Xalq təqvimi

Əsrlərin sınağından çıxmış milli tarixlər nənə-babalarımız üçün dəyişilməzdir. Onlarla elə bu gün də söhbət zamanı hər hansı bir gün haqqında danışanda dəqiq tarix deməzlər. Ağbirçəklərimiz, ağsaqqallarımız üçün aylar özünə mənəvi hüquq qazanmış məfhumlar içərisində “əriyir” – Məhərrəm, ramazan, qurban, Səfər, bayram ayları... Onların təbirincə fəsilləri əvəz edən vaxtlar da olub: Böyük çillə, Kiçik çillə, Boz çillə...


Çillələrlə bağlı bir çox əfsanələr dildən-dilə keçib bu günümüzə kimi gəlib çatıb. Deyilənlərə görə, “Qış” adlı bir kişinin “Böyük çillə”, “Kiçik çillə”, “Boz ay” adlı üç oğlu var imiş. Qış əvvəlcə ilkini – Böyük çilləni qırxgünlük səfərə göndərir ki, gedib el-obaları gəzsin, dünyaya tamaşa eləsin. Görsün nə var, nə yox, adamlar necə yaşayır, necə işləyirlər?
Böyük çillə altdan-üstdən bərk geyinir. Ağ qar yapıncısını da çiyinlərinə salıb yola çıxır. Az gedir, çox dayanır, çox gedir, az dayanır, axır ki, aralıq ayının – yəni dekabrın iyirmisində gəlib el-obaya yetişir. Adamlar səhər yuxudan oyanıb çölə baxanda görürlər ki, paho, hər yan ağappaq qara bürünüb. O saat barmaqlarını dişləyirlər ki, Böyük çillə gəlib çıxıb. Deməli, nə az, nə çox, düz qırx gün dağda-düzdə, kənddə-kəsəkdə özünün qar atını belədən-elə, elədən-belə çapacaq. Nə etməli, Böyük çillənin qarından-soyuğundan qorxub evin bir küncünə çəkilmək olmaz ki! Bəs onda iş-gücün qulpundan kim yapışsın?
Çuvalların, küpələrin, xaralların ağzı açılır, təndirlər yandırılır, kürsülər qurulur, buğda götürülüb, səməni göyərdilir. Göyərdilmiş səməni taxta çanaqda, tabaqda döyülüb suyu sıxılır. Yeddi qonşu evdən un alınıb bu səməni suyunda sıyıq, xəmir iri tavada ocaq üstə qoyulur. Başlayırlar səməni halvası bişirməyə. Halva bişənə yaxın onun içinə badam, qoz ləpəsi də salınır. Yeddi qabda yeddi evə pay göndərilir.
Bayram və mərasimlər hər zaman etnoqraflarımızın diqqətini cəlb etmiş və bu mərasimlər haqqında bir çox araşdırmalar aparılmışdır. Elə biz də mövzu ilə bağlı AMEA Naxçıvan Bölməsinin əməkdaşı, tarix üzrə fəlsəfə doktoru Asəf Orucovla həmsöhbət olduq. O bildirdi ki, xalqın tarixi keçmişinin, xüsusən mənəvi mədəniyyətinin öyrənilməsində təqvimlə bağlı adət və mərasimlər mühüm əhəmiyyət kəsb edir. Bunlar arasında qış adət və mərasimləri xüsusi yer tutur. Çillə gecəsi qışın başlandığı gün kimi qeyd olunur, dekabrın 20-nə, yaxud 21-nə təsadüf edir.
Etnoqraf alim qədim mərasimlərdən biri olan və bu gün də xalqımız tərəfindən yaşadılan qışın qarşılanması – çillə gecəsi haqqında danışaraq onu da qeyd etdi ki, ilin son fəsli olan qış təsərrüfat işlərində mühüm rol oynamasa da, xalq etiqadlarında, adət və ənənələrində, inamlarda ona aid zəngin materiallara rast gəlirik. Qışın əsas atributlarından biri qardır. Qar bərəkət, gələn ilin bolluğu və məhsulu deməkdir. Payız əkinlərinin qalın qar ilə örtülməsi onu şaxtadan qoruması, yazda bol su ilə təmin etməsi deməkdir. Bunu aşağıdakı folklor nümunəsində də görmək olar:

Böyük çillə, nar çillə,
Ağ gül üstə qar çillə.
Taxıllara yorğan ol,
Bağçalara bar, çillə.

Qar örtüyünün insanlar üçün müsbət xüsusiyyətli olması “Qar olmasa, bar olmaz”, “Qar ili, var ili” kimi atalar sözlərində də öz əksini tapıb.
Qış fəslində gecə və gündüz havanın necə keçməsi kimi əlamətlər ilin ümumi vəziyyəti haqqında fikir söyləməyə imkan verir. Xalqımızın müşahidələrinə görə, qış fəslində gecələr ayaz, gündüzlər dumanlı, buludlu keçərsə, bu, ilin yaxşı keçməyəcəyinə işarədir. Əksinə, qışda gündüzlərin ayaz, gecələrin buludlu, dumanlı keçməsi isə ilin xoş keçib, insanlar üçün faydalı olacağı kimi yozulardı. Ümumiyyətlə, xalqımız qışa çətinlik dövrü kimi baxsa da, o həm də əyləncə, nağıl, aşıq məclisləri, qadınların toxuculuq işləri ilə də yadda qalardı. İnsanlar bütün yorğunluğunu qış mövsümündə atardılar. Qış görüləcək işlərin az olması səbəbi ilə bir dincəlmə mövsümüdür.
Xalqımız qış fəslini xalq təqviminə uyğun olaraq “Çillə” adı ilə üç yerə bölüb. Böyük çillə 40 gün (21 dekabr-30 yanvar), Kiçik çillə 20 gün (31 yanvar-20 fevral), Ala çillə və ya ala çolpav (Boz ay da deyilir) isə bir ay (20 fevral-20 mart) olur.
Çillə bayramı, Çillə gecəsi payız fəslinin sonu, qış girən günü, yəni dekabr ayının 20-si gecəsi qeyd edilir. Çillə gecəsi ilin 365 gecəsinin ən uzunu və qışın başlanğıc gecəsidir. Mənbələrdə qeyd edilir ki, çillə “çehil” sözündəndir, mənası “qırx” deməkdir. Xalq arasında ağırlıq anlamında başa düşülür. Çillə dərd, kəramət, xəstəlik mənasında qəbul edildiyindən onun girməsi dərdin, çətinliyin gəldiyinə işarədir. Çillə bayramının erkən çağlar “sırağan”, yaxud “çırağan” kimi də adlandırıldığı göstərilir. Qeyd edək ki, doğumla bağlı inam və adətlərdə “çilləli”, “çillə kəsmək”, “çillə basdı” və sair kimi ifadələrə də rast gəlirik. Bu da müəyyən xəstəlik, çətinliklərlə bağlıdır. B.Abdulla yazır ki, adamlar bir müsibət, bəla ilə üzləşdikdə ondan xilas olmaq, yaxa qurtarmaq üçün xüsusi ayin icra edərdilər ki, elə bu da “çillə kəsmək” adlanırdı.
Çillə bayramını xalqımız xüsusi qeyd edər, bu bayrama hələ bir neçə gün əvvəldən hazırlıq görərdilər. Bayram günü, demək olar ki, bütün evlərdə çillə üçün alınıb saxlanılmış qarpız kəsilərdi. Hər kəs çalışardı ki, həmin gün evində “çillə qarpızı” olsun. Qarpız çillə gecəsinin ən gözəl payı hesab edilir.
Toplanmış çöl materiallarına əsaslanan müsahibim deyir ki, Naxçıvanın Arazboyu kənd­lərinin əksəriyyətində çox da böyük olmayan, qalın qabıqlı xüsusi qarpız növü əkilərdi ki, belə qarpızları uzun müddət, hətta Novruza qədər saxlamaq olardı. Çilləyə saxlanılması nəzərdə tutulan qarpız tam yetişməmiş və saplaqlı olsa, daha yaxşı qalar. “Çillə qarpızı” xarab olmasın deyə, onu ot və ya samanın içərisində saxlayırdılar. “Çillə qarpızı”na bolluq, bərəkət rəmzi kimi baxılır.
“Çillə gecəsi”ndə qarpız kəsmək qışı xoş qarşılamaqla bərabər, ondan qorxmamağa da işarədir. Digər məlumata görə, çillədə qarpız kəsəndə deyərlər ki, “ay qarpız, səni mən necə kəsirəmsə, çilləni də belə tez kəsim”. Yəni qışa, şaxtaya yenilməyim, onu dərdsiz, bəlasız başa vurum. Bəzi bölgələrimizdən (Şərur, Ordubad) yaşlı insanların verdiyi məlumata görə, çillədə qarpız kəsilir ki, günümüz qırmızı, yəni günəşli olsun. Çillə qarpızı kəsilən vaxt xalq arasında “niyyətetmə” adəti mövcuddur. Niyyət zamanı qarpızın baş tərəfini kəsib, dörd yerə ayırıb atırlar. Əgər ikisi eyni rəngdə ağ və ya göy olarsa, niyyət qəbul edilmiş olur. Bu da belə bir fikir söyləməyə əsas verir ki, çillə gecəsi qarpızın qabığının bir hissəsinin dörd yerə bölünüb niyyət tutulub atılması dörd fəsillə, qarpız qabıqlarının rənglərinə uyğun (ağ və göy) niyyətin qəbul olması isə fəsillərin əlamətləri ilə əlaqədardır.
Bundan başqa, qarpız kəsilib yeddi evə pay göndərilir. Çillə bayramı günü nişanlı qızların, təzə gəlinlərin bayram görüşünə (Çillə bayramına) gedərdilər. Bayramlıqlar içərisində “Çillə qarpızı” xüsusi yer tutardı. Bu ənənə bəzi bölgələrimizdə bu gün də qorunur, yaşadılır və qeyd edilir.

Bu qarpız, çilə qarpız,
Düşübdür dilə qarpız.
Yığılıb xonçalara
Gedir yargilə qarpız.

Şərur rayonunun bəzi kəndlərindən toplanmış materiallara görə, nişanlı qızlara qarpız aparanda onun yanına bıçaq da qoyardılar. Qarpız aparılan bıçaqla kəsilir və sonra yenidən oğlan evinə qaytarılırdı.
Asəf Orucov onu da deyir ki, Ordubad bölgəsində həmin gün evdə un yeməkləri (xəşil, tərək, quymaq), hədik bişirilər, qovurğa qovurular, qovut çəkilərdi.
Etnoqrafik çöl materiallarına əsaslanaraq demək olar ki, çillədə qarpız olmadıqda belə, başqa bir meyvə kəsilməlidir. Xalq arasında olan inama görə, kim bu gecə çoxlu meyvə yesə, o, bütün qışı xəstələnməz. Ordubad bölgəsinin bəzi kəndlərində mövcud olan adətə əsasən çillədə qarpız yoxdursa, ürəklər sərin olsun deyə, qatıq yeyərdilər. Həmin gecə süfrəyə “q” hərfi ilə başlanan nemətlər, məsələn, qarpız, qovun, qatıq, qovurğa, qaysava, qovurma, qovut və başqa nemətlər qoyma adəti də mövcuddur. Çillədə qarpızın kəsilməsi və yaxud qarpız olmasa, qatıq yeyilməsi adətini nəzərə alsaq, belə bir nəticəyə gəlmək olar ki, bunların hər ikisi sərinləşdirici əlamətlərə malikdir. Bunların yeyilməsi qışın soyuğuna qarşı çıxmaq, ona hazır olmaq anlamına gəlir. Qarpızın içərisinin qırmızı rəngdə olması Günəşin rəmzi kimi sayıla bilər ki, bu da istiliyi çağırmaq anlamı ilə bağlıdır.
Əsrlərdən bəri gələn hər bir bayram öz gəlişi ilə əlamətdardır. Xalq özünün ən ağır günlərində belə, bu el mərasimlərini qeyd etməyi yaddan çıxarmayıb. Arzumuz budur ki, el-obamızda həmişə əmin-amanlıq olsun. Həmişə olduğu kimi, yenə də ulularımızın illərdən bəri bizə ərməğan kimi saxladığı el adət-ənənələrimizi beləcə, deyə-gülə, xoşhallıqla qarşılayıb yola salaq.

Ramiyyə ƏKBƏROVA