“İnsanların bir-birindən zahirdə heç bir təvafütü yoxdur. Amma qüdrət və qüvvətdə, hörmət və izzətdə fərqi çoxdur. Pəs insanın qədr və qiyməti, izzət və şərafəti, əlbəttə, elmlə bilinir”. Görkəmli pedaqoq Məhəmməd Tağı Sidqinin Ali Məclis Sədrinin Sərəncamı ilə təsdiq edilmiş “Oxunması zəruri olan kitabların Siyahısı”na daxil edilən “Məktəb hekayələri”ndə yer alan bu qısa fəlsəfi fikirlər həyatımızın ayrılmaz parçası olan elmin dəyərini, önəmini aşılamaqla onun insanoğlunu kamilliyə, müdrikliyə aparan, hörmət-izzətə yüksəldən yeganə silahdaş olduğunu təlqin edir. 

Bəli, istənilən sahədə qazanılan uğurların təməlində mütləq şəkildə elm, bilik dayanır. Elmlərə yiyələnməkdə, ilk növbədə, əsas köməkçi ünvanımız isə hələ özümüzü tam dərindən dərk etmədiyimiz dövrdə üz tutduğumuz orta məktəbdir ki, səxavətli bilik qapılarını üzümüzə açaraq ümumbəşəri, milli-mənəvi dəyərlərlə zəngin elmlər aşılayıb doğru yol göstərməklə həyat yollarının keşməkeşlərinə, sınaqlarına hazırlayır bizi. Muxtar respublikamızın sayılıb-seçilən təhsil müəssisələrindən olan, görkəmli pedaqoq Məhəmməd Tağı Sidqinin adını daşıyan Ordubad şəhər 1 nömrəli tam orta məktəb də adına layiq nümunəvi tədrisi ilə buraya üz tutan şagirdlərin şüuruna, düşüncəsinə elm, bilik toxumu səpməklə onları sabahın bilikli, hazırcavab, dünyagörüşlü, intellektual, Vətəninə ləyaqətlə xidmət edəcək gəncləri kimi formalaşdırır...

Bu yaxınlarda müasir memarlıq elementləri ilə zəngin, gözoxşayan yaraşıqlı bina ilə təmin olunan adıçəkilən təhsil ocağına üz tutanda ilk xoş təəssürat hər cür avadanlıqlarla təchiz olunmuş, qaynar tədris prosesinin hökm sürdüyü sinif otaqlarında pedaqoji kollektivin və şagirdlərin çöhrələrindəki təbəssümdən yaranır. Təhsil ocağının direktoru, ömrünün 30 ilə yaxın bir dövrünü müəllimlik kimi məsuliyyətli peşəyə həsr edən Könül İsmayılova cari il aprelin 9-da məktəbin yeni binasının açılış mərasimində pedaqoji kollektivlə görüşündə Ali Məclis Sədrinin dediyi “Məktəb əvvəllər şəraitsiz vəziyyətdə idi. Bu da tədrisin müasir tələblər səviyyəsində təşkilinə maneəçilik yaradırdı. Lakin buna baxmayaraq, müəllimlərin tələbkarlığı, nizam-intizam və şagirdlərin çalışqanlığı son 5 ildə məktəbin qəbul göstəricilərində 81 faiz nailiyyətin əldə olunmasına imkan vermişdir” dəyərli fikirlərini xatırladaraq müəssisənin qürurlu tarixinə, eləcə də çətin, məşəqqətli dövrünə nəzər salır: Görkəmli pedaqoq Məhəmməd Tağı Sidqinin 1892-ci ildə Ordubadda “Əxtər” adı ilə təsis etdiyi bu təhsil ocağı 1896-cı ildə rus-Azərbaycan məktəbinə çevrilib, Azərbaycanın ilk diplomatlarından İbrahim Əbilov, yazıçı M.S.Ordubadi ibtidai təhsillərini məhz burada alıblar. Sonralar adı, ünvanı bir neçə dəfə dəyişilən, bu günədək Azərbaycan elminə bir sıra tanınmış dilçi, bioloq, kimyaçı, tarixçi-alimlər bəxş edən Ordubad şəhərindəki 1 nömrəli tam orta məktəb şanlı tarix yazmaqla yanaşı, həm də keşməkeşli illərə, dövrün acı həqiqətlərinə sinə gərib. Belə ki, müəssisə uzun müddət sovet dönəmindən qalma, tədris şəraiti bərbad olan köhnə, yararsız binada fəaliyyət göstərib. Tozlu-torpaqlı, yarımqaranlıq siniflər, qırıq, üzəri cızma-qara partalar, sınıq-sökük pəncərələrdən külək vurduqca cingildəyən şüşələr, yağış yağdıqca daman tavan, tüstüləyən, göz çıxaran sobalar köhnə bina barədə hələ az bir təsəvvürdür. Qış aylarında soyuqdan müəllim və şagirdlər siniflərdə qalın geyimdə oturur, həm havanın, həm də şəraitin dözülməz vəziyyəti dərslərin təşkilində böyük çətinliklər yaradırdı. Məktəbimizin dünənini düşünəndə ürək yanğısı ilə ingilis filosofu Frensis Bekonun gözəl bir fikri də yadıma düşür: “Kitablar – zamanın dalğaları ilə səyahət edən və nəsildən-nəslə öz qiymətli yükünü ehtiyatla aparan fikir gəmiləridir”. Bəli, kitablar bizim mənəvi qidamızdır, mütaliəsiz insan isə ruhsuz bədən kimidir. Məktəbimizin acınacaqlı vaxtlarında o qiymətli yükü itirmək təhlükəsi ilə üz-üzə qalanda daim görkəmli filosofun bu dərin məzmunlu fəlsəfi fikirlərini xatırlayaraq əlimizdən gələni etmişik ki, tüstü, his, yağış mənəviyyat xəzinəsi ilə zəngin olan kitabxanamıza xətər toxundurmasın. Təqdirəlayiq haldır ki, bütün sınaqlardan üzüağ çıxdıq və əsas odur ki, öz məsuliyyətimizi itirmədik, daim nümunəvi olmağı, sayılıb-seçilən təhsil ocaqları arasında yerimizi qorumağı, öncüllüyümüzü saxlamağı bacardıq. Təkcə bir faktı qeyd etmək yetər ki, pedaqoji kollektivin yorulmaz fəaliyyətinin, əzmkarlığının hədər getmədiyi aydın olsun. Belə ki, son 5 ildə təhsil ocağını 114 şagird bitirib ki, onların 94-ü ali məktəblərə qəbul olub, 17-si 500-700 intervalında bal toplayıb. Ötən tədris ilində isə məktəbin 20 məzunundan 18-i ali məktəblərə qəbul imtahanında uğurla iştirak edərək tələbə adını qazanıb. Cari tədris ilində də gözləntilərimiz böyükdür...

Könül İsmayılova qeyd edir ki, əvvəllər siniflərin bir neçəsində elektron lövhə olsa da, internetə çıxış imkanlarının zəifliyi, elektrik xətlərinin nasazlığı dərs prosesində ləngimələrə yol açırdı lakin dövlətimizin qayğısı sayəsində artıq bütün bu çətinliklər arxada qalıb, şagirdlər hər gün müasir tədris vasitələrindən istifadə etməklə biliklərini daha da zənginləşdirir, kompüterlə dünyanın istənilən nöqtəsi barədə məlumatlar öyrənir, laboratoriyalarda praktik vərdişlərə yiyələnirlər. Təbii ki, məktəbimizin zirzəmi ilə birlikdə 3 mərtəbədən ibarət olan 612 şagird yerlik yeni binasında bütün bu və digər sadalamadığım üstünlükləri yaratmaqda dövlətin bir məqsədi var: savadlı, dünyagörüşlü gənclər formalaşıb Vətənimizin, dövlətimizin xoşbəxt gələcəyini, firavan sabahlarını təmin etsin. Məhz 2-nin “Azərbaycan Respublikasının Əməkdar müəllimi” fəxri adına, 2-nin isə “Tərəqqi” medalına layiq görüldüyü 41 müəllimin də qarşısında duran əsas vəzifə dövlətimizin bu ali məqsədinin reallaşmasına çalışmaqdır və əminik ki, növbəti tədris illərində bizə göstərilən yüksək etimadı layiqincə doğrulda biləcəyik.
Ordubad şəhər 1 nömrəli tam orta məktəbin yeni binası ilə tanışlıq zamanı onu da öyrənirəm ki, burada 2 kompüter, 1 elektron lövhə, 3D printer, robotların hazırlanması üçün müxtəlif elektron hissə və alətlər, mikrobit, arduino setləri və digər qurğularla təchiz edilmiş, müasirdüşüncəli hər bir məktəblinin arzusunda olduğu STEAM kabinəsi də yaradılıb. Kabinədə dərsləri tədris edən, muxtar respublika Təhsil Nazirliyinin təşkil etdiyi təlimdən müvəffəqiyyətlə keçib sertifikat alan Natəvan Fərzəliyeva deyir ki, özündə elm, texnologiya, mühəndislik, riyaziyyat və incəsənət sahələrini birləşdirən sözügedən müasir metodun hədəfi şagirdlərdə mütəşəkkil düşüncəni inkişaf etdirmək və əldə olunan biliklərin layihə təlimi ilə səmərəli tətbiqinə nail olmaqdır. Sadə dillə desək, bu yeni üsul əvvəllər tədris olunan əmək təlimi dərslərinin müasir, daha da təkmilləşdirilmiş formasıdır. Kabinədə şagirdlər 3D modelləşdirmə, mikrobit, arduino ilə işləmə biliklərinə, kommunikasiya, komandada çalışmaq, kritik və yaradıcı düşüncəni tətbiq etmək kimi XXI əsr bacarıqlarına yiyələnirlər ki, bu da gələcəkdə yüksək təfəkkürlü, yenilikçi gənclərin yetişməsi ilə yanaşı, muxtar respublikamızda iqtisadiyyat, təhsil, mədəniyyət və digər sahələrə innovativ üsulların, yeni istehsalat metodlarının sirayətinə yol açacaq.

Ötən il müzəffər Ordumuzun 44 gün ərzində düşmən üzərində qazandığı Böyük Zəfər illərdir, orta məktəblərdə keçilən Gənclərin çağırışaqərdərki hazırlığı fənninin önəmini, əhəmiyyətini tam mənada ortaya çıxardı. Təsadüfi deyil ki, Ali Məclisin Sədri Ordubad şəhərindəki 1 nömrəli tam orta məktəbin yeni binasının açılış mərasimində hərbi hazırlıq kabinəsinə baxış zamanı gənclərlə hərbi-vətənpərvərlik işinin düzgün təşkilinin əhəmiyyətini vurğulayaraq hərbi hazırlıq fənninin tədrisinin yüksək səviyyədə aparılması barədə tapşırıq verdi. Həmin tapşırıq və tövsiyələrə uyğun fəaliyyətin qurulduğunu bildirən məktəbin hərbi rəhbəri Hüseyn Hacıyev deyir ki, bu fənn şagirdlərin hərbi biliklərlə ilkin tanışlığı, ordumuz haqqında, qazanılan qələbələr, döyüşlərlə bağlı müfəssəl məlumatların, hərbi nizamnamə qaydalarının mənimsədilməsinə, habelə ilkin tibbi yardım, mülki müdafiə bacarıqlarının aşılanmasına xidmət edir. Orduda qulluq edən zabitlərin vaxtaşırı məktəbə gəlib gənclərlə görüşməsi də, şübhəsiz, tədrisə əsaslı təsir göstərərək müsbət nəticələr verir. Həmçinin ildə bir neçə dəfə təhsil müəssisələrinin hərbi rəhbərləri üçün hərbi hissələrdə təlim təşkil edilir. Həmin təlimlərdə iştirak edən müəllimlər hərbin yenilikləri ilə tanış olur, müasir texnikaların sirlərini öyrənirlər. Hazırda tədris olunan dərsliklərdə müasir silahlar, raketlər, Azərbaycan Ordusunun arsenalına daxil olunan silah və texnikalar barədə məlumatlar geniş şəkildə yer alıb. Onu da xüsusilə qeyd etmək lazımdır ki, ötən il Vətən müharibəsində qazanılan Böyük Qələbə də məktəblilərə böyük ruh yüksəkliyi bəxş etməklə onların vətənpərvər ruhda tərbiyəsinə əhəmiyyətli təsir göstərib. Ümumilikdə, məktəbdə olan əyani vəsaitlər, yaradılan şərait şagirdlərin hərbi xidmətə ilkin hazır­lığı üçün zəngin bazadır və çalışacağıq ki, bu dərslərin təşkili öz effektivliyini daha da artırsın.
Təhsil ocağı ilə tanışlıq zamanı o da məlum olur ki, Ali Məclis Sədrinin 2020-ci il 14 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş “2020-2025-ci illər üçün Naxçıvan Muxtar Respublikasında idmanın inkişafına dair Dövlət Proqramı”na uyğun olaraq məktəbdə ağır atletika idman klubu yaradılıb. Klubun fəaliyyəti üçün 1 velosiped, 1 xizək, 3 universal güc, 3 ağırlıqqaldırma trenajorları, 3 dəst 30 kiloqramlıq ağırlıqqaldırma aləti, 15 kiloqramlıq 8 rezin qantel alınıb ki, bu da şagirdlərdə ağır atletikaya böyük maraq yaratmaqla yanaşı, muxtar respublikada idmanın bu növünün inkişafına təkan verir. Bu günlərdə Naxçıvan Muxtar Respublikası Atletika Federasiyası tərəfindən məşqçilər və idmançılar üçün ustad dərsləri də təşkil olunub. Təqdirəlayiq haldır ki, ötən illər ərzində məktəbin şagirdləri basketbol, voleybol, futbol və yüngül atletika üzrə muxtar respublika, ölkə və beynəlxalq səviyyəli yarışlarda öz güclərini sınayaraq uğurlu nəticələr qazanıblar. Məktəbin yeni binasında bütün idman növlərinə uyğun əlverişli şərait qurulub, müasir dövrün tələbləri, uşaqların marağı nəzərə alınaraq iki şahmat sinfi də yaradılıb ki, burada dərslər nəzəri biliklərlə praktik vərdişlərin qarşılıqlı surətdə inkişafına əsasən keçilir. Təhsil müəssisəsinin 8-ci sinfində oxuyan Hüseyn Seyid yaş qrupuna uyğun bu zəka idman növü üzrə 2015-ci ildə Azərbaycan 2-si, 2016-cı ildə isə 3-sü olub. 2017-ci ildə ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 94 illiyi ilə əlaqədar Naxçıvanda keçirilən Beynəlxalq Şahmat Festivalında “C” qrupunun qalibi olan Hüseyn deyir ki, yeni binadakı müasir şərait, xüsusilə də hər cür avadanlıqlarla təchiz olunan şahmat sinifləri zəka idman növünü sevən hər bir şagirdi hədsiz sevindirib, məktəb yoldaşları adından yaradılan imkanlara görə dövlətimizə minnətdarlıq edir və öz nümunəvi təhsilləri ilə göstərilən qayğıya layiq olacaqlarına söz verir...
“Məktəb bizim elm və maarifimizin vasitəsi, dünya və axirətimizin səadətinin səbəbidir”, – deyən görkəm­li maarifpərvər Məhəmməd Tağı Sidqinin ümumbəşəri idealları əsasını qoyduğu, müasir görkəminə qovuşan məktəbdə dövrün çağırışlarına uyğun yaşadılır və inkişaf etdirilir. Təhsil ocağında oxuyan 351 şagirddən 60-nın adının şərəf lövhəsində olması, hər tədris ilinin sonunda keçirilən qəbul imtahanlarında, eləcə də il ərzində təşkil edilən respublika fənn olimpiadalarında, müsabiqələrdə, sərgilərdə, intellektual yarışlarda qazanılan uğurlar isə kollektivin həm dövlətimizin göstərdiyi diqqət və qayğıya, həm də görkəmli pedaqoqun əziz xatirəsinə layiqli hesabatıdır. Yeni binada yeni nailiyyətlərin əldə olunması diləyi ilə...

 Nail ƏSGƏROV