Əzəmətli dağların qoynuna sığınan, qonaqlı-qaralı Batabat yaylağı, Ağbulaq turizm istirahət bölgəsi ilə və bir də Məmməd Araz yurdu kimi hər kəs tərəfindən tanınan Şahbuz, həm də uzun illərdən bəri diyarımızda həyata keçirilən sosial-iqtisadi inkişafdan bəhrələnən bölgələrimizdəndir. Muxtar respublikamızda aparılan quruculuq işləri, əsasən, ucqarlardan başladığından bu rayon da uzun bir yeniləşmə dövrünə qədəm qoyub. Bu yenilik Şahbuzun möcüzəli təbiəti ilə ecazkar harmoniya yaratmaqla ucqar dağ rayonunun axarlı-baxarlı, qonaqlı-qaralı bir məkana çevrilməsi ilə nəticələnib. İndi rayona gələnlər buranın gözəllikləri qarşısında heyranlıqlarını ifadə edir, Şahbuzdan xoş təəssüratla ayrılırlar. Bu təəssüratlar Şahbuzun badamı və “Badamlı”sı ilə daha çox bağlı olur. Min illərdir, rayonun Badamlı qəsəbəsində və Badamlı kəndində badamçılığın inkişaf etdirilməsi və ərazidən çıxan eyniadlı mineral su Şahbuzun adını dillər əzbəri edib. 

“Badamlı” suyunun istehsal tarixinə qısa ekskursiya etdikdə aydın olur ki, 1945-1947-ci illərdə geologiya-mineralogiya elmləri doktoru Əziz Əsgərovun rəhbərliyi altında ərazidə elmi-tədqiqat işləri aparılaraq burada mineral su yatağı olduğu aşkarlanıb, müxtəlif kimyəvi tərkibli mineral sular sırasında 5 nömrəli bulaqdan istifadə edilməsi məqsədəuyğun hesab olunub. Uzun illər, “Badamlı”nın şan-şöhrəti el-obanı dolaşsa da, ötən əsrin 90-cı illərinin acı nəticələri suyun istehsalında durğunluğun yaranmasına yol açdı. Lakin müstəqillik illərində muxtar respublikamız blokada şəraitində yaşamasına baxmayaraq, uzun fasilədən sonra “Badamlı” suyunun da əvvəlki şöhrətini özünə qaytardı. 2004-cü ildə “Gəmiqaya Mineral Sular” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən özəlləşdirilən müəssisə bazar iqtisadiyyatının tələblərinə uyğun olaraq yenidən fəaliyyətə başladı. 2009-cu il avqustun 3-də isə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı ilə Naxçıvan şəhərində 2,1 hektar ərazini əhatə edən, binanın ümumi sahəsi 9 min 590, istehsal sahəsi isə 3 min 600 kvadratmetr olan “Badamlı” Mineral Sular Zavodu istifadəyə verildi. 

Mineral suya tələbatın artması Şahbuz rayonunun Badamlı qəsəbəsində yeni müəssisənin qurulmasını zərurətə çevirdi və muxtar respublika rəhbərinin göstərişi ilə ümumi sahəsi 10 min 590 kvadratmetr olan yeni zavod inşa edildi. Zavod xammal anbarı, istehsal sahəsi və hazır məhsul anbarından ibarətdir. Burada tikinti işləri başa çatdırılıb, Fransa istehsalı olan avadanlıqlar alınıb gətirilib. Müəssisədə qazlı və qazsız olmaqla, müxtəlifölçülü qablaşdırmada “Badamlı” suyu istehsal ediləcək. İstehsal prosesi tam avtomatlaşdırılmış şəraitdə və standartların tələblərinə uyğun həyata keçiriləcək. Həmçinin zavodda müasir avadanlıqlarla təmin edilmiş laboratoriyalar istifadəyə veriləcək, istehsal olunmuş məhsulların keyfiyyətinə tam nəzarət ediləcək. İkimərtəbəli inzibati binada işçilərin rahatlığı nəzərə alınaraq iş və texniki otaqlar istifadəyə veriləcək. Ötən dövrdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun “Badamlı” Mineral Sular Zavodunun inşası ilə maraqlanaraq burada istehsal sahəsində avadanlıqların quraşdırılması, zavodun ərazisində, eləcə də Badamlı qəsəbəsində abadlıq işlərinin aparılması barədə verdiyi tapşırıqlar yüksək səviyyədə yerinə yetirilib.
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunun digər mineral sulardan şəffaflığı və qoxusuz olması ilə fərqləndirdiyi “Badamlı” mineral suyunun şöhrəti bu gün dünyanın hər yerinə yayılıb. İxrac olunduğu ölkələr sırasında Rusiya Federasiyası, Qazaxıstan, İraq, Çin, Birləşmiş Ərəb Əmirlikləri və digərlərinin yer aldığı mineral süfrə suyu beynəlxalq sərgilərdə böyük maraqla qarşılanır. Cari ildə Rusiya Federasiyasında keçirilən “ProdExpo – 2020”, Birləşmiş Ərəb Əmirliklərində keçirilən “Gulfood – 2020” sərgilərində nümayiş edilən muxtar respublikamızın bu brend məhsuluna maraq çox böyük olub.
...Rayon sakinlərinin dediyinə görə, təxminən, 25-30 il bundan əvvəl tək təbiətin bəxş etdiyi gözəlliklərlə kifayətlənməli olan bu rayonun yol infrastrukturu dözülməz vəziyyətdə idi. Naxçıvan şəhərindən rayon mərkəzinə, hələ buradan kənd­lərə getmək insana dağ aşmaq qədər ağır gəlirdi. Çünki 30-45 dəqiqəyə rayon mərkəzinə, 1 saatdan artıq vaxta isə rayonun ucqar kəndlərinə ancaq çatmaq olurdu. Çala-çökək, yağışlı havalarda zığ-palçıqlı yollar qışda daha təhlükəli olur, bu da avtomobillərin normal hərəkətinə çətinlik yaradırdı. Lakin öz torpağına, elinə bağlı insanların gərgin zəhməti sayəsində qısa zaman çərçivəsində sadalanan xoşagəlməz hallar aradan qaldırıldı. İndi buraya üz tutan qonaqları gözəl, yaraşıqlı Şahbuz şəhəri qarşılayır, rayonun ta ucqar dağ kəndlərinədək geniş və abad yollar ilin bütün fəsillərində insanlara “xoş gəldin” edir.

Muxtar respublikamızı quruculuq prosesi öz ağuşuna aldığı bir dövrdə Şahbuz şəhəri də müasir dövrün tələblərinə uyğun həyata keçirilən kompleks yeniləşmə, abadlıq tədbirləri ilə sovet dövründəki köhnəlik, miskinlik yağan simasını tərk edib. Burada ildən-ilə ucaldılan, əsaslı təmir olunan yaraşıqlı inzibati və ictimai yaşayış binaları, salınan parklar, bağlar, abadlaşdırılan yol və küçələr kiçik şəhərə böyük dövlət qayğısının göstəricisidir. Günü-gündən gözəlləşən Şahbuzun hüsnünü quruculuq töhfələri daha da gözəlləşdirir. Ötən il Şahbuz şəhərində Mədəniyyət Sarayının, aviakassa binasının, Türkeş kəndində məktəb binasının, kənd və xidmət mərkəzlərinin, 343 hektar ərazini əhatə edən qapalı suvarma şəbəkəsinin, Badamlı qəsəbəsində iki körpünün, xidmət mərkəzinin, yeni avtomobil yollarının istifadəyə verilməsi insanların firavan həyat tərzi keçirməsinə geniş imkanlar açıb. Bundan başqa, hazırda rayonun Sələsüz, Türkeş və Mərəlik kəndlərinin ərazilərində qapalı suvarma şəbəkəsinin, eyni zamanda rayonun Külüs kəndində nasos stansiyasının qurulması gələcəkdə 1600 hektara yaxın torpaq sahəsinin əkin dövriyyəsinə qatılmasına imkan verəcək ki, bu da bölgənin ümumi iqtisadi inkişafına əhəmiyyətli dərəcədə təsir göstərəcək.
Rayonda kompleks quruculuq tədbirləri 2020-ci ildə də uğurla həyata keçirilir, cari ilin yanvar-aprel aylarında tikinti-quraşdırma işlərinə ötən ilin müvafiq dövrü ilə müqayisədə 0,5 faiz artıq, 4 milyon 602 min 300 manat vəsait qoyulub ki, bu da geniş inşaat işlərinin görülməsinə imkan verib. Belə ki, Badamlı kəndində mərasim evinin inşası başa çatdırılıb, hazırda Şahbuz şəhərində 6 mərtəbəli, 40 mənzilli yaşayış binasının tikintisi davam etdirilir. Bundan əlavə, Keçili, Kükü, Külüs kənd­lərində mərasim evlərinin, Şahbuz şəhərində yeni yaşayış binasının inşası uğurla reallaşdırılır.
Son illər muxtar respublikamızın ən ucqar dağ kəndlərindəki müasir standartlara cavab verən məktəblərində də ali təhsil ocaqlarına qəbulun səviyyəsi ildən-ilə yüksəlir. Buna müasir maddi-texniki bazası gücləndirilən, savadlı müəllim kollektivlərinin çalışdığı məktəblərdə təlim-tərbiyə işinin düzgün təşkili nəticəsində nail olunub. Şahbuz rayonu da muxtar respublikamızın özünəməxsus təhsil ənənələri ilə seçilən bölgələrindəndir. Burada ötən tədris ili də nailiyyətlərlə yadda qalıb. Belə ki, rayonun tam orta məktəblərini bitirən 139 məzunun 128-i, yaxud 92 faizi ali məktəblərə sənəd qəbulunda iştirak edib. İmtahanın nəticələrinə əsasən 17 nəfər 500-dən, 1 nəfər isə 600-dən yuxarı bal toplamaqla tələbə adını qazanıb. Cari tədris ilində də təhsil sahəsində böyük uğurların əldə olunması gözləniləndir.
Əhalinin sağlamlığına həssaslıqla yanaşılan muxtar respublikamızda səhiyyə sistemi ən çox diqqət göstərilən sahələrdəndir. Şahbuz rayonunda da ötən illər bu sahəyə böyük vəsait qoyulub, rayon mərkəzindən ən ucqar kəndlərədək hər birində müasir səhiyyə ocaqları yaradılıb, onların hər biri müasir avadanlıqlarla təchiz olunub, maddi-texniki bazaları möhkəmləndirilib. Əvvəllər bu sahədəki çatışmazlıqlar üzündən adi bir xəstəlik üçün Naxçıvan şəhərinə üz tutan, bunun üçün xeyli vaxtını itirən və vəsait sərf edən insanlar indi yaşadıqları kəndlərdəki müasir həkim ambulatoriyalarının və feldşer-mama məntəqələrinin xidmətlərindən yararlanırlar. Həmçinin insanların səhiyyə xidmətlərindən rahat yararlanması üçün Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafiq sərəncamına əsasən ötən ildən Şahbuzda da icbari tibbi sığortanın tətbiqinə başlanılıb. Bu məqsədlə görülən işlər vətəndaşlara göstərilən tibbi xidmətin keyfiyyətinin daha da artırılmasını, səhiyyə sisteminin dayanıqlı inkişafını, əhalinin və tibb işçilərinin sosial müdafiəsinin gücləndirilməsini və maddi rifah halının yaxşılaşmasını təmin edib. Rayonda səhiyyə sahəsində həyata keçirilən quruculuq tədbirlərinin davamı olaraq Ağbulaq kəndində həkim ambulatoriyası binasının tikintisi həyata keçirilir.

Şahbuzun dağlıq ərazidə yerləşməsi burada aqrar sahənin üstünlük təşkil etməsinə səbəb olub, qədimdən əkin-biçin, arıçılıq, heyvandarlıq, maldarlıq, quşçuluq sahələri geniş inkişaf edib. Fermerlərə göstərilən dövlət qayğısı, subsidiya və gübrələrin verilməsi, texnikalarla təminat, o cümlədən keyfiyyətli yerli toxum sortlarından istifadə zəhmət adamlarının torpağa bağlılığını artırmaqla yanaşı, həm də əkilən ərazilərin məhsuldarlığına öz müsbət təsirini göstərir. Naxçıvan şəhərində keçirilən ənənəvi festivallarda bu bölgənin torpaq adamlarının fəallığı, istehsal olunan məhsul çeşidlərinin alıcılar tərəfindən maraqla qarşılanması da Şahbuzda aqrar sahənin əhəmiyyətli dərəcədə inkişafından xəbər verir. 1 may 2020-ci il tarixə rayonda 758 hektar sahədə yazlıq bitkilər əkilib. Əkin sahəsinin 185 hektarını dənli və dənli- paxlalılar (qarğıdalısız), 350 hektarını kartof, 142 hektarını tərəvəz, 5 hektarını ərzaq üçün bostan bitkiləri, 76 hektarını cari ilin çoxillik otları təşkil edir.
Dağlıq və dağətəyi otlaq əraziləri ilə bol olan Şahbuzda sakinlərin əsas məşğuliyyət növlərindən biri də heyvandarlıqdır. Sahələrin vaxtlı-vaxtında suvarılması, qışa hazırlıq zamanı kifayət qədər yem tədarük edilməsi fermerlərin təsərrüfatlarını ilbəil daha da genişləndirmələrinə imkan verir. Hər həftənin şənbə və bazar günləri Naxçıvan şəhərində keçirilən kənd təsərrüfatı məhsullarının satış yarmarkalarında rayon təsərrüfatçılarının istehsal etdikləri ağartı məhsulları piştaxtaları bəzəyir. “Yaxşı qazanc olan yerdə işləməyə, zəhmət çəkməyə dəyər”, – deyə çalışan torpaq adamları cari ildə də rayonun inkişafına töhfə verəcəklərinə əmindirlər. Kənd təsərrüfatının əsas sahələrindən olan heyvandarlığın inkişafının davamlı dəstəklənməsi, iribuynuzlu mal-qaranın, xırdabuynuzlu heyvanların baş sayının artmasına müsbət təsir göstərib. 1 aprel 2020-ci il tarixə rayonun bütün təsərrüfat kateqoriyalarında qaramalın sayı 24 min 915 baş, qoyun və keçilərin sayı isə 133 min 458 baş olub ki, bu da 2019-cu ilin müvafiq dövründəki göstəricini 1,4 və 1,7 faiz üstələyib. Təsərrüfatlarda yüksələn artım tempinin nəticəsində yanvar-aprel aylarında diri çəkidə 1108 ton ət, 4667 ton süd, 6 milyon 48 min 800 ədəd yumurta istehsal olunub. 2019-cu ilin yanvar-aprel ayları ilə müqayisədə ət istehsalı 1,1, süd istehsalı 1,4, yumurta istehsalı isə 13,2 faiz artıb.
Rayonun kənd və balıqçılıq təsərrüfatlarında, ümumilikdə, 6 milyon 409 min 400 manatlıq məhsul istehsal edilib ki, bu da 2019-cu ilin yanvar-aprel ayları ilə müqayisədə 4,8 faiz çoxdur.
Muxtar respublikamızın təbiət gözəli olan Şahbuz bütün fəsillərdə füsunkar görünüşü, bənzərsiz təbiəti ilə turistləri cəlb edən bölgədir. Yazı çiçək ətirli, qışı möcüzə, yayı bir başqa mənzərə, payızı bol meyvəli olan rayonun son illər aparılan quruculuq işləri ilə daha da gözəlləşən, müasirləşən hüsnü, infra­struktur sahələrinin inkişafı buranı əsl turizm məkanına çevirib. Şahbuzda 140-a yaxın tarix- mədəniyyət abidəsinin qeydiyyata alınması, onlardan 6-nın dünya əhəmiyyətli, böyük əksəriyyətinin isə arxeoloji abidələr olması turistlərin diqqətini çəkən məqamlardandır. Rayonun coğrafi mövqeyi isə burada eko­turizm, kənd yaşıl, müalicə, qış və digər turizm növlərinin inkişafına böyük imkan yaradır.
Dəniz səviyyəsindən 2 min metr yüksəklikdə yerləşən Ağbulaq isə gözəl təbiəti, heyrətamiz coğrafi mövqeyi olan turizm üçün çox əlverişli kənddir. Burada 2013-cü ildən fəaliyyət göstərən istirahət mərkəzi kənddə turizmin inkişafına təkan verib. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafiq sərəncamlarına uyğun olaraq əlverişli təbii-coğrafi şəraitə malik olan Ağbulaqda kənd turizm-istirahət bölgəsinin yaradılması və dağ-xizək turizminin inkişafı üçün kompleks işlər görülüb. Yaxın gələcəkdə bir saatda yüzlərlə insan bu xidmətlərdən faydalanacaq.
Güneyli-quzeyli, axarlı-baxarlı Nursu kəndi sevimli şairimiz Məmməd Arazın ata yurdudur. “Xalq şairi Məmməd Arazın ev-muzeyinin yaradılması haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2013-cü il 28 iyun tarixli Sərəncamı ilə yaradılan ev-muzeyi kəndi turistlərin ilin bütün fəsillərində ən çox üz tutduqları ünvanlardan birinə çevirib. Həmçinin Batabat sorağı ilə bir dəfə Şahbuzda olan qonaq və turistlər bu doyumsuz gözəllikləri görmək, əsrarəngiz məkanın dörd fəslinin bir-biri ilə harmoniya yaradan mənzərələ­rini seyr etmək üçün yenidən bura ­qayıdırlar.

Qarşıdan isti yay günləri gəlir. Can dərmanı sayılan şəfalı otları, dişqamaşdıran zümrüd bulaqları ilə zəngin Batabatda, füsunkarlığı ilə turistləri heyran qoyan Ağbulaqda və rayonun hər biri özünəməxsusluğu ilə seçilən bütün kəndlərində əsl çal-çağır dövrü başlayır. Dağlar qoynuna sığınan, quruculuq töhfələri, böyük diqqət və qayğı ilə sosial mənzərəsi daha da gözəlləşən, hüsnünə yeni naxışlar vurulan Şahbuz rayonu yenə öz qonaqlarının yolunu səbirsizliklə gözləyir...

 Nail ƏSGƏROV
Məqalə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında
Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun elan etdiyi yaradıcılıq müsabiqəsinə təqdim edilir.