Vaxtilə bərəkətli torpaqları, bol ruzili təknələri, barlı-bəhərli bağ-bağatları ilə köksünə sığal çəkən övladlarını əməksevərliyə, zəhmətkeşliyə səsləyən, zəngin, halal süfrəsinə dostunu mehman eyləyib, əzəmətli görkəmiylə düşmənindən öc alan, xalçaçılıq, atçılıq kimi tarixi-mədəni simvolları, mədəniyyət, incəsənət korifeyləri, görkəmli muğam ustadlarıyla öyünən, fəxr duyan Ağdamım. 1314-cü ildə tikilmiş Qutlu Musa oğlu günbəzi, Üzərliktəpə, XIV əsrə aid daş abidələri, XVII əsrə aid Xanoğlu türbəsi, Pənahəli xanın və nəslinin XVIII əsrə aid imarəti, Şahbulaq qalası və digər mеmarlıq nümunələri ilə qədim türk-oğuz yurdu olduğunu isbat edən, Birinci Qarabağ müharibəsində 43 gün yağılara sinə gərən, Vətən müharibəsində bir güllə atılmadan bir gündə azadlığına qovuşan Qarabağın məğrur qalası, cəsarətlilik, mərdlik rəmzim. Artıq bir ili tamam olur doğma övladlarına əbədi sarılmağının, azadlığa qovuşmağının, həsrət dolu gözlərin daim inam Günəşindən nur alsın, yolun daha rəvan, daha aydın, gələcəyin parlaq olsun...

 

Deyirlər, ağ gün adamı ağardır, qara gün isə qaraldır. Bəli, qədim yurdumuz Ağdam, bütün bölgələrimiz kimi səni də ötən əsrin 70-ci illərinin ağ günləri ağartdı, firavanlığa qovuşdun. Ulu öndər Hеydər Əliyеvin ölkəyə uğurlu rəhbərliyi, məqsədyönlü fəaliyyəti nəticəsində o illər tarixinə inkişaf və tərəqqi dövrü kimi düşdü, 70-80-ci illərdə iri aqrar-sənayе, təsərrüfat rayonuna, bölgənin iqtisadi mərkəzinə çevrildin. Ancaq halal süfrəmizdə əyləşdirib bar-bəhərindən komasına pay tutduğumuz nankor ermənilərin gözü götürmədi digər ata-baba torpaqlarımız kimi sənin də günü-gündən gözəlləşməyini. Mənfur xislətləri, məkrli planları ilə qənim kəsilməyə başladılar havasından udub, suyundan içdikləri müqəddəs torpağına, əyri əlləri ilə zəhər gətirdilər, haram qatdılar duz-çörək kəsdiyimiz halal süfrəmizə...
Qədim yurdumuz, bilirəm, ağrılı-acılı 1993-cü ilin qaynar 23 iyul günündən sonra qabar bağladı əl-ayağın, qor düşdü kimsəsiz köksünə, evlərin viran qaldı, yemək bişən ocaqlarının tüstüsü dumana, hənirtisi buza döndü, uşaqların “Qovala-qaç” oynadığı həyət-bacalarında şən-şaqraq səslərin yerini nalayiq kəlmələrlə dolu yad küylər tutdu, qoyun-quzu bəslənən tövlələrdə qurd-quş yuva saldı. Altı mindən çox övladın şəhidlik zirvəsinə yüksəldi, minlərlə insanın sağlamlığını itirdi, 126 min nəfərdən çox sakinin öz doğma еv-еşiyindən didərgin düşdü, bərbəzəkli xonçalarla bəzənən, toylu-nişanlı ağ damlarına matəm çökdü, qara rəngə boyandı işıqsaçan küçələrin, xarabazara çevrildi məktəblərin, xəstəxanaların, klubların, kitabxanaların. Azan səsi gəlməz oldu məscidlərindən, musiqi sədaları kəsildi mədəniyyət ocaqlarından, tikan, ot-alaf basdı barlı-bərəkətli torpaqlarını, yad ayaqların tapdağına çevrildi ata-babalarımızın uyuduqları məzarıstanlıqların. Şəhərində təbiət abidəsi kimi qorunan, yüzilliklərə meydan oxuyan, şərəf dolu tarixinə şahidlik edən 14, Boyəhmədli kəndinin ətrafında isə 71 Şərq çinarının o müdhiş, vahiməli gündən sonra daha əvvəlki əzəməti qalmadı, qəddi-qaməti əyildi, köksünü qəm-qüssə rüzgarı ürpələdi, yaz-yay aylarında şaqqur-şuqqur aşıb-daşan, tarlalarını bərəkət ətrinə bürüyən, bol sulu, nəğməkar Xaçın çayının zümzüməsi kəsildi, gecə-gündüz hicran hayqırtısı ilə çağladı Xaçın. Mişardaşı, Çobandağ əhəngdaşı, Boyəhmədli və Şorbulaq kimi gil yataqların gavurların əlində tar-mar olundu, çapıb-taladılar sərvətlərini. Yeganə təsəllin isə didərgin salınan övladlarının sonrakı taleyinin səninki qədər əzablı olmaması idi. Uzaqdan-uzağa şahidi oldun ki, yurdlarından məcbur köçən insanlar doğma el-obamız tərəfindən biganəliklə üzləşmədi, ölkəmizin hər yerində onlara isti münasibət göstərildi, bir qismi azad hissəndə, digərləri isə onlar üçün ayrılmış torpaq sahələrində tikilən, hərcür şəraitə malik yeni mənzillərdə yerləşdirildi. Sakinlərin üzləşdikləri problemlər öz həllini tapdı, sosial müdafiələrini gücləndirmək məqsədilə tədbirlər görüldü. Onlar hər cür şəraitlə təmin olunub firavan həyat yaşasalar da, daim arzuladılar öz ata-baba yurdlarının azadlığını, gecələr öyalarına qonaq gəldin, gündüzlər, xəyallarından getmədin, nağıla, dastana, laylaya döndün, dillərindən düşmədin heç bir an belə...
2016-cı ilin aprel və 2018-ci ilin may aylarında qüdrətli ordumuzun qazandığı zəfərlər, şübhəsiz ki, səni də fərəhləndirdi, qürurlandırdı. Tezliklə azadlığına qovuşacağına böyük inam, əminlik hissi yaratdı Müzəffər Ali Baş Komandanımız, vətənpərvərlik nümunəsi yaradan mübariz xalqımız, döyüşdə şücaət göstərən mərd oğullarımız. Və nəhayət, düşmənin ard-arda təxribatından zinhara gələn yenilməz ordumuz sənin, Qarabağımızın azadlığı naminə 2020-ci il sentyabrın 27-də başladı əks-hücum əməliyyatlarına. Qalib gəldik 44 gün çəkən haqq-ədalət müharibəmizdə, mübarizəmizdə, düşmənin belini sındırdı “Dəmir yumruq”, çin çıxdı, yerinə yetdi həsrətdən alovlanan qəlbimizdəki müqəddəs arzular, mübarək diləklər. Doğma torpaqlarımızın nicatına aparan bu 44 günlük yolda şəhidlər verdik, ağrı-acılar yaşadıq, ancaq əyilmədik, yıxılmadıq, məğrur dayandıq. “Təki Vətənimiz yaşasın, Qarabağımız mənfurlardan təmizlənsin” kimi mübariz kəlmələr dastan oldu dillərdə, üçrəngli bayrağımızla bəzəndi küçələrimiz, evlərimiz, eyvanlarımız, həyət-bacamız. Birliyimiz, bərabərliyimiz sayəsində illərin ədalətsiz hökmünə xitam verdik, şərəf, ləyaqət dastanı yazdı al qanları ilə oğullar. Mübariz əsgərlərimiz qısa zamanda darmadağın etdi düşmənin 30 il ərzində qurduğu istehkamları, müdafiə qurğularını, tar-mar olundu yalançı, saxta fobiyalar, qondarma miflər, əsassız iddialar. Azadlığına qovuşdu qədim, ulu torpaqlarımız. Ali Baş Komandanımızın zəfər dolu müjdəli xəbərləri ilə açıldı hər sabahımız. Tariximizə qızıl hərflərlə yazıldı noyabrın 8-ci, 10-cu günləri. İmzalanan üçtərəfli Bəyanatla sən də əbədi olaraq ötən ilin bu günü qovuşdun doğma anan Azərbaycana...
Ana yurdumuz Ağdam, yəqin, xatirindən çıxmaz, illər öncə ümummilli lider Heydər Əliyevin şəninə söylədiyi “Mən arzu edirəm ki, Ağdam gündən-günə çiçəklənsin. Həm şəhər, həm də kəndlər dastanlarda, şeirlərdə olduğu kimi, Azərbaycanın gözəl bağ-bağatlı guşəsi olsun. Qarabağsız, Ağdamsız Azərbaycan yaşaya bilməz!” fikirləri. Dahi şəxsiyyətin bu dəyərli sözləri sənin kimi bizim də pak arzumuz, ülvi niyyətimiz, inam qayəmiz, ümid işığımız oldu bu illər ərzində. Siyasi iradəsi, uzaqgörənliyi, qətiyyəti ilə ulu öndərin müqəddəs arzusunu reallığa çevirdi, ata vəsiyyətini yerinə yetirdi Ali Baş Komandan cənab İlham Əliyev. Cari il mayın 28-də şəhərin bərpasının təməl daşının qoyulması mərasimində ictimaiyyətin nümayəndələri ilə görüşündə söylədiyi “...İşğal dövründə Ağdam şəhərinin dağıntılarını, o şəhərin bir hissəsini mən təmas xəttində dəfələrlə olarkən binokl ilə görürdüm. Hər dəfə, bax, təmas xəttində olarkən və bu dağıntıları uzaqdan seyr edərkən öz-özümə deyirdim ki, biz mütləq qayıdacağıq. Nəyin bahasına olursa-olsun qayıdacağıq. Tarixi ədaləti bərpa edəcəyik. Düşməni torpağımızdan qovacağıq və buna nail olduq...” sözlərdən sən də bizim kimi qürur duydun, fəxarət hissi keçirdin əlbət. Bəli, Birinci Qarabağ müharibəsində 43 günə uğrunda yüzlərlə can qurban versək də, 44 günlük Vətən müharibəsində Ali Baş Komandanın sayəsində bir güllə atmadan, bir şəhid vermədən noyabrın 20-də qovuşduq sənə...
Daha ağrılı, kədərli anların, qəm-qüssəli qara günlərin arxada qaldı ey Günəş şüaları ilə nurlanmış işıqlı, ağ evimiz, Ağdam! Çox sevincliyik, qürurluyuq ki, ta əvvəlkitək əsirliyindən, gavurlar əlində qalan naəlac əhvalından, həsrətli baxışlarından yazmır qələmimiz. Artıq gələcək firavan günlərin, xoşbəxt sabahların naminə atılan inamlı addımlardan söhbət açır sözlər, anbaan gözəlləşən siman tezliklə xitablarını daha nüfuzedici, daha cəlbedici, daha göz­oxşayan, fərəh dolu edəcək, şübhəsiz. Gün o gün olsun ki, iqtisadi, sosial, mədəni həyatının inkişafından, tərəqqisindən, milli-mənəvi dəyərlərinin daha yüksək səviyyədə yaşadılmasından, təbliğindən, insanlarının qoynunda gülüstan yaratmasından, qonaqlarının köksündə mənəvi rahatlıq tapmasından, səninlə bağlı çin olan arzulardan, diləklərdən yazaq, vəsf eyləyək doyumsuz gözəlliklərini. Azadlığın daimi, əbədi olsun, əziz Ağdamım...

Nail ƏSGƏROV