Ağsaqqalsız, ağbirçəksiz həyatı təsəvvür etmək mümkün deyil. Onlar həyatı mənalandıran, ona rəng qatan, örnək verən, nümunə olan insanlardır. Onlar ahıllardır. Ahıl insan hər bir ailənin möhkəmliyi, dadı-duzu deməkdir. Cəmiyyət üçün də ahıl insan əvəz­olunmazdır. Yaşlıların həyat təcrübəsindən, bilik və bacarıqlarından bəhrələnmək isə nəsillər arasında körpü yaratmaq, varislik əlaqəsini bərpa etmək baxımından çox zəruridir. Belə bir deyim vardır ki, gənclərin aynada görə bilmədiklərini, yaşlılar bir kərpic parçasında oxuyarlar. Onların zəngin həyat təcrübəsindən faydalanmaqdan əlavə biz onlara bir ömür sevgi borcluyuq. Bizi dünyaya gətirən, min bir əzab-əziyyətlərlə boya-başa çatdıran bu insanların qayğısına qalmaq, nazını çəkmək bizim şərəfli vəzifəmizdir.

Dünyanı dərk edib, özümüzü tanıyandan bəri hər zaman ətrafımızda ata-anaya hörmət, ağsaqqala, ağbirçəyə dərin ehtiram görmüşük. Bu, ta qədimdən Azərbaycan ailəsinin ən ali və müqəddəs dəyərlərindən olmuşdur. Amma təəssüf ki, bəzən bunun əksini də görürük. Çox acınacaqlı haldır ki, yaxınlarını itirərək qocalar evinin sakinlərinə çevrilmiş ahılların içərisində atılmış yaşlılara da rast gəlmək mümkündür. Bəzən valideynlər övlad qayğısından kənar qalır, böyüdüb boya-başa çatdırdığı övladından soyuq münasibət görür. Belə olan halda, bir zamanlar yeni doğulan körpələri üçün böyük sevinclər yaşayan bu valideynlər həmin övladları tərəfindən atılaraq kimsəsizliyə düçar olurlar. Belə ahıllar dövlətin yüksək qayğısı ilə əhatə olunmalarına baxmayaraq, onların ən böyük ehtiyacı övlad sevgisidir. Hazırda övlad sevgisinə həsrət qalan neçə-neçə insan var. Harada yaşamasından asılı olmayaraq, tənha, kimsəsiz ömür sürən bu ahıllara məhz bu yaşında diqqət, qayğı göstərilməsi vacibdir. Unutmayaq ki, hər bir insan yaşlanmağa məhkumdur, əgər qismətində varsa. Bu gün valideynlərini tənha qoyub gedən, onları köməksiz buraxan övladlar bilməlidir ki, həyatın bu imtahanına hər kəs hazır olmalıdır. Yaşlı nəslə, xüsusən də qocalara, ahıllara, ağsaqqallara dayaq durmaq, onlara köməklik göstərmək hər birimizin mənəvi borcudur. Yetişməkdə olan gənc nəslin doğru tərbiyələnməsi üçün bunlar vacib şərtlərdən biridir. Bu haqda müdrik atalarımızın daha gözəl kəlamı vardır: “Qocalara hörmət et, sən də qocalacaqsan!” Gecələri yatmayıb başımızın üstündə lay-lay söyləyən analarımızı, alnının təri, əlinin qabarı ilə bizi böyüdən atalarımızı qocalığın qərib axşamında yalnız qoymaq, sevgidən, qayğıdan məhrum etmək isə heç bir insanlığa yaraşmayan davranışdır.
Ahıllara və yaşlı insanlara hər zaman dərin ehtiram, onlara qayğı və nəvazişlə yanaşmaq milli dəyərlər sistemimizin əsasını təşkil edir. Bu qədim ənənənin zamanın süzgəcindən keçərək dövrümüzədək gəlib çatması və bu dəyərlərin yüksək səviyyədə qorunması sevindirici haldır. Bu gün ölkəmizdə, eləcə də muxtar respublikamızda ahıl insanlara hərtərəfli dövlət qayğısı göstərilir, onların maddi-məişət şəraitinin yaxşılaşdırılması, cəmiyyətə inteqrasiyası sahəsində ardıcıl tədbirlər həyata keçirilir. Pensiya və müavinətlərin məbləğinin mütəmadi olaraq artırılması ahıllara göstərilən davamlı dövlət qayğısının ifadəsidir.
Muxtar respublikamızda sosial-iqtisadi inkişafın təmin edilməsi ahıl vətəndaşlara göstərilən xidmətlərin həcminin də ilbəil artmasına, yaşayış səviyyəsinin yüksəlməsinə hərtərəfli şərait yaradıb. Bütün bunlar gənc nəslə ahıllara hörmət və ehtiram, ali münasibət göstərmək, onların qayğısına qalmaq kimi humanist hisslər aşılayır.
Belə bir deyim vardır ki, hər ömür bir kitabdır, vərəqlədikcə arxada qoyub gəldiyin illərin izi görünür. O kitabın hər səhifəsi dünəninə işıq salır, bu gününü yaşadır. Gəlin ömür kitabımızın səhifələrini insani dəyərlərlə, böyüklərimizə hörmət və sevgi ilə dolduraq ki, dünyamız aydınlansın. Ahıl yaşına çatmış böyüklərimizi başımıza tac, gözümüzə çıraq edək. Çünki onlar sevgiyə, hörmətə və qayğıya ən çox layiq olanlardır.

İlahə ALLAHVERDİYEVA
Naxçıvan Dövlət Universitetinin Jurnalistika ixtisası üzrə III kurs tələbəsi