27 sentyabr 2020-ci il tarixdə Dağlıq Qarabağda 30 ildən artıq bir müddətdə qövr eyləyən bir yaranın qaysağı qopdu. Elə həmin gün qəhrəman Azərbaycan əsgəri öz şücaətini göstərdi, nəyə qadir olduğunu sübuta yetirdi. Ordumuzun qüdrəti qarşısında tab gətirməyən düşmən uzun illərdir, möhkəmləndirdiyi səngərlərini, döyüş postlarını buraxıb qaçdı, yüzlərlə erməni silahlısı məhv edildi. Bu döyüş zamanı əsgərlərimiz dillərə dastan olacaq mətanət göstərdilər, Qarabağın heç bir zaman düşmənə güzəştə gedilməyəcəyini sübuta yetirdilər. 

Əvvəllər adi yüngül bir silahdan atılan güllə, partlayan mina səsi cəbhə bölgəsindəki insanları təşvişə salırdısa, həmin günlərdə ətrafa yayılan yaylım atəşləri, top mərmilərinin səsləri heç bir qorxuya səbəb olmurdu. Sakinlər yaşadığı kəndi tərk etmək istəmirdi, qadın, uşaq, ağsaqqal, ağbirçək başlarının üstündən gurultu ilə keçən mərmilərdən qorxmayıb onların düşmənin mövqelərini sərrast vurmağını gözləyirdilər. Düşmən mövqeyinə hər düzgün atılan mərmi cəbhədəki əhali tərəfindən sevinclə, alqışla qarşılanırdı. Hər kəsin ürəyi cəbhədə, səngərdə döyündü. 44 gün gecə-gündüz cəbhəboyu bütün Azərbaycan – heç kim gözünü bir an belə, yummadı. Həmin günlərdə Azərbaycanın hər evi səngərə, hər vətəndaşı əsgərə çevrildi. Gələn xəbərlər insanlara sevinc hissləri ilə bərabər canını Vətən torpağına qurban verən igidlərin şəhadət üzüntüsünü də yaşadırdı. Heç bir qələbə itkisiz olmur, təbii ki, Böyük Zəfər də igid oğullarımızın canı bahasına qazanıldı. Hərəsi bir evin madarı, bir ananın göz nuru, bir bacının qardaşı, bir gözəlin adaxlısı olan igidlər Vətən torpağının bir qarışını belə, öz canlarından üstün tutdular. Onlar öz qəhrəmanlıqları ilə adlarını tarixin qızıl səhifələrinə yazıb düşmənə bir daha sübut etdilər ki, bu torpağın hər qarışı bizim üçün əzizdi və heç vaxt güzəştə gedilməyəcək. Onlar bizim fəxrimiz, baş ucalığımız, ömürlük həsrətimiz oldular. Yüksəldikləri zirvə ilə ölümsüzlüyə qovuşan oğulların sayəsində bu millət, bu xalq başını dik tutur. Onlardan biridir qədim Sədərəyin dəmir iradəli oğullarından olan Rüfət Gözəlov. Anası Ruhəngizin görən gözü, bacısı Lətifənin döyünən ürəyi, qardaşı Nihadın dayağı. 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmanlıqla şəhidlik zirvəsinə ucalan Rüfət Şuşa döyüşlərinin qəhrəmanlarından biridir. Ruhəngiz ana deyir ki, biz şəhid anaları təkcə öz övladımızın yox, bütün şəhid oğullarımızın anasıyıq. Onlar bizim qəlbimizin sönməyən atəşi, həm də qürurudur. Rüfətin yaşı az olsa da, vaxtından əvvəl ev qayğılarına bürünmüşdü. Evimizin nə işi olsa, qardaşı ilə bir həll edərdi. Balamın o qədər saf ürəyi var idi ki, şəhidlik zirvəsinə belə, yüksələcəyini yuxusunda görmüşdü. Həmişə deyirdi ki, Qarabağ işğaldan azad edilənə kimi, ordudan tərxis olunmayacağam. Bizim generalımız şəhid olub, onun qisasını almalıyıq ki, başımızı dik tuta bilək. Balam öz arzusuna çatdı, aldılar generalın da qisasını, vaxtilə düşmən gülləsi ilə vəhşicəsinə qətlə yetirilən vətəndaşlarımızın da. Bir gün gələcək, hər kəs köçüb gedəcək bu dünyadan, onlar isə əbədi yaşayacaq bu xalqın, bu millətin yaddaşında. Bircə təsəllim budur ki, o öz ölümü ilə əbədiyyət qazandı. Oğlumun adı öz əməli ilə tarixə yazıldı.

“İgid bir qardaşın bacısı olmaq şərəfli və qürurludur. Rüfət öz igidliyi ilə tarixboyu yaşayacaq. O və onun kimi oğullar öz igidliyi ilə tarix yazdı. İllər öncə təhqirə məruz qalan azərbaycanlı qızların qisasını aldılar. Bilirəm ki, qardaşımın ruhu şaddır, çünki onun uğrunda canından keçdiyi torpaqlar azaddır. Orada artıq Azərbaycan əsgəri addımlayır”, – deyir Lətifə. Onu da bildirir ki, qardaşı 1996-cı il martın 17-də Sədərək rayonunun Dəmirçi kəndində anadan olub. Vətən müharibəsi zamanı Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə şəhid olub. Şərur şəhər Şəhidlər xiyabanında dəfn olunub. Orada igid qardaşları ilə birgə uyuyur. Qələbəni bizə yaşadan igidlərlə birgə. Hər dəfə qardaşımı ziyarətə gedəndə onun və yoldaşlarının məzarları başında insanları – gəncləri görürəm. Onların heç birinin bizimlə qan qohumluğu olmasa da, gəlib ziyarət edirlər hər bir şəhid məzarını. Onların önündə baş əyirlər, dualar edirlər. Deyirlər, şəhidin doğması, yadı olmur axı. Hər bir şəhid qəlbimizə düşən bir qordur. Bu Vətən, bu dövlət yaşadıqca onlar da yaşayacaq.
İgid Vətən oğlunun qardaşı Nihad deyir ki, Rüfət öz işinə o qədər ürəkdən bağlı idi ki, istirahət günlərində belə, idman məşğələlərinə gedir, hərb sənəti haqqında mütaliələr edirdi. Nihad onu da bildirir ki, qardaşı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamları ilə “Vətən uğrunda”, “Hərbi xidmətlərə görə”, Şuşanın, Xocavəndin, Füzulinin azad olunmasına görə medalları ilə təltif edilib. Dövlətimizin qayğısını hər an hiss edirik. Silahlı Qüvvələr günündə mənzillə təmin edilməyimiz də bu qayğının təzahürüdür. Dövlətimizə minnətdarıq.
Ordumuzun bu döyüşlərdə qazandığı şanlı zəfərdən sonra hər şey gün kimi aydın oldu, qazanılan qələbə qəhrəmanlıq tariximizə qızıl hərflərlə yazıldı. 44 gün ərzində gedən qanlı döyüşlərdə əldə etdiyimiz qələbə xalqımızda böyük ruh yüksəkliyi yaratdı. Silahlı Qüvvələrimiz düşmənə və onun havadarlarına öz gücünü göstərdi. Bildirdi ki, bu Vətən bölünməzdir, onun hər qarışı igid qanı ilə sulanar, amma düşmənə bir qarış güzəştə gedilməz.

 Ramiyyə ƏKBƏROVA