Mən, könüllərdə şərəf, ləyaqət taxtı quran, torpaq, el-oba üçün sinəsini sipər edən, son damla qanınadək vuruşan 2841 Vətən övladından biri-Firuz Qüreyşli. Damarında azərbaycanlı qanı axan hər kəsin qürur mənbəyi, inam yeri, ümid təşnəsiyəm, dillərdən düşməyən, Ali Baş Komandanımın mübarək “Qarabağ Azərbaycandır” kəlməsindəyəm. 30 illik həsrətin, hicranın vüsal anıyam, yurd-yuvalarından didərgin düşən ana-bacılarımın, ata-qardaşlarımın donuq baxışına, solğun çöhrəsinə yeni təravət, qaysaq bağlamış yarasına məlhəməm. Qürur, fəxarət hissi ilə Şəhidlik məqamından seyr edirəm dörd bir yanı qələbə ətirli çələnglərlə bəzənən doğma yurdumu. 2840 silahdaşım kimi mənim də deməyə, danışmağa sözüm çoxdur. Düşündükcə çözələnir xatirələr, ömür yolum, yaşadıqlarım, olanlar, ötənlər gəlib- keçir xəyalımdan bir-bir...

1993-cü ilin dekabrın 3-də, şaxtalı, sazaqlı bir qış günü Şahbuz rayonunun Külüs kəndində, Həsənovlar ailəsində göz açdım dünyaya. Bütün həmyaşıdlarım kimi, mənim də uşaqlığım I Qarabağ müharibəsinin, blokadanın yaratdığı çətin, acınacaqlı dövrlərə təsadüf etdi. Ata-anam min bir əziyyətə qatlaşıb, əlləşib-vuruşaraq halal zəhmətləri ilə böyütdülər məni, bacım və qardaşımı. Uşaqlıq çağlarımın unudulmaz anları çox olsa da,  ən yaddaqalan hadisələrdən biri valideynlərimizlə bazar-dükana getməyimiz idi. Həmin gün sözün əsl mənasında mən və bacı-qardaşım üçün çal-çağırlı keçərdi. Hərəmiz öz balaca dünyamıza uyğun o dövrün mühitinə, imkanlarına xas oyuncaqlardan seçərdik. Gülçin gəlinciklər, Yalçın “musiqi alətləri” istəyəndə, mən “döyüş maşınları”na, “əsgərlər”ə üstünlük verərdim...

Deyirlər uşaqlıq arzuları gözəl olsa da çox vaxt gerçəkdən uzaq xam xəyallar kimi qalır. Ancaq bizdə belə olmadı. Zaman dəyişsə də uşaqlıq arzularımız, istəklərimiz dəyişmədi. Onları reallığa çevirməyi də bacardıq. Yalçın musiqi sahəsini seçdi, mən isə hərbi formanın, xidmətin həvəsi, marağı ilə, Vətən keşiyində dayanmaq kimi müqəddəs məsuliyyəti dərindən dərk edərək hərb sənətinə könül verdim. Bu çətin, keşməkeşli və şərəfli yolu seçən hər bir naxçıvanlı kimi mən də əvvəl Heydər Əliyev adına Hərbi Liseydə oxudum. Həmin illərdən xatirimdə qalan ən gözəl anlardan biri atamın hər valideyn iclasından sonra mənə əxz elədiyi nəsihət dolu sözlər idi. “Övladım səninlə qürur duyuram, mənim başımı daim belə uca et”-cümləsi ilə bitən ata-oğul söhbətindən hər dəfə daha da ruhlanardım. Əla qiymətlərlə bitirdim liseyi. Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olanda isə atama söz verdim ki, gün gələcək onu General atası edəcəyəm. Elə ürəyimdə ümid, inam çırağı kimi gecə-gündüz şölələnən bu arzularla 2017-ci ildə üz tutdum Beyləqan korpusunun “N” hərbi hissəsinə. Minaatan bölüyündə leytenant, tağım komandiri kimi fəaliyyətə başladım. İşlərim qaydasında getdi, təlimlərdə fəallığı ilə seçilən, nizam-intizamlı bölük formalaşdırdım. 2019-cu ildə qüsursuz xidmətimə görə vaxtından əvvəl baş leytenant rütbəsi alaraq bölük komandiri oldum...

2020-ci il 27 sentyabr tarixi. 30 ilə yaxındır həsrətlə gözlədiyimiz həmin gün. Hər zamanki kimi ön xətdə əsgərlərimlə birgə mətnliklə dayanmışıq Vətənimizin keşiyində. Artıq bir neçə vaxtdır düşmənin müharibə hazırlığını müşahidə edirdik. Yəni, tezliklə bizə qarşı növbəti təxribatın olacağı gözlənilən idi. Lakin onlar bir həqiqəti dərk etmək istəmirdilər ki, qarşılarında daha 90-cı illərin əliyalın, köməksiz insanları deyil, dönməz, mətin, yurdsevər əsgərlər, müzəffər ordu dayanıb. Artıq xalqımız kimi, Ali Baş Komandanımızın da səbir kasası çoxdan dolub daşıb. Və beləliklə səbirsizliklə gözlənilən əks-hücum əmri gəldi. Yetər, bitdi bu nankor qonşulara verdiyimiz möhlət-deyərək əsgərlərimlə döyüş mövqelərini tutduq. Əməliyyata Füzulinin Alxanlı kəndindən başladıq. Minaatan qurğularla bir neçə gün ərzində düşmənin xeyli sayda canlı qüvvəsini, texnikasını məhv etdik. İtkilərimiz də oldu. Əsgərlərimin bir neçəsi yaralansa da döyüş meydanını tərk etməmələri məni bir komandir kimi qürurlandırdı. Sentyabrın 27-dən etibarən bir neçə gün ərzində düşmənin 3 müdafiə xəttini yarmağa müvəffəq olduq. Geri çəkilməyə məcbur qalan mənfur ermənilər özlərinə xas insanlığa yaraşmayan əməllər törədir, dinc sakinləri atəşə tuturdu. Lakin biz onların lazımi cavabın verərək atəş nöqtələrini bir-bir sıradan çıxarırdıq. Döyüşdəki fəaliyyətimiz həm irəli getmək, həm də ağır yaralıları təxliyə etmək idi. Hər dəfə yaralı silahdaşlarımı qollarım arasında daşıdıqca keçirdiyim hissləri sözlə ifadə etmək mümkün deyil.

Oktyabrın 6-sı. Artıq düşmənin 4-cü müdafiə xəttini yarmağa hazırlaşırıq. Hədəfimiz Füzulinin Qaraxanbəyli kəndi istiqamətindəki düşmən mövqeləridir. Bir neçə saat dayanmadan amansız döyüşlər gedir. Axşama doğru düşmən tərəfin yağdırdığı mərmi yağışı qismən səngiyir. Taktiki gedişlərlə irəlidə özümüzə yeni mövqelər tutmağa çalışırıq. Çox keçmir ki, əsgərlərimdən birinin “Komandir çəkilin oradan”-sözlərini eşidirəm. Və elə həmin an düşmənin top mərmisi yaxınlıqda yerləşən rabitə qovşağına düşür və güclü partlayışdan sonra huşumu itirirəm. Az sonra gözümü açanda bədənimdə kəskin ağrılar baş qaldırır, qolumdan və qarın nahiyəmdən ağır yara aldığımı öyrənirəm. Məni döyüş meydanından çıxaran tağım komandiri Üzeyir Süleymanova deyirəm: “Çalışacağam tezliklə sağalıb yanınıza qayıdam, dayanmaq olmaz, ancaq irəli getməliyik. Əgər şəhid olsam qardaşıma deyərsiniz, ailəmdən, övladım Duyğudan muğayat olsun”. Bəli, bu sözlərimdən sonra Üzeyirin gözləri əbəs yerə dolmamışdı. Vəziyyətimin heç də yaxşı olmadığını o da gözəl dərk edirdi. Belə də oldu. Üç gündən sonra Bakıdakı xəstəxanada şəhadətə qovuşdum. Oktyabrın 10-da silahdaşlarımı yarı yolda qoymağa məcbur qalsam da, bir ay sonra onların zəfər müjdəsi ilə pərişan ruhuma hüzur gəldi. Ali Baş Komandanımın şəhadətimdən sonra “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” medalları ilə təltif etməsi isə məni hədsiz dərəcədə qürurlandırdı...   

Əziz atam, görürəm cismani ayrılığımız, övlad həsrəti səni xeyli üzüb, mən gedəndən sonra əlinə əsa da götürmüsən. Eşit oğlunun sözünü, qəti üzülmə, belini də dik tut. Özünü qınama. Düşünmə ki, övladım ali hərbi məktəbi bitirəndə verdiyi “Ata gün gələcək səni General atası edəcəyəm” sözünü tutmadı. Qürurlan ki, sənin oğlun çiynindəki o üç ulduzun məsuliyyətini sonadək qəlbində, əməlində şərəflə, ləyaqətlə daşıdı. Hər kəsin qisməti bir başqa olur, ata. Mənə o ayı çiynimdə daşımaq nəsib deyilmiş. Ancaq gileyli deyiləm. Əksinə fəxr edirəm ki, indi 2840 dostumla, sirdaşımla birgə əbədiyyət ayı kimi gecə-gündüz milyonlarla insanın könlündə parlayıram. Mənin ayım Qarabağımızda dalğalanan üçrəngli bayrağımızda, anaların, bacıların sevinc göz yaşlarında, ataların qürur hissindədir. Mənim ayım evimizdəki yadigarım, nişanəm- balaca qızımdır. İllər ötəcək, Duyğum böyüyüb yaşa dolacaq, məktəbə gedəcək. Müəllimlərinin, sinif yoldaşlarının “Sənin atan doğma torpaqlarımızın azadlığı uğrunda canından keçib, o hamımızın qəhrəmanıdır” sözləri ilə  fəxarət hissi keçirəcək. Bax o zaman mənim ayım daha parlaq şəkildə yenidən doğacaq. Doğacaq ki, övladımın yolu aydın,  gələcəyi işıqlı olsun.

Əziz anam, sən də giley-güzarı bitir, daha ağlama. Axı sənə verdiyim sözü tutmuşam. Yəqin yadına düşdü xidmətdə olanda dediyim sözlər: -Ana postda olanda hey Qarabağımızı müşahidə edirəm, əsl cənnətdir, adamın lap qaçıb uşaq kimi sarılmağı gəlir, daşına, kəsəyinə. Gün gələcək səni o yerlərə aparacağam, öz gözlərinlə görəcəksən doğma elimizi, obamızı. Yadımdadır, hələ sən də dedin ki, Allah arzuna çatdırsın ay oğul, İnşallah qismət olar birgə gedərik, qurban da kəsərik. Arzuma çatdım, ana, qurbanın qəbul oldu, İnşallah yaxın vaxtlarda aparıb kəsərsiniz. Düzdür, mən sizinlə birgə cismani gələ bilməyəcəm. Ancaq söz verirəm ki, azad olunmuş o müqəddəs torpaqlara ayağınız dəyən gün mütləq ruhən yanınızda olacağam...

Nail ƏSGƏROV