Hər bir şəhərin simasını formalaşdıran müasir tikililər arasından boy göstərən keçmişin yadigarları olan tarixi binalardır. Bu baxımdan Naxçıvan şəhərində də belə tikililər az deyil. İndi şəhərimizdə restavrasiya olunaraq ilkin görünüşünə qaytarılan tarixi abidələr onlarladır. Bu tikililər doğma diyarımızın tarixini, milli-mənəvi dəyərlərini özündə təcəssüm etdirir. Naxçıvan şəhərinin Nizami küçəsində yerləşən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Naxçıvanşünaslıq Mərkəzinin binası müasir görkəmi ilə hər kəsin diqqətini çəkməklə yanaşı, həm də qədim tarixə, zəngin mədəniyyətə və dövlətçilik ənənələrinə malik olması ilə seçilir.

Bəs hər bir naxçıvanlının, eləcə də muxtar respublikaya üz tutan qonaqların elə ilk baxışdan marağına səbəb olan bu binanın tarixi haqqında nə bilirik? Arxiv materialları nələrdən xəbər verir? Bununla bağlı bir çox suallara cavab tapmaq üçün ilk olaraq Naxçıvan Muxtar Respublikası Dövlət Arxivində və Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin arxivində yer alan sənədlərlə tanış olduq. Bundan əlavə, AMEA Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun Yeni və ən yeni tarix şöbəsinin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Musa Quliyevin Şahin Girey və Kəngərli süvarilərinin bayraqları ilə bağlı yazdığı elmi və elmi-publisistik məqalələrini mütaliə etdik.

Mənbələrin araşdırılması nəticəsində məlum oldu ki, orijinal üslubda tikilən bu əzəmətli bina XIX əsrin 40-cı illərində naxçıvanlı ustalar tərəfindən ucaldılıb. Naxçıvanın Təzəkənd yaşayış məntəqəsində qurulan Ehsan xan Naxçıvanskiyə məxsus zavodda istehsal edilən kərpiclərlə tikilən bina zirzəmi ilə birlikdə 3 mərtəbədən ibarətdir. Həmin dövrdə binanın yerləşdiyi ərazi “Poliçeyski küçəsi” adlanırmış. O illərə aid məqalələrdən məlum olur ki, adıçəkilən küçədə Naxçıvan qəzasının bir çox əhəmiyyətli idarələri yerləşirmiş. 1845-ci ildə bu binada Naxçıvan Qəza Polis İdarəsinin rəisi vəzifəsində işləyən, əslən Krım tatarı olan Akim Şahin Girey (el arasında ona Şəngiley də deyilib) çalışıb. O, bu vəzifədə işlədiyi dövrdə həm də irriqasiya işlərinə rəhbərlik edib, Şərur mahalının Arpaçay vadisində bir ərazini 24 illiyə icarəyə götürüb və öz dövrünün çox əhəmiyyətli kanalı “Şəngiley kanalı”nın tikintisini həyata keçirib. Maraqlı faktlardan biri də 1844-cü ildə gürcü şairi Nikoloz Barataşvilinin 6 ay müddətində bu binada Qəza Polis İdarəsi rəisinin köməkçisi vəzifəsində işləməsidir. Qeyd edək ki, Naxçıvanda 1840-cı il aprel ayının 10-da yaradılan ilk Qəza Polis İdarəsi məhz bu binada fəaliyyət göstərib. Ümumiyyətlə, həmin dövrdə bu binanın cəmiyyət həyatında yeri və rolu böyük olub. Belə ki, 1831-ci ildə Naxçıvanın Kəngərli süvarilərinə Rusiya çarı I Nikolayın əmri ilə verilən fəxri döyüş bayrağı da məhz burada saxlanılıb. Həmin illərdə Kəngərli döyüşçüləri bayrağın yanında fəxri qarovul kimi dayanırmışlar. Sonralar Ehsan xan Rusiya çarından xahiş edir ki, həmin bayrağın Xan sarayında saxlanmasına icazə versin. Gürcüstan Milli Arxivindəki sənədlərdən məlum olur ki, Kəngərli süvarilərinə məxsus fəxri döyüş bayrağı 1845-ci ildə təntənəli surətdə Ehsan xanın sarayına aparılıb və 1920-ci ilədək orada saxlanılıb. Tarixdən hamımıza yaxşı məlumdur ki, 1918-ci il iyunun əvvəllərində Türkiyə ordusunun 9-cu və 11-ci diviziyaları İrəvan yaxınlığındakı Uluxanlıdan hərəkət edərək iyunun 11-də Naxçıvana daxil olub. Türk qoşunları Naxçıvanın könüllülərdən ibarət taborları ilə birlikdə erməni daşnaklarını darmadağın ediblər. Bölgəni erməni zülmündən qurtarmaq üçün Naxçıvanda Araz-Türk Respublikası yaradılıb. Həmin hadisələrə haqqında bəhs etdiyimiz bu əzəmətli bina da şahidlik edib. Belə ki, Naxçıvan Araz-Türk Respublikasının Xarici İşlər Nazirliyi (nazir Bəhram xan Naxçıvanski), Hərbi Nazirlik (nazir III Kalbalı xan Naxçıvanski) və Daxili İşlər Komissarlığı bu binada fəaliyyət göstərib. Bu proses qısa müddəti əhatə etməsinə baxmayaraq, Araz-Türk Respublikası Naxçıvanın sonrakı taleyində mühüm rol oynayıb. Onu da qeyd etmək lazımdır ki, məhz o illərdə bu binada Naxçıvan General-Qubernatorluğu (general-qubernator Səməd bəy Cəmillinski 1919-cu il avqust – 1920-ci il fevral) da fəaliyyət göstərib.
Bina sovetlər dönəmində də öz əhəmiyyətini itirməyib, bir çox idarə və təşkilatların yerləşdiyi ünvan kimi tanınıb. 1970-ci ilin ortalarında Naxçıvan Rayon İcraiyyə Komitəsi, Maarif Şöbəsinin yerləşdiyi binada 1980-ci illərdə Şəhər Soveti də fəaliyyət göstərib.
Sovetlər dönəminin son illərində bu bina da ögey münasibətlə üzləşib, baxımsız vəziyyətə düşüb. Ancaq ölkəmiz müstəqillik əldə etdikdən sonra bu tikili ikinci dəfə həyata vəsiqə alıb. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2011-ci il 17 fevral tarixli Sərəncamı ilə əzəmətli binaya yeni həyat bəxş edilib. Belə ki, burada Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Naxçıvanşünaslıq Mərkəzi yaradılıb, bina əsaslı surətdə yenidən qurularaq Naxçıvanın muxtariyyət tarixinin 89-cu ildönümündə – 2013-cü il fevralın 9-da istifadəyə verilib. Hazır­da bu bina klassik üslubda memarlıq elementləri, müxtəlif milli ornamentləri ilə hər kəsin diqqətini çəkir. Binanın interyeri klassik və müasir dizayn elementləri ilə zənginləşdirilib. Diqqətçəkən məqam budur ki, bərpa işləri zamanı tarixilik qorunub saxlanılıb, dizayn işlərində yerli ustaların əməyinə və sənətinə üstünlük verilib. Mərkəzdə elmi-metodik şöbə, komplektləşdirmə, kitabişləmə, elektron kataloq, biblioqrafiya proseslərinin avtomatlaşdırılması və xidmət şöbələri, surət­köçürmə otağı, elektron oxu zalı, dövri mətbuat və oxu zalı, arxiv, dövlət orqanları, elmi müəssisələr, ali və orta ixtisas təhsili müəssisələri, yaradıcılıq təşkilatları tərəfindən nəşr olunan çap material­larının fondları vardır. Gənclər naxçıvanşünaslıq istiqamətində tədqiqat işləri aparmaq məqsədilə buraya tez-tez müraciət edirlər.
Bəli, Naxçıvanın qədim tarixini, milli dövlətçilik ənənələrini yaşatmaq, bu cür binaları qoruyub saxlayaraq gələcək nəsillərə ərməğan etmək xalqın keçmişinə verilən ən böyük önəmin təzahürü, tarixi keçmişimizin bərpası istiqamətində atılan mütərəqqi addımlardandır. Bu gün Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Naxçıvanşünaslıq Mərkəzinin yerləşdiyi bu əzəmətli binanın hər guşəsində tarixin izləri hiss edilir. Bu işlər uzaq və yaxın tariximizin yaşadılmasına xidmət edir. Tarixi yaşadanları isə dünya binə olandan bəri tarix yaşadıb.

 Nail ƏSGƏROV