44 günlük zəfər yürüşündən sonra 30 ilə yaxın düşmən tapdağında olan torpaqlarımız bizə qaytarıldı. Sanki bir qanadı qırılmış xəritəmiz igid oğullarımızın köməyi ilə, qanı ilə birləşdi, yenidən bərpa olundu. Haqq savaşında minlərlə igidimiz ömürlərinin ən gözəl çağını bu ­cənnətməkan torpağa qurban verdi. Torpağı Vətən edən şəhid qanı onu müqəddəsləşdirdi, gələcək nəsillər üçün daha da doğmalaşdırdı. Ölümləri ilə ölümsüzlüyə ucaldı onlar.
İkinci Qarabağ müharibəsində yeni tarix yazanlar sırasında Naxçıvan igidlərinin də payı oldu. Bu Vətən müharibəsində Naxçıvan torpağının ölümsüzlüyə ucalan şəhidlərindən biri də Güloğlan Nurəddin oğlu Qədimov olub. Bir bacısı və bir qardaşı olan Güloğlan 1997-ci il iyulun 17-də Kəngərli rayonunun Qıvraq qəsəbəsində dünyaya gəlmişdi. Səmimiyyəti, mehribanlığı, istiqanlılığı ilə seçilən sadə və zəhmətkeş ailənin övladı məhz bu xoş xasiyyətinə görə hamı tərəfindən sevilirdi.

Güloğlan 2003-cü il Qıvraq qəsəbəsində yerləşən 2 nömrəli tam orta məktəbdə ilk təhsilini almışdı. Qəsəbədəki hərbi hissənin lap yaxınlığında yerləşir bu məktəb. Hər gün dərsə gedərkən hərbi təlim keçən, nizamla bir sırada addımlayan əsgərləri müşahidə etmək nə qədər xoş idi bir məktəbli üçün. Hətta bəzən bu mənzərəni seyr etdiyi üçün az qala dərsə gecikirdi. Amma əsgərlərin nizam-intizamı ona da təsir edir, hər dəfə dərsə vaxtında çatmağa çalışırdı. Sinfə isə, sanki şagird kimi deyil, əsgər kimi daxil olurdu. Hədəfi gələcəkdə peşəkar hərbçi olmaq idi. Çünki müəllimləri Azərbaycan torpağının 20 faizinin işğal altında olduğunu bütün dərslərdə deyir, şagirdləri vətənpərvər ruhda yetişdirir və Qarabağ torpağının gec-tez Azərbaycana qayıdacağına inam aşılayırdılar.
Elə müəllimlərinin mübariz ruhlu tərbiyəsi sayəsində Güloğlan dərslərini daha yaxşı oxumağa çalışırdı. 2014-cü ildə Heydər Əliyev adına Hərbi Liseyə verən Güloğlan imtahanlardan uğurla keçdi. 2018-ci ildə Heydər Əliyev adına Ali Hərbi Məktəbdə təhsilini başa vurub hərbi hissələrdən birində leytenant rütbəsi ilə xidmətə göndərildi.
Güloğlan arzusuna çatmışdı. İndi onun çiynində daşıdığı ulduzların işığı işğal altında olan Qarabağ torpağında şölə saçmalı idi. Gənc leytenant ilk gündən öz bacarığı ilə bir zabit kimi fərqləndi. Yüksək komandanlıq onu biliklərini daha da təkmilləşdirmək üçün Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinə yolladı. Biraylıq motoatıcı bölük komandiri kursunu uğurla bitirdi.
2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsində ilk günlərdən Füzuli istiqamətində gedən döyüşlərə qatılan Güloğlan döyüşlərdə qəhrəmanlıqla iştirak edirdi. Müharibənin ilk günlərində döyüş yoldaşları ilə düşmənin möhkəmləndirilmiş bir neçə postunu ələ keçirə bilmişdilər. Qarşıda isə Şuşa onları gözləyirdi. Döyüş, savaş, qələbə arzusu ilə alışıb-yanırdı. Güloğlan döyüşlərin ara verdiyi bir vaxtda ailəsinə zəng vurur. Həmin an şəhid olacağı ürəyinə damır. Amma heç nəyi hiss etdirməmək üçün ailəsi ilə soyuqqanlıqla danışır. Qardaşına “Hər şeyə hazırlıqlı olun”, – deyərək ailəsini ona əmanət edir. Telefonda səsindəki həyəcandan yaxınlarının narahat olacağını düşünür və bibisi qızına mesaj yazaraq, ürəyini boşaldır: “Sizə şad xəbərim var... Mən ən uca zirvədə olacağam!” Bibisi qızı elə başa düşür ki, onun xidməti vəzifəsini və rütbəsini yüksəldirlər. Bununla bağlı olaraq onu təbrik edir. Güloğlan isə: “Ondan da uca zirvədə – şəhidlik zirvəsində olacağam”, – deyə cavab yazır və 2020-ci il oktyabrın 1-də qəhrəmancasına şəhidlik məqamına yüksəlir...
Çox böyük bir izdihamın müşayiəti ilə o ən müqəddəs bir məqam – şəhidlik məqamıyla, Azərbaycan bayrağına bükülmüş nəşi ilə qalib ordunun əsgəri kimi evinə, doğulduğu obaya döndü... Qəhrəmanımızın nəşi Qarabağ döyüşlərinin qələbə ilə başa çatmasından 35 gün sonra – dekabrın 14-də doğulduğu Kəngərli rayonunun Qıvraq qəsəbəsində torpağa tapşırıldı. Qəhrəman şəhidimiz ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Vətən uğrunda” medalına layiq görüldü.
Güloğlan ailəli deyildi. Amma onu gözləyən bir sevgilisi vardı. Ona söz vermişdi ki, qayıdıb qızın barmağına nişan üzüyü taxacaq... Son döyüşə getməzdən əvvəl ailəli olan yoldaşlarını bir yerə yığmışdı və onları gözləyən uşaqların, həyat yoldaşlarının, gözü yolda qalanların olduğunu və hər kəsdən qələbə müjdəsi gözlədiklərini demişdi. Bu yolda ölməyin isə şərəfli olduğunu, xüsusilə vurğulamışdı.
Biz gənclər Güloğlan Qədimov kimi qəhrəmanlarımızla həmişə fəxr edəcəyik. Düşmən tapdağı altında qalan torpaqlarımızı bizə qaytararkən Güloğlan da ən böyük qürurumuz, bu Vətənin əbədi övladı oldu! Bacısının ona həsr etdiyi şeirdə dediyi kimi:

Qoy anan fəxr etsin sənin adınla,
Atan qürurlansın şərəf, şanınla.
Körpələr çağrılsın sənin adınla.
Şöhrət zirvəsinə şəhid qanıyla
Əbədi həkk olan igid qardaşım!

Aysel İSAZADƏ
Naxçıvan Dövlət Universitetinin Jurnalistika ixtisası üzrə III kurs tələbəsi