Söz Tanrının insan övladına bəxş etdiyi ən böyük nemətdir. Sağlığında bu nemətdən istifadə edənlər dünyadan köçdükdən sonra belə, əbədiyaşarlıq qazanırlar. Söz ustadı, Vətən sevdalısı Məmməd Araz da belə sənətkarlardandır. O da dünyadan köçən günü yenidən doğulan şairlərdəndir.


Məmməd Araz yaradıcılığına dərin məhəbbət bəsləyən Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev bu görkəmli sənətkarın yaradıcılığını böyük ustalıqla səciyyələndirərək və yüksək dəyərləndirərək demişdir: “Öz əsərləri ilə yüksək bədii sənətkarlıq və əsl vətəndaşlıq qeyrəti aşılayan, doğma Vətəni sonsuz məhəbbətlə sevən, qüdrətli qələmi ilə xalqımıza sədaqətlə xidmət edən Məmməd Arazın poeziyasını Azərbaycan torpağından, tariximizdən, el-obadan ayrı təsəvvür etmək çətindir”.
Məmməd Araz ədəbi yaradıcılığa 1952-ci ildə “İnqilab və mədəniyyət” jurnalında dərc olunan “Yanın, işıqlarım” adlı ilk şeri ilə başlamışdır. “Vətən torpağı”, “Şeirə gətir”, “Necə unudum səni?”, “Mən Araz şairiyəm”, “Məmməd İbrahim” imzası ilə nəşr etdirdiyi bu şeirlər hələ ənənəvi məhəbbət, Vətən və təbiət lirikasının tanış nümunələridirlər. “Mən də insan oldum”, “Əsgər qəbri haqqında ballada”, “Atamın kitabı” artıq epik formada, lakin eyni fəlsəfı-psixoloji səpkidə yazılmış poemalardır. Şairin “Babək qılıncı” və “Qarabağ düzü” şeirlərində təbiət xəyala dalır, düşünür, dil açır və danışır. Vətənin tarixi və taleyi təhlil və tərənnüm olunur. Yetmişinci illərin lap əvvəlindən poeziya bulağının bol axara – Araza çevrildiyi ərəfə başlayır. Xalq şairi Məmməd Arazın yaradıcılığında Vətən, vətəndaşlıq, vətənpərvərlik başlıca mövzulardandır. Onun “Ayağa dur, Azərbaycan” kimi bir çox şeiri 90-cı illərdə Azərbaycanın milli müstəqillik uğrunda apardığı mübarizədə xalqın səsi oldu, desək yanılmarıq. Görkəmli şairin “Ayağa dur, Azərbaycan”, “Ata millət, ana millət, ağlama”, “Bizi Vətən çağırır”, “Bu millətin dərdi-səri”, “Bu millətə nə verdik ki”, “Ulu şahım, qılıncına söykənim” kimi şeirlərini oxuyan hər bir insanın qanı qaynayır, bu sətirlər insanları oyanışa, azadlığa çağırır:

Nə yatmısan, qoca vulkan, səninləyəm!
Ayağa dur, Azərbaycan, səninləyəm!
Səndən qeyri biz hər şeyi bölə billik!
Səndən qeyri biz hamımız ölə billik!

Bu misralar xalqımızın azadlıq hərəkatı dönəmində hər bir azərbaycanlının, demək olar, əzbərinə çevrilmişdi.

Gözünü sil, Vətən oğlu,ayağa qalx!
Üfüqünə bir yaxşı bax.
Sərhədinə bir yaxşı bax.
Sərhədinin kəməndinə bir yaxşı bax! –

səslənişi isə xalqı birləşdirməyə çağırış idi. Bu misraları oxuduqca Vətənin təkcə silahla deyil, qələmlə də qorunduğunun, müdafiə edildiyinin şahidi oluruq.
Şairin yaradıcılığında Vətənimizin hər guşəsi əzizlənib, vəsf edilib. Bu yaradıcılıq nümunələri arasında doğulub boya-başa çatdığı qədim diyar haqqında yazdığı şeirlərin xüsusi yeri var.

Seyr elə Arazı bir yaz səhəri,
Bir tarix dil açır onun səsində.
Bu yerin min dərdi, min də kədəri
Yazılmış Atabəy məqbərəsində.

Hər gün hüsnünə yeni-yeni naxışlar vurulan qədim Naxçıvanın gözəlliyi şairin qələmi ilə daha da gözəlləşir. Yurdumun büsatı misralarda söz düzümünə çevrilir:

Biz nöqtə qoymuşuq acıya, dərdə,
Ömrü ulduzlardan almışıq indi.
Babamız qəm əkib, qəm biçən yerdə
Çiçəkli bağ-bağat salmışıq indi.

Şair “Naxçıvan albomu”, “Bura Naxçıvandır”, “Kəndim, balacasan, çox balacasan”, “Məmməd Araz qayası”, “Mənim Naxçıvanım”, “Ata ocağı”, “Arpaçay nəğməsi”, “Arpaçayın aşıb-daşan nəğməsi”, “Naxçıvan” və bir çox əsərlərində bu qədim Oğuz yurdunun bütün gözəlliklərini vəsf edib.
Müqəddəs Nuh məkanının dəyəri düşmənlərimizə də əyan olub. Bu səbəbdəndir ki, yüzillərboyu bu torpaqlara sahiblənməyə çalışıblar, ancaq acı məğlubiyyətdən başqa heç nə əldə edə bilməyiblər. Doğma yurdumuz torpağımıza göz dikənlərə qeyrətdən, Vətən sevgisindən, torpaq təəssübkeşliyindən ucaldılmış bir sədd olub. Çünki bu yurdun hər daşı sevgidən, Vətən məhəbbətindən, palçığı şəhid qanından yoğurulub. Vətən sevdalısı şairin bütün şeirlərində olduğu kimi, “Bura Naxçıvandır” şeirinin hər sətrində bu reallıqlar özünü göstərir:

Bura Naxçıvandı, Naxçıvan.
Bu torpağın daşına da hürən olub,
Qumunu da, külünü də eşən olub.
Tüstümüzə, odumuza hürən olub.
Soyumuza, adımıza hürən olub.
Qəlpə-qəlpə daş qoparıb məqam tapıb.
Yurdumuzun daşlarından.
Yalaq əkmək səriştəli qara əllər,
Böhtan əkmək səriştəli ara əllər.
Maraqdadır düşmən hələ,
Qorxur, qorxur Zəngəzurun
Sahibləri qəfil gələr.
Bazarçayın, Zəngiçayın,
Qaragölün, Üçtəpənin,
İşıqlının, İşıqların,
Göyçənin, Göyçəgölün
Sahibləri birdən gələr!

Dahi şairin qələmə aldığı bu misralarda Vətən həsrəti, zaman-zaman Vətənimizdən qoparılıb düşmənə pay verilən torpaqların yanğısı gözə çarpır.
Vətən sevdalı şair, rahat uyu məzarında. Yurdunun əsl sahibləri geri döndü. Düşmənin qarşısında öz canıyla sipər olub doğma yurdunu azad etdi igidlərin. Əsgərinin cəsarətindən qorxuya düşən düşmən əsgəri qaçmağa yer tapmayıb Qara göldə sulara qərq oldu. Bütün xalqımız kimi sənin də ən böyük arzun bu Vətənin azadlığı və bütövlüyü idi. Vaxtilə Vətən yanğısı ilə yazdığın sətirlərin insanların ürəyində azadlıq alovuna döndü. İllərlə sönmədi və sonda bir məşəl olub od saldı düşmənin qəlbinə. Azad, bütöv Azərbaycanın Vətən sevdalı şair, qələmindən süzülən hər sətirlə sən hər zaman yaşayacaqsan bu xalqın yaddaşında. Çünki şəhid ölümü ilə, şair ağrısı ilə qaynayıb-qarışır yaddaşlara.

Ramiyyə ƏKBƏROVA