Hər dəfə Naxçıvanın dünənindən və bu günündən söhbət düşəndə, heç şübhəsiz, burada yaşayan insanların həyat səviyyəsinin dəyişilməsi və yüksək yaşayış standartlarının yaradılmasına gətirib çıxaran yolun izlərinə bir daha qayıdırıq. Bir anlıq keçmişə qayıdanda bu, aydın görünən həmin o izlərdir ki, onlar tarix kimi muxtar respublikanın paytaxtından tutmuş ən ucqar dağ və sərhəd kəndlərinədək bütün diyarımızı çıraqbana, yollarımızı gülzarlığa, kəndlərimizi şəhərlərə çevirən, yay-qış demədən davam etdirilən möhtəşəm quruculuğun  salnaməsini əks etdirir. Muxtar respublikamızın 200-dən artıq yaşayış məntəqəsi arasında sosial-mədəni həyat şəraiti ilə  seçilən kəndlərimizin böyük əksəriyyəti Naxçıvanda aparılan bu inkişaf və quruculuqdan bəhrələnib. 

Müasir Naxçıvanda şəhər mədəniyyətinin yaranması və çiçəklənməsi yaşadığımız diyarda uzaq keçmişdən bu günə qədər müxtəlif dövlətlərin yaranması və geosiyasi maraqların formalaşmasına mühüm təsir edib. Eləcə də Naxçıvanın muxtariyyət statusunu qazanması da yüz ilə yaxın bir müddətdə tarixi ədalətsizliyə məruz qalmış Azərbaycanın ərazi bütövlüyünün qorunması məqsədilə atılmış müdrik addımlardan olub. Daha sonrakı dövrdə Naxçıvanın inkişafı üçün qəbul olunmuş qərarlar və görülmüş bütün işlər məhz bu muxtariyyəti möhkəmləndirməyə öz töhfəsini verib. Burada əhali məskunlaşması və buna müsbət təsir edən amillərin güclənməsi diyarımızda iri yaşayış məntəqələrinin sayının sürətlə artmasına gətirib çıxarıb ki, bunlar arasında muxtar respublikanın şəhər və qəsəbələri ilə yanaşı, sözün əsl mənasında, şəhəri xatırladan iri kəndləri də vardır.

Nehrəm, Sədərək, Qarabağlar, Cəhri, Yaycı, Dəmirçi, Dəstə... Mübaliğəsiz demək olar ki, bu kənd­lərin adı təkcə Naxçıvanda deyil, ölkəmizdə də tanınır. Bu yeddi iri yaşayış məntəqəsi özlərinə xas məskunlaşma meyilləri ilə yanaşı, həm də yerləşdikləri mövqe, tarixi əhəmiyyəti, əhalisinin məşğulluğu, aparılmış quruculuq tədbirləri ilə yaradılmış sosial-mədəni şərait, habelə yetirmələri ilə tez-tez gündəmə gəlirlər. Muxtar respublikamızda şəhər və kənd arasında fərqin aradan qaldırılması istiqamətində aparılan işlər bu yaşayış məntəqələrinin timsalında qabarıq şəkildə nəzərə çarpır, onların şəhərləşmə perspektivlərini artırır. Şübhəsiz, bir çox insanın ürəyində olan şəhərdə yaşamaq arzusunun reallaşması üçün oraya köçmək əvəzinə şəhər müasirliyinin kəndə gətirilməsi muxtar respublikamızda bu günün reallığıdır.
Belə yaşayış məntəqələrindən biri də Nehrəmdir. Bu kənd, yuxarıda qeyd etdiyimiz kimi, təkcə Naxçıvanın deyil, ölkəmizin ən iri qəsəbə­tipli yaşayış məntəqələrindən biridir. Naxçıvan şəhəri ilə bu kəndin arası cəmisi 9 kilometrdir.
Nehrəmdən əlavə, Babək rayonunun digər bir kəndi olan Cəhri Naxçıvan şəhərindən 16 kilometr məsafədə Naxçıvançayın sahilindəki iri yaşayış məntəqəsi kimi diqqəti cəlb edir. Daha sonra Naxçıvan şəhərindən 40 kilometr məsafədə olan Kəngərli rayonunun Qarabağlar, 50 kilometr məsafədə Culfa rayonunun Yaycı, 65 kilometr məsafədə Şərur rayonunun Dəmirçi, bir o qədər məsafədə Ordubad rayonunun Dəstə və 80 kilometr məsafədə ölkəmizin ən qərb nöqtəsi Sədərək rayonunun Sədərək kəndini də qeyd edə bilərik. Bu rəqəmlərə istinadən onu demək olar ki, Naxçıvan Muxtar Respublikasında şəhərlərdən başqa qərbdən şərqə doğru müxtəlif iri yaşayış məntəqələri vardır ki, onlar öz tarixi əhəmiyyətini bu gün də qorumaqdadır. Bu kəndlərin sakinləri qədim yurd yerlərinə olan bağlılıqları ilə də yaxşı tanınırlar.
Cəmiyyətin ən qiymətli sərvəti insan resurslarıdır. İnsan resurslarının geniş olması həmin kəndlərimizdə infrastruktur, emal-istehsal və sosial-mədəni şəraiti də şərtləndirən amillərdəndir. Naxçıvanın adıçəkilən kənd­ləri arasında tarixi qədimliyi, milli adət-ənənələrə bağlılığı ilə Nehrəm və Qarabağlar kimi turizm potensialı olanları da vardır. Dövlət qayğısı ilə tamamilə yeni libasına qovuşmuş kəndlərimizdə müasir sosial-mədəni həyatın bütün şərtləri şəhər standartları səviyyəsindədir. Dünyanın və Avropanın qabaqcıl ölkələrində mövcud olan yol, enerji, rabitə, içməli su, kanalizasiya infrastrukturu bu kənd­lərimizin əhalisi üçün də əlçatan olub, bəzi göstəricilər, məsələn, asayiş, qayda-qanun, ictimai rifahlardan istifadə üzrə hətta onlardan üstündürlər. Odur ki, şəhərləşən kənd dedikdə, heç də əvvəlki görkəmini kosmetik olaraq dəyişən yaşayış məntəqəsi deyil, sözün əsl mənasında, yeni cəmiyyət quruculuğunda insan həyatının keyfiyyət dəyişikliklərini bütün atributları ilə özündə əks etdirən yurd yerlərimiz başa düşülür. Şəhər və rayon mərkəzlərimizdə olduğu kimi, bu kənd­lərimizdə də təhsil, səhiyyə, mədəniyyət, idman və turizm kimi mühüm sosial sferalarla yanaşı, istehsal-iqtisadi sahədə də qazanılan uğurlar yuxarıda göstərdiyimiz fikirləri bir daha təsdiq edir.
Nehrəm kəndi müasir dövrdə müxtəlif istiqamətlərdə sürətlə genişlənməkdə, hər il yeni-yeni fərdi evlər tikilməkdədir. Bu yaşayış məntəqəsində hələ 10 il əvvəl istifadəyə verilmiş kənd mərkəzi, ayrıca doğum şöbəsi olan sahə xəstəxanası, əczaxana, üç tam orta məktəb, bir musiqi məktəbi, mədəniyyət evi, kitabxana, geniş ticarət mərkəzi, 2 məişət evi, şadlıq sarayı, xatirə muzeyi, kənddaxili işıqlandırma və yeni asfalt örtüyü və rahat piyada yolları burada müasirliyin görüntüsü kimi göz oxşayır. Kənddəki sosial xidmət şəbəkəsini yeməkxana, ət satışı bazarı, geniş örtülü bazar kompleksi, 3 avtotəmir sexi, bütün məişət xidmətlərinin mərkəzləşdirilmiş halda təklif olunduğu məişət xidməti obyekti tamamlayır. Kənddə quraşdırılmış bankomat və POS-terminallar əhaliyə elektron ödəniş xidmətləri göstərir. Kəndin mərkəzindəki sənaye, ərzaq, təsərrüfat malları, avtoehtiyat hissələri mağazaları ilə yanaşı, kənar məhəllələrdə 5 ticarət obyekti də əhalinin istifadəsindədir.
Bu gün Nehrəm ölkəmizin digər yerlərində uğurlu biznes layihələri həyata keçirən çox sayda sahibkarları ilə də tanınır. Heç bir kredit dəstəyi almadan qurduğu işi addım­-addım böyüdərək yaxşı biznes sahibi olmuş sahibkarlar çoxdur bu kənddə. Burada xeyli sayda iri fermer təsərrüfatları və istehsal-emal müəssisələri vardır. Bu da muxtar respublikada əlverişli sahibkarlıq və biznes mühitinin formalaşdırılması istiqamətində həyata keçirilən uğurlu iqtisadi siyasətin bəhrələridir. Nehrəmdə fəaliyyət göstərən “Xala­oğlu” kəndli-fermer təsərrüfatı istehsal etdiyi məhsulların keyfiyyəti ilə seçilir. Nəinki muxtar respublikamızda, ölkəmizdə də bu məhsullara tələbat artmaqdadır. Müəssisədə gündəlik istehsal gücü saatda 5 min tara olan plastik tara istehsalı sahəsinin yaradılması ixrac imkanlarını da genişləndirib.

Sədərək kəndi də öz inkişaf səviyyəsi ilə seçilir. Bölgənin inkişaf edən yaşayış məntəqəsi kimi bu kəndin simasını da daha çox şəhər elementləri bəzəməkdədir. Sədərək Rayon Mərkəzi Xəstəxanası, iki tam orta məktəb, Sədərək Kənd Mərkəzi, “Sədərək” şadlıq evi və Sədərək Rayon Dövlət Yanğın Təhlükəsizliyi İdarəsinin inzibati binası ilə yanaşı, mədəniyyət evi, istirahət parkı, futbol və voleybol meydançaları bu kənddəki mühüm əhəmiyyətli sosial obyektlərdəndir. Buradakı geniş bazar kompleksi və iaşə obyektləri kənd əhalisinin şəhərə üz tutmadan bütün iqtisadi və mədəni tələbatlarını ödəməyə xidmət edir. Kənddəki xalçatoxuma və digər istehsalyönümlü müəssisələr Sədərəyin sosial-iqtisadi inkişafının göstəriciləridir.
Naxçıvanın müasir kəndlərindən biri kimi Cəhridə də şəhərə xas olan infrastruktur elementlərini görmək olar. Cəhridə bir çox istehsal və xidmət müəssisələri də vardır. Muxtar respublikamızın hər bir guşəsini ağuşuna almış qurucu­luqdan Cəhriyə də böyük pay ­düşüb. Buradakı müasir kənd və xidmət mərkəzləri, iki tam orta və musiqi məktəbləri, iki iaşə xidməti və bir məişət evi kəndə şəhər görüntüsü verib.
Qədim Naxçıvanın yurd yerləri arasında Şərur elinin şöhrəti çox uzaqlarda tanınır. Bir-birinə qol-qanad vermiş kimi sıx Şərur kənd­lərinin növrağını bəzəyən yeni həyat quruculuğu bu yerlərin sakinlərinin arzularının aynası kimi doğma Arazın köksündə bərq vurur. Əhalisinin sayına görə Şərurun ikinci ən böyük yaşayış məntəqəsi olan Dəmirçi kəndinin sakinləri geniş sahələrdə taxıl əkini, üzümçülük və meyvəçiliklə məşğuldurlar. Bununla yanaşı, bu kəndə şəhər görkəmi qazandıran, onun əhalisinin sosial-mədəni şəraitini yüksəldən istehsal və sosial infrastruktur obyektləri də vardır. Burada istifadəyə verilmiş kənd və xidmət mərkəzləri, orta məktəb binası, həkim ambulatoriyası və digər obyektlər Dəmirçinin simasına şəhər ovqatı bəxş edib. Naxçıvan-Sədərək avtomobil yoluna doğru genişlənən kənddə yeni villa­tipli yaşayış evləri kənd əhalisinin həyat səviyyəsinin yüksəlməsindən xəbər verir.
Qarabağlar deyəndə dövrümüzə qədər qalmış məşhur Qarabağlar türbəsi dərhal yada düşür. XVII əsrdə yaşamış türk səyyahı Övliya Çələbi Qarabağlarda o dövrdə 50 min nəfərin yaşadığını, 10 min evin, 70 məscid, 40 minarə, karvansara, hamam, bazar və sair kimi tipik orta əsr şəhər həyatının olduğunu qeyd edir. Sevindirici haldır ki, bu gün də Qarabağlar kəndi quruculuq meydanına çevrilərək yenidən şəhər olmağa doğru sürətlə böyüməkdədir. Belə ki, geniş əraziyə malik bu qədim yurd yerində hazırda 7 min 300 nəfərdən çox sakin yaşayır. Kənddən keçən müasir Qıvraq-Qarabağlar-Çalxan­­qala-Təzəkənd dairəvi avtomobil yolu ilə yanaşı, kənd və xidmət mərkəzləri, iki tam orta məktəb, müasir həkim ambulatoriyası, əczaxana və digər sosial obyektlər, eləcə də müxtəlif xidmət və ticarət obyektləri də əhalinin sosial-mədəni tələbatlarının ödənilməsində mühüm rol oynayır.
Yaycı kəndi Culfa rayonunun böyük yaşayış məntəqəsidir. Kəndin yerləşmə mövqeyi də olduqca əlverişlidir. Yaycıda müasir üslubda inşa olunmuş kənd mərkəzinin, iki tam orta məktəbin, həkim ambulatoriyasının, Culfa Rayon Aqrolizinq İdarəsinin binaları ona kənddən daha çox şəhər görkəmi verib. Müasir Yaycı kəndi özünün sosial həyatı, məşğulluğu, gənclərin idmana meyli, mənalı asudə vaxt keçirməsi ilə seçilir. Araz çayı boyunca geniş bir ərazidə yerləşən bu kəndin mikroavtobuslarla hər saatda bir dəfə rayon mərkəzi və Naxçıvan şəhəri ilə nəqliyyat əlaqələri vardır. Bu, əhali üçün rahat nəqliyyat imkanı deməkdir. Kənddəki mədəniyyət evinin, şadlıq sarayının kənd əhalisinin sosial-mədəni tələbatlarının ödənilməsində mühüm əhəmiyyəti vardır. Kənddə quraşdırılmış bankomat və POS-terminallar insanlara rayon mərkəzinə getmədən bu xidmətlərdən istifadə etmək imkanı verir.
Ordubadın Dəstə kəndinin torpaqları çox münbitdir. Bu torpaqlarda meyvə və tərəvəzlə yanaşı, digər kənd təsərrüfatı məhsulları yetişdirirlər. Bu qədim yaşayış məntəqəsi torpağa bağlılığın, zəhmətsevərliyin canlı nümunəsidir. Bu bağlılıq onların həyat tərzində, yaşayış səviyyəsində özünü göstərir. Kəndin, demək olar ki, hər evinin qapısında bir minik avtomobili var. Dəstədə hər il 15-20 yeni ev tikilir. Bu yaxınlarda həmin yaşayış məntəqəsində yeni obyektlərin istifadəyə verilməsi isə kənd sakinləri tərəfindən onlara göstərilən davamlı qayğı kimi minnətdarlıqla qarşılanıb. Kompleks tədbirlər çərçivəsində kənddə məktəb binası, kənd və xidmət mərkəzləri, həkim ambulatoriyası tikilərək, yollar yenidən qurularaq istifadəyə verilib. Bundan əlavə, Dəstədə tikinti materialları, mebel mağazaları, şadlıq sarayı, ticarət mərkəzi kimi digər sosial obyektlər və istehsal təyinatlı müəssisələr də fəaliyyət göstərir.

Ölkəmizin ən yeni tarixində yaradılmasının 95 illiyini təntənə ilə qeyd etdiyimiz Naxçıvan Muxtar Respublikasının intibahı ilə bağlı yazılmış səhifələr parlaq yer tutur. Bu, elə bir dövrdür ki, Naxçıvanın siması tamamilə dəyişdirilib, müasirləşib, abadlaşdırılan şəhər və kəndlər yeni rifaha qovuşub. Bu tarixi vərəqlədikcə keçilən yolun canlı şahidi oluruq. Naxçıvanın şəhərləşən kəndləri də bu yolda inamla irəliləməkdədir.

 Əli CABBAROV
Bu yazı “Muxtariyyətin quruculuq, inkişaf və sabitlik dövrü”
mövzusunda yaradıcılıq müsabiqəsinə təqdim etmək üçündür.