İnsan dünyaya göz açanda ilk olaraq anasını görürsə ilk qədəmlərini də  Vətən torpağında atır və torpaq sevgisinin hərarətini də bu zaman duyur. Bu hərarət zaman keçdikcə o qədər artır ki, insan bir an belə vətənsiz yaşaya bilmir. Biz Vətən sevgisinin odunu,ana yurdun doğmalığını, əvəzolunmazlığını hələ uşaq ikən duyub, hiss edirik .Vətən bizim qibləgahımız,səcdəgahımız olur! 

 Vətənə uzanan əl sanki ürəyimizi yerindən söküb çıxarmaq üçün sinəmizi yaran süngü kimi əzab verir insana. Bu zaman düşmənə olan sonsuz niftətimiz yenilməzlik zirehli olub vücudumuzu sararaq qisas almaq arzumuzu alovlandırır.  

 44 günlük Vətən müharibəsinin qəhrəman şəhidlərin dən olan mayor İsmayılov Fuad  Murad oğluda  uşaq yaşlarından düşmənə olan nifrət ilə böyümüşdü. 1986-cı ilin oktyabr ayının 26 da Naxçıvanın Qıvraq qəsəbəsində   dünyaya gələn Fuad ailəsinin ilk sevinci idi. Orta təhsilini I Qarabağ müharibəsi şəhidi olan Vəli Canməmmədov adına 1 saylı tam orta məktəbdə alan Fuad uşaqkən belə bir an olsun Xocalı qurbanlarını unutmaz ,bir gün mütləq onların qisasını alacağını deyərdi. Fuad böyüdükcə gələcəklə bağlı arzuları ,xəyalları da dəyişirdi. Dəyişən xəyalların önündə heç dəyişməyən , hətta ilk vaxtdakından daha da güclü olan bir arzu dayanırdı, düşməndən qisas almaq arzusu. Bu istək onun bütün həyatının qayəsi olmuşdu. Elə hərbiyə olan sevgisi də burdan yaranmışdı .O ,zabit olmaq arzusunu gerçəkləşdirmək üçün 2002 -ci ildə Heydər Əliyev adına hərbi liçeyə sənəd  verərək imtahanı uğurla keçir. Bu onun həyatındakı ilk ən böyük sevinci idi.Fuad imtahanı qazanmağından çox gələcəkdə  zabit kimi vətənin keşiyində dura biləcəyi üçün sevinirdi. 2005-ci ildə Heydər Əliyev adına Ali Hərbi Məktəbə qəbul olan Fuad  təhsilini müvəffəqiyyətlə başa vuraraq 2010 -cu ildən ordu sıralarında zabit kimi xidmət etməyə başladı. Hərbi sirləri öyrəndikcə onun düşmənə olan nifrətidə böyüyürdü. Vətənə olan sevgi və düşmənə olan nifrət! Bir -birinə zidd olan bu iki hiss Fuadı bütün çətinliklərə baxmayaraq ön cəbhədə xidmətə səsləyirdi. Ailəsi ilə gələcək planlarından danışarkən Fuad həmişə bir gün düşməndən Xocalının qisasını misli ilə  alacağını, Qarabağı azad edəcəklərini və bundan sonrakı xidmətini Şuşada aparacağını deyərdi.

Onun son xidmət yeri Ağdamda N saylı hərbi hissə olmuşdu. Fuad 2018 -ci ildən burada taborun qərargah rəisi vəzifəsini icra edirdi. Xidmət etdiyi dövrlərdəqüsursuz  xidmətə görə və milli ordunun yarsnmasının 90 ,95 və 100 illiyi  nə görə medallar  ilə təltif edilmişdi. Müharibə başlayanda Fuad illərdir ürəyində düşmənə bəslədiyi qisas almaq arzusu ilə döyüşə atıldı. O ,Suqovuşanın və Talış kəndinin düşməndən azad edilməsində şücaətlə döyüşərək düşmənə qan udduran igidlərimizdəndir. Vətən müharibəsi başladığı müddətdə Fuad hər dəfə ailəsi ilə danışanda onlar narahat olmasın deyə arxada olduğunu deyirdi. Lakin  həqiqətdə isə illərdir ürəyində daşıdığı düşmənə nifrət və vətənə məhəbbət hissi ilə silahlanıb əcdadlarımızın uyuduğu tarixi Qarabağ torpağında 1992 -ci ildə yaşlı,gənc,uşaq demədən namusları kirlədilən qız-gəlinin ,min bir işgəncə ilə öldürülən igidlərin qisasını almaq üçün döyüşə atılmışdı. Artıq oktyabr ayının 3-də Fuadın rəhbərlik etdiyi tabor Suqovuşanı və Talış kəndini işğaldan azad etmişdilər. 30 ildir Xocalının fəryadının yansımasını qulağında eşidən Fuad zəfər toplarının gurultusu altında doğma Qarabağı azad etmək üçün   irəliləyirdi. Lakin  oktyabr ayının 4 də Fuad Suqovuşan yaxınlığında şəhadətə qovuşaraq Qarabağda çiçək açan 2909 Xarıbülbüldən biri oldu. Fuad oktyabr ayının 10 -da Bakıda ikinci Fəxri xiyabanda dəfn edildi. Ölümündən sonra "Vətən uğrunda "medalı ilə təltif olunan mayor İsmayılov Fuadın bizə əmanət etdiyi Vətən torpağında iki oğlu ,7 yaşlı Xəyal və 4 yaşlı Yusif atasının igidliklə keçən ömür dastanını dinləyərək böyüyəcəklər  .

 Hər şəhid öz qanıyla bir ilk səhifə açır, hər şəhid qəhrəmanlıq dastanının bir his-səsi olur ,igidlər bu qəhrəmanlıq dastanlarını Vətən adlı nəhəng kitabın vərəqlərinə qeyrət, təpər, hünər qələmiylə yazırlar. Bizə düşən isə bu qəhrəmanlıq dastanlarını idrakımıza, ruhumuza həkk etməkdir. 

                                                       İlahə ALLAHVERDİYEVA

Naxçıvan Dövlət Universiteti "Jurnalistika " ixtisası üzrə II kurs tələbəsi