Sentyabrın 27-dən Azərbaycan gecələrinin sabahları igid oğullarımızın Günəş kimi parlayan qəhrəmanlıqlarının şəfəqləri ilə açılır. Qəlbi Vətən eşqi ilə döyünən igid oğullarımız öz canları bahasına üçrəngli bayrağımızı Suqovuşana, Füzuliyə, Cəbrayıla, Xocavəndə, Hadruta sancır. Onlar Azərbaycan xalqının tarixini öz müqəddəs qanları ilə yazırlar. Hər qələbə xəbəri ilə ürəyimiz dağa dönür. Hər kəs cəbhəyə, səngərə can atır, öz canlarından keçərək təki torpağımız – Şuşamız, Laçınımız, Kəlbəcərimiz azad olsun. Orada illərdir, əsir qalan şəhid ruhları sevinsin”, – deyirlər.

Şanlı tariximizin yazıldığı bu günlərdə hər kəs səfərbər olub, Qələbəyə öz töhfəsini verməyə çalışır. Könüllü olaraq ordu sıralarına qatılmaq istəyənlərin sayı hər gün artır. Könüllü olaraq ordumuzun sıralarına qoşulmağa çalışan insanların sayı durmadan artır. Bu gün Azərbaycanın bütün rayonlarında yerləşən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin şəhər, rayon şöbələrinin qarşısında qələbəlik var. Tarixboyu qəhrəman bir diyar kimi tanınan qədim Naxçıvanımızın Ermənistanla dövlət sərhədində sakitlik olsa da, gənclərimiz, hətta yaşlı sakinlər belə, Vətənimizin müdafiəsində dayanmağa can atır. Elə yaxın günlərdə Sədərək rayonunda da olarkən çağırışçılarla yanaşı, könüllü xidmətə yollanmaq istəyənlərin də müraciətləri müraciətlərinin şahidi olduq. Sərhəd bölgəsi olan Sədərəkdə qismən səfərbərliyə cəlb edilmiş gənclər coşqu ilə xidmətin rayon şöbəsinə üz tutmuşdular. Şöbəyə könüllü olaraq gələnlər arasında isə yaşı hələ 18-ə çatmayanlar da var, tələbələr də, müharibə veteranları da. Onlar da Vətənə xidmət etməyə, Azərbaycan əsgəri olmağa, o şərəfli adı daşımağa can atırlar.
Xidmətin qarşısında ilk diqqətimi çəkən, təxminən, 60 yaşlarında bir sakin olur. Əvvəlcə, onun oğlunu, ya da nəvəsini yola salmağa gəldiyini düşünürəm. Yaxınlaşıb söhbət edəndə isə məlum olur ki, həmin şəxs Sədərək kənd sakini, polis veteranı İman Tağıyevdir. O, Sədərək döyüşlərinin iştirakçısı olub. Deyir ki, dövlətimizin hərtərəfli qayğısı hər zaman bizimlədir. Bu gün də Vətənin müdafiəsində iştirak etməyə hazıram.
Şükür Allaha ki, bu gün müstəqil Azərbaycanımız var. Ötən əsrin 90 cı illərinin əvvəllərində müstəqilliyimizi təzə əldə edəndə Sovet qoşunlarından qalan köhnə silah-sursatdan başqa heç nəyimiz yox idi. Blokadaya alınmış Naxçıvan həmin günlərdə də öz dözümünü itirmədi, düşmənin qarşısında Əlincə duruşu ilə dayandı. Hamılıqla əliyalın döyüşə tələsdik. Ölümün gözünə dik baxdıq. Bunu xalqımızın birliyinin sayəsində etdik. İnsanlar güclə tapdıqları bir parça çörəyi səngərə yollayır, evimiz səngər, Vətəni müdafiə edən oğullarımız isə övladlarımızdır, – deyirdilər. Xain qonşularımızın hücumlarına məruz qalıb, təkbaşına onlara inadla müqavimət göstərir, hətta düşmənə ağır zərbələr vuraraq onu geri çəkilməyə vadar edirdik. Hər qaranlıq gecənin bir işıqlı sabahı var, – deyirlər. Bizim nurlu sabahımız isə dahi rəhbərin gəlişi ilə açıldı. Ulu öndərimizin yurduna qayıtması hamıda – səngərdə döyüşən əsgərdə də, çadırlarda yaşayan Sədərək sakinlərində də ümid yaratdı. Bu gün ordumuzun silah arsenalı geniş, döyüş qabiliyyəti isə çox yüksəkdir. Ordumuz düşməni darmadağın edir, ermənilər silah-sursatını döyüş meydanında qoyub qaçır. Hər dəfə ordumuzun işğaldan azad etdiyi torpaqlardan çəkilən süjetləri, hakim yüksəkliklərə sancılan şanlı bayrağımızı görəndə sevinirəm ki, bu gün əbədiyaşar liderin arzu və istəkləri Ali Baş Komandanımızın rəhbərliyi ilə gerçəyə dönür.
Rayon sakini Arzuman Qasımovun qardaşı Əhməd 1993-cü ildə – hələ 17 yaşında ikən şəhidlik zirvəsinə yüksəlib. O deyir: – otuz beş yaşım var. Döyüş bölgələrində həqiqi hərbi xidmətdə olmuşam. Ön xəttə getmək üçün ikinci dəfədir ki, müraciət edirəm. Vətən uğrunda son damla qanıma qədər vuruşmağa hazıram. Muxtar respublikamızın bütün sərhədlərində sabitlik hökm sürür. Düşmən postları Sədərəyə yaxın ərazilərdə yerləşsə də, bir mərmi belə, atmağa cəsarət etmirlər. Ancaq mən ötən illəri xatırlayıram. Onda mənim yaşım az idi. Xatırlayıram ki, mənfur düşmən Sədərəyə hücum edəndə məktəblilər də həlak olmuşdu. Çox çətin idi. Həmin günlərdə nizami ordumuz yox idi, amma buna baxmayaraq, hamı bir olmuşdu, heç kim evini tərk etmək istəmirdi. Qardaşımı hələ 17 yaşı tamam olmamış səngərə aparan da ürəyindəki Vətən sevgisi idi. Arzu edirəm ki, Qələbənin qazanılmasına mən də öz töhfəmi verim və qardaşımın məzarı başında dayanaraq deyim ki, qardaş, sənin qisasını aldıq. Uğrunda şəhid olduğun Vətən bu gün Qələbə sevincini yaşayır, qoy ruhun şad olsun. Düşünürəm ki, bu günü görmək hər bir azərbaycanlının ən böyük arzusudur. Qarabağ bölgəsində ordumuzun həyata keçirdiyi uğurlu əks-hücum əməliyyatları da bizi bu günə yaxınlaşdırır. İnanıram ki, Prezidentimizin, Ali Baş Komandanımızın Qələbə müjdəsini böyük təntənə, coşqu ilə qarşılayacağıq.
Yusif Zamanlı da bu gün hərbi xidmətə yollanmaq üçün müraciət edib: – İki qardaşım qismən səfərbərlik əmri ilə təlim toplanışına çağırılıb. Onlardan biri mənim əkizimdir. Mən də könüllü olaraq müraciət etdim ki, onların sırasına qoşulam. Bunu özümə borc bilirəm. Biz öz doğma yurdumuz Naxçıvanın müdafiəsi ilə yanaşı, Qarabağımız uğrunda gedən döyüşlərdə də iştirak etməyə hazırıq. Birinci Qarabağ müharibəsində bizim kəndimizdən də oraya gedən, şəhid olan qəhrəman oğullarımız çoxdur. 1994-cü ildə ulu öndərimizin rəhbərliyi ilə başlanan əks-hücum əməliyyatında Naxçıvanın onlarla igid oğlu Füzuli və Ağdam istiqamətində gedən döyüşlərdə igidlik göstərib, şəhidlik zirvəsinə yüksəliblər. Onların keçdikləri həyat yolu, qəhrəmanlıqları bizim üçün də nümunədir. Biz də onların yolunu davam etdirəcəyik.
Burada söhbət etdiyim hər bir Vətən oğlunun ortaq fikri bu idi ki, bu gün hamı Vətəninin müdafiəsinə, böyük Qələbəyə öz töhfəsini verməlidir. Bu gün qədim diyarımız etibarla müdafiə olunur. Əlahiddə Ümumqoşun Ordunun fəth etdiyi zirvələrdən doğma Qarabağımızın başıqarlı dağları görünür. Qarabağ isə tarixən bizim ata-babaların Vətəni olub. Naxçıvanın nər igidləri erməniləri məhv etmək üçün bu diyardan Qarabağa getməyə, orada döyüşməyə hazırdır. Çünki Vətəni müdafiə etmək, mənfur düşməni qovmaq hər bir azərbaycanlının müqəddəs borcudur. Qoy Naxçıvanın adı gələndə tir-tir əsən erməni işğalçıları, terroristləri Qarabağdan rədd olub getsinlər! Qarabağ Azərbaycandır!

 Ramiyyə ƏKBƏROVA