95 illiyini qeyd edən muxtar respublikamız ötən ay da yeni-yeni uğurlar əldə etdi

Muxtariyyətinin 95 illiyini böyük nailiyyətlərlə qeyd edən Naxçıvan Muxtar Respublikasında ümummilli liderimiz Heydər Əliyevin dövlətçilik və quruculuq yolu vətənpərvərliklə davam etdirilir. “Naxçıvanın muxtariyyəti tarixi nailiyyətdir. Biz bunu qoruyub saxlamalıyıq”, – deyən dahi şəxsiyyətin bütün tövsiyələri qədim diyarda daim əldə rəhbər tutulur, sosial-iqtisadi inkişaf konsepsiyası uğurla həyata keçirilir.

Gündən-günə gözəlləşən, yeni-yeni uğurlara imza atan qədim diyar bu gün 5 minillik tarixinin ən parlaq dövrünü yaşayır. Təsadüfi deyil ki, ötən il Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı və ölkəmizin Gənclər Paytaxtı kimi mötəbər adları şərəflə daşıdı, dünya mediası tərəfindən geniş işıqlandırılan mühüm beynəlxalq tədbirlərə ev sahibliyi etdi. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədri olduğu “Caspian European Club”un Azərbaycanın iqtisadi regionlarının 2018-ci il üçün illik investisiya reytinqində növbəti dəfə lider olması isə muxtar respublikanın hərtərəfli inkişafının davamlı xarakter aldığını bir daha təsdiq etdi. Əldə olunan mühüm nailiyyətlərə, tərəqqiyə görə Naxçıvan Muxtar Respublikasında hər yeni il böyük ruh yüksəkliyi ilə qarşılanır.
Yanvarın 1-də Naxçıvan şəhərində Yeni ilin gəlişi münasibətilə bayram şənliyi keçirilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov bayram şənliyində iştirak edərək sakinlərin bayramını təbrik edib, uşaqlara hədiyyələr verib.
Ulu öndərimiz Heydər Əliyev Ordubadı “Azərbaycanın incisi” adlandırırdı. Bu gün aparılan geniş quruculuq işləri Ordubadın simasını tamamilə dəyişib, Dəstə kəndini isə Ordubadın incisinə çevirib. Kənddə müasir məktəb, kənd və xidmət mərkəzi, lazımi tibbi avadanlıqlarla təmin olunmuş həkim ambulatoriyası, rahat yol tikilib, içməli su xətti çəkilib, mənzillər telefonlaşdırılıb, geniş abadlıq işləri aparılıb. Bütün bunlar doğma diyarımızda insan amilinə verilən yüksək qiymətin növbəti təzahürüdür. Yaradılan bu şərait sakinlərin rahat yaşayışına xidmət etməklə yanaşı, həm də bir kəndin timsalında muxtar respublikamızın, ölkəmizin sürətli inkişafının göstəricisidir.
Ali Məclisin Sədri yanvarın 14-də yeni ildə muxtar respublikanın ilk abadlaşan yaşayış məntəqəsi olan Dəstə kəndindəki həmin obyektlərin açılışında iştirak edib. Kənd tam orta məktəbinin yeni binasının açılışında Ali Məclisin Sədri həyata keçirilən quruculuq siyasətinin əsasında dayanan, gələcəyimizə hesablanmış mühüm strateji xəttin əhəmiyyətini vurğulayaraq deyib: “Bu gün ölkəmizdə təhsil sahəsinə xüsusi diqqət və qayğı göstərilir. Ona görə ki, təhsil ölkənin gələcəyidir. Ümummilli liderimiz Heydər Əliyev deyirdi ki: “Təhsil müstəqil dövlətin təməlidir”. Çünki hər bir ölkənin idarə olunmasında, inkişafında təhsilli və vətənpərvər gənclərə ehtiyac vardır. Həmin gənclər isə məktəblərdə hazırlanır. Bu gün ölkə Prezidenti də təhsili himayə edir, bu sahənin inkişafına hərtərəfli qayğı göstərir, müasir tədrisin tələblərinə uyğun məktəblərin qurulması üçün dövlət büdcəsindən lazımi vəsait ayrılır. Naxçıvan Muxtar Respublikasında da təhsil sahəsinə xüsusi diqqət və qayğı göstərilir, istər şəhər, istərsə də ucqar dağ kəndlərindəki məktəblər müasir tədrisin tələbləri səviyyəsində qurulur”.
Bəli, məhz müdrik dövlət xadimləri ölkənin, diyarın təkcə bu gününü deyil, həm də gələcəyini düşünür, bu istiqamətdə mühüm addımlar atır, bununla da insanların böyük sevgisini, rəğbətini qazanırlar. Klassik alman filosofu Hegelin tarixi şəxsiyyətlər haqqında dediyi kimi: “Onlar məhz ona görə böyük simalar sayılırlar ki, böyük, ədalətli və zəruri işlər görmüşlər”.
Muxtar respublikamızda həyata keçirilən islahatların mərkəzində işıqlı gələcəyimiz üçün zərurətə çevrilən təhsilin mövcud infrastrukturunun müasirləşdirilməsi dayanır. Bu gün elm və təhsil quruculuğu inkişafın əsas hərəkətverici qüvvəsinə çevrilib. Ötən 20 ildən artıq bir dövr ərzində həyata keçirilən tədbirlər nəticəsində zəngin maddi-texniki bazaya və tədris şəraitinə malik müasir təhsil müəssisələri fəaliyyətə başlayıb. Məktəblərimiz kompüter, elektron lövhə, dərslik, bədii ədəbiyyat və tədris vəsaitləri ilə təmin olunub. Vaxtilə bizim üçün xəyal olan distant təhsil artıq günümüzün reallığıdır. Dəstə kənd tam orta məktəbində də yaradılan şərait görülən işlərin tərkib hissəsidir. Bu, bütövlükdə, xalqın və dövlətin gələcək müqəddəratına hesablanmış iqtisadi resursların insan kapitalına çevrilməsi prinsipinin əməli iş müstəvisinə çəkilməsinin əyani ifadəsidir.
Muxtar respublikada iqtisadi inkişafın əsas göstəricisi sayılan yol infrastrukturu quruculuğuna da xüsusi diqqət yetirilir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2018-ci il mayın 16-da “Naxçıvan Muxtar Respublikasında Culfa­-Ordubad magistral avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər ­haqqında” Sərəncam imzalayıb, yolun tikintisinə 30 milyon manat vəsait ayrılıb. Həmin sərəncama uyğun olaraq Culfa-Ordubad magistral avtomobil yolunun yenidən qurulması uğurla davam etdirilir.
Yanvarın 14-də Ali Məclisin Sədri həmin yolda aparılan yenidənqurma işləri ilə maraqlanıb, tikinti işləri aparılarkən ərazinin relyefinin nəzərə alınması, eləcə də keyfiyyətə xüsusi diqqət yetirilməsi barədə tapşırıqlar verib.
Bu gün muxtar respublikada sosial qayğıya ehtiyacı olanların rahat yaşayışı təmin edilib. Təsadüfi deyil ki, hər il qədim diyarda şəhid ailələri və sağlamlıq imkanları məhdud şəxslər üçün mənzillər tikilir, onlar avtomobillərlə təmin olunurlar. Bu il yanvarın 19-da isə bir şəhid ailəsinə və Azərbaycan Vətən Müharibəsi iştirakçısına mənzil, hərbi xidmət vəzifələrinin icrası zamanı sağlamlıq imkanları məhdudlaşmış bir nəfərə isə minik avtomobili təqdim olunub.
Ali Məclisin Sədri ailəsi mənzillə təmin olunan şəhidə və bütün şəhidlərimizə rəhmət diləyib, sağlamlıq imkanları məhdud Azərbaycan Vətən Müharibəsi iştirakçısına və məhdud fiziki imkanlı şəxsə təşəkkür edib, onlara yeni mənzillərində firavan həyat arzulayıb. Ali Məclisin Sədri mənzillərin orderlərini və “NAZ Lifan 320” markalı minik avtomobilinin açarını təqdim edib.
Onu da qeyd edək ki, mənzillər təmir olunub və lazımi kommunal-məişət şəraiti yaradılıb. Yeni mənzillə təmin olunanlara xalça hədiyyə edilib.
1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusu tərəfindən Bakıda dinc əhaliyə qarşı qırğın törədildi. 20 Yanvar faciəsinin törədilməsinin əsas səbəbi xalqımızın müstəqillik arzusunu boğmaqla yanaşı, həm də torpaqlarımızın ermənilər tərəfindən işğalına şərait yaratmaq idi. 1990-cı il yanvarın 18-də Şərur rayonunun Kərki kəndinin SSRİ Müdafiə Nazirliyinin 7-ci ordusunun köməyi ilə ermənilər tərəfindən işğal olunması bunu bir daha təsdiq edir. Xalqımızın qəhrə­manlıq tarixinin şanlı səhifəsi olan 20 Yanvar faciəsinin 29-cu ildönümü Naxçıvan Muxtar Respublikasında qeyd edilib.
Yanvarın 20-də Ali Məclisin Sədri Naxçıvan şəhərindəki Şəhidlər xiyabanına gəlib, “Ana abidəsi”nin önünə əklil qoyub, şəhidlərin xatirəsinə ehtiramını bildirib.
Ali Məclisin Sədri şəhidlərin məzar­larını və 1918-1920-ci illərdə erməni daşnakları ilə mübarizədə Naxçıvanın köməyinə gələn qardaş Türk ordusunun şəhid olmuş əsgərlərinin xatirəsinə ucaldılmış abidəni də ziyarət edərək tər güllər düzüb.
Muxtar respublikada müasir səhiyyə infrastrukturunun yaradılması insan amilinə verilən dəyərin növbəti ifadəsidir. Yaşayış məntəqələrində yeni səhiyyə müəssisələrinin tikilməsi sakinlərin hərtərəfli tibbi xidmətlə təmin olunmasına imkan verir. Gələcəyimiz olan uşaqların sağlam böyüməsi isə həyata keçirilən səhiyyə islahatlarının əsasını təşkil edir. Görülən işlərin nəticəsidir ki, muxtar respublikamızda səhiyyə sistemi ən müasir tələblər səviyyəsinə yüksəldilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-ci il 9 oktyabr tarixli Sərəncamı ilə “Naxçıvan Muxtar Respublikasında uşaqların icbari dispanserizasiyadan keçirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı”nın qəbul olunması və Şərur Rayon Uşaq Xəstəxanasının yaradılması bu sahədə görülən işlərin davamıdır. Yanvarın 24-də Şərur Rayon Uşaq Xəstəxanası istifadəyə verilib.
Açılış tədbirində iştirak edən Ali Məclisin Sədri Şərur Rayon Uşaq Xəstəxanasının istifadəyə verilməsi münasibətilə kollektivi və sakinləri təbrik edib, xəstəxanada yaradılan şəraitlə tanış olub.
Bu gün Şərur rayonunun 116 mindən artıq sakininin 41 mindən çoxu 1-17 yaş arasında olan uşaq və gənc­lərdir. Onlara lazımi tibbi xidmətin göstərilməsi və uşaqların icbari dispanserizasiyasının həyata keçirilməsi üçün rayonda uşaq xəstəxanasının yaradılması, tibbi avadanlıqlarla təmin olunması, bu mənada, mühüm əhəmiyyət kəsb edir. Bu, muxtar respublikada gələcəyimiz olan uşaqların sağlamlıqlarının qorunmasına göstərilən qayğının daha bir ifadəsidir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri 2017-ci il mayın 3-də “Sədərək rayonunda icbari tibbi sığortanın tətbiqi ilə bağlı tədbirlər haqqında” Fərman imzalayıb. Fərmana uyğun olaraq Sədərək rayonunda icbari tibbi sığortanın tətbiqinə başlanılıb. Ötən il Sədərək Rayon Mərkəzi Xəstəxanası tərəfindən 7 min 607 xəstəyə tibbi xidmət göstərilib. Şərur rayonunda da bu sahədə tədbirlər görülüb, mərkəzi xəstəxananın Təcili yardım şöbəsi lazımi avadanlıqlarla təmin edilib, tibbi yardım briqadasının sayı artırılıb. Rayonda icbari tibbi sığortanın tətbiqi üçün hərtərəfli şərait yaradılıb. Bu baxımdan yanvarın 24-də Şərur rayonunda icbari tibbi sığortanın tətbiqi ilə bağlı müşavirənin keçirilməsi, müşavirədə rayonda icbari tibbi sığortanın tətbiqi ilə bağlı qərarın qəbul olunması sakinlərin müasir tələblərə uyğun olaraq tibbi xidmətlərlə əhatə edilməsinə şərait yaradıb.
Ötən dövr ərzində muxtar respublikada hava nəqliyyatının inkişafı sahəsində görülən işlər davam etdirilib, Naxçıvan şəhərində, Şərur və Ordubad rayonlarında aviakassalar tikilərək sakinlərin istifadəsinə verilib. Müasir memarlıq üslubunda inşa olunan Şahbuz Şəhər Aviakassası da bu sahədə görülən işlərin davamıdır. Yanvarın 30-da yeni Aviakassanın açılışı olub.
Ali Məclisin Sədri Aviakassanın istifadəyə verilməsi münasibətilə kollektivi və sakinləri təbrik edib.
Şahbuz şəhərinin arxitekturasına xüsusi yaraşıq verən Aviakassada 9 yeni iş yeri yaradılıb. Bundan sonra 25 mindən çox rayon sakini vaxt itkisinə yol vermədən yaşadığı ərazidən həm ölkəmizin, həm də dünyanın istənilən yerinə səyahət etmək üçün bilet ala biləcəkdir. Turizm bölgəsi olan, füsunkar təbiətə malik Şahbuz rayonunda yeni Aviakassanın istifadəyə verilməsi həm də turistlərin rahat səyahət etmələrinə şərait yaradır.
Rayonun turizm cazibədarlığını artıran digər məqamlardan biri də burada qədim tariximizin, milli dəyərlərimizin və mədəni irsimizin qorunub yaşadılmasıdır. Bu gün Şahbuzda mədəni-tanışlıq turizminin inkişafı üçün də geniş imkanlar vardır. Çünki özünəməxsus adət-ənənələri, folklor nümunələri, musiqi mədəniyyəti və aşıq sənəti rayonda tarixən mədəniyyətin inkişafına səbəb olub. Son illər burada aparılan quruculuq işləri mədəniyyət müəssisələrini də əhatə edib, mədəniyyət kollektivlərinin fəaliyyəti üçün geniş imkanlar açıb. Yanvarın 30-da Şahbuz Rayon Mədəniyyət Sarayının istifadəyə verilməsi də görülən işlərin davamıdır.
Mədəniyyət Sarayının açılışında iştirak edən Ali Məclisin Sədri müasir dövr üçün mühüm olan bir məsələyə toxunaraq deyib: “Bu gün dünyada gedən qloballaşma prosesləri zəruri edir ki, hər bir xalq öz mədəniyyətini qorusun və təbliğ etsin. Çünki xalqın səviyyəsini həm də onun malik olduğu zəngin mədəniyyət təsdiq edir. Mədəniyyət Sarayında yaradılan şərait də imkan verəcəkdir ki, xalqımızın qədim mədəniyyətə və zəngin mənəviyyata malik olduğunu göstərə bilək, onları qoruyub gələcək nəsillərə çatdıraq”.
Muxtar respublikamızda arxiv işinin təşkilinə də xüsusi diqqət yetirilir. Həyata keçirilən tədbirlər nəticəsində bu sahənin maddi-texniki bazası möhkəmləndirilib.
Yanvarın 30-da Ali Məclisin Sədri Şahbuz Rayon Dövlət Arxivi üçün yaradılan şəraitlə tanış olub, arxiv sənədlərindən düzgün istifadə və bu sahədə fəaliyyətin təkmilləşdirilməsi ilə bağlı tapşırıqlar verib.
Yanvarın 31-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov Çin Xalq Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Vey Cinhua ilə görüşüb. Ali Məclisin Sədri Azərbaycan-Çin əlaqələrinin genişləndiyini, bunun tərkib hissəsi kimi Naxçıvan Muxtar Respublikası ilə əməkdaşlığın nümunə səviyyəsində olduğunu bildirib. Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə Çin Xalq Respublikası arasındakı əlaqələrdən, xüsusilə “Huawei” şirkəti tərəfindən yeni texnologiyaların tətbiqi sahəsində həyata ­keçirilən layihələrdən danışan Ali Məclisin Sədri Naxçıvan şəhərində yeni uşaq bağçasının qurulmasında Çinin ölkəmizdəki səfirliyinin dəstəyini qeyd edib və əməkdaşlığın müxtəlif sahələrdə inkişafının vacibliyini vurğulayıb.
Yanvarın 31-də Naxçıvan şəhərində 2 nömrəli uşaq bağçasının açılışı olub. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov və Çin Xalq Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Vey Cinhua açılış tədbirində iştirak ediblər.
Ali Məclisin Sədri uşaqların qidalanmasına və sağlamlığına xüsusi diqqət yetirilməsi, təlim-tərbiyə prosesinin düzgün təşkili, qayğıya ehtiyacı olan, məhdud fiziki imkanlı və hər iki valideyni işləyən uşaqların bağçaya qəbuluna üstünlük verilməsi, eləcə də qurulanların qorunub saxlanılması barədə tapşırıqlar verib.
Heydər Əliyev ideyalarına sədaqət nümunəsi olan Naxçıvan bu gün gələcəyimizə daha böyük inamla yeni-yeni nailiyyətlər əldə edir, ictimai həyatın bütün sahələrində yüksək tərəqqiyə nail olur. Muxtar respublikada atılan hər bir addım, qəbul edilən hər bir qərar ictimaiyyət tərəfindən mütərəqqi təşəbbüs kimi qiymətləndirilir, cəmiyyəti düşündürən hər bir məsələdə Naxçıvan təcrübəsi nümunə kimi götürülür. “Hədəfsiz gəmiyə heç bir külək kömək edə bilməz” deyib dahilər. Görkəmli dövlət ­xadiminin göstərdiyi yolla qətiyyətlə irəliləyən Naxçıvan strateji hədəfləri uğurla reallaşdırır. Bütün bunların təməlində isə milli dövlətçiliyə sıx bağlılıq, yorulmaz fəaliyyət dayanır. Ölkə ­Prezidenti cənab İlham Əliyevin də dediyi kimi: “Naxçıvanda hər bir sahədə uğurlu inkişaf gedir, hər bir sahəyə böyük diqqət göstərilir. Bu, Heydər Əliyev yolunun təntənəsidir”.

 Rauf KƏNGƏRLİ