Yeni tədris dövrü başlar-başlamaz məktəbli övladları olan valideynlərin qayğıları da artır. Bu səbəbdəndir ki dükan-bazarlarda dərs ləvazimatlarını xüsusi diqqətlə seçib alan valideynlərlə tez-tez qarşılaşırıq. Elə oxucularımız arasında da, yəqin, çox sayda valideyn vardır ki, məktəbli ləvazimatları alırlar.
Ötən günlərdə şəhərimizdə fəaliyyət göstərən mağazaların bir neçəsində müşahidə apararkən məktəbli ləvazimatlarının əksəriyyətinin üzərində nümayiş olunan cizgilər diqqətimizi çəkdi. Görünən o idi ki, bu gün televiziya ekranlarından balacaların dünyasına hakim kəsilən “Ben 10”, “Maşınlar”, “Şirinlər”, “Maşa və ayı”, “Hörümçək adam” kimi xarici cizgi filmlərinin qəhrəmanları indi də dərs ləvazimatları vasitəsilə onların “görüşünə gəlib”. Bu halları görərkən fikirləşirsən ki, niyə mədəniyyətimizi yaşadacaq, uşaqları gələcəyə hazırlayacaq, onlara nümunə olacaq milli cizgi filmlərimizin qəhrəmanları qalıb kənarda, belə xoşagəlməz obrazlar burada özünə yer tapıb? Bəs bunun səbəbləri haradan qaynaqlanır?

Araşdırmalarımız zamanı məlum oldu ki, məktəbli ləvazimatlarını sifariş verən ticarətçilər bu məsələyə o qədər də diqqət yetirmirlər. Nəticədə, çanta və dəftərlərin üzərindən bizə yabançı olan cizgi film qəhrəmanlarının fotoları boy göstərir.
Bununla bağlı olaraq Naxçıvan Dövlət Universitetinin Pedaqogika və psixologiya kafedrasının müdiri, Azərbaycan Respublikasının Əməkdar müəllimi Sevinc Orucovaya müraciət etdik. O dedi:
– Adıçəkilən məsələ, ilk olaraq bir valideyn kimi məni çox narahat edir. Övladıma, əsasən, sadə məktəbli ləvazimatı alsam da, seçim imkanı az olduğu üçün yad cizgilərin əks olunduğu məhsullara da müraciət etmək məcburiyyətində qalıram. Xatırlatmaq yerinə düşər ki, bu gün televiziya ekranlarından uşaqların hafizəsinə yeridilən yad ünsürlər onların danışıq qabiliyyətlərinə, şəxsiyyət kimi formalaşmalarına, eyni zamanda davranışlarına mənfi təsir göstərir. Xarici cizgi film qəhrəmanlarının əks olunduğu ləvazimatlardan istifadə edən uşaqda da istər-istəməz fikir dağınıqlığı, davranış pozğunluğu kimi mənfi hallar yaranır. Nəticədə, təlim-tərbiyə prosesində şagirdin müvəffəqiyyət faizi aşağı düşür. Xüsusən də məktəbyaşlı uşağın inkişaf dövrüdürsə, onda məsələ daha da mürəkkəbləşir. Fikrimcə, milliliyimizi əks etdirən ləvazimatlar satışda olsa, yuxarıda qeyd olunan xoşagəlməz hallar yaşanmaz.

Məsələ ilə bağlı valideynlərin də fikirlərini öyrəndik. Həmsöhbət olduğumuz valideynlərdən Solmaz Cabbarova, Taleh Xəlilov, Nəzakət Yusifova və Aynurə Əliyeva bildirdilər ki, onlar da çanta və digər məktəbli ləvazimatlarının seçimində bu məsələyə diqqət yetirsələr də, problemin həlli yolunu heç cür tapa bilməyiblər. Seçim imkanlarının məhdudiyyəti səbəbindən məcburiyyət qarşısında qalıb bu cür məhsulları alırlar.
Gəlin övladlarımızı mənfi təsiri olan yad ünsürlərdən, onlara xoşagəlməz hallar aşılayan vasitələrdən uzaq saxlayaq. Məktəbli ləvazimatlarında milliliyimizlə bağlı əkslərə yer verilsə, uşaqların tərbiyəsi, əxlaqı düzgün formalaşar, dərslərə marağı artar.

 Nail ƏSGƏROV