Şair Xanəli Kərimlinin bu misrasını yazının başlığına ona görə çıxardım ki, şəhidlərimiz haqqında deyilən təşbehlər içərisində bu lap öndə durur. Bəli, ocaq adlanan Vətəndə od yoxdursa, o, ocaq deyil. Bu gün ruhları başımız üstdə gəzən şəhidlərimiz öz şəhadətləri ilə ata-baba əmanəti olan Vətənin müqəddəs bir ocaq, şəhidlərimizin isə bu ocağın odu olduğunu sübut etdilər.

Beş ay keçir Vətən müharibəsində zəfər və qələbə çaldığımız vaxtdan. Vətən adlanan ocağın od oğulları sinələrini sipər etdilər azadlıq mücadiləsində. 44 gün ərzində ordumuzun ər igidləri gücümüzü vandallarla yanaşı, onların havadarlarına da göstərdilər. Bu həm də dünyada beynəlxalq hüquqdan, demokratiyadan, ədalətdən dəm vuranlara bir mesaj idi. Burada müharibə gedən dövrdə rus mətbuatında dərc olunmuş yazıdan bir neçə sətri oxucuların diqqətinə çatdırmaq istəyirəm: “Belə döyüş, belə dövlət, belə Vətən sevgisi görən olubmu? Demək çətindir. Bir müxbir kimi dünyanın bir sıra ölkələrini gəzmişəm, müharibə zonalarını müşahidə etmişəm. Beləsini görməmişəm. Azərbaycan əsgəri dağ yuxarı, həlak olmuş yoldaşı çiynində, döyüşə-döyüşə, qan-tər içərisində qalxırdı. Nə yaralını, nə öləni əldən buraxmırdılar. Budur vətənpərvərlik! Budur Vətən sevgisi! Budur torpağa bağlılıq!”
Tariximizə qızıl hərflərlə yazılmış azadlıq mücadiləsində neçə-neçə igidimiz şəhadət məqamına yüksələrək uğrunda çarpışdığı torpağa tapşırıldı. Onlardan bir neçəsinin son mənzilə yola salınmasında iştirak etmişəm. Gəldiyim qənaət bu olub: Belə xalq sınar, əyilməz, onun övladları öz haqqı uğrunda canından keçər “uf” demədən.
“Təki Vətən sağ olsun!” – deyib ölümün gözünə dik baxan oğullarımızdan biri də Əli Məmmədov idi. 24 il bundan əvvəl Şərur rayonunun Maxta kəndində dünyaya göz açmışdı. Orta təhsilini isə Sədərək rayonunun Qaraağac kəndində almışdı. Sonra Vətən qarşısındakı müqəddəs borcunu yerinə yetirmişdi. Hələ hərbi xidmətdə olarkən bu sahəyə maraq göstərməyə çalışır, təlimlərdə bacarıq və uğurları ilə seçilirdi. Bunu hissə komandirliyi tərəfindən verilən, indi də evlərində əziz xatirə kimi saxlanılan fəxri fərmanlar, təşəkkürnamələr də təsdiq edir. Vətən qarşısındakı borcunu yerinə yetirdikdən sonra Türkiyəyə gedir. Burada idmanın MMA (qaydasız döyüş növü) ilə məşğul olur. Onunla birlikdə olan yoldaşları deyirlər ki, həyatda necə mübariz idisə, idmanda da elə cəsarətli idi. Çətinliklərə sinə gərməyi bacarırdı. Heç vaxt ruhdan düşməməyi onu yoldaşlarına da sevdirmişdi. Arzusunu da tez-tez dostlarına deyirmiş. Nəhayət, Vətənə döndükdən sonra, 2020-ci ilin yanvar ayında müddətdən artıq hərbi xidmət hərbi qulluqçusu kimi xüsusi təyinatlıların sırasına qoşulub. Ordunun bu sahəsinin çətinlikləri onu qorxutmayıb.
İki ay idi ki, ailə quran Əli 2020-ci il oktyabr ayının 11-də döyüşlərə qatılıb. Tez-tez ailəsi ilə əlaqə saxlayırmış, qısa bir vaxtda müharibəni başa çatdıracaqlarını, evə dönəcəklərini deyirmiş. Füzuli, Qubadlı, Zəngilan uğrundakı döyüşlərdən sonra Əli şəhid kimi Şərura qayıtdı. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamları ilə “Vətən uğrunda”, “Şuşanın azad olunmasına görə”, “Hərbi xidmətə görə” medalları ilə təltif olunan şəhidimiz Maxta qəbiristanlığında torpağa tapşırıldı. Qısa və bugünkü gənclər üçün örnək olan bir ömür. Əli bu qısa ömrünə ürəyində yaşayan Vətən sevgisindən doğan böyük qəhrəmanlıq yerləşdirə bildi. Şəhadətə ucaldıqdan sonra onu tanıyanların qəlbində özünə yer tutdu. Həmkəndlilərinin dediklərini xatırlayıram: – Qorxmaz idi, cəsarətli idi, ətrafdakılarla dil tapmağı, dərd-sərlərinə şərik olmağı bacarırdı. Ruhu şad olsun, elə oğulların hesabına torpaqlarımız alındı.
Elə təhsil aldığı orta məktəbdə də haqqında xoş sözlər dedilər. Həmsöhbət olduğumuz müəllimləri Yaşar Hacıyev, Nizami Qədimov, Əmir Zamanov təhsil illərindən yaddaqalan xatirələri dilə gətirdilər. Yaşar müəllimin söhbəti: – Sərhəd bölgəsində yaşayan gənclərin vətənpərvərlik duyğuları, düşünürəm ki, o insanların boya-başa çatdıqları torpaqdan köklənir. Muxtar respublikamız isə hər tərəfdən sərhədlə əhatələnib. Odur ki, vətənpərvərliyi hər bir naxçıvanlıda elə bil torpaq formalaşdırır. Əli Məmmədovun məktəbdə təhsil aldığı illəri yaxşı xatırlayıram. O vaxt torpaqlarımız düşmən işğalı altında idi. İgidlərimizin yolunu gözləyirdi. Gündəlik olaraq dərslərimizdə bu barədə söhbətlər aparırdıq, gec-tez o torpaqların geri alınacağına şagirdləri də inandırmışdıq. Və belə də oldu. Əli də digər yoldaşları kimi Vətən müharibəsinə yollandı, qəhrəmanlıq göstərdi, şəhidlik zirvəsinə ucaldı. Bu zirvəyə ucalmaq hər kəsə nəsib olmur. Bu gün onun qəhrəmanlığı ilə bir vaxtlar təhsil aldığı məktəbin kollektivi qürur duyur.
Həyat yoldaşı Təhminə xanımla söhbətimizin alınacağına inanmırdım. Ancaq ömür-gün yoldaşını çox erkən itirməsi bu məğrur qadına nə qədər təsir etsə də, bu yoxluğu qəbul edib: – Şəhidlər şəhid olacağını öncədən hiss edirlər. Əli də bunu bilirmiş. Çünki evdə tez-tez bu barədə söhbət edirdi. Elə şəhidlik zirvəsinə layiq də qarşılandı.
Biz də “ruhu şad olsun”, – deyirik. Və arzu edirik ki, doğma Azərbaycanımızda bundan sonra güllə səsləri yox, hər zaman atəşfəşanlıq səsləri eşidilsin. Necə ki müharibədə əlbir olub qələbə qazandıq, bundan sonrakı həyatımızda ana yurdumuzun daha da çiçəklənməsi, qüdrətlənməsi üçün əlbir olaq.

- Muxtar MƏMMƏDOV