Taleyinə şəhidlik zirvəsi yazılan, dövlət sərhədimizin bütövlüyü uğrunda gedən döyüşlərdə canından keçən oğullarımızın  əziz xatirəsinə.  

Torpağa baxdı şəhid anası, torpağı sevdi, oxşadı, ağısını da, laylasını da torpağa söylədi. Axı oğlu da  bu torpağı çox sevdiyi üçün canından keçdi, oranı əbədi yer seçdi özünə. Vətən sevgisi idi onları  oraya tərəddüd etmədən aparan öz qanları ilə torpağı sulamasına səbəb. Onlar öz qanları ilə suladılar ki, Vətən torpağını qeyrət, qəhrəmanlıq, hünər, təəssübkeşlik bitsin... Gələcək nəsil görsün, kimin övladı olduğunu. Gələcəkdə kim olduqlarını, haradan gəlib haraya getdiklərini bilsinlər. Bu torpağın bütövlüyü uğrunda, bu bayraq enməsin deyə canından keçən igidlərin övladları olduqlarını bilib qürur duysunlar.

Deyirlər ki, torpaq su ilə qarışanda palçıq, şəhid qanı ilə qarışanda isə Vətən olur. Şəhidlər,  yurdsevər ərənlər, bir an düşünmədən canını Vətən, torpaq  yolunda fəda edən cəngavərlərimiz! Siz hər kəsə nəsib olmayan bir yerdəsiniz Tanrının, haqqın dərgahında!..  Düşməndən qisas almağa can atan, qeyrətli, təəssübkeş, Vətənin ən layiqli oğulları. Həmişə igid olub Azərbaycan oğulları. Siz Şah İsmayılın, Sara xatunun, Tomrisin soyundan gəlmisiniz. “Oğul düşmən çəpəridir”, – deyən bir atanın övladlarısınız. Heç kimi, hətta dünya nemətlərindən ən şirini olan canınızı  belə, düşünmədən düşmənə nifrətinizi silaha çevirib irəli atıldınız – sonunuzu düşünmədiniz, ölümü saya salmadınız! Özünüzü  belə, düşünmədiniz! Vətən üçün ölməyə dəyər! – dediniz... Qeyrətli igidlər, Vətənin dar günündə düşmən qarşısına, önə çıxdınız, sinənizi sipər edib  ömrünüzü bu millətin ömrünə caladınız. Əsgəri də,  zabiti də, generalı da hamınız bizim qardaşımız, oğlumuzsunuz. Sizin düşmənə sipər olan  sinənizə dəyən mərmi bütün xalqın ürəyindən keçib getdi. Dövlətimiz yaşasın, bayrağımız  enməsin, torpaqlarımız işğal edilməsin deyə, canından keçən övladlarımız! Sizin məzarınız bizim and yerimiz, müqəddəs ziyarətgahımızdır.

Gün gələcək, sizin uğrunda canınızdan keçdiyiniz Vətən torpağının hər qarışı düşməndən azad olacaq. İgidliyiniz daim yaşayacaq, səngərdəki əsgərlərə mayak olacaq işıqlandıracaq keçdikləri yolları. Bax o zaman alınacaq qisasınız.  Və həmin gün qələbə soraqlı üçrəngli ay-ulduzlu bayrağımız sizin məzarınız başında qürurla dalğalanacaq. Torpağı öz qanları ilə yoğurub Vətən edən şəhidlər!  

 

Ramiyyə ƏKBƏROVA