İllər öncə yaşadığım, Füzuli rayonunun Alxanlı kəndində qonşuluqda  bir neçə ailə var idi. Onlara bəziləri məcburi köçkün bəziləri də qaçqın deyirdi. Özləri də bu kəlməni eşidəndə baxışları dəyişirdi. Bu kəlmələr onları çox incidirdi, amma ən çox həsrət incidirdi onları. Yurd həsrəti, evlərinin, obalarının düşmən nəfəsində qalmaq həsrəti. Sona xala Qubadlıda dünyaya göz açmışdı. Həmin gün – işğal günü yurdundan bir ovuc torpağı ovuclayıb kəlağayısının bir küncünə qoyub, düyünləyib özü ilə götürmüşdü. Gündə yüz dəfə o torpağı iyləyib ətrini duymasa, yaşaya bilməzdi. Vəsiyyət də edirdi ki, əgər mən dünyadan Qubadlını yenidən görməmiş köçsəm, bu torpağı sinəmə töküb dəfn edin məni. Düzdür, Azərbaycanın o başı da, bu başı da Vətəndir, ay qızım, amma insanın doğulub böyüdüyü yurdun yeri tam başqadır, – deyirdi həmişə.  

 

Ötən ilin bu günü cənab Prezidentin xalqa müraciətini dinləyir, hansı rayonumuzun işğaldan azad edildiyi xəbərini alacağımızı səbirsizliklə gözləyirdik. Qubadlı şəhəri dediyi o anda telefonun səsinə qarışdı alqış sədaları. Sona xala idi zəng vuran, ağlayırdı, şükür Allaha, yurdum qayıtdı, – deyirdi. Gedəcəyəm, sürünə-sürünə gedəcəyəm yurduma, torpağını ovuclayıb illərdir, yurd həsrəti çəkə-çəkə kor olan gözlərimə sürtəcəyəm, – deyirdi. Sevincinin həddi-hüdudu yox idi bütün azərbaycanlıların, amma qubadlılıların sevinci hamıdan artıq idi. Bütün xalqımızın arzusu reallaşmışdı, igid oğullarımız azad etmişdi yurdumuzu. Və budur, azadlığın birinci ildönümünü yaşayır Qubadlı. O, qollarını açıb igid oğlunu, Ali Baş Komandanını qarşıladı. Ölkə başçısı 2020-ci il dekabr ayının 23-də Qubadlıya səfəri zamanı deyirdi: “Bu gün səhərdən yağış yağırdı, biz Qubadlıya çatanda gün çıxdı. Təbiət də bizi salamlayır, bizi alqışlayır. Qubadlıya öz sahibləri qayıdıb. Qubadlının işğaldan azad edilməsi tarixi hadisə idi. Oktyabrın 25-də Qubadlı şəhərinin azad edilməsi bizim qələbəmizi yaxınlaşdırdı. Qubadlı uğrunda şiddətli döyüşlər gedirdi, şəhidlər vermişik. Onların arasında Qubadlı rayonundan olan Milli Qəhrəman Şükür Həmidov öz doğma diyarı uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olmuşdur. Şükür Həmidova mən Milli Qəhrəman adını Aprel döyüşlərindən sonra verdim, göstərdiyi qəhrəmanlığa görə. Allah ona rəhmət eləsin! Allah bütün şəhidlərimizə rəhmət eləsin! Qubadlı rayonu ölkəmizin ən gözəl rayonlarından biridir və qısa müddət ərzində lazım olan bütün bərpa işləri də nəzərdə tutulur. Xarici ekspertlər cəlb olunub, dəvət edilib, onlar bütün qiymətləndirmə işlərini aparacaqlar... Mən müharibədən əvvəl dəfələrlə Azərbaycan xalqına müraciət edərək deyirdim ki, bu gün Azərbaycan güclü ölkədir və tarixdə heç vaxt indiki qədər güclü olmamışdır. Mən o vaxt təkcə iqtisadi yox, o cümlədən hərbi potensialımızı da nəzərdə tuturdum. Tarix və müharibənin nəticələri onu göstərdi ki, mən haqlı idim. Azərbaycan tarixdə heç vaxt belə parlaq Zəfər əldə etməmişdir, tarixdə heç vaxt indiki qədər güclü olmamışdır. Bizim gücümüz birliyimizdədir. Biz birlik nümayiş etdirmişik, əzmkarlıq nümayiş etdirmişik, qəhrəmanlıq nümayiş etdirmişik və bunun nəticəsində dəmir yumruqla düşmənin başını əzib öz doğma torpaqlarımızı azad etmişik. Qarabağ Azərbaycandır! Yaşasın Azərbaycan əsgəri! Yaşasın Azərbaycan!”

Tarixə bir nəzər və ya
30 ildə nələr oldu

Zəngəzur mahalının qədim yaşayış məskəni, uca dağları, şiş qayaları, sərin bulaqları, gözəl meşələri, gur çayları, münbit torpağı olan Qubadlı 1993-cü il avqustun 31-də işğal olundu. 1988-ci ildən başlayan qeyri-bərabər döyüşdə bu torpaq uğrunda yüzlərlə şəhid verən Qubadlının 30 mindən çox əhalisi məcburi köçkün həyatı yaşamağa məhkum edildi. Ermənistanın iki rayonu ilə (Qafan və Gorus) həmsərhəd olan bu rayonun əhalisinin uzun illər alın təri və zəhmətlə topladıqları var-dövlət, tikdikləri evlər, yollar, körpülər, bir sözlə, hər şey ermənilər tərəfindən dağıdıldı, talan olundu. İşğalçılar o torpaqda daşı daş üstdə qoymayıblar. Evləri söküb, son daşına qədər aparıbar. 1 şəhər, 93 kənd, 31 inzibati-ərazi dairəsindən ibarət rayon erməni vandalları tərəfindən viran qoyulub. Rayonun işğalı zamanı ermənilər 5 mindən çox nadir eksponat saxlanılan Qubadlı Tarix-Diyarşünaslıq Muzeyini də talan ediblər. IV əsrə aid Gavur dərəsindəki ibadətgah, V əsrə aid Qalalı və Göyqala abidələri, XIV əsrdə tikilmiş Dəmirçilər türbəsi, Hacı Bədəl körpüsü, Laləzar körpüsü, eləcə də Əyin, Yusifbəyli, Seytas, Qarağaclı, Xocamsaxlı kəndlərindəki digər tarixi abidələr hazırda işğal altındadır. Muradxanlı kəndindəki V əsrə aid Qalalı, Əliquluuşağı kəndindəki Göyqala abidələri, XIV əsrə aid Yazı Düzündəki Cavanşir, Dəmirçilər kəndində olan 2, XVII əsrə aid Gürcülü kəndində, XVIII əsrə aid Xocamsaxlı kəndində olan türbələr ondan xəbər verir ki, Qubadlıda qədim dövrlərdən elm-mədəniyyət mərkəzləri olub.
1993-cü ilin əvvəllərində hakimiyyət ölkəni idarə etmək əvəzinə kürsünü boş qoyub qaçdı. Respublika iqtisadi, hərbi, siyasi böhran içindəydi. Cinayətkarlıq baş alıb gedirdi. Bunlar azmış kimi yerli xəyanətkar qüvvələr xalqı vətəndaş müharibəsi vəziyyətinə gətirmişdi. Müdrik, qətiyyətli və uzaqgörən siyasətçi Heydər Əliyev xalqın tələbi ilə o məqamda hakimiyyətə gəldi ki, artıq vətəndaş müharibəsi başlanmışdı. Məhz onun hakimiyyətə yenidən qayıdışı xalqımızı bu çətin vəziyyətdən qurtardı.
Həmin vaxtlar Azərbaycanın müstəqilliyini istəməyən düşmən qüvvələr həm xaricdən, həm də daxildən ulu öndərimizin hakimiyyətini yıxmağa ciddi cəhd göstərdilər. 1993-cü ilin iyul-avqust aylarında bütün cəbhəboyu erməni hücumlarının miqyası genişləşdirildi. Eyni mərkəzdən idarə olunan yerli xəyanətkar qüvvələr özlərinə tabe olan hərbi birləşmələri döyüş mövqelərindən çıxardılar. Cəbrayılın düşmənin nəzarətinə keçməsi ilə rayonun Şərq tərəfdən geniş bir ərazisi müdafiəsiz qalmışdı. Həkəri çayı boyunca Zilanlı, Mahruzlu, Xanlıq kəndlərindən tutmuş Başarat zonasınadək yerli əhali silaha sarılsa da, qüvvələr qeyri-bərabər idi. Zirehli texnikanın qarşısını 4-5 adama düşən bir avtomatla qorumaq mümkünsüz idi. Avqust ayının 30-da erməni hərbi birləşmələri yalnız yerli mülki əhalinin qoruduğu Gəyən zonası istiqamətindən güclü hərbi texnikanın müşayiəti ilə hücuma keçdi.
Əsas zərbə Xanlıq istiqamətinə yönəldilmişdi. Qeyri-bərabər döyüşdə xanlıqlılar nə qədər fədakarlıq göstərsələr də, erməni tankları kəndə soxuldu. Həkəri çayı boyunca Muradxanlı, Balasoltanlı, Xoçik istiqamətində rayona soxulan erməni hərbi birləşmələri kəndləri yandırdı, dinc əhaliyə divan tutdu.
Qeyri-bərabər döyüşlərdə torpaqlarımızın bir hissəsini, Vətən oğullarını itirsək də, ulu öndərimizin hakimiyyətə gəlməsi nəticəsində düşmənin hücumunun qarşısı alındı. 1994-cü ildə əks-hücumla bir neçə yüksəklik geri alınsa da, hələ nizamlı ordu olmadığı üçün daha genişmiqyaslı döyüş aparıla bilmədi.
Tarixdə elə insanlar var ki, onlar öz dərin düşüncə və istedadları ilə tarixin gedişini dəyişdirə bilib. Ulu öndərimiz də həmin dahi insanlardan idi. Dövlətimizin başının üstünü alan qara buludlar da onun gəlişi ilə dağıldı. Dahi rəhbərin qayıdışının yaratdığı ruh yüksəkliyi ilə düşmənin qarşısında məğrurca dayanıb döyüşən, canını Vətən yolunda qurban verən oğullarımızın sayəsində torpaqlarımıza uzanan əllər kəsildi. Dahi rəhbər gərgin əməyi nəticəsində atəşkəsə nail oldu.

Bütün yollar Qarabağa aparır

Ermənilərin işğalçılıq siyasəti nəticəsində dağıdılmış ərazilərimizin ən müasir texnologiyalara əsaslanan quruculuq konsepsiyası əsasında bərpasına başlanılıb. İşğaldan azad olunan rayonların bərpası sistemli şəkildə həyata keçirilir. Belə ki, Azərbaycan Prezidentinin tapşırığına əsasən birinci mərhələdə dəymiş ziyanın qiymətləndirilməsi, daha sonra infrastruktur layihələrinin icrası həyata keçiriləcək. Bundan sonra sosial obyektlərin inşası, yaşayış üçün şəraitin yaradılması və evlərin tikilməsi reallaşdırılacaq. Qubadlı rayonunda son dövrlərdə quruculuq işləri tam sürətlə davam etdirilir, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində dövlətimizin başçısının tapşırığı ilə icra olunan və işğaldan azad edilmiş rayon və kəndlərin sosial-iqtisadi inkişafında mühüm rol oynayacaq yol infrastrukturu layihələrindən biri Xudafərin-Qubadlı-Laçın və Xanlıq-Qubadlı avtomobil yollarıdır.
Yeni Xudafərin-Qubadlı-Laçın və Xanlıq-Qubadlı avtomobil yolları işğaldan azad edilmiş Zəngilan, Qubadlı və Laçın rayonlarının ərazisindən keçir. Avtomobil yolu Qubadlı və Laçın şəhərləri də daxil olmaqla, sözügedən rayonların 30-dan artıq yaşayış məntəqəsini əhatə edir.

Qələbənin bir yaşı

30 il kimsəsiz, əzizləri olmadan yaşadı o dağlar. Yana-yana, yanıqlı bayatılar deyə-deyə dünyadan köçdü neçə-neçə insan. Beləcə, ömür keçdikcə bu yurd həsrətinin yarası qabıq qoydu. Amma sağalmadı yurd torpaq həsrəti, o yaranın qabığı tez-tez soyuldu. Dağın yamacındakı o yurdda, o ocaqda, tüstülənən odun peçinin üstündə dəmlənən plovda qaldı çoxlarının fikri, xəyalı. İllər sonra yeni-yeni yaşayış massivləri salındı, köhnə binalarda, dar otaqlarda, çadırlarda yaşayan qubadlılılar oraya köçürüldü. Amma şərait nə qədər yaxşı olsa da, xəyallar, arzular o qoşa dağların ətəyindəki yurdda qalmışdı. Elə o yurdun da fikri xəyalı öz doğmalarının yanında idi. Artıq 30 il idi ki, hər bir azərbaycanlı Qarabağ adlı qisas daşıyırdı ürəyində. İllər keçdikcə ordumuzun gücü, dövlətimizin iqtisadi qüdrətinin artması həsrətimizin bitəcəyi günü yaxınlaşdırırdı.Və həmin gün gəldi... 44 günlük Vətən müharibəsində ürəyi Vətən eşqi ilə döyünən oğullar irəli atılaraq cənnətimizi geri almağa nail oldular. Biz bir olduq, güclənib düşmənin başına ildırım kimi çaxdıq. Azərbaycan xalqına Qaçaq Nəbi kimi Xalq qəhrəmanı, Həcər kimi igid qadın, Valeh Bərşadlı kimi general, görkəmli ziyalılar bəxş edən Qubadlı əsl sahibinə qaytarıldı. Şanlı bayrağımız bütöv Azərbaycanımızın başı üzərində qürurla dalğalandı. Qubadlının mərkəzində ulu öndərimizin layiqli davamçısı, Ali Baş Komandan cənab İlham Əliyevin əlləri ilə üçrəngli bayrağımız göylərə çəkildi. Bu mənzərələri gördükcə işğaldan azad edilən yurdlarımızın sakinləri ilə bərabər, hərkəs sevinir. 29 il idi ki, hər il eyni gündə Qubadlının işğal gününü ürəkağrısı ilə anırdıq. Bu gün isə “Qubadlı azaddır, Qubadlı həsrəti bitdi. Sonsuza kimi bitdi bu həsrət” deməkdən şərəf duyuruq.
Bu gün bütün işğaldan azad edilmiş rayonların sakinləri kimi Qubadlı sakinləri də öz evlərinə tələsir öz çırağını öz ocağını yandırmağa can atır. Tarixin ən şanlı qələbəsini qazanan xalq vəhşi düşmənin dağıtdığı yurd yerlərini yenidən gülüstana çevirəcək. Abad yurdumuzda əmin-amanlıqla yaşamağa başlayacağımız gün isə qələbənin əsl təntənəsi olacaq.

Ramiyyə ƏKBƏROVA