Düz 27 il əvvəl – 1993-cü il avqustun 23-də erməni hərbi birləşmələri Füzuli şəhəri, Horadiz qəsəbəsi və rayonun 82 kəndini işğal edib, insanları doğma yurd-yuvasından didərgin salıblar. İşğal olunmuş yaşayış məntəqələri erməni quldurları tərəfindən talan edilib, dağıdılıb və yandırılıb. Müharibə zamanı rayon sakinlərindən 657-si şəhid olub, 181-i itkin düşüb, 1341-i sağlamlığını itirib. Torpaqlarımızın müdafiəsi uğrunda fədakarlıq göstərmiş füzulililərdən 6 nəfəri Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

Həmin vaxt Azərbaycan Respublikası Milli Məclisinin Sədri vəzifəsində işləyən dahi rəhbərin uzaqgörən siyasəti olmasaydı mənfur ermənilər və onlara havadarlıq edənlər daha çox ərazimizi zəbt edə bilərdi. Tanrı bu xalqın qədirbilən oğluna güc verdi. Xalqımızın onun ətrafında sıx birləşməyi torpaqlarımızın daha geniş miqyaslı işğalının qarşısını aldı. Torpaqlarımızın azad edilməsinə qismən nail olundu. 1994-cü ilin yanvarında Azərbaycan Ordusunun həyata keçirdiyi uğurlu əməliyyat nəticəsində rayonun 21 kəndi və Horadiz qəsəbəsi işğaldan azad edildi. Hazırda rayonun 1382 kvadratkilometr ərazisinin 682 kvadratkilometri işğal altındadır. Əhalisinin 67 min nəfəri işğaldan azad edilmiş ərazidə, 55 min nəfəri isə məcburi köçkün kimi Bakı, Sumqayıt, Şirvan şəhərlərində, Beyləqan, İmişli, Sabirabad, Saatlı və digər rayonlarda məskunlaşıb.

Qarabağ dağ silsiləsinin cənub-şərq ətəklərindən Araz çayına qədər maili düzənlik və alçaq sahələri əhatə edən Füzuli rayonu təbii sərvətlərlə zəngin məkandır. Ərazidə ümumi ehtiyatları 58858 min kubmetr olan əhəngdaşı, 11211 min kubmetr gil, 13053 min kubmetr qum-çınqıl qarışığı yataqları var. Yaşı 200 ildən 1400 ilə qədər olan 11 Şərq çinarı işğala qədər təbiət abidəsi kimi mühafizə olunurdu. Füzuli rayonu tarixi, mədəniyyət və memarlıq abidələri – mağara və kurqanlar, çoxlu sayda türbə, qəbirüstü abidələr, at, qoç fiqurları, körpülərlə də zəngindir. Təəssüf ki, bu nadir abidələrin bir çoxu, eləcə də Azıx mağarası erməni vandalizminin qurbanına çevrilib.
1996-cı ildən etibarən rayonun işğaldan azad olunmuş ərazilərində infrastrukturun bərpasına başlanılıb. Son illərdə rayon ərazisində 16 qəsəbə salınıb, işğalçılar tərəfindən yandırılmış və dağıdılmış evlər, təhsil, səhiyyə və mədəniyyət müəssisələri, yollar, körpülər, elektrik və suvarma sistemləri bərpa olunub. Rayonda Müalicə Diaqnostika Mərkəzi, su elektrik stansiyası, 20 dən çox məktəb tikilib, Horadizdə işğal zamanı yandırılmış və dağıdılmış 6 küçə yenidən qurulub, 227 ev bərpa olunaraq sahiblərinin istifadəsinə verilib. Heydər Əliyev Mərkəzi, Heydər Parkı, Muğam Mərkəzi, Gənclər Mərkəzi, Olimpiya İdman Kompleksi, rayon İcra Hakimiyyəti, Polis və Təhsil şöbələri, Dövlət Təhlükəsizlik Xidmətinin rayon şöbəsi üçün inzibati bina, Bayraq Meydanı, müasir uşaq bağçası, tarix-diyarşünaslıq muzeyi, tikiş fabriki tikilib istifadəyə verilib, mədəniyyət sarayı, şahmat məktəbi, dəmir yolunun Horadiz stansiyası yenidən qurulub. Horadiz qəsəbəsinə şəhər statusu verilib. Bu gün düşmənlə yaxın məsafədə Horadiz şəhərində, kənd və qəsəbələrdə həyata keçirilən tikinti-quruculuq və abadlıq işləri rayonun simasını büsbütün dəyişib. İndi bu yerlərə yolu düşən hər kəs müasirliyin, gözəlliyin, təmizliyin və səliqə-sahmanın şahidi olur.
Həmin çətin günlərdə Şuşada, Laçında, Ağdamda olduğu kimi, cəbrayıllılar da köməyə ehtiyac duyurdular. Hərbi taktika, strategiya, vahid komanda altında birləşmə, irəliləmə yox idi. O çətin dözülməz günlərdə Cəbrayıl rayonunda kifayət qədər qüvvə yox idi. Amma buna baxmayaraq, sərhəddə ermənilərə qarşı müdafiə xətləri yaradılmışdı. Şaqay yüksəkliyi alınmış və orada mövqe tutulmuşdu. Yeddi ay həmin yüksəkliyin hesabına rayona nəzarət edildi. Rayonun işğalı həmin yüksəklik itirildikdən sonra başladı.
Onlarla tarixi abidənin məskəninə çevrilən bu rayonun ərazisi 105 min hektardır. İşğala qədər rayonda tikiş, xalça, cihazqayırma sexləri, səkkiz sənaye obyekti fəaliyyət göstərirdi. Cəbrayıl milli aşıq-ozan sənətimizin baniləri – Dirili Qurbaninin, Aşıq Pərinin, Mücrüm Kərəmin, Aşıq Humayın vətənidir.
1993-cü il avqustun 23-də Cəbrayıl rayonunun tərəfindən tutulması ilə 72 ümumtəhsil məktəbi, 8 xəstəxana, 5 məscid, 2 muzey, 129 tarixi abidə, 149 mədəniyyət ocağı işğal altında qalıb. Hazırda Cəbrayıl üzrə 351 nəfər şəhid ailəsi var, 61100 məcburi köçkün 58 rayonda, daha çox isə Beyləqan, İmişli, Sabirabad, Biləsuvar rayonlarında məskunlaşıb.
Zəngin yeraltı sərvətlərə və təbii gözəlliyə malik Cəbrayıl rayonunda mişardaşı istehsalına yararlı və istismara cəlb edilmiş ehtiyatları Tulus tuf, Çaxmaqçay, Soltanlı tikinti qumu, kərpic istehsalına yararlı Qaracallı gil, sement istehsalına yararlı Göyərçin-Veysəlli vulkan külü, Minbaşlı gəc, Ağtəpə əhəngdaşı, Cəfərabad qum-çınqıl qarışığı, Sahverdi yəşəm və Çaxmaqqaya xalsedon yataqları var.

Rayonda yaşı 200-1600 il olan 14 iri diametrli Şərq çinarı və digər qiymətli ağaclar, həmçinin Dağtumas kəndində “Divlər sarayı” adlanan mağara təbiət abidəsi kimi qorunurdu. Lakin işğaldan sonra respublika və rayon əhəmiyyətli 120-dək tarixi-memarlıq abidəsi, qiymətli ağac növlərindən ibarət meşələr, böyük ehtiyata malik yeraltı sərvətlər, qeyri-adi flora və faunası ilə seçilən Diridağın özünəməxsus təbiət guşələri, mineral maddələrlə zəngin su mənbələri erməni işğalçıları tərəfindən dağıdılaraq məhv edilib. 1994-cü il yanvarın 5-də 1993-cü ilin oktyabr ayında işğal edilmiş Cocuq Mərcanlı kəndi Horadiz əməliyyatı zamanı azad edilib. Amma bununla belə, kəndin ətrafındakı əsas yüksəkliklər erməni silahlı birləşmələrinin nəzarətində qaldığı üçün təhlükəsizlik nöqteyi-nəzərdən əhalini geri qaytarmaq mümkün olmayıb.
Ordumuzun şanlı qələbəsi Aprel zəfərində Lələtəpə yüksəkliyi başda olmaqla erməni ordusu həmin ərazilərdən tam qovulub və Cocuq Mərcanlı kəndi bütünlüklə Silahlı Qüvvələrimizin nəzarətindədir. Prezident cənab İlham Əliyevin sərəncamları ilə Cocuq Mərcanlıda birinci mərhələdə 50 evin, məktəb binasının, məscidin, elektrik yarımstansiyasının tikintisi həyata keçirilib, qaz, elektrik, rabitə, içməli su xətləri, uzunluğu 9 kilometr olan avtomobil yolu çəkilib. Kənddə tikinti işlərinin növbəti mərhələsində daha 100 ev, uşaq bağçası, tibb məntəqəsi, poçt, klub-icma mərkəzi üçün binalar və digər zəruri infrastruktur obyektləri, “Qayıdış” parkı inşa edilib. Dövlətimizin diqqət və qayğısı sayəsində Cocuq Mərcanlıda həyat öz axarı ilə davam edir. Sakinlər məcburi köçkünlük həyatına son qoyaraq doğma kəndlərində, abad ev-eşiklərində yeni həyata başlayıblar və inanırlar ki, gün gələcək bu gözəl mənzərələri Şuşada, Laçında, Xankəndidə də görəcəyik.
Bütün bunlar isə hazırda Azərbaycanın müxtəlif rayonlarında məskunlaşan Cəbrayıl və Füzuli camaatının öz ata-baba ocaqlarına, şəhidlərin narahat ruhları dolaşan o müqəddəs yerlərə qayıdacaqları gününün yaxında olacağından xəbər verir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunda “Qarabağ” yatağının dayaq blokunun dənizə yola salınması mərasimində dediyi: “Bizim ərazi bütövlüyümüz tam bərpa ediləcək, necə ki, bu gün biz vaxtilə tərk edilmiş "Qarabağ" yatağına qayıdırıq, eyni qaydada biz doğma Qarabağ torpağımıza da qayıdacağıq. Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!” kəlmələri bu inamı daha da artırır.
Yaxın günlərdə düşmənlərimizin cəbhə bölgəsindən deyil, dövlət sərhədi olan Tovuz rayonu istiqamətində təxribat törətməyi onların iç üzünü dünyaya göstərməklə yanaşı, çoxlu itki verib geri çəkilmələrinə də səbəb oldu. Və anladılar ki, qarşılarında 90-cı illərdəki müstəqilliyini yeni qazanmış, nizamlı ordusu olmayan Azərbaycan yoxdur. Artıq iqtisadiyyatı güclü, ordusu dünyanın ən güclü 50 ordusundan biri, xalqı isə öz dövlətinin və Ali Baş Komandanın yanında hər an döyüşə hazır olan, generalı, polkovnikləri, mayorları səngərdə öz əsgəri ilə döyüşüb qəhrəmancasına şəhid olan bir Azərbaycan var və güclü dövlətimiz, qüdrətli ordumuz bir qarış torpağımızı belə, düşmən tapdağında qoymayacaq!

- Ramiyyə ƏKBƏROVA