Əhalinin ərzaq məhsulları ilə etibarlı təminatının həyata keçirilməsində ehtiyat mənbələrindən biri də balıqçılıq hesab edilir. Muxtar respublikada su ehtiyatları balıqçılığın inkişafı və qiymətli balıq növlərinin yetişdirilməsi üçün əlverişli şərait yaradır.


Lakin müstəqilliyimizi yeni qazandığımız illərdə bir çox problemlərlə qarşılaşırdıq. Bunlardan biri də ötən əsrin 90-cı illərində balıqların kürüləmə vaxtında qanunsuz şəkildə ovlanması, sututarların ekoloji vəziyyəti ilə bağlı problemlər idi. Dahi şəxsiyyət Heydər Əliyevin müəyyənləşdirdiyi sosial-iqtisadi inkişaf strategiyasının həyata keçirilməsi, məqsədyönlü islahatların aparılması bu sahədə də mühüm nailiyyətlərin əldə edilməsinə geniş imkanlar açdı. Bütün sahələr kimi balıqçılıq da inkişaf etdirilməyə başlandı. Bunun nəticəsidir ki, bu gün Naxçıvan Muxtar Respublikasında 10-dan çox balıqçılıq təsərrüfatı fəaliyyət göstərir, onlar əhalinin keyfiyyətli ərzaq məhsullarına olan tələbatının davamlı şəkildə ödənilməsinə nail olmağa çalışırlar. Müxtəlif balıq növlərinin təbii halda yetişdiyi çay, göl və su anbarlarımız xüsusi şəkildə mühafizə olunur. Bu su hövzələrində muxtar respublika əhalisinin tələbatını ödəyə biləcək yüksəkkeyfiyyətli balıq sortları üçün əlverişli təbii şərait yaradılıb. Balıq sərvətlərimizin ciddi şəkildə qorunması bu qiymətli sərvətin çoxaldılmasına imkan verib. Əhalinin keyfiyyətli balıq məhsulları ilə təminatı və balıqçılığın inkişafı üçün görülən tədbirlər, son nəticədə, ərzaq təhlükəsizliyinin təmin olunmasına xidmət edir. Hazırda Naxçıvanda mövcud su mənbələrindən istifadə olunmaqla, dünya təcrübəsinə əsaslanmaqla balıqçılıq inkişaf etdirilir. Əvvəllər “akvakultura” adlanan göl balıqçılığı diqqətdən kənarda qalmışdırsa, indi bu balıqçılıq növünə də xüsusi diqqət yetirilir, balıq yetişdirən və balıqçılıq məhsulları istehsal edən müəssisələr formalaşır. Görülən işlər dövlətimizin bu sahəyə diqqət və qayğısından xəbər verir.

Balıqçılığın inkişafına növbəti dövlət qayğısı 2015-ci ildə muxtar respublika rəhbərinin iştirakı ilə Naxçıvan “Balıqçılıq Təsərrüfatı” üçün yeni kompleksin istifadəyə verilməsi oldu.
Sentyabr ayından etibarən balıq ovu mövsümünün başlanması ilə indi mağazalarda sərfəli qiymətə müxtəlif növ təzə balıq almaq mümkündür. Ötən günlərdə bu sahədə görülən işlərlə tanış olmaq üçün Naxçıvan “Balıqçılıq Təsərrüfatı”na yollandıq.
Naxçıvan şəhərində Araz çayına yaxın bir ərazidə yerləşən kompleksdə müasir tələblər səviyyəsində şərait yaradılıb, balıqçılığın inkişaf etdirilməsi məqsədilə geniş imkanlar açılıb. Kollektivin artıq sovetlər dövründəki yarıtmaz binalarda, köhnə avtomobillərlə və kiçik imkanlarla fəaliyyət göstərmək kimi problemləri birdəfəlik həll edilib.
Kazım Gözəlov 25 ildən çoxdur ki, balıqçılıqla məşğuldur:
– İllər əvvəl yurdumuz sovetlərin əsarətində olanda balıq ovlamaq işinə kolxozlar baxırdı. Bütün digər sərvətlərimiz kimi su sərvətlərimiz də amansızlıqla talan edilirdi. Zəhmətkeş insanlar isə balığa tamarzı qalırdı. Sovetlərin dağıldığı müstəqilliyimizin ilk illərində isə hər sahədə olduğu kimi, balıqçılıqda da bir sıra özbaşınalıq vardı. Qanunsuz balıq ovu aparılırdı. Bəziləri balıqları dayazlıqlarda kürü tökərkən yaba, armatur, tros parçası və sair vasitələrlə tutmağa çalışır, belə “ov” isə xeyli kürü tökən balığın yaralanıb qaçması və sonradan məhvi ilə nəticələnirdi.
Balıq ovunun kütləvi xarakter alması mənfi nəticələrə səbəb olmuşdu. Bu iş, demək olar ki, başlı-başına buraxılmışdı. Həmin dövrdə ulu öndərimizin rəhbərliyi ilə bütün sahələr kimi balıqçılığa da diqqət artırıldı. Bu gün Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin qayğısını üzərimizdə hiss etdikcə daha əzmlə çalışır, daxili bazarı balıqla təmin etməyə səy göstəririk. Naxçıvanın su hövzələrindən tutulan çəki, suf, xəşəm, naxa, qalınalın, dabanbalığı kimi balıq sortlarına mövsüm ərzində böyük tələbat vardır. Bazardakı tələbatı ödəyə bilmək üçün mövcud hava şəraitindən istifadə edərək gün ərzin­də lazım olan qədər balıq ovlayır, muxtar respublikada əhalinin balıqla təminatını ödəməyə səy göstəririk. Hazırda şəhərdə keçirilən kənd təsərrüfatı yarmarkalarında əhalinin təzə balıq məhsullarına olan tələbatını təmin etmək üçün çalışırıq. İndi balıq ovu mövsümündə iqlim şəraitinə görə işçilər lazımi avadanlıq və xüsusi geyimlərlə təmin olunur, təhlükəsizliyimiz diqqət mərkəzində saxlanılır. Bütün bunlar isə balıqçılara çətinliklərin öhdəsindən gəlməyə imkan verir.
Digər bir balıqçı – Zaur Novruzov isə söhbətimizdə bunları söylədi:
– İstənilən hava şəraitində işləmək üçün vasitələrimiz vardır. Çox minnətdarıq ki, bizim üçün belə şərait yaradılıb. Əsas ona diqqət yetiririk ki, kiçik və lazımi çəkiyə uyğun gəlməyən balıqları ovlamayaq. Axı bu sərvət təkcə bu gün deyil, gələcəkdə də insanların karına gələcək. Balıq ovunun qaydalarına ciddi əməl olunur, gözəl yurdumuzun təbii sərvətləri lazımınca qorunur və necə deyərlər, könlü balıq istəyən hər bir insan onu alıb süfrəsinə gətirə bilir.
Onu da bildirək ki, gündəlik ovlanan balıq laboratoriya analizindən keçdikdən sonra satışa göndərilir. Təzə balığın satış məntəqələrinə çatdırılması üçün “Hyundai” markalı avtomobil və 2 ton tutumlu soyuducu kamera vardır.
Müşahidələrimizə əsaslanaraq deyə bilərik ki, Heydər Əliyev, Araz, Arpaçay və Uzunoba Su anbarları kimi iri su hövzələrində öz fəaliyyətini genişləndirən Naxçıvan “Balıqçılıq Təsərrüfatı” qarşıya qoyulmuş vəzifələrin yerinə yetirilməsi üçün yaradılmış şəraitdən lazımınca istifadə etməyə çalışır.

 Ramiyyə ƏKBƏROVA