Milli dəyərlərimizi öyrənək və yaşadaq

Ümummilli liderimiz Heydər Əliyevin “Xalq gərək daim öz kökünü xatırlasın” müdrik kəlamının təntənəsini ən yüksək səviyyədə yaşayırıq düşmənimiz üzərində böyük tarixi zəfər qazanmaqla. Təbii ki, qələbəni şərtləndirən əsas amil xalq olaraq birliyimiz, bərabərliyimiz, Müzəffər Ali Baş Komandanın siyasi iradəsi, məğrur oğullarımızın əzmi, qətiyyətidir ki, bu üstün məziyyətlər də birmənalı şəkildə keçmişə dərin hörmətdən, milli kökə bağlılıqdan irəli gəlir.  Gəncliyin hərbi-vətənpərvərlik tərbiyəsini artırmaq, gənclərə ata-babalarımızın döyüş ənənələrini öyrətmək üçün dəyərli nümunələrdən sayılan, milli kimliyimizin açarı “Kitabi-Dədə Qorqud”, eləcə də qəhrəmanlıq salnaməmiz “Koroğlu” dastanlarını oxuduqca əcdadlarımızın necə mübariz ruhlu, torpaq təəssübkeşi, yurdsevər olduğunu görürük. Xalqımızın tarixən yadellilərə qarşı haqlı mübarizələr, müharibələr aparması, heç şübhəsiz, ölkəmizdə bütün sənətkarlıq sahələri ilə yanaşı, silahsazlığın da inkişafına təkan verib, el arasında işinin mahiri kimi tanınan silahsazlar torpaqlarımızın qorunması naminə öz töhfələrini əsirgəməyiblər...

 

Tarixə nəzər salanda görürük ki, XIV əsrdə Teymurilər dövlətinin banisi Əmir Teymurun şəxsi göstərişinə əsasən Azərbaycan xalqından xərac olaraq xəncər və ox ucluqları tələb edilirdi. Həmin dövrdə Naxçıvan, Şamaxı, Lahıc kimi yaşayış məntəqələrinin silah ustaları bütün dünyada məşhurlaşmışdı. Günümüzdə Şamaxı, Tiflis və Çərkəz silahsazlıq məktəbləri daha çox tanınsa da, ancaq az sayda insan məlumatlıdır ki, Çərkəz məktəbi yaranmamışdan əvvəl artıq Naxçıvanda silahsazlıq məktəbi mövcud olub. Görkəmli türk səyyahı Övliya Çələbinin yazılarından da görünür ki, hələ XVII əsrin ortalarında Naxçıvan inkşaf etmiş şəhərsalma infrastrukturuna malik idi. Onun yazılarından belə məlum olur ki, Naxçıvanda 1000-ə yaxın dükan mövcud imiş. Bunların arasında çoxsaylı müxtəlif peşə sahiblərinin, eləcə də silahsazların emalatxanaları çoxluq təşkil edirdi... “Əcayib-əd-dünya” adlı əlyazmasında Naxçıvan haqqında verilən ətraflı yazılardan da görünür ki, hələ Atabəylərin əzəmətli günlərində Eldəgizin ordusunun təchizatının böyük qismi Naxçıvan silahsazları tərəfindən təmin olunurdu. Qədim və orta əsrlərə aid qalalar, o cümlədən də əzəmətli görkəmi ilə muxtar respublikamıza səfər edən qonaqların böyük təəccübünə səbəb olan, Əmir Teymurun əlçatmaz röyasına çevrilən 14 illik şərəf, ləyaqət dastanı yazan Əlincəqala da məhz silahsazlığın tarixindən söz açan mənbələrdəndir...
Bu gün Naxçıvan şəhərində yaşayan, Naxçıvan Dövlət Texniki Kollecinin hərbi rəhbəri Araz Məmmədov da qədim el sənətimizin yaşadılması, tarixi inkişaf mərhələlərinin öyrənilərək gələcək nəsillərə çatdırılması üçün çalışır. Ömrünün çox hissəsini hərb sənətinə sərf edən Araz müəllim hələ orta məktəbdə təhsil aldığı dövrdən incəsənətə, qeyri-adi əl işlərinə maraq göstərib, fərqli nümunələrdən kolleksiya toplamağı hobbiyə çevirib. Məhz elə bu amil onu dədə-baba sənətimiz olan silahsazlığa yönəldib. Hazırda kolleksiyasında Səfəvilər dövrünə aid pul sikkəsi, 1853-cü ilin süngüsü, 1943-cü il istehsallı alman tüfənginin süngü bıçağı olan Araz müəllim deyir ki, tarixən Naxçıvan silahsazları özünəxas metalişləmə və silahqayırma texnologiyalarını mənimsəmişlər. Qədim diyarda formalaşan sənət sahəsi digərlərindən bir sıra üstün məziyyətləri ilə seçilir. Nümunə üçün qeyd edim ki, Naxçıvan silahsazları xəncərin qırılmaya qarşı dözümlüyünün artırılması üçün xəncər tiyəsinin hər iki tərəfini sərt poladlaşdıraraq orta hissəsinin daha yumşaq metal olaraq qalması və ya poladın qoyun quyruğunda (təbii piydə) ani soyudulması kimi bir çox yeniliklər etmişlər. Bu xəncərin digərlərindən fərqi uc hissəsinin daha mürəkkəb quruluşa malik altıkünclü olmasıdır ki, bu da döyüş zamanı düşmən qüvvələrinin qoruyucu vasitələrinin asanlıqla sıradan çıxarılmasına imkan verərək müharibənin taleyində üstünlüyün qazanılmasında böyük rol oynayıb. Təəssüf ki, 1828-ci ildə imzalanmış Türkmənçay müqaviləsinə əsasən Naxçıvanda silahsazlıq Rusiya imperatoru tərəfindən qətiyyətlə qadağan edilib, hətta gizli şəkildə silah istehsal edənlər tapılaraq ağır şəkildə cəzalandırılıblar. Nəticədə, Naxçıvanda silah ustaları öz sənətlərini buraxıb və ya Təbrizə, Zəncana mühacirət etməyə məcbur qalıblar. Elə bu səbəbdəndir ki, günümüzdə dünya ictimaiyyəti Naxçıvan silahsazlıq məktəbinin əl işlərini müəyyən etməkdə yalnışlığa yol verir. Bir sıra tanınmış muzeylərdə sərgilənən silahsazlıq nümunələrimiz başqa bir xalqın adına yazılır...
Araz müəllim qeyd edir ki, tarixi mübarizə simvolumuz sayılan xəncər haqqında danışdıqda ilk olaraq milli folklorumuza və adət-ənənələrimizə nəzər yetirmək lazımdır. Belə ki, milli rəqslərimizi incələdiyimizdə, oğlanların qılıncoynatma, qızların isə su səhəngləri ilə hərəkət səhnələri qarşımıza çıxır. Hər iki tərəf, öz növbəsində, bacarıq və qabiliyyətini ortaya qoyur. Oğlanlar cəngavərlikləri ilə öz ailə və yurdlarını necə mühafizə etməyə hazır, qızlar isə ailədə qadının üzərinə düşən ağır yükü daşımağa qadir olduqlarını göstərirlər. Günümüzdə bir çoxları “söz kəsmək” (göbəkkəsmə) ifadəsini işlədir, lakin az insan bu sözlərin həqiqi mənasını, mahiyyətini bilir. Belə ki, keçmişdə özünəməxsus bir ənənə mövcud idi. Oğlan və qız uşaqları hələ beşikdə ikən ataları öz aralarında sözləşərək, uşaqlarının böyüdükdə bir-biri ilə evlənəcəklərini vəd edərdilər. Bu zaman oğlan atası qız atasına xəncər verərdi. Toy günü qız öz cehizləri ilə birlikdə həmin xəncəri də gətirərdi. Beləliklə, bu adət-ənənədən də görünür ki, xəncər xalqımız üçün ən əhəmiyyətli silah növü olmaqla yanaşı, şərəf, ləyaqət və qeyrət rəmzi hesab edilirdi. Əcdadlarımız həmişə belə hesab edərdilər ki, əsl xəncər hazırlanarkən usta ona öz ruhunun bir parçasını vermiş və hər xəncərin öz ruhu olmuşdur. Xəncər həm kişilərdə, həm də qadınlarda olar, bu silah növü həm müdafiə, həm də məişətdə istifadə üçün nəzərdə tutulardı. Kişilər çox zaman xəncərlərini yastıqlarının altına qoyub yatardılar. Çöl şəraitində gecələyən zaman isə ümumiyyətlə, xəncəri çıxarmazdılar. Əcdadlarımız üçün döyüşdə məğlub edilmiş düşmənin xəncərini qənimət kimi götürmək şöhrət, hər hansı bir halda xəncəri oğurlamaq isə ən böyük şərəfsizlik hesab edilərdi. Xüsusi hallarda xəncərlər hədiyyə də olunardı. Xəncər ilk əvvəl oğlan uşaqlarına, daha sonra isə hörmətli şəxslərə, qız - gəlinə hədiyyə verilərdi. Hörmətli şəxslərə ehtiram əlaməti kimi xəncər hədiyyə edilməsinin dərin mənası var idi: “Sözün bu xəncər kimi kəsici olsun”.
Xəncərin hazırlanma qaydası haqqında məlumat verən Araz müəllim qeyd edir ki, bu soyuq silahı əldə etmək üçün əvvəlcə polad materialı odun peçində 1200-1300 dərəcə temperaturda qızdırılır, daha sonra zindan üzərində döyülür. Silahsazın əsl gücü, məharəti, dözümlüyü də məhz bu prosesdə ortaya çıxır. Metal parçası müəyyən formaya düşdükdən sonra üzərində xəncərin eskizi cızılır, yenidən qızdırılaraq balta ilə kəsilir. Hazır şəklini alan silahın kənarları qavara daşı ilə itilənir. Tiyəsi isə ya cəviz ağacından, ya da sümükdən hazırlanaraq dəmir, mis, latundan biri ilə xəncərə birləşdirilir. Qını da istəyə uyğun olaraq cəviz, ərik, heyva ağaclarından hazırlamaq olar. Ümumiyyətlə, incəsənətin, sənətkarlığın bütün sahələri kimi, silahsazlıq da böyük zəhmət, təmkin, eyni zamanda da dəqiqlik tələb edir. Yalnız bu xarakterik xüsusiyyətləri özündə cəmləşdirən insan əsl silahsaz ola bilər. Təqdirəlayiq haldır ki, dövlətimiz tərəfindən el, xalq sənətlərinin yaşadılması üçün müvafiq işlər həyata keçirilir, muxtar respublikamızda Ali Məclis Sədrinin “Naxçıvan Muxtar Respublikasında Xalq yaradıcılığı günlərinin keçirilməsi haqqında” 2009-cu il 7 fevral tarixli Sərəncamının icrası daim diqqətdə saxlanılır, tariximizi, milliliyimizi təbliğ edən festivallar təşkil olunur. Ancaq gənclərimizin bu sahədə fəallığı elə də nəzərəçarpan dərəcədə ürəkaçan deyil. Fürsətdən istifadə edib, gənc nəslə xitabən demək istəyirəm ki, gəlin milliliyimizi, soykökümüzü özündə yaşadan, mübarizliyimizin simvolu sayılan silahsazlıq sənətinin yox olmasına imkan verməyək, tariximizi yaşadaq ki, tarix də bizi yaşatsın...
Tarixi keçmişimizə, milli-mənəvi dəyərlərimizə hər zaman böyük hörmətlə yanaşan xalqımızın ümummilli lideri Heydər Əliyev deyirdi ki, keçmişini bilməyənin bu günü, sabahı və gələcəyi yoxdur!..
Bu gün böyük Zəfər simvolumuz sayılan, tarix dərsliklərinə əsl şücaətlik salnaməsi kimi düşən Şuşa döyüşü məhz mübariz ruhlu ulu babalarımızın bizə miras qoyub getdiyi silahsazlıq sənətinin müasir dövr təntənəsi idi. İgid oğullar süngü-bıçaqla əlbəyaxa döyüşə girməklə düşmənin qəddini qıraraq 14 il Əlincəqalanı milli qürurla, soyuq silahlarla qoruyan əcdadlarının layiqli davamçısı olduqlarını sübut etdilər. Bəli, biz öz şanlı keçmişimizi, tarixi ənənələrimizi, milli dəyərlərimizi daim dərindən öyrənməli və öyrətməliyik ki, bu günümüz kimi, sabahımız, gələcəyimiz də qürurla, fəxarətlə dolu olsun...

Nail ƏSGƏROV