Dünya binə olandan daşdan müxtəlif əmək alətləri hazırlanıb, soyuq silah kimi özünümüdafiədə geniş istifadə olunan bu təbiət ­ərməğanından yaşayış evləri tikilib, qalalar, türbələr ucaldılıb, şəhərlər salınıb. Elə tarixi keçmişimiz, adət-ənənələrimiz də daşlar vasitəsilə yaşadılaraq bu günümüzədək gəlib çıxıb. Dilimizdən düşməyən “daş yaddaşımız” ifadəsi də məhz bu təbii varlığın böyük ­dəyərindən xəbər verir.

 

Elm və texnikanın sürətlə inkişaf etdiyi, insan əməyinin getdikcə azaldığı müasir dövrdə çoxumuzun soyuq münasibət göstərərək ötəri yanaşdığı daşlar bəzilərinin həyat amalına çevrilərək sənət yoluna çıraq tutur.
Zəhmətkeş insanların məkanı sayılan “Gəmiqаyа Dаş Məhsullаrı Sənаyе Kоmplеksi”ndə texnikaların səs-küyü içində öz bədii təfəkkürü ilə soyuq daşa hərarət gətirən, ona yeni həyat bəxş edən bir insan çalışır. Ötən günlərdə adıçəkilən ünvanda işə, sənətə bağlanan həmin şəxslə, gənc rəssam Cəlal Rzayevlə birgə daşların sirli-sehrli aləminə səyahət etdik.
Öncə gənc sənət vurğunu barədə oxucularımıza qısa məlumat verərək qeyd edim ki, Cəlal Rzayev 1990-cı il avqustun 15-də Naxçıvan şəhərində dünyaya göz açıb. Cəlil Məmmədquluzadə adına 2 nömrəli tam orta məktəbdə oxuduğu ilk illərdən təsviri incəsənət dərslərində göstərdiyi fəallıq, çəkdiyi rəsmlər müəllimlərin diqqətini cəlb edir. O illərdə məktəb şagirdlərinin sevə-sevə vərəqlədiyi “Tumurcuq” qəzetində ara-sıra balaca Cəlalın çəkdiyi rəsmlər də yer alır. Sonralar Naxçıvan Şəhər Texniki Yaradıcılıq Mərkəzinin dərnəklərinə yazılan bu gəncin 14 yaşında həyatında yeni bir səhifə açılır. Belə ki, Xalq rəssamı Hüseynqulu Əliyevdən rəssamlığın incəliklərini öyrənməyə başlayan Cəlal həmin illərdə əlamətdar günlərlə bağlı keçirilən məktəbdaxili, muxtar respublika səviyyəli rəsm sərgilərində, müsabiqələrdə uğurlu iştirakı ilə seçilir. 2008-ci ildə Naxçıvan Dövlət Universitetinin Təsviri incəsənət ixtisasına qəbul olduqdan sonra rəssamlıq sənətinə daha da qırılmaz tellərlə bağlanır. Tələbəlik illərində təkcə muxtar respublikada deyil, xarici ölkələrdə də təşkil olunan sərgilərdə Cəlalın çəkdiyi rəsmlər tamaşaçı zövqünü oxşayır. İstedadlı rəssam 2012-ci ildə Azərbaycan Rəssamlar İttifaqı nəzdində Gənc Rəssamlar Birliyinə, 2013-cü ildə Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinə üzv olur. Qazandığı uğurlardan qalan unudulmaz, əziz xatirə isə rəfində xüsusi səliqə ilə düzdüyü fəxri fərman və diplomlardır.
2017-ci ildən başlayaraq daşların ecazkar harmoniyasını quran Cəlal Rzayev hazırda Naxçıvan memarlıq məktəbinin banisi, görkəmli memar Əcəmi Naxçıvaninin portretini, yaradıcılığından qısa fraqmenti daşların dili ilə ifadə etməyə çalışır. Məhəmməd Peyğəmbərin (s.a.s) hamımız üçün dəyərli hesab edilən “Beşikdən qəbrədək elm öyrənin” kəlamını xatırladaraq deyir ki, istənilən sənətdə uğur qazanmağın yolu yenilikçi olmaqdan keçir. Hər gün yeni bir çalar, naxış, incəlik öyrənib tətbiq etməlisən. Düzdür, həyatda heç bir uğur asan əldə olunmur, hər işin öz çətinliyi var. Əgər şair misraların ahəngini yaratmaqla oxucunun qəlbinə yol tapırsa, rəssam da rənglərin kompozisiyasını qurmaqla tamaşaçını təəccübləndirməyi bacarmalıdır.
Ola bilər ki, uzun müddət sənətlə məşğul olub bütün incəlikləri öyrənəsən, ancaq fantaziyan yoxdursa, yenilikçi deyilsənsə, o zaman sənətin zirvəsinə yüksəlmək, öz əl işlərinlə insanları heyrətləndirmək mümkün olmayacaq. Başqa sözlə, kətan üzərində çox rəssam qış fəslinin təsvirini yaradıb rəsmdə qar, buz naxışları vura bilər. Ancaq tamaşaçının qəlbinə yol tapmaq, onu həyəcanlandırmaq, qışın soyuğunu, çovğununu bircə anlıq da olsa, yaşatmaq hər sənətkara nəsib olmur. Əgər çəkilən rəsmdə hər hansı fikir, ideya varsa və bu hal rəsmə baxan insana öz emosional təsirini göstərirsə, demək ki, uğur qazanmısan.
Söhbətin bu yerində gənc rəssam Xalq şairi Səməd Vurğunun:
Xəyaldır dünyada ən böyük əsər,
Xəyal qanad verir qəlbə, vicdana,
Xəyal daşları da gətirir cana, –
misralarını xatırladaraq deyir ki, əl işinin ərsəyə gəlməsində xəyalının böyük rolu var. Belə ki, o yaratmaq istədiyi əsərin eskizini öncə xəyalında quraraq kətana köçürür. Daha sonra kompleksdə istifadəyə yararsız olan daşlardan lazım olanını seçib çalışdığı məkana gətirir. Qədim diyardan çıxarılan təbii sərvətlərimizdən travertin, oliv, siyonit, ağ və qara mərmər daşlarını xüsusi avadanlıqla 5 millimetr qalınlığında kiçik ölçüdə doğrayıb işlənmə vəziyyətinə salır. Daha sonra həmin daşlarla yeni bir əsər hazırlamağa çalışır. Gənc rəssamın artıq qısa müddətdə natürmort və portret janrlarında hazır­ladığı onlarla əl işi müəssisənin divarlarını bəzəyib. Deyir ki, daşlar kənardan soyuq, cansız varlıq kimi görünsə də, əslində, onların da dili var, danışa bilər, gərək onlarla dil tapmağı bacarasan:
– Aqillərimiz yaxşı deyiblər ki, ən böyük rəssam elə təbiətin özüdür. Bəli, hər fəsildə özünəməxsus ecazkar don geyinən təbiət gözlərimiz önündə rənglərin harmoniyası ilə bənzərsiz əsərlər canlandırır. Əsən sərin küləyin mehi ilə ağacların qol-budaq açması, suyun şırıltısı, quşların cəh-cəh səsləri, daşlardan yoğurulan, ətəyində çiçəklər açan, başı sis-dumanlı qarlı dağlar, yaşıl xalıya bənzər, köksünə al lalələr düzülən çəmənliklər həmin əsərin füsunkar çalarlarıdır. Təbiət ərməğanı daşlar da həyatımızın ayrılmaz bir parçasıdır. Doğma Naxçıvanımızın seyrinə çıxsaq, hər qarışda xüsusi incəliklə düzülən daşların ecazkar gözəlliyini görə bilərik. Bu təbii varlıqlar özündə həm də sirli-sehrli bir aləm gizlədib. Onun sirrini açmaq üçün qəlbinə toxunmadan nəvaziş göstərməyi bacarmalısan. Bir neçə vaxtdır ki, mən də daşların əsrarəngiz dünyasına səyahət edir, onların valehedici təsirini ortaya çıxarmağa çalışıram. Bu iş olduqca maraqlı və cəlb­edicidir. Məqsədim isə doğma diyarımın əvəzsiz nemətini sənətə çevirib, ulu torpağın tarixini, mədəniyyətini daşların dili ilə dünyaya bəyan etməkdir. Gələcəkdə ən böyük arzularımdan biri əl işlərimdən ibarət sərgi açmaqdır.
İstedadlı rəssam dövlətimizin gənclər üçün yaratdığı imkanlardan da söhbət açaraq qeyd edir ki, dünyanın bir sıra tanınmış sənət adamlarının taleyinə nəzər salanda onların keşməkeşli həyat yaşadığı, əzab-əziyyətlərə qatlaşdığı aydın olur. Lakin muxtar respublika gənc­ləri xoşbəxtdirlər ki, dövlətimiz onların qayğısına qalır, istedadlar, qabiliyyətlər vaxtında üzə çıxarılır. Gənc rəssamlara öz bacarıqlarını inkişaf etdirmək üçün emalat­xanalar verilir, fərdi sərgiləri təşkil olunur. Biz gənclər isə günü-gündən çiçəklənən Naxçıvanımızın hər qarışına vurulan naxışı rənglərin dili ilə daha dolğun şəkildə ifadə etməyə çalışmalı, qədim torpağımızın tarixini, mədəniyyətini rəsmlərdə yaşatmalıyıq.
Daşların ecazkar harmoniyasını yaradan bacarıqlı əllərin sahibi Cəlal Rzayevlə söhbətdən, sözün həqiqi mənasında, yorulmaq olmur. O, dövlətimizin yaratdığı imkanlardan lazımınca bəhrələnib öz istedadı ilə çoxumuzun biganə yanaşdığı daşlara yeni həyat bəxş edir, onları sənət əsərinə çevirir. İnanırıq ki, gənc rəssamın sənət dünyasının çalarları gələcəkdə böyük səhnələrdə, beynəlxalq sərgilərdə nümayiş olunacaq.

 Nail ƏSGƏROV