Qədim Şərur diyarı... Tarixlərin şahidi, inkişaf edib müasirləşdikcə qədimliyini, ululuğunu qoruyub saxlayan yurd yerimiz... Yolboyu tarixi mədəniyyətinə, mədəniyyəti ədəbiyyatına arxa olub milli dəyərlərimizi, adət-ənənələrimizi qərinələrin saxlancına ərməğan edən bu doğma diyarımın tarixindən əzəmət, mərdlik, mədəniyyətindən zəhmətkeşlik, ədəbiyyatından cəfakeşlik alan insanları barədə düşünürəm. Bu xüsusda, rayonun ən böyük yaşayış məntəqələrindən biri olan Aralıq kəndinin də özünəməxsus yeri var.  

 

Aralığı həm də qəhrəmanlar kəndi kimi tanıyırlar. Çünki Sosialist Əməyi qəhrəmanları Bahar xanım Talıbova, Abdulla Məmmədov, İsa Məmmədov bu yurdun övladlarıdır. Aralıqlılar dünən də qəhrəman, igid idilər, bu gün də qoçaq, vətənpərvərdirlər, torpağa bağlıdırlar. Onlar bunu ötən əsrin 90-cı illərində bir daha sübut etdilər. Erməni daşnaklarının torpaqlarımıza hücumu zamanı muxtar respublikanın digər sakinləri kimi, onlar da yurdu müdafiəyə qalxdılar, döyüş bölgələrinə yollandılar. O qanlı-qadalı illərdə bu kənd də şəhidlər verdi. İndi istər yuxarıda adlarını sadaladığımız Sosialist Əməyi qəhrəmanlarının, istərsə də şəhidlərin – Oqtay Məmmədov və Cəfər Babayevin xatirələri kənd sakinləri tərəfindən əziz tutulur, hər zaman yüksək ehtiramla anılır. Hər bir gənc bu vətənpərvər insanların həyat yolunu, torpağa məhəbbət hisslərini özünə örnək sayır.


Azərbaycan oğlu qəhrəmanlıq, şəhidlik üçün doğulub. Bu, atalarımızın rəşadəti, analarımızın südü ilə onların qanına hopub. Zaman-zaman qadınlarımız da kişilərdən geri qalmayıblar. İstər şəhidlik zirvəsinə ucalmaq kimi müqəddəs bir məqamda, istərsə də halal zəhmətləri ilə əmək cəbhəsində öz hünəri ilə dağı dağ üstünə qoyub min bir xariqə yaratmaq baxımından. Elə buradaca Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri Asim Yadigarın elimizin qəhrəman qızı Bahar xanıma həsr etdiyi “Bahar” poemasından kiçik bir bəndi xatırlayıram:

Sən ey Şərurumun qəhrəman qızı,
Baharlı yurdumun Baharısan sən.
Tufanlar önündə məğrur dayanan,
Torpaqdan güc alan çinarısan sən.

Şərur rayonunun Aralıq kəndindən söhbət düşəndə ilk xatırlanan insanlardandır Bahar xanım. Adlı-sanlı əmək adamı, Sosialist Əməyi Qəhrəmanı, 4 dəfə SSRİ Ali Sovetinin deputatı seçilmiş Bahar xanımın adı qadın fədakarlığına, ismət və ləyaqətinə örnək kimi bu gün də dillər əzbəridir. Bəli, şairlər belə dəyərli insanlara çoxlu şeirlər, poemalar həsr edib, onların ömrünü şama bənzədiblər, “Sən yanmasan, mən yanmasam, o yanmasa, necə çıxar qaranlıqlar aydınlığa?”, “Yaşamaq yanmaqdır, yanasan gərək, şam əgər yanmırsa, yaşamır demək”, – deyib şairlərimiz. Ömrünü yana-yana başa vuranlar xalqın, el-obanın qəlbində dərin iz qoyub gedirlər. Onlar haqqında xoş xatirələr dildən-dilə, nəsildən-nəslə keçir. Bu cür insanlar heç vaxt unudulmur, onların xoş əməlləri daim yada salınaraq, gənc nəslə nümunə kimi təbliğ olunur. Bu gün böyük məhəbbətlə xatırladığımız Bahar xanım kimi...
Kəndə gəlişimiz əmək qadınının doğum gününə təsadüf edirdi. İlk baş çəkdiyimiz ünvan da elə qəhrəman qadının məzarı oldu.

Burada tarix yaşayır, burada tarix qorunur

Tədqiqatlardan məlum olur ki, Aralıq 1727-ci ildə Yuxarı Aralıq və Aşağı Aralıq, XIX əsrdə Aralıq Kalba Əli xan, Aralıq Məhəmməd Əli bəy, XX əsrin 20-30-cu illərində Aralıq bəy və Aralıq xan adları ilə adlandırılıbdır. 1936-cı ildə kəndlərin adı dəyişdirilərək Aralıq xan kəndinə Yeni Kurulum, Aralıq bəy kəndinə isə Qəmbərabad adları verilib. Mənbələrin verdiyi məlumata görə, indiki Yuxarı Aralıq kəndi bir müddət də Aralıq Başkənd adlandırılıb və bu yaşayış məntəqəsindən çıxan gənc ailələr Aşağı Aralıq kəndinin əsasını qoyub. Buraya da Aşağı Aralıq Başkənd adı verilib. Sonralar toponimin tərkibindən “başkənd” komponenti düşərək kəndlərin adları Aşağı Aralıq və Yuxarı Aralıq şəklində rəsmiləşdirilib. Məlumat üçün bildirək ki, Azərbaycanın müxtəlif zonaları və Qərbi Azərbaycanda, o cümlədən qardaş Türkiyə Respublikasının İqdır vilayətində də “Aralıq” adlı yaşayış məntəqələri vardır. Aralıq qədim toponimdir. Bu toponimin mənşəyi XVI əsrdə Naxçıvan sancağında böyük bir eli təmsil edən Aralıq nahiyəsinin adı ilə bağlıdır. Əzəli Azərbaycan torpağı olan Aralıq nahiyəsində Reyhanlı, Şeyikli, Quzu­gündənli, Mürsəlli, Daşanlı, Şamdangələnli və digər əşirət və tayfalar yaşayıblar. XVI əsrdən Aralıq kəndində yaşayan tayfa və tirələr qədim toponimləri kənd adlarında qoruyub saxlayıblar. Həmin kəndlərin əhalisi bir-birinə qaynayıb-qarışıb. Onların xeyir-şərləri də həmişə bir olub.

Aralıq sosial-iqtisadi inkişafdan pay alan kəndlərimizdən biridir

Aşağı Aralıq və Yuxarı Aralıq kəndlərinin sakinləri eyni məsciddən, eyni orta məktəbdən, uşaq musiqi məktəbindən, xəstəxanadan, mədəniyyət evindən, kitabxanadan, 512 nömrətutumlu elektron ATS-dən, poçt bölməsindən, baytarlıq məntəqəsindən istifadə edirlər. Bütün bu sadaladığımız sosial obyektlərin hamısı əsaslı təmir və yenidənqurma işlərindən sonra istifadəyə verilib. Həmin vaxt Yuxarı Aralıq və Aşağı Aralıq kənd inzibati ərazi dairələri üzrə nümayəndəliklər üçün ucaldılan ikimərtəbəli iki inzibati bina da xüsusi gözəlliyi ilə diqqəti çəkir.
Kompleks quruculuq tədbirləri çərçivəsində kəndlərin mərkəzindən keçən yolun yatağı genişləndirilib, asfalt döşənib, səki salınıb, yol kənarındakı bütün həyətlərə təzə hasar çəkilib. Köhnə və təzə qəbiristanlıqlar hasara alınıb, məzarların ətrafına ağac əkilib, su xətti çəkilib, işıqlandırma sistemi quraşdırılıb. 2009-cu ildə Aralıqda daha bir obyekt – yeni ticarət mərkəzi də istifadəyə verilib. İki mərtəbədən ibarət olan binanın birinci mərtəbəsində ərzaq, qarışıq mallar və ət mağazaları yerləşir. İkinci mərtəbədə gözəllik salonu, dərzi, bərbər, xidmət sahələri, geyim və ətriyyat mağazaları, kompüter oyun salonu fəaliyyət göstərir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun ticarət mərkəzinin açılış mərasimindəki çıxışı bu gün də yaddaşlarda yaşayır: “Kənddə içməli və suvarma su problemi həll olunub, kənd tamamilə qazlaşdırılıb, telefonlaşdırılıb, yolu abadlaşdırılıb. Muxtar respublikamızın bütün yaşayış məntəqələri kimi, Aralıq kəndi də daimi elektrik enerjisi ilə təmin olunur, əhalinin məişət problemlərinin həlli üçün belə mərkəzlər istifadəyə verilir. Əgər kənddə əhaliyə xidmət edən obyektlər olmasa, insanlar müəyyən çətinliklərlə qarşılaşar. Ona görə də qurulanlar qorunmalı, onlardan səmərəli istifadə olunmalıdır”.
Kənd sakinləri isə bu dövlət qayğısının müqabilində onların xoş və firavan həyat tərzi yaşamaları üçün inşa edilmiş bütün obyektlərin qorunub gələcək nəsillərə ərməğan edilməsi üçün səylərini əsirgəmirlər. Odur ki, neçə illər bundan əvvəl həyata vəsiqə almış həmin tikililər öz görkəmi ilə yeni obyektlərdən seçilmirlər. Bu həm də tikilənlərə, qurulanlara, nəticə etibarilə, öz doğma yurd yerinə doğma və yanarlı münasibətin göstəricisidir.

Aralığın təhsil uğurları

Şərurda öz müsbət ənənələri ilə öyünən təhsil ocaqlarından söhbət düşəndə Aralıq kənd tam orta məktəbinin də adı iftixarla çəkilir. Məktəbin yaranma tarixi də maraqlıdır. Belə ki, 1931-ci il yanvarın 25-27-də Azərbaycan Müəllimlərinin V Qurultayında ümumi icbari təhsilin həyata keçirilməsi, savadsızlığın ləğvi barədə qətnamə qəbul edildikdən sonra ölkəmizin bir çox bölgələri kimi, bu yaşayış məntəqəsində də məktəb açılıb. 1931-1932-ci tədris ilindən təhsil ocağı ilk dəfə iki siniflə fəaliyyətə başlayır. Məktəbdə təhsil sonrakı ildə 4, 1950-1961-ci illərdə 7, 1962-1982-ci illərdə isə 8 illik olub. 1983-cü ildə kənddə ikimərtəbəli, 624 şagird yerlik yeni məktəb binası tikilib istifadəyə verildikdən sonra isə bu təhsil ocağı tam orta məktəbə çevrilib. Ölkə Prezidenti cənab İlham Əliyevin “2010-2011-ci tədris ilində keçirilmiş “Ən yaxşı ümumi təhsil müəssisəsi” müsabiqəsinin qaliblərinin mükafatlandırılması haqqında” imzaladığı 2011-ci il 28 iyun tarixli Sərəncam ilə bu məktəb də müsabiqənin qalibi olub.
Aralıq məktəbi tarixən onun başını uca edən məzunları ilə fəxr edib. Onlardan yuxarıda qeyd etdiyimiz tanınmış zəhmət adamları ilə birlikdə müxtəlif sahələr üzrə elmi dərəcələr almış alimlərdən Əli Əliyevin, Əmir Quliyevin, Qənbər Quliyevin, polkovnik rütbəsinə qədər yüksəlmiş Xəlil Ağayevin və digərlərinin adı daim hörmətlə çəkilir.
Bu gün həmin tədris ocağında ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinin şagirdlərə öyrədilməsinə xüsusi diqqət yetirilir. Bunun üçün ayrıca guşə yaradılıb və burada ulu öndərin ömür yolunu əks etdirən çoxlu materiallar yerləşdirilib.
Məktəbdəki hərbi kabinə zənginliyi və müasirliyi ilə diqqəti cəlb edir. Kabinənin müxtəlif plakatlar və əyani vəsaitlərlə təmin olunması şagirdlərin hərbi-vətənpərvərlik tərbiyəsinin gücləndirilməsinə şərait yaradır. Bu təhsil ocağındakı idman zalı şagirdlərin fiziki sağlamlığının qorunmasında, onların bədən tərbiyəsi və idmanla müntəzəm məşğul olmalarında əhəmiyyətli rol oynayır. Əyani vəsaitlərlə təchiz olunmuş fənn kabinələri, ayrıca olaraq informasiya vasitələri və elektron lövhələri olan kabinələr, dərslik və bədii ədəbiyyatla təmin edilmiş zəngin kitabxana şagirdlərin ixtiyarına verilib.

Şərurlular zəhmətkeşliyi ilə nümunədirlər

Kənd həyatından danışarkən aqrar sahədə görülən işlərdən söz açmamaq olmaz. Sakinlərdən təqaüdçü müəllim Musa Muxtarov və bir neçə kənd ağsaqqalı ilə bu barədə həmsöhbət olduq. Onlar qeyd etdilər ki, Arpaçayın sağ sahilində, axarlı-baxarlı bir yerdə qərar tutan Aralığın torpağı qızıldır. İstənilən meyvə tingini götürün və torpağa basdırın, yerə bənd olmağı ilə kök atacaq, 3-4 ilə qollu-budaqlı ağac olub bar verəcək. Əhalinin əsas məşğuliyyəti əkinçilik və heyvandarlıqdır. Elə torpağının barlı-bəhərli olmasının nəticəsidir ki, Aralıq həmişə çörəkli kənd olub. Çörəkli olduğu üçün də Aralıq həmişə dosta-qonağa qucaq açıb, bura yolu düşənlər hər kəs tərəfindən böyük qonaqpərvərliklə qarşılanıb. Dövlətimiz də bizə hərtərəfli dəstək olur, torpaqlarımızı əkib-becərməyimiz üçün əlverişli şərait yaradır. 14 subartezian quyusu, bir su anbarı həm içməli, həm də əkin sahələrinin suvarılması üçün sakinlərin xidmətindədir. Arpaçaydan öz axını ilə gələn suyun da kənddə bolluq yaradılmasında əhəmiyyəti böyükdür. Tərəvəzçilik də bu kəndlərdə gəlirli sahə kimi diqqəti cəlb edir.
Aralıq həm də dadlı-tamlı meyvələri ilə tanınır. Elə ki yay, payız gəldi meyvə bağlarında ərik, alma, armud, şaftalı, alça, heyva, gavalı ağaclarının budaqları yerə dəyir. Burada yeni meyvə tinglərinin salınması da ənənə halını alıb. Hasilə gələn məhsulun yaxşı şəraitdə saxlanılması, ilin bütün fəsillərində əhalinin tərəvəz və meyvə məhsulları ilə təmin olunması üçün bu kəndlərdə də 2015-ci ildə iki, 2019-cu ildə isə üçüncü soyuducu anbar istifadəyə verilib.
Aralıqda heyvandarlıq da inkişaf edib. Kənddə fəaliyyət göstərən baytarlıq məntəqəsi mal-qara arasında xəstəlik olmaması üçün bütün profilaktik tədbirləri vaxtlı-vaxtında həyata keçirir.

Son söz

İlin bütün fəsillərində cənnəti xatırladan Aralıq kəndi bu gün müasir qəsəbə görkəmindədir. Aralığın simasında Şərurun daha bir yaşayış məntəqəsində şəhərlə kənd arasındakı fərqin ortadan qaldırıldığının şahidi olduq.
Bu, bir həqiqətdir ki, insanların layiq olduqları səviyyədə yaşamasına hesablanan siyasət yanarlılıqla yerinə yetirilirsə, bu yolda qarşıya çıxan maneələr qətiyyətlə dəf olunursa, orada xoş gün-güzəran, firavan həyat, yüksək yaşayış tərzi də gerçəkləşir. Bu isə kənd adamlarının qurub-yaratmaq əzminə öz müsbət təsirini göstərir. Kənd sakinləri Naxçıvanda ümummilli lider Heydər Əliyev quruculuq siyasətinin uğurla davam etdirildiyini, muxtar respublikamızın bütün yaşayış məntəqələrinə, həmçinin adıçəkilən kəndlərə diqqət və qayğı göstərildiyini xüsusi vurğuladılar. Bildirdilər ki, bu gün insan amilinə həssaslıqla yanaşılır, dövlətimiz bunu özünün prioritet vəzifəsi sayır. Gündən-günə çiçəklənən, gözəlləşən Aşağı Aralıq və Yuxarı Aralıq kəndləri tərəqqi və yüksəliş yolundadır.
Kənddən ayrılırıq. Yolboyu kənddə gördüyüm könülaçan mənzərələri, dinlədiyim qürurverici söhbətləri xatırladıqca belə qənaətə gəlirəm: hərtərəfli dövlət qayğısı ilə əhatə olunan, bu qayğıdan yetərincə bəhrələnən, günü-gündən yaşayış səviyyəsi yüksələn Aralıqda yaşamaq, qurmaq, yaratmaq əzminə malik kənd adamlarının sabahı bundan da gözəl olacaq.


- Ramiyyə ƏKBƏROVA