururam. Onlardan yaşı 65-i haqlamış Knyaz Tağıyev 1986-cı ildən burada çalışır. Hazırda baş mühəndis vəzifəsini icra edir. Naxçıvanda duz istehsalının əvvəlki dövrü haqqında ürək yanğısı ilə danışır. Deyir ki, heç yadımdan çıxmaz, texnologiyanın olmadığı bir dönəmdə min bir əziyyət bahasına çıxardığımız məhsulumuzu maşınlara yığıb daşıyırdılar “qardaş” ölkələrə. Hələ bir il, daha dəqiq desəm, 1987-ci ildə o zamana görə rekord göstərici kimi 121 ton duz çıxarıb yola salmışdıq. O dövrdə duz çıxarmaq çox primitiv üsullara əsaslandığı üçün işləməkdən, necə deyərlər, əldən-ayaqdan düşürdük. İndi şükürlər olsun, dövlətimiz gözəl iş şəraiti yaradıb, çəkdiyimiz əziyyətin qarşılığını artıqlaması ilə alırıq.
Ömrünün 29 ilini ağır, məsuliyyətli peşəyə həsr edən Museyib Babayev deyir ki, mədənçi işinə həm fiziki güc, həm də möhkəm dözüm, iradəli xarakter gərəkdir. Bu amillər olmasa, burada çalışmaq sənə çətin, dözülməz gələr. Şaxtadan çıxarılan duz kollektiv əməyin məhsuludur. Əgər eyni vaxtda 15 nəfər şaxtaya giribsə, demək, orada hamı bir-birinə hər çətinlikdə kömək olmalı, ağır yükün altına çiynini verməlidir. Həmrəylik niyyəti ilə işə yanaşmayan, ancaq özünü düşünən insan əsl şaxtaçı ola bilməz. Bu iş həm mənəvi, həm də maddi cəhətdən burada çalışan hamı kimi mənim də ürəyimcədir. Çünki ailəmin yaxşı dolanışığını, övladlarımın güzəranını məhz qazandığım bu peşə sayəsində təmin edirəm. Yaxın gələcəkdə işimiz də xeyli asanlaşacaq, yeni şaxtanın istifadəyə verilməsini biz mədən işçiləri də böyük həvəslə gözləyirik. Burada da əzmlə çalışacaq, üzərimizə düşən vəzifənin öhdəsindən layiqincə gələcəyik. Yaradılan gözəl şəraitə görə bütün mədən yoldaşlarım adından dövlətimizə minnətdarlıq edirəm.
Muxtar respublikamızın təbii sərvəti olan duz üzərindən min illər keçməsinə, bir vaxtlar yad münasibət, etinasızlıq ucbatından sahibsiz, başlı-başına qalmasına rəğmən öz şöhrətini, qiymətini itirməyib. Bir zamanlar sərvəti çapılıb talanaraq ən çox payı özgələrinə çatan haşiyəli dağlarımızda indi müasir, standartlara uyğun şaxta tikilir və köhnə, miskin görünüşlü istehsal yerlərini ən yeni avadanlıqlarla təmin olunacaq müəssisə əvəz edəcək. Bununla da, Naxçıvan duzu qədimdə olduğu kimi, müasir dövrdə də Şərqdən-Qərbə, Avropa ölkələrinə yayılaraq diyarımızın şanına şan qatacaq. Fərq isə ondadır ki, duzumuz indi daha əvvəlki tək kustar üsulla deyil, müasir vasitələrlə keyfiyyətli şəkildə istehsal olunaraq üzərində Naxçıvan duzu əks olunan nəfis paketlərlə Avropa süfrələrinə çıxarılacaq. Gələcəkdə bu əlamətdar hadisə də“İxrac ili”nin ən böyük töhfələrindən biri kimi gözəl xatırlanacaq...

- Nail ƏSGƏROV
Məqalə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Kütləvi
İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun elan etdiyi yaradıcılıq müsabiqəsinə təqdim edilir.