Payızın qışı müjdələyən sazaqlı günlərindən birində səhər saatlarında şəhərin mənim üçün yaxşı tanış olan səmtinə, “Elit-57” Alış-Veriş Mərkəzinə tərəf yolum düşür. İş günü olmadığından, necə deyərlər, arxayın gəzir, yaşı minilliklərə söykənən qədim şəhərimin hüsnünə, son onilliklərin bəhrələrinə, abad küçələrə tamaşa edə-edə rəngarəng işıqlı vitrinləri olan mağazaların, günəşin ilıq şüalarının pəncərələrini ayna kimi par-par parıldatdığı binaların önündən keçirəm. 

Müxtəlif dükanlar, avtomobil dayanacaqları, geyim mağazaları bir-bir arxada qalır, xəzan yelinin əl gəzdirdiyi ağacların yarpaqları yanımdan sürətlə şütüyürlər. Alış-veriş mərkəzinə çataçatda, yaşayış binalarının arasında boy göstərən, xəfif küləyin canına üşütmə saldığı, tir-tir titrəyən dairəvi qırmızı lent diqqətimi çəkir. Öz-özümə “İlin bu vədəsində gülkarlıqda qırmızı lent nəyə lazımdır?” – deyib marağıma hakim kəsilən bu mənzərəyə yaxından baxmağa tələsirəm. Budur, qol-qola verib havanın sazağından qorunmağa çalışan həmişəyaşıl ağac və dekorativ gül tingləri... Yeni əkildiyini nişan verən, ipək saç kimi tel-tel daranmış torpağa tamaşa edir, yaxınlıqdakı bir nəfərdən qarşısında dayandığım binanın sakinləri tərəfindən gülkarlığın ötən günlərdə könüllü şəkildə salındığını öyrənirəm. Qarşılaşdığım bu xoş təsadüf illər uzunu muxtar respublikamızda görülən yaşıllaşdırma işlərinə insanların mütəşəkkil şəkildə cəlb olunmasının hədər yerə getmədiyini, muxtar respublika rəhbərinin bu tədbirlərdə şəxsən iştirakının ətraf mühitə həssas münasibətin gələcəyimiz üçün nə qədər önəmli olduğuna sakinlərin diqqətini çəkdiyini, bu amilin artıq onların mənəvi dünyasına böyük mənada sirayət etdiyini göstərir. 

İnsan qəlbindən gələn arzunun, istəyin cücərtilərini, zəhmətkeş əllərin nəvazişini seyr etdikcə diyarımızda yaşıllaşdırma sahəsində görülən işlər barədə öyrəndiklərim, eşitdiklərim yaddaşımda bir-bir canlanır. Bu ilin fevral ayında Ordubad rayonunun Azadkəndində su təchizatı sisteminin inşası layihəsinin icrası məqsədilə muxtar respublikamıza gələn “Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyevdən jurnalist həmkarımla birgə aldığımız müsahibəni xatırlayıram: “Naxçıvanda böyük infrastruktur quruculuğunun həyata keçirildiyinin şahidi olduq. Təkcə paytaxt Naxçıvan şəhərində deyil, rayon və kəndlərdə də böyük abadlıq və quruculuq işləri görülüb.

Muxtar respublikanın bütün yaşayış məntəqələri qazlaşdırılıb, məktəb binaları yenilənib, yaşayış məntəqələrində tibb ocaqları yaradılıb, yol ­infrastrukturu müasir səviyyədə yenidən qurulub, yaşıllıqlar salınıb. Azərbaycanda yaşıllıqların orta göstəricisi 11 faiz olsa da, bu rəqəmin Naxçıvanda 20 faizə çatması sevindirici haldır. Halbuki 1994-cü ildə Naxçıvanda, demək olar ki, ağac yox idi, hamısı kəsilmişdi. Amma bu gün biz tamam başqa bir mənzərənin şahidi oluruq”.
Ertəsi gün şəhərə qısa ekskursiya zamanı Həsən Əliyev küçəsi, Heydər Əliyev prospekti və Atabəylər məhəlləsində yerləşən ictimai yaşayış binalarının qarşısında salınan gülkarlıqlarla da qarşılaşdım. Onu da xüsusilə qeyd edim ki, həmin yaşıl guşələr insanların təbiətə həssas münasibətini göstərən ilk hal deyil, əvvəllər muxtar respublikamızın bölgələrinə yolum düşəndə sakinlərin yol kənarlarında, həyətyanı sahələrdə ağac əkdiklərini, yaşıllıqlara cidd-cəhdlə qulluq göstərdiklərini dəfələrlə görmüşəm. Təsadüfi deyil ki, yuxarıda da qeyd etdiyim kimi, muxtar respublikamızın qonaqları burada həyata keçirilən infrastruktur layihələri ilə yanaşı, görülən yaşıllaşdırma tədbirlərini də rəğbətlə alqışlayır, işlərin miqyası baxımından dünya şəhərləri arasında Naxçıvanın ön sıralarda yer aldığını qeyd edirlər. Təbii ki, diyarımızın yaşıllıqlara qərq olunması heç də asan başa gəlməyib, illərin zəhməti, gərgin əməyi, arzusu, istəyi dayanır bu işlərin arxasında...
Yaxın keçmişə qısa ekskursiyamız yetər ki, yaşıllaşdırma proseslərinin necə mərhələli şəkildə və uzaqgörənliklə getdiyinin şahidi olaq. Tarixi vərəqləyəndə görürük ki, bütün sahələrdə olduğu kimi, təbiətə qayğı, onu qoruyub saxlamaq, yaşıllıqları artırmaq kimi qlobal məsələnin həllinin təməlində də məhz ulu öndər Heydər Əliyev şəxsiyyəti, onun böyük uzaqgörənliklə əsasını qoyduğu misilsiz işlər dayanır. Ümummilli liderimiz hələ ötən əsrin sonlarında məlum səbəblər üzündən çarəsiz, əlacsız qalan insanların gövdəsinə balta çaldıqları yüz illərin şahidi olan ağacların yaratdığı mənzərəni “təbiət qəbiristanlığı” adlandırıb və təbiətə dəyən bu ziyanın tezliklə aradan qaldırılması üçün tövsiyələr verib, insanları ağac əkib, bağ salmağa dəvət etmişdi. Görkəmli dövlət xadiminin 1993-cü il aprelin 2-də qəbul etdiyi tarixi qərarla muxtar respublika ərazisində başlanan yaşıllaşdırma tədbirlərinin nəticəsidir ki, bu gün “təbiət qəbiristanlığı” ifadəsinin yerini dillərdən düşməyən “Cənnətməkan diyar” sözləri əvəzləyib.
Ölkəmizdə bu işlərin planlı şəkildə həyata keçirilməsi üçün 2003-cü il fevralın 18-də “Azərbaycan Respublikası meşələrinin bərpa edilməsi və artırılmasına dair Milli Proqram” qəbul edilmiş və Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafına dair dövlət proqramlarında bu sahədə tədbirlərin görülməsi nəzərdə tutulmuşdur. Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafı, eləcə də ayrı-ayrı illərdə qəbul olunan meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə dövlət proqramlarına uyğun olaraq yeni meşə massivlərinin, yaşıllıq zolaqlarının, meyvə bağlarının salınması və bununla bağlı digər tədbirlər bu gün də ardıcıllıqla davam etdirilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2006-cı il 15 avqust tarixli Sərəncamına əsasən ilk dəfə olaraq muxtar respublikamızın flora və faunasına dair iki cilddən ibarət “Qırmızı kitab” çap edilib. Xüsusi gözəlliyi ilə seçilən təbiət guşələri, yüzillik yaşı olan ağaclar, şəlalələr, mağaralar, elmi, təcrübi, tarixi əhəmiyyətə malik olan obyektlər təbiət abidələri kimi qeydiyyata alınaraq pasportlaşdırılıb.
Ötən dövrdə qoruqlar, xüsusi mühafizə olunan təbiət əraziləri yaradılıb, bölgələrdə “Gənclər bağı” salınıb. Hər il mütəmadi olaraq təşkil edilən ekoloji tədbirlər, iməciliklər vasitəsilə minlərlə ağac tingi əkilir, gülkarlıqlar yaradılır. Ümumiyyətlə, ötən illərdə Naxçıvanda bu istiqamətdə görülən işlər bir deyil, beş deyil, onlarla, yüzlərlədir. Düzgün istiqamət aşılayan, əsl yolgöstərən Qurucu Rəhbərin sayəsində bu sahədə hələ bundan da böyük uğurlar, nailiyyətlər gözləyir bizi...
Bir vaxtlar insanların əlindən zinhara gələn, böhran vəziyyətinə düşən təbiət indi elə onların əməyi sayəsində gözəlləşir, təravətlənir. Qolu-budağı sındırılmış, “arzuları puça çıxmış”, kimsəsiz, miskin görünən ağacların yerində hər il minlərlə fidanlar boy atır, yaşıllıq əraziləri kiçik meşəliklərə çevrilir. İllər öncə “iməcilik” adı eşidən kimi müxtəlif bəhanələrlə bu xeyirxah əməldən, ümumxalq işindən yayınmağa cəhd edən insanlar indi canla, başla ağac əkməyə, bağ salmağa böyük həvəs və maraq göstərirlər. Hər bir naxçıvanlı yaşıllıqların həyatımızdakı önəmini dərindən dərk edir, ümumi evimiz sayılan təbiəti qorumaqla, yaşatmaqla, bu sahədə qurub-yaradılanlara həssas yanaşmaqla gələcəyimizin təminatçısı olmağa çalışır. Bir vaxtlar təbiətimizin məhv olmasını ürək yanğısı ilə dilə gətirən akademik Həsən Əliyevin arzularının reallığa çevrildiyi muxtar respublikamızda bu gün insanların qəlbində daha “Həyəcan təbili” deyil, “Təbiəti sevək və qoruyaq” adlı yaşıl nəğmə çələngi səslənir...

 Nail ƏSGƏROV