Neçə gündür ki, böyükdən-kiçiyə bütün Azərbaycan sevinc göz yaşları içərisindədir. “Qarabağ əzəli sahibinə qayıdıb, Şuşa bizimdir, Laçın bizimdir!” “Şəhidlərimizin qisası alındı, onların ruhu ağ göyərçinə dönüb Qarabağımızın azad səmasında qanad çalır!” kimi şüarlar dolaşır hamının dilində. Hər kəs qürurlu və sevinclidir. Amma aramızda elələri də var ki, onların sevinci tam başqadır. Bəli, onlar illərdir, öz yurdlarından zorla qovulub məcburi köçkün kimi vaxtilə qışın soyuğunda, yayın istisində çadırlarda yaşamağa məcbur olan insanlardır. Biri Cəbrayıldan, biri Şuşadan, digəri Zəngilandan, Qubadlıdan və işğalda olan başqa torpaqlarımızdan silah gücünə çıxarılanlar. İllərdir, o gün gələcək, – deyib ordusuna, dövlətinə, dövlət başçısına ümid bəsləyənlər. Artıq o ümid doğrulub. Bununla hamımızın arzusu yerinə yetib. İşğaldan qarış-qarış azad edilən torpağımızın ən yüksək zirvəsinə sancılan bayrağımız hər birimizin ürəyini dağa döndərib. Yurdlarından qovulanda özləri  ilə təkcə evinin qapılarının açarlarını götürən, son nəfəsində: bax o sandıqda evimizin açarları var, onları qoruyun, yurdumuz alınanda qapımızı açarsınız,  deyənlərin arzusu yerinə yetib. 

Bu gecə yuxuda evimizi görmüşəm, görəsən nə vaxt bir də görəcəyəm həyətimizi? Qış da gəldi, görəsən Şuşaya qar yağıbmı? Yaz gəldi, xarıbülbül açıbmı, görəsən biz olmadan? Bəs nə vaxt çəkəcəyəm Zəngilanın havasını ciyərlərimə? – deyən neçə-neçə insanın sualları da bitdi artıq. Bu suallar da bitdi, yurd həsrəti də. Yurd həsrəti sona yetən vətəndaşlarımızın hərəsi bir eldən, obadan öz səsini çatdırır xalqımıza. Qədim Naxçıvanımızda yaşayan bir neçə qarabağlı da öz sevincini bizimlə bölüşdü. 

Mübariz Mirzəyev bir neçə ildir, yurdumuzda yaşayır. O, dağlar gözəli Qarabağın almaz qaşı, Azərbaycanın musiqi beşiyi, Azərbaycan əsgərinin, sadəcə, Vətən sevgisi ilə ağır silahsız və texnikasız azad etdiyi Şuşa şəhərinin sakinidir. Mübariz deyir:

– Vətənimizin hər qarışı bizim üçün əzizdir, müqəddəsdir. Amma insanın dünyaya göz açdığı yer daha əziz olur desəm, kimsə məni qınamaz. Vəzifəsindən, cəmiyyətdə tutduğu mövqeyindən asılı olmayaraq, hər kəs dünyaya göz açdığı kəndi, şəhəri, qəsəbəni daha çox sevir. İllərdir, sevgimiz həsrətə dönmüşdü. Düz 28 il elimizdən, evimizdən ayrı düşüb öz doğma torpaqlarımıza qayıtmaq arzusu ilə yaşayırdıq. Məcburi köçkün, qaçqın adını daşımaq məcburiyyətində qalmışdıq. Düşünəndə ki, böyüdüyüm evdə ermənilər yaşayır, gəzdiyim Cıdır düzündə, İsa bulağında, Çətir şəlalədə, Topxana meşəsində onlar istirahət edir – ürəyim yanırdı. Amma heç vaxt ümidimizi itirmirdik. Həmişə inanırdıq, gözləyirdik bu günü. Şükür Böyük Yaradana ki, o gün gəldi. Tanrı da haqqımızı haqq elan etdi. Vətənin şanlı oğulları dilində Vətən nəğməsi, könlündə Qarabağ yanğısı, ürəyində düşmənə nifrət hissi ilə döyüşə atıldı. İkinci Qarabağ müharibəsi başlayan gündən Şuşanın işğaldan azad ediləcəyi xəbərini eşidəcəyim anı səbirsizliklə gözləyirdim. Ali Baş Komandan hər dəfə xalqa müraciət edəndə, azad edilən kənd və şəhərlərin adını çəkəndə sevincimdən özümə yer tapa bilmirdim. Və azad olunan torpaqların adı bir-bir çəkiləndə qəhrəman oğullarımızın Şuşaya – evimizə çatdıqlarını hiss edirdim.
İndiki gücümüz və Vətən sevgimiz həmin illərdə də var idi. İçimizdəki xəyanətkarlar olmasaydı, o mənfurlar Şuşanı işğal edə bilməzdilər. Bir xəyanətə qurban getdi Qarabağın almaz qaşı. Şuşanın belə qısa müddətdə süqut etməsinin səbəblərindən biri şəhərin müdafiəsinin yetərincə təşkil olunmaması idi. Ermənistan Şuşa ətrafına çoxsaylı hərbi texnika və canlı qüvvə yığmışdı, şəhərə hücumda 100-dək zirehli maşın və tank, 11 min canlı qüvvə iştirak edirdi.
Erməni silahlı birləşmələrinin tərkibində, hətta xaricdən gətirilmiş muzdlular da döyüşürdülər. O illəri xatırlamaq çox acıdır. İçimizdəki sapı özümüzdən olan baltalar olmasa idi, biz 28 il həsrətlə yaşamazdıq. Şükür, Allaha ki,bu günü bizə yaşatdı. Həsrətimiz bitdi. Yolumuz açılır, buradan – Şərqin qapısından Şuşaya öz avtomobilimizlə rahatlıqla gedəcəyik.
Müsahibim onu da deyir ki, çox vaxt hər il sentyabr ayında Şuşaya qar yağardı. Havalar soyuyardı. Amma bu il yağmadı o qar. Sanki öz sahibinin yolunu gözləyirdi. Hiss edirdi əsl yiyəsinin gəldiyini. Yağmadı qar, çünki yağıb özününkülərin yolunu bağlamaq istəmədi. Hava şəraitinin də yaxşı olması oğullarımıza kömək etdi. İllərdir, torpağımız qayıtsın, – deyib dua edən insanların arzusu yerinə yetdi. Şuşadan videokadrlar yayılanda gördüm evimizi, uşaqlığım, gəncliyim yadıma düşdü. Ömrümün ən gözəl illərini orada, yuxarı dördyolda yerləşən məhəlləmizdə keçirmişəm. İndi ən böyük arzum oraya qayıtmaqdır. Ötən gün Şuşada Gövhər ağa məscidində azan verən Azərbaycan əsgərini görəndə sevincimdən ağladım. İllərdir, o gözəl torpaq bu səsə, əzizlərinə həsrət qalmışdı. Böyük zəfərin xəbərçisi oldu Şuşa. Yaşasın ordumuz, ruhu şad olsun şəhidlərimizin.
Cəbrayıl rayonunun sakini Əfqan Hüseynov Sədərək kənd tam orta məktəbində müəllim işləyir. Onun atası Cəbrayıl şəhərindəndir, anası isə naxçıvanlı qızıdır. Əfqan müəllim Cəbrayılda dünyaya göz açıb, böyüyüb. Deyir ki, uşaqlığımın, gəncliyimin ən gözəl illərini orada keçirmişəm. Təhsil almaq üçün buraya gəldim və ailə qurub, işləyib Naxçıvanda yaşamağa başlamışam. Əvvəllər tez-tez gedərdik Cəbrayıla, amma münaqişə başlayandan sonra yollar bağlandı və bir neçə il sonra rayonumuz işğal edildi. Gediş-gəliş dayandı. Uzun illərdən sonra Cəbrayılı qəlbi Vətən eşqi ilə döyünən oğullarımız azad etdi. Cəbrayıl işğaldan azad edilən ilk şəhər oldu. Ayağı sayalı oldu Cəbrayılın. Onun ardınca Füzuli, Zəngilan, Qubadlı döyünən ürəyimiz, mədəniyyət beşiyimiz Şuşa da azad edildi. Vətən torpağının hər qarışı üçün canından keçən igid oğullarımızın – şəhidlərimizin ruhu qarşısında baş əyirəm. Silah tutan əlləriniz var olsun, Azərbaycanımızın aslanları, – deyirəm. Çox sağ olun, bu xalq daim sizə minnətdar olacaq. Azərbaycan dövləti yaşadıqca onun tarixinə öz qanları ilə şanlı Qələbəni yazan oğullar da var olacaq.
Leyli Qədimova Sədərək kənd 1 nömrəli tam orta məktəbin müəllimidir. O, Naxçıvan Dövlət Universitetində təhsil alıb. İyirmi altı ildir ki, qədim Oğuz yurdu Sədərəyin gəlinidir. Deyir ki, bura mənim üçün dünyaya göz açdığım Zəngilan rayonunun Alıbəyli kəndi qədər əzizdir:
– Torpağımız işğal ediləndən sonra ailəm Sabirabad rayonunda məskunlaşıb. Yurd həsrəti yaman pis olur. Hər dəfə təyyarə ilə, ya da İran İslam Respublikasından keçib Bakıya gedəndə Zəngilan həsrəti ürəyimi göynədirdi. Kaş bu yol Zəngilana kimi uzanaydı, – deyirdim. Arzuma çatmışam .
Cənab Ali Baş Komandanımızın xalqa müraciətində Zəngilan şəhəri, Alıbəyli kəndi azad edildi, – sözlərini eşitdikdə hansı hissləri keçirdim, nələr yaşadım, nələr düşündüm! Bunu ancaq uzun illər doğma yurduna həsrət qalanlar bilər. Necə deyərlər, dərdlinin dərdini dərdlilər anlayar. Həmin anda mən, sanki quş olub kəndimizə uçmaq, doğma ocaqlarımızı, yurd yerlərimizi görmək, əzizlərimizin məzarını ziyarət etmək istədim. Ürəyimdə həyətimizin torpağından öpmək, əgər qalıbsa, üzümü evimizin divarlarına sürtmək hissi baş qaldırdı. Bir anlıq o torpaqlardan çıxdığım çətin günlərə qayıtdım. Soyuq payız günləri idi. Rayonda elektrik enerjisi kəsilmiş, insanlar nə edəcəklərini, hara gedəcəklərini özləri də bilmirdi. Gündüzlər başları iş-gücə qarışsa da, axşamlar bir yerə toplaşıb söhbət edir, bir-birinə təskinlik verirdilər. Radiodan xəbərlərə qulaq asır, ordumuzun irəliləyişini eşidirdik. Haraya irəlilədiyini bilmirdik. Çünki o vaxt Qarabağla yanaşı, ətraf rayonlar da erməni terrorçuları tərəfindən alınmış, Zəngilan isə mühasirədə idi. Çox keçmədi – 1993-cü il oktyabr ayının 29-u bir gün geri dönmək ümidi ilə torpaqlarımızdan, isti od-ocağımızdan ayrı düşdük. Alnımıza qaçqın, köçkün, didərgin sözləri yazıldı.
13 nəfərlik bir ailə ilə yola çıxdıq, çox çəkmədi ki, qardaşlarım Rusiyaya üz tutdu, bacılarım ailə qurdu, nənəm, atam “Zəngilan” deyə-deyə həyatdan köçdülər. Amma inanıram ki, bu gün onların ruhu şaddır. Axarlı-baxarlı, xan Arazlı, süsən meşəli Zəngilanım bu gün azaddır. Biz isə yurd həsrəti deyil, torpaqlarımıza qovuşmaq arzusu ilə yaşayırıq. Əminəm ki, hərəsi bir yerdə məskunlaşmış ailə üzvlərimiz, nəhayət, bir yerə yığışacaq, süfrə arxasında toplaşıb keçmişin xoş xatirələrindən danışacaq, dünyadan köçmüş əzizlərimizin nigaran ruhu, nəhayət, dinclik tapacaq.
Mən bir zəngilanlı kimi cənab Ali Baş Komandanımıza, müzəffər Azərbaycan Ordusuna ailəmiz adından dərin minnətdarlığımı bildirirəm.
Ziyafət Kazımova dahi Füzulinin adını daşıyan bir elin qızıdır. Onun atası hərbçi olub və bir müddət Şərur rayonunda xidmət edib. Ziyafət Naxçıvan Dövlət Universitetinin Tarix müəllimliyi ixtisasını bitirib, 37 ildir ki, qədim Şərur elinin gəlinidir. Deyir ki, Yuxarı Əbdürrəhmanlı kəndi işğal ediləndə evimizi, elimizi tərk etmək məcburiyyətində qaldıq. Həmin illərdə mən ailə qurmuşdum və Şərur şəhərində yaşayırdım. Kəndimizin, rayonumuzun işğal edildiyindən gec xəbər tutdum. Həmin günlərdə Naxçıvanda da gərgin döyüşlər gedirdi, həyat yoldaşım həkim kimi ön cəbhədə idi. Elektrik enerjisi fasilələrlə verildiyi üçün xəbərlərə baxa bilmirdik. Qazsız, işıqsız qalmışdıq. Blokada vəziyyətinə düşən Naxçıvan informasiya çətinliyi də yaşayırdı. Xəbəri alanda, sanki dünya başıma uçdu. Atamın, əzizlərimizin məzarı olan torpaqlar işğal edildiyi gün həyatımın ən çətin anını yaşadım. Bir övladın ata evini, ata məzarını ziyarət edə bilməməsi necə ağır bir dərddir, bunu ancaq yaşayan bilər. Ulu öndərimiz ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra əks-hücum əməliyyatında rayonumuzun bir çox ərazisi qorundu, bir neçə kəndi və Horadiz qəsəbəsi isə işğaldan azad edildi. Amma kəndimiz neytral zonada qaldığı üçün biz yenə də həsrətlə baxa-baxa qalmışdıq yurdumuza. Bakıda yaşayan anam torpaq həsrətinə dözə bilmədi, dünyadan köçdü.
Torpaqlarımız erməni vandalları tərəfindən işğal ediləndən illər sonra – 2016-cı ilin Aprel döyüşlərində xalqımız həsrətində olduğu qələbə xəbəri ilə açdı bir yaz səhərini, iki il sonra 2018-ci ilin may səhərində isə qədim Naxçıvanımızdan qələbə soraqlı müjdələr qanad açdı doğma Azərbaycanımıza. Və bir neçə gündür ki, şanlı Ordumuzun zəfərini qeyd edirik. Şükür Böyük Yaradana ki, o gün gəldi. Torpağımız Ali Baş Komandanımızın siyasi iradəsi, Ordumuzun gücü ilə azad edildi. Füzuli şəhərinin mərkəzində Azərbaycan Bayrağı dalğalandı. Mən cənab Prezidentin çıxışına baxarkən işğaldan azad olunan yaşayış məntəqələri arasında Yuxarı Əbdürrəhmanlı kəndinin də adını eşidəndə bir anlıq xəyalım o bağlı-bağatlı evimizə uçub getdi. Orada illərdir, bizim yolumuzu gözləyən ata məzarını düşündüm. Mən tarix müəllimi kimi də sevincliyəm. Çünki hər dəfə uşaqlara işğaldan danışanda, həmin qara günlərdən söhbət açanda qəlbim yanırdı. İndi isə qürur dolu tariximizdən, işğaldan azad edilən torpaqlarda igidlik göstərən oğullarımızdan söhbət açacağıq. Artıq Füzulinin, Qubadlının, Zəngilanın işğalından illər ötdü deməyəcəyik. Oğullarımız sildi bu ifadələri öz canları bahasına tarixin səhifələrindən. Onlar zəfər himnini yazdı tariximizə. İgidlərimizin şərəfli ömrü örnək olacaq övladlarımıza. İşğaldan azad edilən torpaqlardan hazırlanan süjetləri, orada dalğalanan üçrəngli bayrağımızı gördükcə qürur duyuram.
Bu sevinci sözlə ifadə etmək mümkün deyil. Ancaq minnətdarlıq hissi ilə ifadə edirəm sevincimi:
– Əbədiyaşar ruhun qarşısında baş əyirik, dahi rəhbər. Yaşa, var ol, Ali baş Komandan, müzəffər Azərbaycan əsgəri! Haqqını bizə halal et bir qarış torpaq uğrunda canından keçən igid Vətən oğlu. Haqqını halal et, övlad böyüdüb Vətən torpağına sipər edən, odu sinəsinə basıb məğrurluqla söndürən Azərbaycan anası! Haqqını halal et, yollara dikilən gözlərinə çökən əbədi həsrəti qürurla əvəz edib şəhid olan həyat yoldaşının cənazəsini çiynində əbədiyyətə yola salmağa aparan Azərbaycan qadını! Haqqınızı Azərbaycan xalqına halal edin, ata nəvazişini, ata sevgisini, üçrəngli bayrağımızın kölgəsində uyuyan məzarlarla əvəz edən şəhid övladları…
Bu gün böyük tarixi qələbəsi ilə öz sözünü döyüş meydanında deyən xalqımızın bir arzusu var: evimizə, elimizə qayıdıb mənfurların xarabaya döndərdiyi yurdumuzu əvvəlki kimi gülüstana çevirmək.
Biz bunu bacaracağıq, necə ki, düşməni qovduq.
Ali Baş Komandanın dediyi kimi: “Ermənilər bizim bütün kəndləri dağıdıblar. Elə ediblər ki, azərbaycanlılar daha heç zaman oraya qayıtmasınlar, qayıda bilməsinlər. Amma Azərbaycan xalqının iradəsini bilmirlər. Biz Cocuq Mərcanlını səkkiz aya qurduq. İndi orada insanlar yaşayırlar, qazı da, suyu da, elektriki də, məscidi də, xəstəxanası da, məktəbi də, evlər də var, hər şey var. Bütün o torpaqları biz cənnətə çevirməliyik. O torpaq canlanacaq, oraya həyat qayıdacaq, uşaqların gülüşü gələcək, insanların təbəssümü qayıdacaq”.

 Ramiyyə ƏKBƏROVA