15-20 il bundan əvvəl kənd deyiləndə hər kəsin gözü önündə daşlı-kəsəkli yollar, zamanla uzlaşmayan, toz-torpağa, hisə bürünən nimdaş tikililər, insan əlinin nəvazişindən uzaq, miskin görkəmli boş torpaq sahələri canlanırdı. Deyirlər, zaman hər şeyin çarəsidir. Lakin, fikrimcə, insana sevgi, hörmət olan, torpağın qədir-qiyməti bilinən yerdə yol, istiqamət də düzgün seçildisə, zamanın hökmünün önəmi qalmır, bütün problemlər qısa vaxt çərçivəsində öz həllini tapır. Elə muxtar respublikamızın timsalında son 25 ilin mənzərəsinə tamaşa etməyimiz kifayətdir ki, inkişafın, quruculuğun, tərəqqinin zamanı necə qabaqladığının şahidi olaq. Ötən günlərdə Şahbuz rayonunun qədim kəndlərindən sayılan Türkeşlə tanışlıqdan, gözəlləşən, təravətlənən bu yaşayış məntəqəsinin səmimi, mehriban sakinləri ilə ünsiyyətdən sonra insan iradəsinin, əzminin, xalq, millət təəssübkeşliyinin, torpaq sevgisinin zamanın hökmünə qalib gəlməsinin bir daha şahidi oldum...


Yeni arzularla, yeni yollarla...

Payızın qışla görüşə tələsdiyi günlərdən birində mən də Türkeşlə “görüşə” tələsirəm. Yolçu yolda gərək,– deyib səhərin erkən çağından səfərə çıxıram. Haçadağdan xan Arazadək uzanan, ağ qumaşa bənzəyən çən, duman soyuq mehlə birgə gözoxşayan abad yollara su səpir. Geniş, hamar asfaltın üzəri ilə şütüyən maşınları, təmiz, səliqəli səkilərlə hərəkət edən insanları görürəm. Kimi işə, kimi dərsə, kimi də hansısa istirahət guşəsinə tələsir. İstiqamətlər, arzular, istəklər fərqli olsa da, hər kəsi abad, geniş, təmiz yollar qarşılayır, gedəcəyi ünvanadək müşayiət edərək vaxtında və təhlükəsiz şəkildə çatmasına şərait yaradır. Təbiətlə insan övladının əlaqəli şəkildə yaratdığı bənzərsiz mənzərələri seyr etdikcə yolun çox hissəsini necə qət etdiyimin də fərqində olmuram. Çox keçmir ki, “Türkeş” adlı tanıtım lövhəsi qarşılayır məni. Yolayrıcında bayaqdan sehrinə düşdüyüm yolu daha yeni, şümşad yol əvəzləyir və qısa zamanda mərkəzə yetişməyimə vəsilə olur. Elə bir neçə kənd sakini ilə buradan başlayan yolüstü ilk söhbətim də məhz yeni salınan yollar barədədir. Yaşı 60-ı haqlamış kənd ziyalısı, Çernobıl qəzası zamanı sağlamlığını itirmiş Kamran Məmmədov bu barədə ­fikirlərini bölüşür:
– Yəqin ki, yaşlı yoldaşlarım da yollarımızın əvvəlki simasını yaxşı xatırlayar, sözlərimi təsdiqləyərlər. Heç yadımdan çıxmaz, o dövrdə uzaq eldə xeyir iş və yaxud bir hüzr yeri olanda yolların bərbadlığı üzündən əksər hallarda gedə bilməz, qohum-əqrəba yanında xəcalətli qalardıq. Hələ ilin yağıntılı dövrlərini, yağışın, qarın qapını kəsdiyi vaxtları demirəm. Ayaqqabını təmizləyib yola çıxmağına peşman olurdun. Evdən tərtəmiz paltar geyinib bir məclisə gedəndə də yollar sənin qəsdinə dayanırdı. Yağışlı havalarda adamı zığ-palçığa batıran yolların qışda üzüqoylu yerə çırpmağı da az olmayıb. Kəndimizə gələn qonaqlar da yolların bu vəziyyətindən əziyyət çəkir, haqlı giley-güzarlarını bildirirdilər. Digər tərəfdən, əlverişli rabitə vasitəsi olmadığı üçün ünsiyyətimiz də ildə bir-iki dəfə bayramda-seyranda baş tutardı. Şükürlər olsun ki, daha həmin acınacaqlı illər arxada qalıb, yolumuz rəvan, güzəranımız könülaçandır. Elə buna görə də gənclərə, övladlarımıza belə xoşbəxt günlərin qədir-qiymətini bilmələrini tövsiyə edirik.

Onu da qeyd edim ki, Türkeşdə ata-babadan adət-ənənələrimizə sadiqlik, böyük sözünə hörmət, ağsaqqal nəsihətinə, ağbirçək öyüdünə ehtiram göstərilib.
Aidiyyəti qurumların əməkdaşları tez-tez mənə baş çəkir, qayğılarımla maraqlanırlar. Bir neçə ay bundan öncə həyatımın daha bir əlamətdar hadisəsini yaşadım, muxtar respublika rəhbəri ilə görüşüm unudulmaz anlar kimi yaddaşıma həkk olundu. Həmin görüşdə mənə avtomobil hədiyyə olundu. İndi həmin nəqliyyat vasitəsinə əyləşib yeni salınan bu yollardan keçdikcə acı keçmişimizdən firavan günlərimizə gələn keşmə­keşli yolu xatırlayır, öz-özümə ­deyirəm ki, həqiqətən də, azadlıq, müstəqillik ən şirin nemətdir, onun yerini heç nə əvəz edə bilməz. Tez-tez televiziya ekranlarından Ali Məclis Sədrinin bölgələrimizə səfərlərini diqqətlə izləyir, çıxışlarını həvəslə dinləyirəm. Onun yaşlı insanlarla səmimi söhbəti, sakinlərin ayrı-­ayrılıqda fikirlərini dinləməsi, qayğıları ilə yaxından maraqlanması məni qürurlandırır. “Keçmişi olmayanın gələcəyi də olmaz”, – deyiblər. Fikrimcə, rəhbərimizin siyasətinin əsasında məhz keçmişə hörmət, gələcəyə inam hissi, əsl vətənpərvərlik, yurda, xalqa bağlılıq dayanır.

Qədimliklə müasirliyin vüsalı...

Türkeşlə tanışlıq zamanı kənd tam orta məktəbində tarix fənnini tədris edən Əməkdar müəllim Fatma Mustafayeva ilə yaşayış məntəqəsinin keçmişinə də qısa ekskursiya edirəm. Fatma müəllimə deyir ki, kənd Sovet hakimiyyəti illərində “Tırkeş”, yaxud “Tirkeş” adlandırılıb, 2003-cü ildən isə haqlı olaraq “Türkeş” toponimi ilə əvəz olunub. Adından da göründüyü kimi qədim dövrlərdə burada türk tayfaları yaşayıb. Yaşı XVI yüzilliyə gedib çıxan qəbiristanlıq, girəcəkdə yerləşən, I-II əsrlərə aid keramika məmulatlarının aşkar olunduğu Türkeş nekropolu kəndin tarixinin qədimliyindən soraq verir. Yaşlı insanların dediyinə görə, burada dədə-babadan taxılçılıq sahəsi geniş inkişaf edib, ərazilərdən bol məhsul tədarük olunub, çörək sarıdan qıtlıq halları yaşanmayıb. Kəndin aşağı və yuxarı hissələrində iki kəhriz vardır ki, vaxtilə burada yaşayan insanlar həmin mənbələrdən həm içməli, həm də suvarma suyu kimi yararlanıblar. Cari ildə kənddə yeni “Səfər” kəhrizinin istifadəyə verilməsi də sakinlərin içməli suya olan tələbatının ödənilməsinə səbəb olub.

Kəndi gəzərkən hər yerdə səliqə­-sahman, təmizlik görür, qurulanlara, yaradılanlara, yaraşıqlı kənd və xidmət mərkəzlərinə, məktəb binasına, yeni salınan yaşıllıqlara sakinlərin həssas münasibətini duyuram. İnternet, rabitə, poçt, tibb xidmətləri... Bir sözlə, müasir dövr insanına nə lazımdırsa, hamısı var. Yeni istifadəyə verilən feldşer-mama məntəqəsinə daxil oluram. Tibb müəssisəsinin müdiri, 20 ildən artıq insanların sağlamlığı keşiyində dayanan Şövkət Əliyeva məni qarşılayır. Deyir, əvvəllər kənddə səhiyyə infrastrukturu yox səviyyəsində idi. Baxdıqca insanın ürəyini sızladan köhnə binadakı kiçik bir otaqda biz tibb işçilərinin belə, sağlam yaşamağa ümidi, inamı qalmadığı halda, xəstə necə sağalacağına inanardı. Əlimizdən gələni əsirgəməsək də, şəraitsizlik ucbatından dözülməz hallar qaçılmaz olurdu. Digər tərəfdən, yolların bərbadlığı üzündən xəstələri rayon mərkəzindəki xəstəxanaya aparmaqda müəyyən çətinliklər yaranırdı. Lakin insanlarla ünsiyyətimizdə onların bu problemlərin tezliklə həllini tapacağına ümidini, inamını hər zaman hiss edirdik. Gözlədiyimiz kimi də oldu. Türkeşdə də feldşer-mama məntəqəsi yeni binada fəaliyyətə başladı. İndi insanlar daha əvvəlkitək məsafə qət etmədən elə öz kəndlərində lazımi müalicəsini alır, ehtiyac olanda rayon xəstəxanasına müraciət edirlər. Fürsətdən istifadə edib həm kənd sakinləri, həm də tibb işçiləri adından yaradılan bu gözəl şəraitə görə muxtar respublika rəhbərinə dərin minnətdarlığımı bildirirəm.
Kənddə böyükdən-kiçiyə hər kəsin sevincinə səbəb olan digər bir amil isə tam orta məktəbin hərtərəfli şəraitə malik yeni binada fəaliyyətə başlaması ilə bağlıdır. Binanın həyətində böyük tənəffüs zamanı qovalaqaç oynayan uşaqların şən-şaqraq gülüş səslərindən, müəllimlərin çöhrələrini bürüyən təbəssümdən də onların yerə-göyə sığmayan sevinclərini hiss etmək çətin deyildi. 17 ildir, bu təhsil ocağında çalışan təcrübəli pedaqoq, məktəbin direktoru Bəxtiyar Tarverdiyev söhbət zamanı köhnə binanı, tədris şəraitinin acınacaqlı vəziyyətini yada salır. Deyir, əsl sınaq dövrü olan o günlər getsin, bir daha geri gəlməsin. Tozlu-torpaqlı, yarımqaranlıq siniflər, qırıq, üzəri cızma-qara partalar, sınıq-sökük pəncərələrdən külək vurduqca tüstüləyən, göz çıxaran sobalar köhnə bina barədə hələ qısa xülasədir. Qış aylarında soyuqdan müəllim və şagirdlər siniflərdə qalın geyimdə oturur, həm havanın, həm də şəraitin dözülməz vəziyyəti dərslərdə geriləmələrə gətirib çıxarırdı. Ara-sıra digər kənd­lərdə çalışan müəllim yoldaşlarımla ünsiyyətdə olanda, başqa məktəblərdəki müasir şəraiti görəndə ürəyim qubar edir, öz-özümə “kaş bir gün bizim də belə gözəl məktəbimiz ­olsun”, – deyərdim.
Bu ilin fevral ayında Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Türkeş kəndinə gəlişi, məktəbimizin vəziyyəti ilə yaxından maraqlanması və kollektivlə söhbətindən bir neçə ay sonra baharın gəlişi ilə həm məktəbimizin, həm də pedaqoji kollektivin, şagirdlərin ömrünə, qəlbinə də yeni bir bahar gəldi. Muxtar respublikamızda təhsilə göstərilən diqqət sayəsində Türkeş kənd tam orta məktəbinə də yeni həyat bəxş edildi. Bir vaxtlar şagirdlər elektron lövhəni ancaq tele­viziya verilişlərində görürdülərsə, indi onlar hər gün bu tədris vasitəsindən istifadə etməklə biliklərini daha da artırır, internetə çıxışı olan kompüterlə dünyanın istənilən nöqtəsi barədə məlumatlar öyrənir, laboratoriyalarda praktik vərdişlərə yiyələnirlər. Məktəbimizdə bütün bu və digər sadalamadığım üstünlükləri yaratmaqda dövlətin bir məqsədi var: savadlı, dünyagörüşlü gənclər formalaşıb Vətənimizin, dövlətimizin xoşbəxt gələcəyini təmin etmək.

Gedənlər geri dönür

Türkeş kəndinin seyrinə çıxdıqda müasir sosial obyektlər, yol infrastrukturu ilə yanaşı, salınan yeni yaşayış evləri, qurulan təsərrüfatlar da diqqətimi çəkir. Öyrənirəm ki, illər öncə kənddən gedən onlarla ailə son dövrlərdə yenidən öz doğma elinə-obasına qayıdaraq təsərrüfat yaradıb, iş-güc sahibi olub.
Onlardan Elməddin Abbasov deyir ki, 7 il bundan öncə şəraitsizlik üzündən kəndi tərk edəndə, nə vaxtsa bir daha buraya dönəcəyim ağlımdan belə keçməmişdi. Kəndimizdə geniş quruculuq işlərinin görüldüyünü öyrəndim. Və vaxt itirmədən ailəmi də götürüb kəndə qayıtdım. Miskinlik içində itib-batan, səssizliyə qərq olan Türkeş gözlərim önündə, sanki yenidən qol-qanad açıb pərvazlanırdı. Yolboyu görüşdüyüm, söhbət etdiyim insanlar firavan günlərinin yaxınlaşmasını bayram edirdilər. Qısa zamanda hər şey dəyişildi, köhnəlikdən əsər-əlamət belə, qalmadı. Mən də böyük ruh yüksəkliyi ilə təsərrüfat yaratdım, illər öncə insan əli dəyməyən əraziləri əkdim. Təkcə su problemi barədə düşünürdüm ki, ötən günlərdə o da öz həllini tapdı. Təsərrüfatın inkişafı üçün nə lazımdırsa var. 100 baş heyvan bəsləyirəm, qış tədarükü də görmüşəm, istehsal etdiyim məhsulları sərfəli qiymətə sata da bilirəm.

Uşaqlar üçün gözəl, hərtərəfli şəraitə malik məktəb, gedib-gələrkən insanı “xoş qarşılayan, yola salan” yollar, canımız ağrıyanda üz tutacağımız tibb məntəqəsi, hər hansı sənədi almaq üçün müraciət edəcəyimiz kənd mərkəzi ixtiyarımızdadır. Məişət qayğılarımızı ödəyəcək xidmət mərkəzi də inşa olunub. Daha bundan artıq nə olsun?
Digər bir türkeşli – Sərxan Abdullayev deyir ki, 15 ildir, Naxçıvan şəhərinə köçsəm də, ara-sıra dədə-baba ocağına da baş çəkməyi özümə borc bilirdim. Hər gəlişimdə kəndimizin simasının yeniləşəcəyinə böyük ümid bəsləyirdim. Təsərrüfatçılar üçün yaradılan şərait nəticəsində hər yeni mövsümdə əkilən ərazilərin miqyasının genişləndiyini də görürdüm. Və bu amili nəzərə alıb ötən il kəndə qayıtmaq qərarına gəldim. Əkdiyim ərazi hesabına, yem tədarükü yaxşı olduğu üçün heyvan alıb bəsləməyə başladım, artıq onların sayını 300-ə çatdırmışam. Cari ildə kəndimizdə gedən böyük quruculuq və abadlıq işləri hər bir sakin kimi, məni də ürəkdən sevindirdi. Artıq su problemi tamamilə öz həllini tapdığı üçün bu il daha geniş ərazidə əkin işləri aparmışam. Bütün yaradılan imkanlara görə kənd sakinləri adından dövlətimizə minnətdarlıq edirəm.

Son söz

Qədim yaşayış məntəqələrindən olan Türkeşin bugünkü mənzərəsi ilə tanışlıqdan, bu yurdun insanları ilə ünsiyyətdən gəldiyim qənaət:
– Bildiyimiz kimi, həyatda ən önəmli olan cansağlığıdır. Məhz dövlətimiz də bunu düşünərək bütün ucqar yaşayış məntəqələri kimi, Türkeşdə də müasirtipli feldşer-mama məntəqəsini istifadəyə verib, bütün kommunal, məişət problemləri öz həllini tapıb. Sakinlərin də dediyi kimi, bir vaxtlar bunların xəyalını qurmaq belə, mümkünsüz görünürdü. Bütün bunlar insanların firavan həyatı, rifahı üçündür. Xalqın, millətin gələcəyinin bilavasitə asılı olduğu təhsil sahəsində böyük iş görülüb. Məktəblilərə gözəl şəraitə malik təhsil ocağı ucaldılıb, onların gələcəyin savadlı kadrı kimi yetişmələri üçün ən yeni tədris avadanlıqları quraşdırılıb. Yetər ki, gənclik hərtərəfli yetişib bu dövlətə, bu xalqa layiqli töhfə verə bilsin. İnsanların əsas məşğuliyyət sahələrindən olan təsərrüfatçılıq ənənələrinin davamlılığı təmin olunub. Kənd sakinlərinin də qeyd etdiyi kimi, bir vaxtlar əlçatmaz görünən su problemi həllini tapıb, istismara verilən yeni qapalı suvarma şəbəkəsi 300 hektardan artıq ərazinin suvarılmasına imkan verəcək. Bu da, son nəticədə, əhalinin ərzaqla təminatına və heyvandarlığın, əkinçiliyin inkişafına güclü təkan göstərəcək...
Həsrətli illərdən sevincli günlərə qədəm qoyan türkeşlilərə isə yaradılanların mahiyyətinə vararaq onlardan səmərəli istifadə etmək, həm özlərinin yaşayışını yaxşılaşdırmaq, həm də dövlətimizin gələcəyi, inkişafı üçün töhfələr vermək qalır.

 Nail ƏSGƏROV