Cəmiyyətin inkişaf imperativləri arasında, heç şübhəsiz, iqtisadi və sosial həyatda köklü dəyişikliklərə səbəb olan mütərəqqi innovasiyaların mühüm rolu vardır. Xüsusən iqtisadiyyatda, müxtəlif istehsal və xidmət sahələrində irəli sürülən sadə innovativ ideyaların genişlənərək mədəni tələbatların ödənilməsi vasitəsinə çevrilməsi, milyardlarla dollar gəlir gətirərək minlərlə yeni iş yeri yaratması belə layihələrə olan diqqəti də artırır. Əvvəlki biznes ideyalarından bəhrələnən, lakin məzmunca tama­milə yeni fikir və yanaşmanın məhsulu olan startap layihələri də, bu mənada, gələcəkdə innovativ ideyaları körükləyən, bu gün isə yaradıcı gəncliyin potensialını ortaya çıxaran uğurlu başlanğıc yoludur. 

Ancaq uğurlu biznesə gedən yolda atılan hər yeni addım, mütləq mənada, gələcəyin parlaq ulduzu ola bilmək deyil. Tarixi təcrübə göstərir ki, insan düşüncəsinin kiçik bir qığılcımı bəzən, son nəticədə, elə böyük və gur işıqla yolumuzu aydınladır ki, sonradan bu fikir sahibinin, yəni bir startapçının yeniyetmə bir gənc olduğuna inanmağın gəlmir. Bu mənada, müasir dövrün çağırışlarına cavab verib, gəncliyin sağlam və yaradıcı böyüməsinə xidmət edən belə layihələrin stimullaşdırıcı impulslarına heç bir şübhə yoxdur. Ona görə də ölkəmizdə və muxtar respublikamızda startapçı düşüncəsi ilə hansısa yeni bir yaradıcı ideya ortaya qoyan bugünkü gəncləri sabahın islahatçı innovatorları kimi ərsəyə gətirmək istər təhsil qurumlarının, istər hami təşkilatların və eləcə də bütün cəmiyyətin vəzifəsi olaraq qarşıya qoyulub. Çünki startapçı kimi bir araya gəlib, “beyin fırtınası” yolu ilə “başsındıran” bugünkü kövrək gənclərin sabahın qətiyyətli ekspertlərinə çevrilməsi üçün onlara özlərini sübut etməyə imkan verən geniş meydan yaradılması da cəmiyyətin digər bir sosial sifarişi kimi öz zərurətini göstərir. Çünki yalnız yenilənmə ilə öz inkişafına qovuşa bilən istənilən cəmiyyətdə köhnə, ətalətli sistem ünsürlərindən qurtulmağın tək yolu da belə islahatlardan keçir.

Zəmanəmizin çağırışları olduqca geniş və mürəkkəbdir. Qloballaşma dövründə inkişafa yeni yanaşma prizmasından baxdıqda görürük ki, yeniliklər özü qapımızadək gəlir. Həyatın hər bir sahəsində – yüksək texnologiyalı istehsalda, rabitə və telekommunikasiyada, təhsil və səhiyyədə, turizm və məişət xidmətində istifadə etdiyimiz yeniliklər bugünkü real həyatımızın bir parçasıdır. Cəmisi 10-15 il əvvəl xəyal edilən bu reallıq öz bərabərində həm də yüksək texnoloji biliklərə, rasional idarəetmə bacarıqlarına və məntiqi təfəkkürə malik olan yeni insan resursları yaratmağı tələb edir. Bu da gələcəkdəki hər hansı məsələdə “beyin idxalı”ndan azad olmağımıza imkan yaradan amillərdəndir.
Turizm innovasiyaların geniş tətbiq olunduğu və startapçı ideyaların daha çox yayıldığı unikal biznes sahələrindən biridir. Az qala trilyon yarım ABŞ dolları həcmində dünya turizm bazarı, bir milyard 200 milyondan artıq aktiv səyahətçi, yüzlərlə sayda turizm növü və səyahətçilərin ölkə mənşəyinə görə yaranan müxtəlifməzmunlu münasibətlər bu sahənin cazibədarlığını artırmaqla təşkilati və idarəetmə məsələlərini də rəngarəng edir.
Təcrübə göstərir ki, ilk baxışda sadə görünməsindən həvəslənib turizmdə biznesə, yaxud da akademik fəaliyyətə girişənlərin sonradan öz mövqeyini itirməsi və yaxud da, sadəcə, passiv şəkildə gününü saymasının da səbəbi məhz turizm sənayesinin özünəməxsusluğunu düzgün qiymətləndirə bilməməsidir. Bu baxımdan turizmin təşkili və idarə­edilməsi məsələlərinə yanaşmada plagiarizmdən uzaq, daha çox araşdırma ilə ehtiva olunan və sektorun rəqabət qabiliyyətinin artırılmasına yönəlmiş startap layihələri turizm bazarının canlanmasına imkan verir.
Turizmdə startap layihələri mahiyyətcə unikal olub, qaynaqlandığı biznes ideyasına görə də ciddi resurs mənbəyinə əsaslanır. Belə resurslar kimi regionun əhali ehtiyatları, müəssisələrin insan resursları, təbii, tarixi­-mədəni və antropoloji ehtiyatlar əsas götürülür. Bunlardan əlavə, yeni bir layihə üzərində işləyən gənc startapçılar turizmdə komfort standartlarının daimi olaraq yenilənməsi və turistlərin səyahət motivlərinin də rekreasiya və mənəvi zənginləşmək olduğunu yaxşı bilməlidirlər. Bundan əlavə, turizm ehtiyatlarının əvvəllər istifadə edilməmiş olması müasir turistlərdə onlara qarşı marağı da dəfələrlə artıran amillərdəndir. Odur ki, Naxçıvan Muxtar Respublikasının turizm-xidmət sektorunda tətbiq edilmək üçün yaradılan startap layihələrində ilk olaraq regiona məxsus unikal turizm ehtiyatlarının istifadəsi əsasında xidmətlərin diversifikasiyası və regionun potensial turizm bazarı müştərilərinin marağını cəlb edəcək yeni təkliflər nəzərdən keçirilə bilər. Bu zaman gənc startapçı müasir dünya turistlərini ən çox düşündürən təhlükəsizlik və xidmətlərə zəmanət qayğısını, əslində, yeni bir biznes fürsəti kimi dəyərləndirməyi də bacarmalıdır. Buna görə də Naxçıvanın ən rahat səyahət edilə bilən bir yer kimi tanıdılması turizm üzrə yeni layihənin əsaslandırılmasında baş maddə kimi göstərilməlidir.
Turistlərə göstərilən xidmətlər arasında özünün qeyri-standartlığı ilə seçilən asudə vaxtın təşkili, əyləncə, animasiya və eləcə də bələdçilik servisləri daha çox yaradıcı düşüncə tələb edir. Praktika göstərir ki, dünyanın əksər turizm destinasiyalarına səyahət etmiş təcrübəli turistlərdə təəssürat yaratmaq mexanizmi də məhz bu xidmət sahələrində verilən innovativyönümlü qərarlara çox həssasdır. Turizməyönəlik fəaliyyət göstərən startapçı sahibkar və ya fərdi mütəxəssis bütün bunları öz üzərinə götürməklə, əslində, daşıdığı sosial məsuliyyətin və qarşılıqlı biznes öhdəliklərinin də nə qədər dərin olduğunu bilməlidir. Əks halda, turizm kimi iqtisadi, sosial və mədəni maraqların kəsişdiyi həssas bir sahədə pay sahibi olmaq çətindir. Məsələn, Naxçıvana Avropa və ya Amerikadan gəlmiş turistlərə dünyadakı peşəkar servisləri təkrarlamaq yerinə diyarımızın özünəməxsus unikallığından qaynaqlanan, onlarda sırf Naxçıvan təəssüratı formalaşdıracaq turzərflər təklif oluna bilər.
Uca Yaradan diyarımıza nə qədər bənzərsiz sərvətlər, xalqımıza tolerantlıq və qonaqpərvərlik duyğuları bəxş edibsə, bir o qədər də turistlərin marağına səbəb ola biləcək yeni ideyalar gənc startapçıları gözləyir. Bu, onların imzası ilə olacaq.

 Əli CABBAROV